Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-354/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki azyaşlı uşağı xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1-yə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X4 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010cu il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdeh ilə əvvəllər münasibətləri normal olsa da, daha sonra aralarında olan münasibət kəskinləşdiyindən, cavabdehlə birgə yaşadıqları ünvan 1-dən 2023-cü ilin əvvəllərində cavabdehin xüsusi mülkiyyətindən qovulmuş və 2 azyaşlı uşaqları ilə birlikdə kirayə yaşamağa başlamışdır. Məhkəməyə iddia ərizəsi irəli sürmüş, xx.xx.2023-cü il tarixdə işə baxılmış, iddia tələbi təmin olunaraq, nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 onun yanında saxlanılmış və uşaqların saxlanması üçün hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda 2 azyaşlı uşaqları ilə birlikdə kirayə qalmağa davam edir. Kirayə qaldığı evdən başqa yaşayış yeri yoxdur, o, iki azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməyə məcburdur. Uzun illər pasport qeydiyyatına alınmaqla və həmin mənzildə cehiz əmlakları olmaqla orada iki azyaşlı uşaqları ilə birlikdə yaşamış, ona məxsus geyim və daşınar əşyaları oradadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, cavabdehlə nikaha daxil olduqdan sonra bühasilə mənzil gəlin köçmüşdür. 2023-cü ildə boşanma ərəfəsində cavabdehin hərəkətləri nəticəsində mənzili uşaqları ilə birlikdə tərk etmək məcburiyyətində qalmışdır. Həmin vaxtdan uşaqları ilə birlikdə 1 otaqlı kirayə evdə yaşamışdır. Hazırda yaşayış yeri olmadığı üçün azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə köçmək istəyir. Sonda iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının cavabdehə qarşı digər hakimin icraatında mənzilə çəkilmiş xərclərlə bağlı pul tələbi vardır. Həmçinin hazırki iddia ilə mənzilə köçmək də istəyir. Bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır; Nərimanov Rayon Məhkəməsinin 2(005)3001/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 ananın yanında saxlanılması və uşaqların saxlanması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir; AZ-İ 480139 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir; AZ-İİ 232378 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X6 doğulmuşdur; AZ-İİ 474725 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X7 doğulmuşdur; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. ƏMDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 mənzil xx.xx.2004-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir; xx.xx.2008-ci il tarixli, 54208 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X5 adına qeydiyyatdan keçmiş ünvan 4 mənzili qardaşı X2 bağışlamışdır. Bakı şəhəri, Nərimanov rayonu "xxxx" MMMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı övladları X6 və X7 ilə birlikdə xx.xx.2008 ci il tarixdən xx.xx.2023-cü il tarixinədək ünvan 1-də yaşamışlar. Hazırda onlar həmin mənzildə yaşamırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və iddiaçı cavabdehən məxsus ünvan 4 mənzilə gəlin köçərək orada birgə yaşamışlar. Birgə nikahdan iki uşaq dünyaya gəlmişdir. Mübahisəli mənzil xx.xx.2008-ci il tarixdə dövlət reyestrində mülkiyyət hüququ əsasında X4 adına qeydə alınmış, həmçinin iddiaçı xx.xx.2009-cu il tarixdən həmin mənzildə passport qeydiyyatındadır. Daha sonra tərəflər arasında bağlanmış nikah pozulmuş, 2023cü ilin əvvəllərində iddiaçı uşaqları ilə birlikdə qeyd edilən mənzildən çıxarılmış və iddiaçı uşaqları ilə birlikdə kirayədə yaşayırlar. Hazırda iddiaçı başqa yaşayış yeri olmadığından mübahisəli mənzilə uşaqları ilə birlikdə köçmək istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2008-ci il tarixdə gəlin köçmüşdür (xx.xx.2009cu il tarixdən qeydiyyatda olmaqla) yaşamışdır. Odur ki, iddiaçının istifadə hüququnun olmasının müəyyən edilməsi üçün 2008-ci il əsas götürülməlidir. Göründüyü kimi, qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. İddiaçının verdiyi izahatlardan görünür ki, o, mübahisəli mənzildən uşaqları ilə birlikdə öz istəyi ilə deyil, cavabdehin hərəkətləri nəticəsində çıxmaq məcburiyyətində olmuşdur. İddiaçının mənzildən çıxması tərəflər arasında bağlanmış nikahın pozulması ərəfəsində baş vermişdir. Tərəflər arasında münasibət pozulmuş və istisna olunmur ki, cavabdeh iddiaçı ilə mənzildə birgə yaşamaq istəməmişdir. İddiaçının cehiz və şəxsi əşyalarının mənzildə qalması ona dəlalət edir ki, o, öz istəyi ilə çıxmamışdır. Cavabdeh tərəf isə iddiaçının öz istəyi ilə mənzili tərk etməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ yarandığından o, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən hazırda ödənilmiş rüsuma dair tələb olmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 4 ünvanında yerləşən mənzilə köçürülsünlər. Ödənilmiş dövlət rüsumu iddiaçı X8 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-354/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-354/2025
24.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver