Məhkəmə qərarları › İş №2(005)-350/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-350/2022

31.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-350/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3 “a”, mənzil 4-ə yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3 "a”, mənzil 4-ü keçmiş mülkiyyətçi Cavabdeh 15.07.2021-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat kontorunda qeydə alınmış ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 21.07.2021-ci il tarixli ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3 "a”, mənzil 4 tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Cavabdeh mənzili ona satdığı vaxtdan köçüb getməsinə baxmayaraq, hazırki vaxtadək qeydiyyatdan çıxmamışdır. Dəfələrlə ona mənzildən qeydiyyatdan çıxması barədə etdiyi müraciətlər nəticəsiz qalmış və heç bir əsas olmadan cavabdeh mənzildən könüllü surətdə qeydiyyatdan çıxmaq istəmir. Bu hal isə iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Belə ki, o cavabdehə görə əlavə kommunal xərclər ödəyir. 15.07.2021-ci il tarixdə bağlanmış müqavilənin 13-cü bəndinə əsasən Satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən iki ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi cavabdeh müqaviləyə əsasən yaranmış öhdəliyi icra etməkdən imtina edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ötən məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul edir. Əri xəstə olduğu üçün qeyd olunan mənzili satmaq məcburiyyətində qalmış, lakin qeydiyyata düşmək üçün başqa heç bir yeri olmadığına görə qeydiyyatdan çıxa bilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15.07.2021-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh özünə məxsus Ba ünvan 1 (Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11, M2, m1) nömrəli ümumi sahəsi 30.17 kv.m olan mənzilini alıcı İddiaçı satmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 1 (Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11, M2, m1) nömrəli ümumi sahəsi 30.17 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə 21.07.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 14.10.2021-ci il tarixli arayışına əsasən Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadır; 22.07.2017-ci il tarixdə ASAN-GƏNCƏ tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1982-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır; 14.10.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 (Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11, M2, m1) nömrəli mənzili mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Həmin vaxt hazırki mülki iş üzrə Cavabdeh bu mənzildə pasport qeydiyyatında olmuşdur. Hazırda Cavabdeh ünvan 1 (Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11, M2, m1) saylı mənzilində yaşamır, lakin pasport qeydiyyatında olmaqda davam edir. Onun həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. Cavabdeh onlara qarşı irəli sürülmüş iddia tələbini etiraf edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehdən tələb etmir. Məhkəmə hesab edir ki, keçmiş mülkiyyətçi tərəfindən üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən və öhdəlik mübahisə doğurmadığından, mənzilin alqısatqı müqaviləsində istifadə hüququnun itirilməsi ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, satıcı mülkiyyətində olan əmlakdan imtina etməklə həmin əmlakı iddiaçının mülkiyyətinə verdiyindən, bundan sonra mülkiyyətçi (iddiaçı) ilə cavabdeh arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh ünvan 1 (Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11, M2, m1) nömrəli mənzilindən istifadə hüquqları itirilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 (Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11, M2, m1) nömrəli mənzilindən istifadə hüquqları itirilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh ünvan 1 (Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11, M2, m1) nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar