Məhkəmə qərarları › İş №2(005)-3490/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3490/2020

20.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3490/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekindəki 140a nömrəli evin sahəsi 14,0 kv.metr olan 7 nömrəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və pasport qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 prospektindəki 140a nömrəli evin sahəsi 14 kv.metr olan 7 nömrəli mənzili Bakı şəhəri 21 nömrəli notariat kontorunun xüsusi notariusu X3 tərəfindən rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdə ona satmışdır, xx xxxxxx 2020-ci ildə mənzilin hüquqi qeydiyyatı onun adına aparılmış və bu barədə müvafiq çıxarış verilmişdir. Müqavilə bağlanandan sonra keçmiş mülkiyyətçi Cavabdeh1 mənzili boşaldıb onun sərəncamına vermiş, özü və digər ailə üzvləri başqa ünvana köçmüşlər. Keçmiş mülkiyyətçi alqı-satqı müqaviləsinin 13cü bəndinə əsasən mənzil satıldıqdan sonra xx xxxxxxxx 2020-ci il tarixədək ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxacağını öhdəsinə götürmüş, lakin bu günə kimi keçmiş mülkiyyətçi və onun ailə üzvü onun mənzilindən qeydiyyatdan çıxmamışlar, buna da heç bir üzürlü səbəb yoxdur, ona görə də o öz mənzilinə qeydiyyata düşə bilmir. Cavabdehlər onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmaqda davam etmişlər, hazırda onların harada yaşamaları isə ona məlum deyildir. Qeyd edilməlidir ki, cavabdehlərin onun mənzilində heç bir əşyası yoxdur. Cavabdehlərin uzun müddət onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını kobud surətdə pozur və o cavabdeh şəxslərə görə kommunal və digər xərcləri ödəməyə məcbur olur. Cavabdehlərin onun mənzilində yaşamaması faktını bütün qonşular, müvafiq Mənzil Kommunal İstismar Sahəsinin işçiləri və sahə müvəkkili təsdiq edə bilərlər. Cavabdeh1 Bakı şəhərində usta işləyir və qızı Cavabdeh2 qızı hazırda Şəmkir rayonunda yaşayır. Bütün bunlar əyani surətdə göstərir ki, cavabdehlərin onun mənzilində qeydiyyatları formal xarakter daşıyır, onların həmin yaşayış sahəsinə heç bir hüquqları yoxdur. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin dəqiqləşməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekindəki 140a nömrəli evin sahəsi 14,0 kv.metr olan 7 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmuşlar, lakin məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 140a nömrəli evin ümumi sahəsi 13 kv.metr olan 7 nömrəli mənzildə qeydiyyatda olan Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli ərizəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, qeydiyyatda olduğu müvafiq mənzilin satılmasına etiraz etməmişdir; Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 140a nömrəli evin ümumi sahəsi 13 kv.metr olan 7 nömrəli mənzildə qeydiyyatda olan Cavabdeh2 qızının xx xxxxxx 2019-cu il tarixli ərizəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, qeydiyyatda olduğu müvafiq mənzilin satılmasına etiraz etməmişdir; X2-satıcı (onun əvəzinə X6) ilə İddiaçı-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 140a nömrəli evin ümumi sahəsi 13 kv.metr olan 7 nömrəli mənzili alıcıya 55.000 (əlli beş min) manat qiymətə satmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 140a nömrəli evin ümumi sahəsi 13 kv.metr olan 7 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi xx xxxxxx 2020-ci il tarixdə qeydiyyatdan keçirilmişdir; 115 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışın məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 140a nömrəli evin ümumi sahəsi 14 kv.metr olan 7 nömrəli mənzil İddiaçı məxsusdur. Mənzildə Cavabdeh1 və Cavabdeh2 qızı qeydiyyatdadırlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir in-san tək-ba-şı-na və ya baş-qa-la-rı ilə bir-lik-də əm-la-ka sa-hib ol-maq hü-qu-qu-na malik-dir. Heç kim öz əmla-kın-dan öz-ba-şı-na-lıq-la məh-rum edil-mə-mə-li-dir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. X5 Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, buşərtləki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehlərin alqı-satqı müqaviləsi üzrə mənzildən qeydiyyatdan çıxmaqla bağlı üzərlərinə götürdükləri öhdəlikləri pozduqlarını, o cümlədən həmin mənzilin özgəninkiləşdirilməsi ilə əlaqədar həmin mənzildən mülkiyyət hüququnu ehtiva edən istifadə, sahiblik və sərəncam hüquqlarının olmadığını, həmçinin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir. Beləliklə, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və onlar həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 140a nömrəli evin 7 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 140a nömrəli evin 7 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar