Məhkəmə qərarları › İş №2(007)-560/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-560/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-560/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi Məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin icra edilməsi və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin icra edilməsi və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilirək mənzilin ona təhvil verilməsi və öhdəliyin vaxtında icra edilməməsi səbəbindən dəymiş maddi ziyana görə 10.000 (on min) manat və hazırki iddianın qaldırılması üçün dövlət nəfinə ödənilmiş ümumilikdə 120 (yüz iyirmi) manat pul vəsaitinin ondan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə aralarında 04.12.2018-ci il tarixində 151001 saylı müqavilə bağlanaraq, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan 151 saylı mənzilin əvəzi 45.000 manat pul tərəfindən ödənilməklə, pay olaraq verilmişdir. Həmin tarixdə ona verilən şifahi məlumata əsasən binanın təhvil verilməsi 2019-cu ili may ayına təsadüf etməli olduğu halda hazırki tarixədək binanın təhvil verilməsi gecikməkdədir ki, bu hal onu hazırda kirayədə yaşayan vətəndaş kimi narahat etməyə bilməz. Aralarında bağlanmış müqavilənin 5.1-ci maddəsində göstərilən halların mövcud olunmasına dair tərəflərindən dəfələrlə edilmiş müraciətlərə əsasən heç bir müsbət hal verməmiş, cavabdeh müqavilənin 7.1-ci maddəsinin tələblərini pozmuşdur. Müqavilə üzrə maliyyə arayışına əsasən tərəfindən 57.8 kv.m sahəsi olan mənzilə qarşılıq 45.000 (qırx beş min) manatı (1 kv.m 779 manat) tərəfindən ödənilmişdir. 2018-ci ilin dekabr ayından hazırki tarixədək aylıq 300 manat kirayə haqqı ödəmiş, cəmi 10.000 manat kirayə haqqı cavabdehin hərəkətsizliyi ucbatından tərəfindən ödənilmişdir ki, bu vəsait cavabdehin hərəkətsizliyi nəticəsində ona dəyən maddi ziyandır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O,əlavə olaraq qeyd etdi ki, Evləri sökülmüş və oradan verilən 45000 manatı buradan ev almaq üçün vermişlər. Tikinti 2017-ci il tarixdən başlamış, cavabdeh tikintini həddindən artıq çox uzatmışdır. Orada cavabdeh tərəfindən onlarla yanaşı çox sakinin müqavilə öhdəlikləri yerinə yetirilmir. Mənzil artıq tikilmiş, tam inşa olunmuş, amma təhvil-təhslim olmamışdır. Cavabdeh onlara şifahi olaraq 2019-cu ilin mart ayında təhvil veriləcəyini demişdi, ancaq ev hələ də təhvil verilmədiyinə görə onlar kirayədədrilər. 3 il müddətinə gözləmiş və bu müddət ərzində 10 min manatdan artıq kirayə haqqı ödəmişlər. Müqavilə 2018-ci il tarixdən bağlanıb və mənzil 3 ilə təhvil verilməli idi. O, həmçinin, bu mənzillə bağlı ilk müqavilənin onlarla bağlandığını, başqa adama satılmadığını, icarə müqaviləsinnin bacısı ilə bağlandığını, cavabdehin bir mənzili bir neçə nəfərə satması ilə bağlı hallar olacağını, bacısının da əvvəl onlarla qaldığını qeyd etdi. Anasının adına olan digər mənzilin sökülməsini, mənzilin onasının adına formal qeydiyyatda qalmasını bildirdi Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 04.12.2018-ci il tarixli, 151001 saylı müqavilənin surətindən görünür ki, MMC Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan 151 saylı mənzili “payçı” İddiaçı verməyi “payçı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin 1 otaqdan, ümumi sahəsinin 57.8 kv.m-dən ibarət olması göstərilmiş, mənzilin ümumi dəyəri 45000 manat məbləğində müəyyən olunmuşdur. - "xxxx" MMC-nin 04.12.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan 151 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənmişdir. - X1 və X2 arasında bağlanmış 01.04.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanı və həmin mənzildə qoyulan əşyalar aylıq 300 manat ödənilməklə icarəyə verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC ilə bağladığı 04.12.2018-ci il tarixli müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan 151 saylı mənzili “payçı” İddiaçı verməyi “payçı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin 1 otaqdan, ümumi sahəsinin 57.8 kv.m-dən ibarət olması göstərilmiş, mənzilin ümumi dəyəri 45000 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh "xxxx" MMC müqavilə üzrə öhdəliklərini yerinə yerinə yetirməmiş, mənzili iddiaçını istifadə və sahibliyinə verməmişdir. Eyni zamanda mənzil İddiaçı verilmədiyi müddət ərzində onun tərəfindən 01.04.2018-ci il tarixli icarə müqaviləsinə əsasən ümumilikdə 10.000 manat kirayə ödənilmişdir. İddiaçı hazırda məhkəmədə həmin mənzilin ona müqavilə şərtlərinə uyğun təhvil verilməsinin "xxxx" MMC-yə həvalə edilməsini və öhdəliyin vaxtında icra edilməməsi səbəbindən dəymiş maddi ziyana görə 10.000 (on min) manat ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan 151 saylı mənzil ona məxsus olduğundan İddiaçı sifarişi əsasında hazırlanmış və payçısı olduğu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan 151 saylı mənzilin cavabdeh "xxxx" tərəfindən müqavilə şərtlərinə uyğun təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəlməsinə baxmayaraq cavabdeh iddiaçı qarşısında mübahisəli mənzilə onun pay hüququnun verilməsinə dair müqavilə imzalamasına və iddiaçı tərəfindən onun tərəfindən payın tam dəyəri cavabdehə ödənilməsinə baxmayaraq həmin mənzili ona təhvil verməmiş, mənzil ona təhvil verilmədiyindən, yaşamaq üçün ünvan 2 ünvanını icarəyə götürmüş və aylıq 300 manat kirayə ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda, məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC tərəfindən öhdəliyi vaxtında yerinə yetirilmiş olsaydı, İddiaçı tərəfindən 2018-ci ilin dekabr ayından 300 manat kirayə ödənilməz və ona 10.000 manat məbləğində maddi ziyan dəyməzdi. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliyini icra etmədiyi üçün Mülki Məcəllənin 21-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Ona görə də iddiaçı tərəfindən kirayəyə görə ödənilmiş 10.000 manat məbləğində vəsait ona qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri qismində ödənilmiş 120 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan 151 saylı mənzili cavabdeh "xxxx" tərəfindən müqavilə şərtlərinə uyğun İddiaçı təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilsin. "xxxx" MMC-dən dəymiş maddi ziyanın əvəzi olaraq 10.000 manat və ödənilmiş 120 manat dövlət rüsumunun əvəvzi İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami rayon məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar