Məhkəmə qərarları › İş №2(005)-354/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-354/2023

18.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-354/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müavinatın ödəniıməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müavinatın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Elektriktökmə ASC-dən 2015- 2022-ci illər ərzində ayda 48 manat olmaqla 108 ay ərzində, iddiaçıya ödənilməmiş cəmi 5184 (108x48) manat pulun cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi və bu ödənişin hər ay 48 manat olmaqla davam etdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2015-ci ilin yanvar ayından hazırki iş üzrə qətnamə qəbul ediləcək tarixədək olan dövr ərzində ona ödənilməli 48 manat müavinət hesablanaraq, mediasiya üçün ödənilmiş 55 manat xərclə birlikdə cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC-də 1975-ci ildən başlayaraq işləmişdir. Zavodda əmək şəraiti çox ağır olmuşdur. Sexlər tozlu, isti, işlətdiyi əmək alətləri insan sağlamlığına ziyanlı olmuşdur. Əvvəl texniki şöbədə, sonra nəzarətçi, daha sonra isə kəsici-capıcı (obrubşik) peşəsində işləmişdir. 1977-ci ildə iş zamanı gözündən aldığı istehsal xəsarəti və peşə xəstəliyi ilə əlaqədar 60% əmək fəaliyyətini itirmiş şəxs kimi ömürlük İİİ qrup əmək əlilidir. Həmin dövrdən başlayaraq sağlamlığına dəyən ziyana görə müavinət almışdır. Son hesablamalardan sonra müavinətin miqdarı 98 manat olmuşdur. 2011-ci ildən zavod rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılığa gəlmişdilər ki, zavod əlillərinin müavinətlərinin 50 manatı Nazirlik tərəfindən ödənilsin, qalan 48 (98-50 48) manatı zavod ödəməyə söz vermişdir. 2014-cü ilin oktyabr, noyabr, dekabr ayları istisna olmaqla, hər ay 48 manat almışdır. Lakin 2015-2022-ci illər ərzində 108 aydır ki, zavod tərəfindən ona ayda 48 manat olmaqla, ümumilikdə cəmi 5184 manat müavinət pulu ödənilməmiş qalmışdır. Ona görə də, müəssisənin uzun illər boyu müavinət alan digər əməkdaşları da, fərdi qaydada məhkəmələrə müraciət edərək onlara çatası, lakin almadıqları məbləğin cavabdeh "xxxx" ASC tərəfindən onlara ödənilməsini tələb etmək zərurətində qalıblar. Məhkəmələr də, onların bununla bağlı haqlı iddia tələblərini təmin etmişdir. Cavabdeh mövcud problemi ümumi qaydada, hamı daxil birdəfəlik həll etmək əvəzinə, onlar hər birinin fərdi qaydada məhkəməyə müraciət edərək, pozulmuş hüquqlarının bərpa və təmin olunmasını tələb etmək zərurəti qarşısında qoyur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarına dəyişiklik edilərək göstərilmişdir ki, Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödəniclərin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilsin (Bənd 3.1). Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir (Bənd 5.3). Bundan başqa aylıq müavinətlərin məbləği artırılmışdır. Hal-hazırda iddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarından dövlət büdcəsinin vəsaiti hesabına aylıq 180 manat müavinət alır. Odur ki, yuxarıda qeyd edilənlərə və AR MPM-nin 216-220-ci maddələrinə əsasən iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edərək, iddiaçıya AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarına və ya “DOST” mərkəzlərinə müraciət etməsi barədə izah edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X3 sosial müavinət və təqaüd haqqında ********** saylı 24 may 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı 55 manat müavinat alır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 1977-ci ildə iş zamanı gözündən aldığı istehsalat xəsarəti və peşə xəstəliyi ilə əlaqədar 60% əmək fəaliyyətini itirmiş ona ömürlük İİİ qrup əlilik dərəcəsi təyin edilmişdir. İddiaçı bu əsasla sağlamlığına dəyən ziyana görə 98 manat ödənc almış, 48 manatını əvvəllər işlədiyi müəssisə olan "xxxx" ASC ödəmiş, 2012-ci ildən etibarən isə 55 manat DSMF tərəfindən ödənilmişdir. Həmin dövrdən başlayaraq sağlamlığına dəyən ziyana görə 2014-cu ilin sonuna qədər müavinət almışdır. Daha sonra 2015-ci illin yanvar ayından hazırki tarixdək cavabdeh tərəfindən həmin ödənişlər edilməmişdir. İddiaçı hazırda həmin ödənişlərin hesablanaraq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 1.2.1-ci bəndinə əsasən bu Qaydalar əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin ailələrinə, əmək zədəsi almış və peşə xəstəliyinə tutulmuş işçilərə zərərin əvəzinə görə ödənişlərlə bağlı dövlət müəssisələrinin borclarının ödənilməsinə şamil edilir. Qaydaların 4.1-ci bəndinə əssən borclar Fondun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən ödənilir. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydalar özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət (peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə – 33 manat; peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə – 44 manat; peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə – 55 manat; peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə – 66 manat; həlak olduqda – 77 manat) verilir (bənd 3.1). Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər (bənd 4.1). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır (bənd 4.2). Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir (bənd 5.1). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qiiwəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir (bənd 5.2). Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "DOST" mərkəzləri tərəfindən həyata keçirilir (bənd 5.3). Göründüyü kimi “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalar 2008-ci ildə təsdiq edilmişdir, iddiaçı 2012-ci ildən 48 manat müvainət almış, bununla bərabər cavabdeh tərəfindən iddiaçıya Fondla paralel olaraq aylıq ödənclərin çatışmayan hissəsi 2014-cü ilin oktyabr ayınadək verilməyə davam etmişdir. xx.xx.2016-cı il tarixli dəyişiklikdən sonra isə Fonddan 55 manat müavinət alır. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinin əsaslandırılmasının təhlili zamanı nəzərə alınmalıdır ki, cavabdehin istinad etdiyi normativ hüquqi aktlarda Fonddan aylıq müavinət alındığı halda təqsirkar müəssisə tərəfindən ödənclərin tam dayandırılması barədə imperativ qayda müəyyən edilməmişdir. Digər tərəfdən, cavabdehin istinad etdiyi qərar 2008-ci ilə qəbul edildiyi halda müəssisə 2014-cü ilin dekabr ayınadək iddiaçıya Fondla paralel olaraq aylıq ödənclərin çatışmayan hissəsi həcmində pul ödəməkdə davam etmiş, bununla bağlı hər hansı mübahisə yaranmamışdır. Cavabdeh qeyd olunan tarixdən ödənclərin verilməsinin dayandırılmasını əsaslandıra bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya 2015-ci ilin yanvar ayından hazırda qətnamənin qəbul edildiyi xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 4752 manat (99 ay x 48 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 55 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda göstərilən işin halları və onlara tətbiq edilmiş maddi hüquq normalarının rəhbər tutaraq məhkəmə hesab edir ki, 2015-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayınadək hər ay 48 manat hesablanmaqla ümumilikdə 4752 manat (99 ay x 48 manat) və mediasiya xərci olaraq ödənilmiş 55 manat pul iddiaçının xeyrinə cavabdeh "xxxx" ASC-dən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2015-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayınadək hər ay 48 (qırx səkkiz) manat hesablanmaqla ümumilikdə 4752 (dörd min yeddi yüz əlli iki) manat (99 ay x 48 manat) və mediasiya xərci olaraq ödənilmiş 55 (əlli beş) manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar