Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3510/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMM-nin Cavabdeh qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMM Cavabdeh qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək Kommunal xidmət haqqı qismində 01.07.2021-ci il tarixinə 1736,28 (bir min yeddi otuz altı manat 28 qəpik) manat məbləğində yaranmış borcun, 173,62 (bir yüz yetmiş iki manat 62 qəpik) manat məbləğində dəbbə pulu, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ümumilikdə 1939,90 (bir min doqquz yüz otuz doqquz manat 90qepik) manat pul vəsaitinin, Cavabdeh tutularaq, "xxxx" MMM-in hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMM iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən-yaşayış binasına "xxxx" MMM tərəfindən 2007-ci ildən etibarən kommunal xidmətlər göstərilir. Xidmətlərin göstərilməsinə dair yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə "xxxx" MMM arasında xidmət müqavilələri bağlanılmış və həmin müqaviləyə əsasən ödənişlər aparılması həyata keçirilir. Cavabdeh və "xxxx" MMM arasında 04.06.2020-ci il tarixli "Mənzil Kommunal xidməti haqqında" müqavilə bağlanmasına baxmayaraq, cavabdehə məxsus Bakı şəhəri, Səbayıl rayonu, B.Sərdarov küçəsi ev 16, 2ci mərtəbədə yerləşən , ümumi sahəsi 273 kv.m təşkil edən qeyri-yaşayış sahəs nə görə kommunal xidmət haqqını ödənilməsinə dair yazılı bildiriş göndərilsədə, sonuncu ödənişdən imtina etmişdir. "Mənzil Kommunal xidməti haqqında" müqavilənin 2.2-ci maddəsinin bəndinə əsasən, "Sifarişçi" yerinə yetirilmiş iş və xidmət haqlarını vaxtında ödəməlidir. Həmin müqavilənin 3.2 bəndinə uyğun olaraq, "Sifarişçi" hər ayın 05-i tarixindən gec olmayaraq, 273 kv.m. qeyri-yaşayış sahəsi üçün aylıq 144.69 (bir yüz qırx dörd manat, 69 qəpik) manat məbləği (273 m2 x 0,53 AZN = 144.69) "İcraçı"ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ilə aparılır). Müqavilənin 3.4. bəndinə əsasən ödəmənin hər gecikdirilən günü üçün borcun məbləğinin 0,1% miqdarında, ümumi məbləğin 10%dən çox olmamaqla dəbbə pulu hesablana bilər. Lakin, araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh iyul 2020-ci il tarixindən bu günə qədər olan müddət ərzində kommunal xidmət haqqları ödənilməmiş, nəticədə "xxxx" MMM-nə 01.07.2021-ci il tarixinə 1736,28 (bir min yeddi otuz altı manat 28 qəpik) manat məbləğində borc yaranmışdır. Bundan əlavə, müqavilə şərtlərinə uyğun olaraq 173,62 (bir yüz yetmiş iki manat 62 qəpik) manat məbləğində dəbbə pulu hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 iyun 2020-ci il tarixli Mənzil-kommunal xidməti haqqında müqavilədən görünür ki, Sifarişçinin tapşırığı ilə icraçı öz üzərinə, ünvan 3 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 273.kv.m olan qeyri-yaşayış sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin abad saxlanması və s. öhdəliyini üzərinə götürür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı "xxxx" MMM Cavabdeh 10 gün müddət ərzində 1302,21 manat məbləğdə borcun birdəfəlik ödənilməsini təmin etməsini xahiş etmişdir. Əks təqdirdə, göstərilən məsələ ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək zərurəti yaranacaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları onda ibarətdir ki, ünvan 3 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 273.kv.m olan qeyri-yaşayış sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin abad saxlanması və s. kommunal xidmətlər göstərilir. Xidmətlərin göstərilməsinə dair yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə "xxxx" MMM arasında xidmət müqavilələri bağlanılmış və həmin müqaviləyə əsasən ödənişlər aparılması həyata keçirilir. Cavabdeh və "xxxx" MMM arasında 04.06.2020-ci il tarixli "Mənzil Kommunal Xidməti haqqında" müqavilə bağlanmasına baxmayaraq, cavabdehə məxsus ünvan 1, 2-ci mərtəbədə yerləşən , ümumi sahəsi 273 kv.m təşkil edən qeyri-yaşayış sahəs nə görə kommunal xidmət haqqını ödənilməsinə dair yazılı bildiriş göndərilsə də, o, öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hazırda mübahisə həmin kommunal xərclərin ödənilməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 18-ci maddəsiniə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmçinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə idarəetmə müqaviləsi bağlanılır. 142.2-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. 04 iyun 2020-ci il tarixli “Mənzil-kommunal xidməti haqqında” Müqavilənin: 1.1-ci bəndinə əsasən, “Sifarişçi"nin tapşırığı ilə "İcraçı" öz üzərinə, ünvan 4 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 273 kv.m. olan qeyri-yaşayış sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin abad saxlanması və s. öhdəliyini üzərinə götürür. 2.2-ci bəndinə əsasən, “Sifarişçi” “İcraçı” tərəfindən yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını vaxtıda ödəyir. “Sifarişçi” tərəfindən xidmətlərin haqqının ödənilməsinin gecikdirildiyi nəticəsində bu müqavilə ilə “İcraçı” tərəfindən tətbiq olunan dəbbə pulunu ödəyir. 3.2-ci bəndinə əsasən, "Sifarişçi" hər ayın 05-i tarixindən gec olmayaraq, 273 kv.m. mənzil sahəsi üçün 144.69 (bir yüz qırx dörd manat, 69 qəpik) manat məbləği (273 m2 x 0,53 A2N = 144.69) "İcraçı"ya ödəyir (ödəniş nəğd və ya köçürmə yolu ilə aparılır). 3.4-cü bəndinə əsasən, Ödəmənin hər gecikdirilən günü üçün borcun məbləğinin 0.1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəboə pulu hesablana bilər (dəbbə pulunun məbləği “icraçı" tərəfindən müəyyən edilir). Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə iddiaçı "xxxx" MMC-nin iddia tələbinə hüquqi qiymət verərək onu əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında 04 iyun 2020-ci il tarixli bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən, iddiaçı cavabdehə məxsus qeyri-yaşayış sahəsinə dair kommunal xidmətlərin həyata keçirilməsi və s. barədə öhdəlik götürmüşdür. Cavabdehin isə öz növbəsində müqavilənin 2.2-ci bəndindən göründüyü kimi, iddiaçı tərəfindən yerinə yetirilmiş iş və xidmətlərin haqlarını vaxtında ödəyəcəyi barədə öhdəliyi təsbit edilmişdir. Mülki Məcəllənin 404-cü maddəsinə nəzər yetirsək, hazırki mübahisənin caavbdeh tərəfindən öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olar. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir, habelə öhdəliklərin icrasına dair hər hansı sübutlar təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, həmin müqavilənin 3.4-cü bəndinə əsasən, iddiaçı hazırda cavabdehdən dəbbə pulu tələb etməkdə də haqlıdır. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 iyun 2020-ci il tarixli müqavilinin 2.2-ci, 3.2-ci bəndlərinin tələbləri müqavilə üzrə tərəf olan Cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.1 -ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin "iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, "nə kimi halların müəyyən edilməməsi”, "tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi də zəruri hesab edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, kommunal xidmət haqqı qismində 01.07.2021-ci il tarixinə 1736,28 (bir min yeddi otuz altı manat 28 qəpik) manat məbləğində yaranmış borcun, 173,62 (bir yüz yetmiş iki manat 62 qəpik) manat məbləğində dəbbə pulu, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ümumilikdə 1939,90 (bir min doqquz yüz otuz doqquz manat 90 qepik) manat pul vəsaiti, Cavabdeh tutularaq, "xxxx" MMM-in xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir və məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tələbi təmin edilsin. Cavabdeh 01.07.2021-ci il tarixinə 1736,28 (bir min yeddi otuz altı manat 28 qəpik) manat məbləğində yaranmış borc, 173,62 (bir yüz yetmiş iki manat 62 qəpik) manat məbləğində dəbbə pulu, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ümumilikdə 1939,90 (bir min doqquz yüz otuz doqquz manat 90qepik) manat pul vəsaiti tutularaq, "xxxx" MMM-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3510/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3510/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver