Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3429/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, Qasım Səfər oğlunun doğum haqqında akt qeydinin bərpa edilməsi, uşaq bəndində Qasım Səfər oğlu soyadı XXX, təvəllüd bəndində xx.xx.1944-cü il doğum tarixi, doğum yeri bəndində Bakı şəhəri, ata bəndində Səfər Qasım oğlu soyadı XXX, ana bəndində Zabitə Sadıx qızı soyadı XXX, milliyyəti azərbaycanlı olaraq qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum atası Qasım Səfər oğlu xx.xx.1944cü ildə Bakı şəhərinin Oktyabr rayonunda (hazırkı Yasamal rayonu) anadan olmuş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda yaşayarkən vəfat etmişdir. Atasının doğum haqqında şəhadətnaməsini tapa bilmədiyi üçün o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. AR ƏN Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubuna əsasən, atası Qasım Səfər oğlunun doğum haqqında akt qeydi Azərbaycan Respublikası Milli Arxiv İdarəsində də aşkar edilməmişdir. Atası sağlığında ona babasının adının Səfər Qasım oğlu və nənəsinin adının Zabitə Sadıx qızı olmasını, babasının X3 Müharibəsində həlak olmasını, nənəsinin isə illər sonra ikinci dəfə evlənərək ailə qurmasını dəfələrlə demişdir. Hazırda mərhum atası Qasım Səfər oğlunun şəhadətnaməsinin tapılmaması səbəbindən onun nikaha daxil olmasına maneələr yaranıb və nikaha daxil ola bilmir. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, nikaha daxil olanların qohumluq faktı, məhz nikaha daxil olanların valideynlərinin doğum şəhadətnaməsi ilə müəyyən olunur. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb edilmiş Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş: - AZE saylı, 01211137 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, XXX Qasım Səfər oğlu xx.xx.1944-cü il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuşdur; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, XXX Qasım Səfər oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (ərizəçi) xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası XXX Qasım Səfər oğlu, anası X1r; - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçinin atasına doğum haqqında şəhadətnamə verilmiş olsa da, onu itirmişdir. Hazırda ərizəçi nikaha daxil olması üçün atasının doğum haqqında şəhadətnaməsinin tələb edilməsinə istinad edərək, Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, atasının doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Bakı şəhəri Maraqlı şəxs imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İşin hallarından göründüyü kimi ərizəçinin atasının doğumu barədə müvafiq qeyd əvvəllər mövcud olmuşdur, çünki mərhumun şəxsiyyət vəsiqəsində onun doğum tarixi və yeri barədə məlumatlar əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarının 4 və 4.1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və sənədin əslinin olmaması səbəbindən qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkün olmadığından, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Məhkəmə xüsusilə nəzərə alır ki, ərizəçinin atasının şəxsiyyət vəsiqəsində onun doğumu ilə bağlı məlumatlar öz əksini tapmışdır. Həmçinin ərizədən və məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, mərhumun atası Səfər Qasım oğlu, anasının adı Zabitə Sadıx qızı olmuşdur. O da qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, hazırki məhkəmə qətnaməsi müvafiq faktın qeydə alınması üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, XXX Qasım Səfər oğlunun xx.xx.1944-cü il tarixdə, Azərbaycan Respublikasının Bakı şəhərində doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “XXX”, adı “Qasım”, ata adı “Səfər”, doğum tarixi “xx.xx.1944-cü il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Bakı şəhəri”, ata qrafasında “XXX Səfər Qasım oğlu”, “milliyyəti azərbaycanlı”, ana qrafasında “XXX Zabitə Sadıx qızı”, “milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XXX Qasım Səfər oğlunun xx.xx.1944-cü il tarixdə, Azərbaycan Respublikasının Bakı şəhərində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “XXX”, adı “Qasım”, ata adı “Səfər”, doğum tarixi “xx.xx.1944-cü il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Bakı şəhəri”, ata qrafasında “XXX Səfər Qasım oğlu”, “milliyyəti azərbaycanlı”, ana qrafasında “XXX Zabitə Sadıx qızı”, “milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3429/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3429/2025
23.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver