Məhkəmə qərarları › İş №2(005)-347/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-347/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-347/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “avtodayanacağın (qarajın) təhvil-təslim edilməsi, daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsinin təmin edilməsi, maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla - İddiaçı ilə “X7” MMC arasında bağlanmış 14 oktyabr 2017-ci il tarixli müqaviləyə və arasında olan razılaşmaya əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 99 ünvanında binanın həyətində yerləşən ümumi sahəsi 23 kv.metr olan avtodayanacağının (qarajının) əvəzinə Təbriz küçəsi ev 99 ünvanında yerləşən, yeni inşa edilmiş 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan, 74 və 75 sayla nişanlanmış avtodayanacağın (qarajın) ona təhvil-təslim edilməsi və həmin 74 və 75 sayla nişanlanmış ümuni sahəsi 30 kv.metr olan avtodayanacağa (qaraja) iddiaçının - İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsinin təmin edilməsi öhdəliyinin “X7" MMC-nin üzərinə qoyulması, iddiaçıya dəymiş maddi zərərin - 4500 (dörd min beş yüz) manatın və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh “X7” MMC-dən alınaraq iddiaçıya - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, o, “X7” MMC ilə 14 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 99 ünvanında binanın həyətində yerləşən ümumi sahəsi 23 kv.metr olan avtodayanacağını (qarajını) “Şirkət”ə təhvil verməyi, ”Şirkət“ isə həmin avtodayanacağın (qarajın) əvəzinə (kompensasiya olaraq) Təbriz küçəsi ev 99 ünvanında yerləşən 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan avtodayanacağın onun istifadəsinə verilməsi, digər avtomobilini yeni tikilən binanın həyətində saxlamağa icazə verilməsi və avtodayanacağa (qaraja) çıxarış verilməsi baradə müqavilə bağlamışdır. Müqavilə Bakı şəhəri 21 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilib reyestrdə 3M-648 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmişdir. Mənzilin verilməsi barədə müqavilədə göstərilir ki, bina 18 ay müddətində təhvil veriləcək. Deməli, avtodayanacağın da təhvil verilməsi müddəti 18 aydır. Lakin, həmin müddətin 2019-cu ilin aprel ayında bitməsinə baxmayaraq avtodayanacaq bu günə kimi iddiaçıya təhvil verilməmişdir. Müqavilə bağlanarkən onun əvvəl qarajının olmasına görə iddiaçının avtodayanacağın yerini seçməkdə üstünlük hüququnun olduğuna görə ilkin olaraq o, ona təqdim olunmuş layihəyə uyğun olaraq avtodayanacağı birinci mərtəbədən seçmişdir. Layihəyə görə avtodayanacaqlar birinci mərtəbə və zirzəmi qatında göstərilirdi. Lakin sonradan layihəyə dəyişiklik etdilər və müəssisənin rəhbərliyi tərəfindən iddiaçı ilə danışıqlara vəkil edilmiş Eyvazov Mahirin xahişi əsasında zirzəmi qatından avtodayanacağın yerini bir şərtlə müəyyən edilmişdir ki, həmin yerin gələcəkdə yağış suları və digər mənbələrdən olan su ilə dolması təhlükəsi olmasın. Aralarında olan razılıq Eyvazov Mahir tərəfindən müəssisənin rəhbərliyi ilə razılaşdırıldı və həmin yer hal-hazırda 74 və 75 sayla nişanlanmış 30 kv.metr sahəsi olan avtodayanacaqdır. “X7” MMC tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binalarının tikintisi başa çatmış və zirzəmi qatındakı avtodayanacaqlar da “Sakin”lərə verilir və ya satılır. Lakin, müqavilə əsasında ona təhvil verilməli olan binanın zirzəmi qatında 74 və 75 sayla nişanlanmış 30 kv.metr sahəsi olan avtodayanacaq (qaraj) onun mülkiyyətinə verilməli olduğu halda dəfələrlə müraciət etməsinə baxmayaraq ona təhvil verilmir. İddiaçı 25 avqust 2021-ci il tarixdə cavabdeh “X7" MMC-yə Pretenziya (Xəbərdarlıq) göndərərək, həmin binanın zirzəmi qalında 7-4 və 75 sayla nişanlanmış 30 kv.metr avtodayanacağın (qarajın) 10 gün müddətində ona - İddiaçı təhvil-təslim edilməsi və həmin 30 kv.metr avtodayanacağa (qaraja) iddiaçının İddiaçı adına çıxarış verilməsinin təmin edilməsini “X7” MMC-yə təklif etmişdir. Əks halda məhkəməyə müraciət edəcəyi barədə onlara xəbərdarlıq edilmişdir. Pretenziya (Xəbərdarlıq) 27 avqust 2021-ci il tarixdə “X7" MMC-nin rəhbərliyi tərəfindən təhvil alınmışdır. Pretenziya (Xəbərdarlıq) verilməsindən 2 aya yaxın müddət keçməsinə baxmayaraq, “X7” MMC tərəfindən pretenziyaya (xəbərdarlığa) hər hansı bir cavab verilməmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh “X7" MMC tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. 2019-cu ilin aprel ayında ona təhvil təslim edilməli və çıxarış verilməli olan avtodayanacağın (qarajın) bu günə kimi ona təhvil verilməməsi nəticəsində cavabdeh tərəfindən ona külli miqdarda zərər vurulmuşdur. Belə ki, o, avtomobilini təhlükəsiz yerdə saxlamaq üçün hər ay 150 manat xərcləməli olmuşdur. Artıq 30 aydır ki, avtodayanacaq (qaraj) ona təhvil verilmir və bu günə kimi ona 4500 ( 150x30=4500 ) manat zərər dəymişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Cavabdeh olaraq Satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 14.10.2017-ci il tarixli müqavilədə göstərilən 30.0 kv.metr olan avtodayanacağın təhvil verilməsi ilə razıdır. İddia tələbinin qalan hissəsini qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14.10.2017-ci il tarixli müqaviləyə əsasən 9 saylı notariat kontorunda 22.02.1996-cı M9-117 reyestrlə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bəşr qızının sahibliyində olan Təbriz küçəsi, ev 99 ünvanında, binanın həyətində yerləşən ümumi sahəsi 23 kv.m olan avtodayanacağı (qarajı) "Şirkət"-ə təhvil verməsi “Şirkət"-in isə həmin avtodayanacağın əvəzinə (kompensasiya olaraq) Təbriz küçəsi, ev 99 ünvanında yerləşən 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan avtodayanacağı "Sakin”-in istifadəsinə verilməsini, bundan başqa “Sakin”-ə digər avtomobilini yeni tikilən binanın həyətində saxlamağı icazə verməyi, “Sakin” Təbriz küçəsi, ev 99 ünvanında mülkiyyətinə olan avtodayanacağın (qarajın) sökülərək “Şirkət” tərəfindən yerində hündür mərtəbəli yaşayış binasının tikilməsinə razılıq verməyi, “Sakin” avtodayanacağı “Şirkət”-lə müqavilə imzalandığı gündən 3 (üç) gün müddətdə boşaltmağı öz üzərinə götürməyi, “Şirkət” avtodayanacaq (qaraj) “Sakin”-ə təhvil verilən zaman çıxarış verməyi üzərinə götürmüşlər; "xxxx" MTK tərəfindən verilmiş 10 saylı, 15.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı həqiqətən də, ünvan 5 ünvanında inşa edilmiş çoxmənzilli “A” yaşayış binasının – 2-ci mərtəbəsində yerləşən 15 saylı dayanacağa görə 10.01.2020-ci il tarixdən **-GA-*** nömrəli maşın üçün aylıq 150 (yüz əlli) manat icarə haqqı ödəyir; 18.10.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14.10.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı sahibliyində olan Təbriz küçəsi, ev 99 ünvanında, binanın həyətində yerləşən ümumi sahəsi 23 kv.m olan avtodayanacağı (qarajı) "Şirkət"-ə təhvil verməsi “Şirkət"-in isə həmin avtodayanacağın əvəzinə (kompensasiya olaraq) Təbriz küçəsi, ev 99 ünvanında yerləşən 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan avtodayanacağı "Sakin”-in istifadəsinə verilməsini, bundan başqa “Sakin”-ə digər avtomobilini yeni tikilən binanın həyətində saxlamağı icazə verməyi, “Sakin” Təbriz küçəsi, ev 99 ünvanında mülkiyyətinə olan avtodayanacağın (qarajın) sökülərək “Şirkət” tərəfindən yerində hündür mərtəbəli yaşayış binasının tikilməsinə razılıq verməyi üzərinə götürmüşdür. Lakin cavabdeh qeyd olunan müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirilməmişdir. İddiaçı hazırda müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb edir. Məhkəmə iddia tələbinin «İddiaçı ilə “X7” MMC arasında bağlanmış 14 oktyabr 2017-ci il tarixli müqaviləyə və arasında olan razılaşmaya əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 99 ünvanında binanın həyətində yerləşən ümumi sahəsi 23 kv.metr olan avtodayanacağının (qarajının) əvəzinə Təbriz küçəsi ev 99 ünvanında yerləşən, yeni inşa edilmiş 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan, avtodayanacağın (qarajın) ona təhviltəslim edilməsi” hissəsini əsaslı hesab edir. Belə ki, hazırkı tələb tərəflərin müqavilə öhdəliklərindən irəli gəlməklə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 99 ünvanında binanın həyətində yerləşən ümumi sahəsi 23 kv.metr olan avtodayanacağı təhvil almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən yeni inşa edilmiş 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan, avtodayanacağın ona təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşlar. İş üzrə cavabdeh “X7” MMC həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdeh həmin qarajı iddiaçıya təhvil vermədiyindən həmin vəzifənin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin «məhz 74 və 75 sayla nişanlanmış avtodayanacağın (qarajın) iddiaçıya təhvil-təslim edilməsi» hissəsini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış 14 oktyabr 2017-ci il tarixli müqavilədə təhvil verilməli olan qarajın 74 və 75 sayla nişanlanmış olması müəyyən olunmur, muqavilədə bu cür razılaşma yoxdur. Buna görə də, iddia tələbinin qeyd olunan hissəsi təmin oluna bilməz. İddia tələbinin «74 və 75 sayla nişanlanmış ümuni sahəsi 30 kv.metr olan avtodayanacağa (qaraja) iddiaçının - İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsinin təmin edilməsi öhdəliyinin “X7" MMC-nin üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələb təmin oluna bilməz. Belə ki, iş üzrə cavabdeh “X7" MMC əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı vəzifənin daşıyıcısı sayıla bilməz. Həmin vəzifə müvafiq dövlət orqanlarının səlahiyyətinə aid olmaqla “X7" MMC iddiaya bu hissədə cavab verməli şəxs olmadığından rədd edilməlidir. Məhkəmə iddia tələbinin «iddiaçıya dəymiş maddi zərərin - 4500 (dörd min beş yüz) manat pulun” tutulması hissəsini qismən əsaslı hesab edir. Zərərin əvəzinin odənilməsinə munasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mulki Məcəlləsinin 21-ci maddəsi mərkəzi umumi norma kimi cıxış edərək, zərərin əvəzinin odənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız huquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin odənilməsi ucun iddia tələbinin əsasının özü isə digər huquq sahələrində (məsələn, muqavilə huququ, delikt huququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mubahisəyə munasibətdə cavabdehin qarajı vaxtında təhvil verməməkdə təqsiri muəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin odənilməsi ucun iddia tələbinin əsası da məhz delikt huququndan irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Belə ki, iş materialları və tərəflərin izahatından aydın olur ki, “X7” MMC tərəfindən 14 oktyabr 2017-ci il tarixli müqavilə vaxtında icra edilmədiyi üçün İddiaçı özünə məxsus avtomaşını başqa avtodayanacaqda saxlamağı məcbur olmuşdur. Bu barədə iddiaçı tərəf məhkəməyə «Makro İnşaat” MTK tərəfindən verilmiş 15.12.2021-ci il tarixli maliyyə arayışını təqdim etmişdir. Həmin sübutla müəyyən edilmişdir ki, iddiaçı ünvan 5 ünvanında inşa edilmiş çoxmənzilli “A” yaşayış binasının – 2-ci mərtəbəsində yerləşən 15 saylı dayanacağa görə 10.01.2020-ci il tarixdən avtomaşın üçün aylıq 150 (yüz əlli) manat icarə haqqı ödəyir. Belə olan halda, məhkəmə iddiaçının dəymiş ziyanla bağlı tələbini qismən əsaslı hesab edir. 10.01.2020-ci il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi vaxta qədər 19 oktyabr 2021-ci il tarixədək (22 ay 9 gün) maddi ziyan dəyməsi müəyyən olunduğundan həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (22 ay x 150 = 3300 ay 150/30=5x9=45manat, 3300+45=3345 manat) Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə “X7” MMC arasında bağlanmış 14 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 99 ünvanında binanın həyətində yerləşən ümumi sahəsi 23 kv.metr olan avtodayanacağının (qarajının) əvəzinə Təbriz küçəsi ev 99 ünvanında yerləşən, yeni inşa edilmiş 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv.metr olan avtodayanacağın (qarajın) təhvil verilməsi öhdəliyi “X7” MMC-nin üzərinə qoyulsun. 3345 (üç min üç yüz qırx beş) manat məbləğəndə pul cavabdeh “X7” MMC-dən alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh “X7” MMC-dən alınaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar