Məhkəmə qərarları › İş №2(005)-3485/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-3485/2022

27.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3485/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və 3 azyaşlı uşaqları X6, X7 və X4 Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsindəki 9 №-li evin 1 №-li mənzilə hüquqlarının olmaması və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və 3 azyaşlı uşaqları X6, X7 və X4 Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsindəki 9 №-li evin 1 №-li mənzilinə olan yaşayış hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsindəki 9 №-li evin 1 №-li mənzilini onun keçmiş mülkiyyətçisi X2 3 saylı Notariat Kontorunda 03 noyabr 2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən almışdır. Həmin mənzili xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirib, müvafiq çıxarış almış, sonra isə mənzilə qeydiyyata yazılmışdır. Arayışla əlaqədar «ASAN Xidməti» Mərkəzinə müraciət edərkən ona məlum olmuşdur ki, mənzildə mənzilin əvvəlki mülkiyyətçisi Q.Əliyarovdan əvvəl Cavabdeh və üç azyaşlı uşaqları, X6, X7 və X8 qeydiyyatdadırlar. Hazırda iddiaçı həmin mənzili özgəninkiləşdirmək istəyir, lakin mənzildə heç bir hüquqi olmayan, formal qeydiyyatda olan cavabdehin və onun uşaqlarının günahı üzündən mənzilini özgəninkiləşdirə bilmir. Cavabdehin onun mənzilinə ümumiyyətlə hüquqi yoxdur, hüququnu itirmişdir və formal olaraq qeydiyyatda qalmışdır. Bütün bunlar əyani surətdə göstərir ki, cavabdehin iddiaçının mənzilində qeydiyyatı formal xarakter daşıyır, onun həmin yaşayış sahəsinə heç bir hüququ yoxdur. Məhkəmə iclasında İddiaçı yazılı ərizə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin olunaraq qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Notariat işinə əlavə edilmiş xx.xx.2012-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsi, ev 9, 1 saylı mənzilini 15.000 (on beş min) manata alıcı İddiaçı satmışdır; AR Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki Cavabdeh, X6, X7 və X8 Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsi, ev 9, 1 saylı mənzilində qeydiyyatdadırlar; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 9, 1 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1766 nömrəli reyestr kitabının 162433 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır; xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsi, ev 9, 1 saylı mənzili X3 xüsusi mülkiyyətində olmuşdur. Onunla İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən qeyd edilən mənzil İddiaçı mülkiyyətinə keçmiş və hazırda mülkiyyətindədir. Həmin vaxt hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh, X6, X7 və X8 bu mənzildə pasport qeydiyyatında olmuşdur. Müqaviləyə əsasən X5 (satıcı) iddiaçıya (alıcıya) üçüncü şəxslərin hüquqlarından azad mənzili verməyi (Müqavilənin 8-ci bəndi) öhdəsinə götürmüşdür. Mənzilin satılmasına baxmayaraq, cavabdehlər bu günədək həmin mənzildə pasport qeydiyyatındadır, lakin həmin mənzildə yaşamır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin bu məbləği cavabdehlərdən tələb etmir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən və öhdəlik mübahisə doğurmadığından, mənzilin alqı-satqı müqaviləsində istifadə hüququnun itirilməsi ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, X5 mülkiyyətində olan əmlakdan imtina etməklə həmin əmlakı iddiaçının mülkiyyətinə verdiyindən, bundan sonra mülkiyyətçi (iddiaçı) ilə cavabdehlər arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehlər Cavabdeh, X6, X7 və X4 mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsi, ev 9, 1 nömrəli mənzilindən istifadə hüquqları itirilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Məhkəmə onu da vurğulayır ki, Cavabdeh ilə birlikdə mənzildə onun övladları X6, X7 və X8 da pasport qeydiyyatındadır. İddianın təmin edilməsi hüquqi nəticə etibarı ilə onların da bu mənzildən istifadə hüququnun itirilməsi ilə nəticələnəcəkdir. Belə ki, bu uşaq yetkinlik yaşına çatmadıqlarından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyillər və bu səbəbdən hazırki tələblər onlara qarşı irəli sürülə bilməz. Onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri, yəni ataları Cavabdeh qoruyur. Ona görə cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsi, hüquqi nəticə etibarı ilə özündə həmçinin, bu uşağın da istifadə hüquqlarına xitam verilməsini də ehtiva edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh, onun yetkinlik yaşına çatmayan uşaqları - X6, X7 və X8 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi ev 9, mənzil 1-ə istifadə hüquqları itirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar