Məhkəmə qərarları › İş №2(005)-3546/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3546/2024

31.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3546/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078-ci ünvanda yerləşən E korpusu, 13-cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzilin ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, bildirir ki, “Xudafərin'’ MMC ilə onun arasında bağlanılmış xx.xx.2012-ci il tarixli 540 nömrəli müqavilənin 2.1-ci maddəsinə uyğun olaraq, satıcı Bakı şəhəri Atatürk prospekti, məhəllə 3078-ci ünvanda yerləşən, E korpusu, 13-cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214.14 m.kv olan 4 otaqlı evi alıcı olaraq ona - İddiaçı təhvil verir. Cavabdeh MMC-nin həmin müqaviləyə əsasən direktor K. Əhmədovun imzası ilə onun adına vermiş olduğu xx.xx.2012-ci il tarixli maliyyə arayışına əsasən, Bakı şəhər, Atatürk prospekti, məhəllə 3078-ci ünvanda yerləşən, E korpusu, 13-cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214.14 m.kv olan 4 otaqlı mənzilin müqaviləyə əsasən borcu yoxdur. Bu da o demək ki, müqavilələrdə qeyd olunan mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. Müqavilənin 2.1 maddəsinin şərtinə uyğun olaraq isə, satıcı evi dəyəri ödənildikdən sonra alıcıya təhvil verir. Bütün bunlardan sonra, onlar dəfələrlə Cavabdeh MMC-nin həm qeyd olunan ünvandakı ofisinə, həm də Amay ticarət mərkəzində yerləşən ofisinə gedib aidiyyatı maddi məsul şəxslərlə görüşmələrinə baxmayaraq, hələ də bu günə kimi evi təhvil ala bilməmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3257/2020 saylı, 1910.2020-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək, Bakı şəhəri Atatürk prospekti, məhəllə 3078-ci ünvanda yerləşən, E korpusu, 13-cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214.14 m.kv olan 4 otaqlı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3257/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3257/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078-ci ünvanda yerləşən, E korpusu, 13-cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzilin İddiaçı təhvil verilməsi “XUDAFƏRİN" MMC-nin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Bakı şəhəri, Binəqədi İcra Şöbəsinin böyük icra məmuru Asəm Əhmədovun 01 iyul 2024-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən icra sənədi üzrə icraata başlanılmış, borclu “XUDAFƏRİN" MMC-yə 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi bildirilmişdir. Qeyd edilən icraata başlamaq haqqında qərar, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-3257/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qiyabi qətnaməsi borclu "XUDAFƏRİN” MMC-nin qanuni təmsilçisi E. Abasov tərəfindən xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Bundan əlavə bildirir ki, Cavabdeh MMC-nin reyestrdə sonuncu dəfə edilmiş dəyişiklik 10 oktyabr 2022-ci il tarixində olmuşdur. Hazırki qanuni təmsilçi X7 reyestrdə olan sonuncu dəyişikliklə 10 oktyabr 2022-ci il tarixində direktor vəzifəsinə təyin edilmişdir (reyestrdən çıxarış ərizəyə əlavə edilir). Əlavə olaraq qeyd etmək istəyir ki, mübahisəli mənzil 30 mart 2024-cü il tarixində X2 adına qeydə alınmışdır (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ərizəyə əlavə edilir). Qiyabi qətnamənin mövcud olması cavabdehə 16 iyul 2024-cü il tarixində məlum olmuşdur. Yəni rəsmi qaydada qiyabi qətnamə cavabdehə təqdim edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3546/2024 saylı 13 avqust 2024-cü il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3257/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işin icraatının təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdı ki, araşdırma zamanı müəyyən olunub ki, ona müqavilə əsasında satılan mənzil Cavabdeh MMC-nin vəzifəli şəxsləri tərəfindən ondan öncə digər şəxsə satılmışdır. Yəni Cavabdeh MMC-nin vəzifəli şəxsləri eyni mənzili iki nəfərə satıblar və bununla onun etibarından sui istifadə edərək, ona qarşı külli miqdarda dələduzluq ediblər. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, mübahisəli mənzilin hazırda kimdə olması, eləcə də yaşayış olub-olmaması barədə məlumatı yoxdur. Mənzilin nömrəsində dəyişiklik olması barədə məlumatı yoxdur.1-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsi nəzərə alındıqda, mübahisəli mənzil 14-cü mərtəbədə yerləşə bilər. Həmçinin bildirdi ki, mübahisəli mənzilə dair onunla bağlanılan müqavilədən 1 həftə əvvəl başqa şəxslə də müqavilə bağlanıldığını qəbul edir. Əlavə olaraq akt təqdim edərək bildirdi ki, təqdim etdiyi akta əsasən müəyyən olunur ki, mübahisəli mənzil başqa şəxsə təhvil verilmişdir. Cavabdeh MMC də bu faktı qəbul edərək, ona bunun müqabilində başqa mənzil və ya qeyri-yaşayış sahəsinin veriləcəyini vəd etmişdir. Belə olan halda, cavabdehin hərəkətlərində cinayət əlamətləri aşkar edildiyindən məhkəmədən xüsusi qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs qismində iştirak edən X6 bildirdi ki, o cavabdeh MMC-ni ümumiyyətlə tanımır. Əvvəllər həmin MMC-dən çıxarışı olan bir mənzil alsa da, sonradan onu başqa şəxsə satmış və hazırda həmin mənzil onun mülkiyyətində deyil. Bildirdi ki, aldığı mənzilin nömrəsini xatırlamır, mənzili 6-7 ay əvvəl kimdən aldığı dəqiq yadında deyil. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, mülki iş üzrə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2012-ci il tarixli 540 saylı müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078-ci ünvanda yerləşən, E korpusu, 13-cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzili 53.535 manat dəyərində almaq üçün müraciət etmiş və tərəflər arasında müqavilə bağlanmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilən maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078-ci ünvanda yerləşən, E korpusu, 13-cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzilin müqaviləyə əsasən borcu yoxdur. İş materiallarında olan İddiaçı tərəfindən Xudafərin” MMC-yə ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri, Atatürk prosp, məhəllə 3078-ci ünvanda yerləşən E korpusu, 13cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzilin müqaviləyə əsasən ona təhvil verilməsi MMC-dən tələb olunmuşdur. İş materiallarında olan Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı X15 Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078 A ünvanda yerləşən 26 saylı mübahisəli mənzil 30 mart 2024-cü il tarixində X2 adına qeydə alınmışdır. İş materiallarında olan 1 saylı Bakı ərazi idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, ünvan 7 ünvanda yerləşən 25 saylı mənzilin dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, aktın surətindən görünür ki, Cavabdeh MMC ilə X8 arasında xx.xx.2011-ci il tarixli, 481 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078-ci ünvanda yerləşən E korpusu, 13-cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzilin sonuncuya təhvil verilməsi haqqında akt tərtib edənlər (Cavabdeh MMC-nin təsisçisi X9 və Cavabdeh MMCnin direktoru X4 və alıcı X8) tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsinin ərizəsindən görünür ki, 1 saylı ərazi İdarəsinin məlumatına cavab olaraq bildirir ki, Bakı şəhəri, Atatürk prospekti, 3078A, E korpusu, 13-cü mərtəbəsində yerləşən 25 saylı mənzil ilə bağlı qeydiyyatın olmaması onunla bağlıdır ki, yaşayış binası tikilən zaman mənzillərin nömrələnməsi sağdan sola qeyd edilmiş, qeydiyyata alınanda çıxarış veriləndə isə soldan sağa. Hazırki 25 saylı mənzil ilə 26 saylı mənzil eynilik təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh MMC xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078-ci ünvanda yerləşən E korpusu, 13-cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqdan ibarət mənzili İddiaçı verilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh MMC ilə X8 arasında xx.xx.2011ci il tarixli, 481 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078-ci ünvanda yerləşən E korpusu, 13-cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzilin sonuncuya təhvil verilməsi haqqında akt tərtib edənlər (Cavabdeh MMC-nin təsisçisi X9 və Cavabdeh MMC-nin direktoru X4 və alıcı X8) tərəfindən təsdiq edilmişdir. Cavabdeh MMC Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078ci ünvanda yerləşən E korpusu, 13-cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqdan ibarət eyni mənzilə dair iki şəxslə müqavilə bağlamışdır. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078-ci ünvanda yerləşən, E korpusu, 13-cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzilin ona təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Qanunvericiliyin bu tələblərinə əsasən iddia üzrə iddiaçı tərəfindən aldığı mənzilin tam dəyəri ödənildiyindən, onun həmin mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S. Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 yanvar 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə belə müəyyən edilmişdir: “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2012-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078-ci ünvanda yerləşən E korpusu, 13-cü mərtəbə, mənzil 25-də yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzilin dəyəri olan 53.535 manat pul məbləği ödəmişdir. Eyni mənzil həmçinin Cavabdeh MMC ilə X8 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 481 saylı müqaviləyə əsasən X1. Məhkəmə iclaslarında İddiaçı öz izahatlarında etiraf etmişdir ki, qeyd olunan mübahisəli mənzilə dair onunla bağlanılan müqavilədən 1 həftə əvvəl başqa şəxslə də müqavilə bağlanıldığını qəbul edir. Bundan əlavə cavabdehin nümayəndəsi ərizəsinə rəsmi reyestrdən çıxarışı əlavə etməklə bildirir ki, mübahisəli mənzil hazırda üçüncü şəxs X2 mülkiyyətindədir. Göründüyü kimi, iddiaçı qeyd olunan mənzilə dair mülkiyyət hüquqlarının olmasına istinad etsə də, məhkəmə iclaslarında verdiyi izahatlardan müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilin başqa şəxsin mülkiyyətində olması ilə razılaşır, lakin hazırda cavabdeh cəmiyyətin qanunsuz hərəkətləri nəticəsində maddi ziyana məruz qalması səbəbindən xüsusi qərardad çıxarılaraq, sonuncu barədə cinayət hüquqi tədbirin görülməsini və pozulmuş hüquqlarının bərpasını xahiş edir. Məhkəmə təcrübəsində analoji mübahisələr məhz Mülki Məcəllənin 452-ci maddəsinin müddəaları əsasında həll olunur. Həmin normaya görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə olan halda, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə" anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil üçüncü şəxsin mülkiyyətində olduğundan iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin digər şəxsin (X3) mülkiyyətində olması müəyyən edilmişdir. Belə ki, mübahisəli mənzilə dair müqavilə iddiaçıdan əvvəl həmin şəxslə ilə bağlanmış və mənzil ilkin olaraq sonuncunun mülkiyyətinə verilmişdir. X8 tərəfindən həmin mənzil xx.xx.2018-ci il tarixli Akta əsasən təhvil alınmışdır. İddiaçı X3 mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452-ci maddəsinə uyğun həll edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməli, eyni zamanda, iddiaçıya vurulmuş ziyanın ödənilməsi tələbinə dair Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqi izah edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar