Məhkəmə qərarları › İş №2(007)-359/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-359/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-359/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş ziyana görə və pul” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş ziyana görə və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış 20.12.2018-ci il tarixli 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin, 11-ci mərtəbəsində, 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzilinin hər kvadrat metri 900 manat olmaqla cəmi 88.650 manata tikərək müqavilə bağlandığı andan 17 ay müddətinə ona təhvil verməyi öhdəsinə götürmüşdür. 20.12.2018ci il tarixli 0490 saylı müqavilənin icraçının vəzifələri bölümünün 2.2.1-ci maddəsinə əsasən çoxmərtəbəli yaşayış kompleksini müqavilə bağlandığı andan etibarən 17 ay müddətinə təhvil veriləcəyini öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə görə bina 20.05.2019-cu ildə hazır olmalı və mənzili ona təhvil verilməli idi. Onun tərəfindən müqaviləyə əlavə edilmiş 1 saylı əlavəyə əsasən mənzilin dəyəri tam şəkildə ödənilmişdir. 03.02.2020-ci il tarixli MA-0486 saylı maliyyə arayışına əsasən 88.650 manat pul tam ödənilmiş, cavabdehə heç bir borcunun qalmaması göstərilmişdir. Artıq 2 il keçməsinə baxmayaraq cavabdeh müqavilə öhdəliklərini icra etmir. Müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində ona ziyan dəymişdir. Hər ay 1.000 manat kirayə haqqı ödəməli olur. Müqavilə öhdəliyinin yerinə yetirməməsi və mənzilinin istifadəsinə verilməməsi səbəbindən ümumilikdə 24.000 manatdan çox kirayə pulu ödəmişdir. Dəfələrlə cavabdeh təşkilata gedib-gəlmişdir. Hər dəfə müxtəlif bəhanələrlə onu yola salıblar. Psixoloji sarsıntı keçirmişdir. Buna görə də, iddia tələbinin təmin edilməsi, 20.12.2018-ci il tarixli 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin, 11-ci mərtəbəsində, 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzilinin ona təhvil verilməsi, ona vurulmuş 24.000 manat maddi, 1000 manat mənəvi, ödənilmiş dövlət rüsumuna görə 150 manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 20.12.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzilin Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi, 20.06.2020-ci il tarixdən başlayaraq 20.12.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 1.000 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 1.000 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 150 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X5 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 20.12.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzilin Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi, 20.06.2020-ci il tarixdən başlayaraq 20.12.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 600 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi X5 iddianı müdafiə edib, iddia ərizənin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 20.12.2018-ci il tarixli 0490 nömrəli müqaviləyə əsasən cavabdeh (İcraçı) Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “D” blokunun 11-ci mərtəbəsində yerləşən sahəsi 98.5 kv.m olan, 3 otaqlı, D.11.6 nömrəli mənzili hər kv.metrinin qiyməti 900 manat olmaqla cəmi 88650 manat müqabilində tam təmirli şəkildə iddiaçıya (Sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.2.1-ci maddəsinə əsasən, İcraçı, çoxmərtəbəli yaşayış kompleksini müqavilə bağlandığı andan etibarən 17 ay müddətinə təhvil verməyi öhdəsinə götürmüşdür. 1.4 və 3.2-ci bəndlərinə müvafiq olaraq müqavilə qiymətinin 50000 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 38650 manat hissəsi isə 12 ay müddətində, hər ay 3221 manat olmaqla, 20 dekabr 2019-cu il tarixədək ödənilməlidir. 5.2-ci maddəsinə əsasən, mənzil qrafik üzrə ödənişlər başa çatdıqdan sonra 1 ay müddətində təhvil verilməlidir. - Cavabdeh MMC tərəfindən verilmiş MA-0486 nömrəli, 03.02.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış 0490 nömrəli, 20.12.2018-ci il tarixli “Daxili kredit” müqaviləsinin predmeti sayılan Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilməkdə olan D bloku, D.11.6 nömrəli mənzil üçün mövcud 88650 manat borc 21.12.2019-cu il tarixdə tam ödənilmişdir. 21.12.2019-cu il tarixdən müştərinin heç bir borcu yoxdur. - "xxxx" ASC tərəfindən verilmiş 05.11.2021-ci il tarixli, 21308 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən həmin tarixdə 120 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh MMC ilə iddiaçı arasında 20.12.2018-ci il tarixdə imzalanmış 0490 nömrəli müqaviləyə əsasən cavabdeh (İcraçı) Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksinin “D” blokunun 11-ci mərtəbəsində yerləşən sahəsi 98.5 kv.m olan, 3 otaqlı, D.11.6 nömrəli mənzili hər kv.metrinin qiyməti 900 manat olmaqla cəmi 88650 manat müqabilində iddiaçıya (Sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən, icraçı, çoxmərtəbəli yaşayış kompleksini müqavilə bağlandığı andan etibarən 17 ay müddətinə təhvil verməyi öhdəsinə götürmüş, həmin müqavilənin 1.4 və 3.2-ci bəndlərinə müvafiq olaraq müqavilə qiymətinin 50000 manat hissəsi sifarişçinin şəxsi vəsaiti hesabına, qalan 38650 manat hissəsi isə 12 ay müddətində, hər ay 3221 manat olmaqla, 20 dekabr 2019-cu il tarixədək ödənilməli olmuşdur. Müqavilənin 5.2-ci maddəsinə əsasən, mənzil qrafik üzrə ödənişlər başa çatdıqdan sonra 1 ay müddətində təhvil verilməli olmuşdur. Sifarişçi olaraq müqaviləyə əsasən iddiaçı üzərinə düşən ödəmə öhdəliyini tam olaraq razılaşdırılmış müddətdə vaxtında yerinə yetirmişdir və tam təmirli mənzilin dəyəri olan 88650 manat məbləği zamanında cavabdehə ödəmişdir. Lakin, Cavabdeh MMC isə müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək hazırkı vaxtadək binanın “D” blokunun inşasını başa çatdırmamış və aldığı mənzili zamanında iddiaçıya təhvil verməmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı qeyd olunan müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə əməl etməmişdir. Bu hal, məhkəmənin yerində müayinə protokolunda da öz əksini tapmışdır. O cümlədən, iş materiallarında olan İddiaçı, X4 (Cavabdeh MMC-də fəhlə işləyən) və X1 (MMC-də direktor işləyən) iştirakı ilə tərtib edilmiş 24.02.2022-ci il tarixli aktdan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-359/2022 saylı iş üzrə 24.02.2022-ci il tarixə, saat 12:00-a təyin edilmiş Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündürmərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində, 3 otaqdan ibarət, ümumi sahəsi 98,5 kv.m-dən ibarət D.11.6 saylı mənzilə baxış keçirilən zaman müəyyən olundu ki, müqaviləyə əsasən 20.01.2022-ci il tarixdə təhvil verilməli olan mənzil hal-hazıradək təhvil verilməmişdir. Yerli müayinə zamanı müəyyən olundu ki, bina özü tamamilə yalnız kənar divarlar, kərpiclə hörülmüşdür. Nümayəndənin deməsinə görə, mənzildə otaqlararası arakəsmələr hələ hörülməmişdir. Nümayəndəyə verilən sualdan aydın olur ki, mənzilin təhvil verilməsi müddəti qeyri-müəyyəndir. Yerli müayinə zamanı fotoşəkillər çəkilmişdir və akta əlavə olunmuşdur. Əlavə olaraq, X3 aktda qeyd etmişdir ki, müqavilənin 5.2-ci bəndinə əsasən tikinti və təmir işləri başa çatdıqdan sonra mənzil sifarişçiyə 1 ay ərzində verilməlidir. Müqavilə şərtlərinə uyğun olaraq tikinti və təmir işləri başa çatdıqdan sonra mənzil sifarişçiyə təhvil veriləcəkdir. Akt qeyd olunan şəxslər tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 20 dekabr 2018-ci il tarixli bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Hazırda baxılan mülki iş üzrə iddianın predmeti, qeyd edildiyi kimi, İddiaçı ilə Cavabdeh MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 20.12.2018-ci il tarixli müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır, iddiaçı mənzilin dəyərini tam olaraq ödəsə də, həmin mənzil ona təhvil verilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Hansı ki, müqavilədə razılaşdırılmış qaydada ümumilikdə 88650 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi işin mübahisəsiz halıdır, o cümlədən cavabdeh tərəf məhkəmə iclaslarına gəlməmiş, iddiaçının irəli sürdüyü dəlillərə qarşı hər hansı etiraz və mülahizələrini təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6-cı maddəsinə əsasən əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.10-cu maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2.1-ci maddəsinə əsasən bunun heç bir nəticə verməyəcəyi aydın olduqda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı, müqaviləyə dəyişiklik edilməsi tələbi ilə yanaşı, yuxarıda göstərilənləri nəzərə alaraq və iddianın hüquqi əsası kimi qeyd edilən maddi hüquq normalarına əsasən öhdəliyin icra edilməməsinə görə 20.06.2020-ci il tarixdən başlayaraq 20.12.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 600 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumunun ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 20.12.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməli, 20.06.2020-ci il tarixdən başlayaraq 20.12.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 600 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumu Cavabdeh MMCdən tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 20.12.2018-ci il tarixli, 0490 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. 20.06.2020-ci il tarixdən başlayaraq 20.12.2018-ci il tarixli, 0490 saylı müqavilənin şərtinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən və tikilməkdə olan hündür mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 98.5 kv.metrdən ibarət D.11.6 saylı mənzil təhvil verilənədək kirayə haqqı olaraq hər ay 600 manat məbləğində pul, dəymiş mənəvi ziyanın əvəzi olaraq 600 manat, vəkil haqqı qismində ödənilmiş 110 manat və 120 manat ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar