Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3489/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı “mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı “mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"MTK-nın inşa etdiyi ona məxsus olan ünvan 1 ünvanında yerləşən “X3” yaşayış kompleksinin B blokunun 145 saylı mənzilindən cavabdehin cehiz əşyaları ilə birlikdə çıxarılaraq mənzilin ona təhvil verilməsi, 2019-cu ilin avqust ayından hesablanmaqla mənzilin ona təhvil verildiyi gündəək hər ay üçün 5000 manat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-cü ildə Cavabdeh1 qızı Aidə Məmmədova ilə oğlu Sadıqlı Ülvi nişanlanmışdır. Onlar nişanlandıqdan qısa zaman keçmişdir ki, Cavabdeh1 toy etməyi tələb etmişdir. Bildirdi ki, uzun müddət nişanlı qalmaq yaxşı əlamət deyil. Həyat yoldaş ona təklif etmişdir ki, hazırda yaşadıqları ev ikimərtəbəli, normal təmirlidir. Toydan sonra bir müddət onlarla bir yerdə yaşayarlar ki, ailə kimi birbirilərinə uyğunlaşsınlar. Cavabdeh1 qəti şəkildə etiraz edərək bildirdi ki, onun qızı ailə ilə bir yerdə yaşaya bilməz. Bu səbəbdən iddiaçının həyat yoldaşı Loğmanın qardaşı Ramizlə görüşərək ondan Loğmanı razı salmasını xahiş etmişdir. Səhəri gün Ramiz həyat yoldaşına zəng vuraraq dedi ki, bir yerdə yaşamaq alınası şey deyildir. Bu zaman həyat yoldaşı Loğmana bildirmişdir ki, Prezident Administrasiyası tərəfindən ona Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında 4 otaqlı mənzil verilib, hazırda binada təmir işləri gedir. Heç olmasa təmir işləri bitənə qədər toy ləngiməsin. Bu məqsədlə Loğmanı həmin binada yerləşən mənzilə baxmağa aparmışlar. Mənzilə baxdıqdan sonra Loğman bildirmişdir ki, hələ burada təmir işlərinin yekunlaşmasına çox var, bu vaxta qədər toyu ləngitmək olmaz. Loğmana həmin binanın yaxınlığında inşa edilən binadan dah bir mənzil olduğunu, onun da hələ hazır olmadığını bildirmiş və ondan mənzillərdən birində təmirtikinti işləri başa çatanadək toyu təxirə salmalarını xahiş etmişlər. Cavabdeh1 həyat yoldaşı ilə birlikdə həmin mənzilə baxdıqdan sonra, Cavabdeh1 həmin mənzilin də tikinti işlərinin gec başa çatacağını bildirərək, başqa mənzil almaqlarını dolayısı ilə tələb etmişdir. Çarəsiz qalıb mənzil axtarmağa başlamışlar. Cavabdeh1 qızı, onun keçmiş gəlini Aidə Məmmədovanın oğluna təkidi ilə "xxxx" MTK-nın inşa etdiyi ünvan 3 ünvanında yerləşən “X3” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m sahəsi olan 145 saylı mənzili 625.000 manata almışlar. Onun bir qızı və bir oğlu var. Həyat yoldaşı uşaqların yaxın yaşamasını istəmiş və Yasamal rayonunda qeyd olunan ünvanlardakı kooperativ mənzilləri ailənin gələcək planlarına uyğun olaraq almışlar. Artıq bu planın pozulduğunu, oğullarının onlara məxsus olan mənzillərdə yaşayası olmadığını görüb, qızları üçün də həmin binadan eyni sahəədn olan ibarət olan 140 nömrəli mənzili almışlar ki, qardaş-bacı eyni binada yaşasınlar. Qızının həyat yoldaşı atasına məxsus ünvan 5 ünvanında olan mənzili 130000 manata sataraq onlar üçün aldıqları mənzili təmir etdirməyə başlamışlar. Cavabdeh1 da onun oğlu ilə qızının yaşayacağı mənzili öz təşəbbüsü ilə gənclərə hədiyyə kimi təmir etdirməyə başladı. 2015-ci il fevral ayının axırlarına yaxın Cavabdeh1 mənzili təmir etdirərək, cehiz əşyalarını yerləşdirməklə yaşayış üçün hazır vəziyyətə gətirmişdir. Hər iki mənzil onun adına sənədləşdirilməklə "xxxx" ASC-də girov qoyulmuşdur. Mənzillərin alışı üçün ilkin olaraq hər birinə görə 125000 manat pul ödənilməli, qalan məbləğ isə kredit kimi aylıq ödənilməli idi. Hər mənzilə görə binanın altında yerləşən dayanacaqdan hər biri 35000 manat dəyərində olan 2 dayanacaq yeri də almışlar. Həm mənzillər, həm də qarajlar üçün ümumilikdə 1.478.750 manat pul ödənilmişdir. Qeyd oluna 145 nömrəli mənzildə təmir yekunlaşdığı üçün toy hazırlığına başlanmışdır. 10.03.2015-ci il tarixində toy oldu. Cavabdeh1 qızının təkidi ilə şadlıq sarayında əlavə bəzək işləri aparılmasına və müğənnilərin iştirakına əlavə olaraq 120000 manat civarında pul xərclənmişdir. Qız-oğlan toyu bir yerdə keçirildiyi üçün əlavə xərclərin yarıya bölünəcəyini düşünsələr də, lakin toyun sonunda Cavabdeh1 onun tərəfindən qonaqların az olduğunu bildirirək əlavə çəkilmiş xərclərin 30 faizini ödəyəcəyini bildirdi və toydan da külli miqdarda ziyan yarandı. Toydan bir müddət sonra oğlu atasına bildirmişdir ki, Cavabdeh1 onlara **- UA-*** dövlət nömrə nişanı hədiyyə etmişdir. Həyat yoldaşı buna ehtiyac olmadığını, onun özünün idarə etdiyi maşının dövlət nömrə nişanı olduğunu bildirərək etiraz etmişdir. Cavabdeh1 yenidən onları borc qarşısında qoymuşdur. Belə ki, Loğmanın hədiyyə etdiyi yeni nömrəyə görə yeni maşın alası olmuşlar. Yenidən "xxxx"ASC-dən 108500 ABŞ dolları məbləğində kredit götürərək “Mercedes Benz G63 Class” markalı yeni maşın almışlar. Həmin avtomobil bank faizləri ilə birlikdə onlara 260000 ABŞ dollarına başa gəlmişdir. Bundan əlavə Cavabdeh1 və ailə üzvlərinin təkidi ilə toy üçün alış-veriş və gənclərin xarici ölkələrə istirahət səfərləri də xeyli xərc aparmışdır. Bunun nəticəsinə 2015-ci ilin sonlarına yaxın kreditlərin ödənilməsində problemlər yaranmışdır. Bundan sonra Cavabdeh1 təklifi əsasında ünvan 1 ünvanında yerləşən “X3” yaşayış kompleksinin B blokunun 140 saylı mənzilinin qiymətini 974000 ABŞ dolları qiymətləndirməklə borcun əvəzinə Cavabdeh1 verməyə razılaşmışlar. 2017-ci ilin oktyabr aynda qeyd edilən mənzili Cavabdeh1 təklifi ilə bacısı oğlu X4 adına rəsmiləşdirmişlər. Hazırda cavabdehlə aralarında hər hansı qohumluq münasibətləri qalmamışdır. Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə oğlu Ülvi Sadıqlı arasında olan nikah pozulmuşdur. 2019-cu ilin avqust ayında oğlu Ülvi Sadıqlı mübahisələndirilən mənildən çıxdıqdan sonra mənzilin giriş qapısının kilidləri cavabdeh tərəfindən dəyişdirilmiş və o evə daxil ola bilməmişdir. Həmin vaxtdan bu günədək ailə üzvlərindən heç kim, o cümlədən mülkiyyəçi kimi o, özünə məxsus mənzildən istifadə edə bilmir. 2019-cu ilin avqust ayında bu günədək mənzildən cavabdehlər istifadə etməklə bəhrələnirlər. Hətta oğlu Ülvi Sadıqlının əşyaları qeyd edilən mənzildə qalmışdır. Mənzildən mülkiyyətçi kimi sahiblik və istifadə hüququndan cavabdeh tərəfindən məhrum edilməsinə baxmayaraq mənzlin bütün kommunal xərcləri bu günədək onun tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx"MTK-nın inşa etdiyi ona məxsus olan ünvan 1 ünvanında yerləşən “X3” yaşayış kompleksinin B blokunun 145 saylı mənzilindən cavabdehin çıxarılaraq mənzilin ona təhvil verilməsi, 2019-cu ilin avqust ayından hesablanmaqla mənzilin ona təhvil verildiyi gündəək hər ay üçün 5000 manat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddiasının əsaslı olduğunu bildirərək iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(006)-1546/2021-ci il tarixli qətnaməsindən görünür ki, X8 ilə X9 arasında 14 mart 2015-ci il tarixdə bağlanmış və Bakı nikah evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 225 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 10 mart 2016-cı il təvəllüdlü X7 anası Cavabdeh2 yanında qalmasının müəyyən edilməsi, X2 10 mart 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14.12.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilən 02-75 nömrəli 20 aprel 2021-ci il tarixli arayışdan görünür ki, 2014-cü ilin 27 oktyabr tarixində "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, ünvan 6 ünvanında yerləşən “X3” yaşayış kompleksindəki B blokunda 145 nömrəli mənzil ona məxsusdur. Müqavilə bağlanan tarixdən etibarən 2021-ci ilin aprel ayı da daxil olmaqla bütünü kommunal xərclər İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı hal-hazırda "xxxx" MTK-ya heç bir borcu yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ünvan 6 ünvanında yerləşən “X3” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzilin mülkiyyətçisidir. Cavabdeh Sadıqlı( X1 həmin mənzildən istifadə hüququ yoxdur. İddia ərizəsinin məzmunundan və məhkəmə iclasında iddiaçı tərəfin verdiyi izahatdan o da məlum olmuşdur ki, digər Cavabdeh1 da həmin mənzildən istifadə edir. Bununla belə həmin mənzildə yaşamasına dair hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin Qərarda o da qeyd edilir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh X6 İddiaçı oğlu X8 ilə 14 mart 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1546/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh X6 ilə X5 nikah münasibətlərində olduöu dövrdə həmin evə mülkiyyətçinin razılığı ilə qeydiyyata düşməsinə dair cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin həmin mənzilə istifadə hüququ ilə bağlı Daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat da aparılmamışdır. İddia ərizəsinin məzmunundan və məhkəmə iclasında iddiaçı tərəfin verdiyi izahatdan o da məlum olur ki, digər Cavabdeh1 da həmin mənzildən istifadə edir. Bununla belə həmin mənzildə yaşamasına dair hər hansı bir əsas yoxdur. Məhkəmə toplanmış sübutlar əsasında qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən “X3” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildə yaşaması mülkiyyətçi kimi İddiaçı öz hüquqlarını real surətdə hüquqi cəhətdən realizə etmək imkanını məhududlaşdırır. Məhkəmə belə nəticəyə gəlir ki, X6 ünvan 6 ünvanında yerləşən “X3” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin 2019-cu ilin avqust ayından hesablanmaqla mənzilin ona təhvil verildiyi gündəək hər ay üçün 5000 manat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd edilən məbləğin müəyyən edilməsinin əsasları və hesablanması qaydası ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia tələbi qeyd edilmə hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X6 və Cavabdeh1 ünvan 6 ünvanında yerləşən “X3” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3489/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3489/2021
27.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver