Məhkəmə qərarları › İş №2(005)-3534/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3534/2020

28.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3534/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “mənzil” tələbinə (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “mənzil” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən ona yeni mənzilin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1983-cü ildən etibarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi YMO-da xidmət keçmiş və 2007-ci ildə həmin qurumdan təqaüdə çıxmışdır. Bildirmək istəyir ki, əmək münasibətlərində olduğu qurumla Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında olan razılaşmaya əsasən, o, uzun müddət təqaüdə çıxanadək bir qrup həmkarı ilə yanaşı sonuncunun öz əmək fəaliyyətini həyata keçirmişdir. Xidmətləri qarşılığında İddiaçı Kirov rayon Xalq deputatlar sovetinin xx xxxxxxx 1986-cı il tarixli 47/369 nömrəli qərarı ilə mənzil növbəsinə götürülmüşdür. Daha sonra müraciətinə əsasən, xx xxxxxx 2005-ci il tarixli Bakı şəhəri X4 üzrə X1 xx xxxxxx 2005-ci il tarixli sosial-məişət inkişafı üzrə birgə iclasın 1 saylı protokolunun qərarına əsasən, o 6(altı) nəfər ailə tərkibi ilə Dəstənin ümumi mənzil növbəsinə keçirilmişdir. Qərarın təsdiqi üçün Maraqlı şəxs qarşısında qaldırılmış vəsatətə uyğun olaraq, xx xxxx 2005-ci il tarixli 221 nömrəli sərəncamla bu qərar təsdiq edilmişdir. Qeyd edir ki, göstərilən illər aralığında onun yanaşı eyni dəstənin tərkibinə daxil olan həmkarlarının bəzilərinə məhz sözügedən mənzil növbəsinə əsasən SOCAR tərəfindən ayrılmış mənzillər verilmişdir. Lakin 2010-cu ildə Neftayırma müəssisəsləri üzrə YTD-in əməkdaşlarının növbəti 2010-cu il üçün mənzil-uçot sənədlərinin təsdiq edilməsi ilə əlaqədar Maraqlı şəxsnə yenidən xx xxxx 2010-cu il tarixli 0125 nömrəli məktubla müraciət edilmişdir. Maraqlı şəxs Başçısının Aparatı xx xxxxx 2010-cu il tarixli 202 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki; "Sizin xx.xx.2010-cu il tarixli 0125 saylı məktubunuza baxılmışdır. Sizin müəssisənin əməkdaşlarının 2010-cu il üçün mənzil-uçot sənədlərinin təsdiq olunması xahiş olunur. Bildiririk ki, "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 153 saylı Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetində qaydalar hazırlanır. Qaydalar qüvvəyə mindiyi təqdirdə məsələyə mahiyyəti üzrə baxılacaqdır. Bu cavaba etiraz olaraq Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinə mənzil məsələləri ilə əlaqədar ünvanlanmış kollektiv müraciətlər, eyni zamanda iddiaçı tərəfindən ünvanlanmış fərdi müraciətlər baxılması üçün aidiyyəti olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə göndərilmişdir. ARDNŞ-nin bütün cavab məktubları ilə standart olaraq bildirilmişdir ki, "Sizin ARDNŞ ilə əmək müqaviləniz olmadığı üçün ARDNŞ-nin mənzil uçot siyahısına qoşulmanız və mənzil ilə təmin olunmağınız imkan xaricindədir." Ən son ünvanladığı müraciətdə də uyğun olaraq onun SOCAR-la əmək müqaviləsinin olmadığı əsas gətirilərək qanuni tələbindən imtina olunmuşdur. Əgər həqiqətən də, belə bir imtiyazı təmin etmək SOCAR-ın səlahiyyəti deyildisə, onda hansı əsasla 2010-cu ilədək onunla yanaşı bir sıra dəstə üzvləri mənzil siyahısına alınmış və onların bəzilərinə SOCAR tərifindən inşa edilmiş mənzillər verilmişdi? Hesab edir ki, bu qədər illər ərzində əziyyətlə gözlədiyi mənzil növbəsinin belə əsassız şəkildə birdən-birə dayandırılması onun qanunla nəzərdə tutulmuş legitim gözləntilərinə ziddir. Belə ki, mənzil verilməsinin hüquqi əsası yox idisə, SOCAR tərəfindən, ümumiyyətlə, siyahıya götürülməyi təşkil edilməz və ya buna əsasən digər əməkdaşlara mənzillərin verilməsi mümkün olmazdı. Azərbaycan Respublikasının Korstitusiyasının 25-ci maddəsinə əsasən, hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. Bu səbəbdən də iddiaçı digərləri kimi hüququ olan mənzilin alınmasını öz qanuni hüququ olaraq hesab edir və bərabərlik prinsipinə əsasən onun da həmin mənzillərdən pay almaq hüququnun olduğunu düşünür. Uzun müddətdir ki, mənzil növbəsində olmağına baxmayaraq, iddiaçı hələ də 6 nəfərlik ailə tərkibi ilə birlikdə BDYTİ-nin 1 saylı ailə yataqxanasında yaşayır. O artıq otuz ildən artıqdır ki, mənzilin verilməsi ümidi ilə yaşayır və hər ünvanladığı məktubda müsbət bir həllə nail olacağını gözləyirdi. Lakin məsələnin bu həddə gəlib çatması onun məhkəməyə müraciət etməyini labüd etmişdir. Artıq iddiaçı son ümid yeri kimi Azərbaycan Respublikası məhkəmələrinə müraciət edir və bu məsələnin tam, hərtərəfli, obyektiv və qərəzsiz şəkildə araşdırılmasını xahiş edir Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti mənzil növbəsi ilə bağlı hər hansı öhdəlik daşımadığı üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməli olduğunu bildirmiş, iddianın əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onlarını izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Kirov rayon Xalq deputatlar sovetinin xx.xx.1986-cı il tarixli, 47/369 nömrəli qərarı ilə İddiaçı Siracəddin oğlu mənzil növbəsinə götürülmüşdür. İş materiallarında olan xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası DİN BDYTİ Bakı şəhəri NEMM üzrə YTD-nin sosial məişət inkişaf üzrə birgə iclasının 1 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı Siracəddin oğlu o, 6 nəfər ailə üzvü ilə birlikdə (özü, həyat yoldaşı, 3 qızı, oğlu) 1986-cı il tarixdən qeydiyyatda olduğu mənzil növbəsi, Bakı şəhəri NEMM üzrə YTD-nin ümumi mənzil növbəsinə keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli, 221 saylı Maraqlı şəxs sərəncamdan çıxarışından görünür ki, İddiaçı iş yeri üzrə 6 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülməsi haqqında Azərbaycan Respublikası DİN BDYTİ Bakı şəhəri NEMM üzrə YTDnin sosial məişət inkişaf üzrə birgə iclasının xx.xx.2005-ci il tarixli birgə iclasının 1№-li protokolu təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 37/37-035 saylı NM üzrə YDM-nin məktubuna əsasən bildirilmişdir ki, NM üzrə YMD-si Heydər Əliyev adına NEZ-u ilə yanğından Mühafizənin təşkili haqqında ikitərəfli illik müqavilə bağlayır və müqaviləyə əsasən səlahiyyəti çərçivəsində xidmət göstərilir. İki tərəfli qarşılıqlı müqaviləyə qurumun əməkdaşlarının zavod tərəfindən mənzil növbəsinə götürülməsi bəndi nəzərə alınmır. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə SOCAR tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, SOCAR ilə əmək münasibətlərində olan və mənzil uçotunda dayanan işçilər növbəlilik əsasında mənzillə təmin olunmaq hüququna malikdirlər. İddiaçı SOCAR-la əmək münasibətlərində və SOCAR üzrə mənzil uçotunda olmadığına görə mənzil məsələsinin SOCAR tərəfindən müsbət həlli mümkün deyildir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, tərəfindən rayon ərazisində mənzil tikintisi aparılmadığından və sərəncamında boş mənzil fondu olmadığından, onun mənzil məsələsinin həllinə köməklik göstərilməsi barəsindəki xahişini yerinə yetirmək imkan xaricindədir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “mənzil verilməsi” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə əvvəlcə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və onların tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 52.1-ci maddəsinə əsasən, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “mənzil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə olan sənədlərlə iddiaçının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işləməsi, onun cavabdehin balansında olan mənzil növbəsində olması ilə bağlı sübutlar mövcud deyil. Əksinə mülki iş üzrə tərəflərin məhkəmə prosesində verdikləri izahatlardan və iş materiallarından müəyyən olunmuşdur ki, vaxtilə X5 Zavodu ilə Neftayırma müəssisələri üzrə YTD arasında ikitərəfli razılaşma mövcud olmuşdur. Həmin kollektiv razılaşmaya əsasən, müəssisədə çalışan işçilərin müəyyən bir hissəsi mənzil növbəsinə götürülmüşdür. Müəyyən olunur ki, həmin kollektiv razılaşma üzrə cavabdeh AR Dövlət Neft Şirkəti öz üzərinə hər hansı öhdəlik götürməmişdir. Belə ki, həmin vaxt müqavilə tərəfi olan X5 Zavodu öz üzərinə müvafiq öhdəliklər götürmüşdür. AR DYMX Neftayırma müəssisələri üzrə YMD-nin iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, hazırda NM üzrə YMD Heydər Əliyev adına NEZ ilə “Yanğından Mühafizənin təşkili” haqqında ikitərəfli illik müqavilələr bağlayır və həmin müqavilədə YMD-nin əməkdaşlarının zavod tərəfindən mənzil növbəsinə götürülməsi bəndi nəzərə alınmır. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu tələblərə cavab verməli olmayan hüquqi şəxsdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə olduğu təqdirdə isə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi özlüyündə əsassız və qanunsuzdur. Məhkəmə belə qənaətə gələrkən, iddiaçının müvafiq subyektiv hüquqa malik olmamasını, onun subyektiv hüququnun pozulmamasının, cavabdehin bu pozuntunu etməməsini əsas götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “mənzil” tələbinə (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) dair iddia ərizəsi təmin olunmasın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar