Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3477/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Gültəkin Əsgərova adına Məktəb Lisey Kompleksi üzrə xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmrin, həmçinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi üzrə xx.xx.2025-ci il tarixli 3-29-69/3-2- 29F/2025 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, əvvəlki işinə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci ildə doğulmuş, xx.xx.2025-ci il tarixdə 60 yaş həddinə çatmışdır. xx.xx.1997-ci il tarixli əmrlə Bakı şəhəri Gültəkin Əsgərova adına məktəb-lisey kompleksinə Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilmişdir. Ona xx.xx.2024-cü il tarixdə Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanına dəvətlə bağlı bildiriş göndərilmişdir. 2024cü ilin 20-28 iyun tarixlərində Bakı şəhəri, Sabunçu rayonu, X4 kardiologiya şöbəsində stasionar müalicədə olduğumdan üzrlü səbəbdən sertifikasiya imtahanında iştirak etməmişdir. Ona xx.xx.2025-ci il tarixdə Təhsilverənlərin təkrar sertifikasyalaşdırılması prosesinin xx.xx.2025-ci il tarixdə keçiriləcək test imtahanına dəvət barədə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinə və Təhsilverənlərin sertifikatlaşdırılması Şurasına müraciət edərək, 60 yaş həddini keçdiyi üçün qanunvericiliyə uyğun olaraq adının imtahan verən şəxslərin siyahısından çıxarılmasını xahiş etmişdir. Şəxsi elektron kabinetində yerləşdirilən xx.xx.2025-ci il tarixli cavab məktubunda: “Hörmətli vətəndaş, 65 yaşdan sonra əmək müqaviləsinin uzadılmasını istəyən müəllimlərin sertifikasiya imtahanında iştirakı arzu olunandır. Nəzərə almağınız xahiş olunur.” xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Sabunçu tibb mərkəzində stasionar müalicədə; 30 iyun-02 iyul, 03-05 iyul, 06-11 iyul 2025-ci il tarixlərdə 21 nömrəli şəhər poliklinikasının xəstəlik vərəqəsi ilə ambulator müalicədə olmaqla əmək qabiliyyətini müvəqqəti itirdiyindən işdən azad olunmuşdur. Əmək kitabçasında Bakı şəhəri Gültəkin Əsgərova adına Məktəb Lisey Kompleksinin direktoru vəzifəsini müvəqqəti icra edən Mövlan Yusifovun xx.xx.2025-ci il tarixdə etdiyi qeyd: Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə xx.xx.2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən məktəbin Azərbaycan dili müəllimi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Əsas: MÜTDA üzrə xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmr; Məktəb üzrə xx.xx.2025-ci il tarixli, OU**********/e nömrəli əmr. Qarşı tərəfin mediasiya sesiyasında iştirak etməməsi barədə Mediasiya Şurası, Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/6-01210 nömrəli arayışı alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən iddiaya etiraz ünvanlanaraq bildirilmişdir ki, iddiaçı Bakı şəhəri məktəb-lisey kompleksinin sabiq Azərbaycan dili müəllimi (rus bölməsi üzrə) İddiaçı xx.xx.2024-cü il tarixində təhsilverənlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində və xx.xx.2025-ci il tarixdə təhsilverənlərin təkrar sertifikatlaşdırılmasında iştirak etməmişdir. Onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-2-29F/2025 nömrəli xx.xx.2025-ci il tarixli əmrinə əsaslanmaqla həmin məktəbin OU**********/e nömrəli əmri ilə xx.xx.2025-ci il tarixindən ləğv edilmişdir. İddiaçı iddia ərizəsində əmək müqaviləsində ləğv edilən zaman müvəqqəti əmək qabiliyyətini itirən şəxs kimi bülletendə olduğunu və əmək müqaviləsinə qanunla qadağan olunduğu halda əmək qabiliyyəti olmadığı halda xitam verildiyini qeyd etmişdir. Məsələ ilə bağlı bildirilir ki, iddiaçının XV**********09 nömrəli sığorta olunanın xəstəlik vərəqəsindən də göründüyü kimi vərəqənin tərtibi işdən çıxarılma barədə əmr verildikdən sonra tərtib edilmişdir. Belə ki, xəstəlik vərəqi tərtib edilən vaxtda artıq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2025-ci ildə 60 yaşı tamam olduğundan təkrar sertifikatlaşdırma imtahanında iştirakının könüllü olmasını qeyd etsə də, nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla, 2024–cü ildə imtahanda iştirak etməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə sertifikatlaşdırma imtahanının test mərhələsində üzrlü səbəbdən iştirak etmədiyi üçün təkrar sertifikatlaşdırılma prosesində iştirakı məcburi xarakter daşımışdır, lakin iddiaçı təkrar sertifikatlaşdırma imtahanında iştirak etməmiş, nəticə etibarı ilə keçid balını toplaya bilməmiş və sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir. Bildiririr ki, iddiaçının təkrar sertifikatlaşdırma prosesində də iştirak etməməsi Sertifikatlaşdırma prosesinə qarşı qeyriciddi yanaşmanı əks etdirir və hüquqdan sui-istifadə halları üçün zəmin yaradır. 3. İddiaçının 60 yaşı tamam olduğu üçün sertifikatlaşdırmada iştirakının könüllü olması arqumenti ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasından da görünür ki, sertifikatlaşdırmanın əsas məqsədi pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıdır. İddiaçı sertifikatlaşdırmada iştirak etməmiş və nəticə etibarilə sertifikatlaşdırmada iştirak etmədiyi üçün təkrar sertifikatlaşdırmada da 60 yaşı tamam olmasına baxmayaraq iştirak etməli idi. Sertifikatlaşdırma ilə bağlı qaydalardan da göründüyü kimi sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyniməznmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçının həyat yoldaşı 5 il “Xərçəng” xəstəliyindən əziyyət çəkmiş, işlədiyi məktəbin əməkdaşları da bunu bilirdilər. Ona görə də, iddiaçı imtahanlarda iştirak etmək üçün hazırlaşa bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan: - ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Bağçaməktəb-lisey kompleksi müsabiqə komissiyasının müsbət rəyinə əsasən ixtisası üzrə Azərbaycan dili və Ədəbiyyətı müəllimi vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. - Bakı 6 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasına (İMS) iştirak edilməməsi barədə MŞB/6-01210 saylı xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı İMS-də iştirak etmiş, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə İMS-də iştirak etməmişdir. - Bakı şəhəri Gültəkin Əsgərova adına Məktəb Lisey Kompleksinin xx.xx.2025-ci il tarixli OU**********/e nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətindən görünür ki, Tehsilverənlerin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə xx.xx.2025-ci il tarixində keçirilmiş təkrar sertifıkatlaşdırmada iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən Bakı şəhəri məktəblisey kompleksinin Azərbaycan dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2025-ci il tarixli İddiaçı cavab məktubundan görünür ki, 65 yaşdan sonra əmək müqaviləsinin uzadılmasını istəyən müəllimlərin sertifikasiya imtahanında iştirakı arzuolunandır. Nəzərə alması xahiş olunur. - Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, xx.xx.2024xx.xx.2024-cü il tarixədək İddiaçı xəstəliyi ilə bağlı işdən azad edilmişdir. - XV**********09 nömrəli Sığortaolunanın xəstəlik vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixədək yatışda olmuşdur. Diaqnozu: ürəyin hipertenziv xəstəliyidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Bakı şəhəri Gültəkin Əsgərova adına Məktəb Lisey Kompleksində Azərbaycan dili və Ədəbiyyətı müəllimi vəzifəsində işləmişdir. O, xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) işdən azad edilmişdir. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmçinin bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2-ci maddəsinin 3-1-ci hissəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işəgötürən tərəfindən ləğv edilə bilər. 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 33.3.9-cu maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək təhsilverənlərin vəzifələrindən biridir. Həmin Qanunun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydalarının; 1.4. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Qanunvericinin tələbindən göründüyü kimi, təhsilverənlərin sertifikasiyadan keçmələrinin könüllülüyü 60 və yuxarı yaşdan müəyyən edilmiş, həmin yaş kateqoriyasından aşağı yaşda olan şəxslərin sertifikasiyadan keçmələri isə onların vəzifəsi olaraq müəyyən edilmişdir. Sertifikasiyadan keçməyən şəxslərin 1 il müddətində iş yerində saxlanılmaqla, təkrar sertifikasiyada iştirakı nəzərdə tutulmuşdur. Təkrar sertifikasiyada iştirak etməmənin üzrlülüyü və bu səbəbdən təhsilverənlərin yenidən imtahana cəlb edilməsi isə artıq nəzərdə tutulmamışdır. Həmin hal isə işçi ilə bağlanmış əmək müqaviləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmçinin qanunda göstərilmişdir ki, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. İşin hallarından müəyyən edilir ki, İddiaçı ilkin olaraq sertifikasiyada iştirak üçün 59 yaşında olan zaman dəvət edilmiş, sonuncunun həmin vaxt müəllimlərin sertifikasiya imtahanında iştirak etməklə bağlı öhdəliyi yaranıb. Qeyd edilən tarixdə iddiaçı xəstəliyi ilə əlaqədar işdən azad edildiyi üçün imtahanda iştirak edə bilməmişdir. Təkrar təhsilverənlərin sertifikasiyadan keçmələri üçün imtahan 2025-ci ildə keçirilən zaman da iddiaçı yenə dəvət edilmiş, bu dəfə də iddiaçı işəğötürənə müraciət edərək, 60 yaş həddini keçdiyi üçün qanunvericiliyə uyğun olaraq adının imtahan verən şəxslərin siyahısından çıxarılmasını xahiş etmişdir. İddiaçı təkrar sertifikatlaşdırmada iştirak etməməsini 60 yaş həddini keçməsi səbəbindən imtahanda iştirakının könüllü olması ilə əlaqələndirərək, üzrlü səbəb kimi göstərsə də, mövcud münasibətləri tənzimləyən həm Əmək qanunvericiliyində, həm də Təhsil və Ümumi Təhsil haqqında qanunlarda təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslərin sertifikasiya keçməsindən azad olunmuş hesab olunmaları konkret olaraq göstərilmişdir. Belə olan halda iddiaçının sertifikatlaşdırmadan azad edilən şəxslərin kateqoriyasına aid edilməsi müəyyən edilmir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçının daha sonra 60 yaşının olması onun əvvəlki ildən müəllimlərin sertifikasiya imtahanında iştirak ilə bağlı yaranmış öhdəliyindən azad edə bilməzdi. Belə ki, yuxarıda adı çəkilən Qaydaların müddəalarına əsasən, təhsilverənlərin sertifikatlaşdırmadan keçməsi mütləqdir. Lakin Qaydalarda o nəzərdə tutulmamışdır ki, növbəti il yaşı 60 olan işçilər üçün təkrar sertifikatlaşdırmada iştirak könüllüdür, bu o zaman mümkündür ki, təhsilverənin 60 yaşının tamam olması onun ilk dəfə sertifikatlaşdırmada iştirakı nəzərdə tutulmuş vaxta təsadüf etmiş olsun yaxud da təhsilverənin əvvəlki illərə görə sertifikatlaşdırmada iştiraka görə öhdəliyi olmamış olsun. Həmçinin məhkəmə iddiaçının üzrlü səbəbləri ilə bağlı qeyd edir ki, iddiaçının XV**********09 nömrəli sığorta olunanın xəstəlik vərəqəsindən də göründüyü kimi vərəqənin tərtibi işdən çıxarılma barədə əmr verildikdən sonra tərtib edilmişdir. (2025.06.30 17:07) Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydalarının 1.5-ci bəndinin 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması barədə müddəası əsas götürülərək, işəgötürənin mənafeyinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin c bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Bu baxımdan məhkəmə cavabdehin hüquqi mövqeyi ilə razılaşaraq, qeyd edir ki, iddiaçının arqumentləri hüquqdan sui-istifadədir. Çünki o bilirdi ki, əgər birinci imtahanda iştirak etməsə, bir il sonra 60 yaşı olacaq və imtahanda iştirakı könüllü olacaqdır. Lakin qanunverici imtahanda ilk dəfə iştirak etməməni üzrlü hesab etsə də, onu bu vəzifədən azad etməmişdir. Yəni iddiaçı təkrar sertifikasiya imtahanında iştirak etməli idi. Ona görə ki, təhsilverənlərin belə sertifikasiyadan keçmələri onların peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi daşımışdır. Bundan başqa iddiaçının xx.xx.2025-ci il tarixli elektron kabinetində yerləşdirilən məktuba münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin məktub ümumi məlumat xarakterli məktub olmuş, konkret olaraq, iddiaçı ilə bağlı olmamış, həmin məktubda məhz İddiaçı müəllimlərin sertifikasiya imtahanında iştirakdan azad edildiyi qeyd edilməmişdir. Bəhs olunan məktubun məzmunundan da göründüyü kimi, orada söhbət müəllimlərin təkrar sertifikasiya imtahanından deyil, müəllimlərin ilkin sertifikasiya imtahanından getmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına da hüquqi qiymət verir və bildirir ki, belə ki, nümayəndə iddiaçının imtahanda həyat yoldaşının xəstəliyi ilə əlaqədar imtahana hazırlaşa bilmədiyini və imtahanda iştirak edə bilmədiyini bildirmişdir ki, həmin hal da yenə də iştirak etməmənin üzrlü sayılması üçün əsas deyildir. Məhkəmə işin hallarını və işin yuxarıda qeyd edilən mövqeyini əsas götürərək, hesab edir ki, iddia tələbi işdən çıxarma barədə əmrin ləğv olunması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının “işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə tələblərinə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmrinin ləğvinə dair iddia tələbi təmin edilmədiyindən, göstərilən hissələrdə də iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3477/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3477/2025
18.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver