Məhkəmə qərarları › İş №2(005)-3451/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3451/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3451/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, ümumilikdə 2337 (iki min üç yüz otuz yeddi) manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsi məhkəməyə sadələşdirilmiş icraat qaydasında baxılması üçün göndərilmişdir. Bununla belə iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinad edərək Cavabdeh, ümumilikdə 2337 (iki min üç yüz otuz yeddi) manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Göründüyü kimi iddianın qiyməti iki min manatdan çox olduğundan sadələşdirilmiş qaydada baxılmasına yol verilmir. Belə olan halda hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsində o da qeyd edilmişdir ki, ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə, hesab edirəm ki, hazırki ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil. Bu səbəbdən ərizənin qəbul edilməsindən imtina edilməli, iddiaçıya izah olunmalıdır ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar