Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3550/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış 164 saylı 24 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında tikilmiş çoxmənzilli hündürmərtəbəli binanın Tələt Şıxəliyev küçəsi tərəfindən 64.35 kv.m olan bu yerin texniki pasportunda göstərildiyi kimi , ən azı küçəyə 9 metr vitrin olmaqla 3 otaqlı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsinə, kirayə pulu əvəzi 12.000 manat kompensassiyanı, və əldən çıxmış fayda olaraq 45.000 manat məbləğində pulu cavabdehdən alınaraq xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ünvan 1 ünvanında yerləşən 49.5 kv.m qeyri-yaşayış sahəsinə dair 164 nömrəli, 24 noyabr 2017-ci il tarixli müqavilə bağlanılmışdır. Müqavilənin 1.1.1 -ci bəndinə əsasən “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən 19 sentyabr 2008-ci il tarixində Dövlət Əmlakının Özəlləşdirilməsi Departament in in verdiyi 001428 nömrəli şəhadətnamə ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49.5 kv.m qeyriyaşayış sahəsinin sökülmək üçün Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada ‘Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.1.2-ci bəndinə əsasən “Tikinti şirkəti” Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan qeyri- yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi yaşayış kompleksinin Tələt Şıxəliyev küçəsindəki binasında 3 otaqlı, 64.35 kv.m sahəsinin “Əmlak mülkiyyətçisinin” mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq Müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”nə təhvil verməyi öhdəsinə götürür. Müqavilə bağlandığı anda artıq ərazi icazəsiz sökülmüş ,və yeni coxmənzilli hündürmərtəbəli binanın bünövrəsi qoyulmuşdu. Və şirkət rəsmisi tikintisi başlanmış binanın harasından istəsəz təmirli qeyri yaşayış sahəsini təhvil verməsini bildirmiş və onlarda inam yaratmışdır. Bina hazır olduqdan sonra və binanın bütün sakinlərinə mənzil verilmiş , lakin ona məxsus qeyri yaşayış sahəsini təhvi verməkdən bu və ya digər səbəb göstərərək yayınmış faktiki olaraq onların əmlakını mənimsəmişdir. 24 noyabr 2017-ci il tarixli müqavilə əsasında mülkiyyətində olan qeyri- yaşayış sahəsini sökərək yerində hündürmərtəbəli yaşayış binası tikən Cavabdeh MMC 4 il 6 aydan cox müddət keçməsinə baxmayaraq bu günə kimi müqavilə ilə şərtləşdirilmiş qeyri-yaşayış sahəsini ona təhvil verməkdən qəsdən yayınır. Nümayəndəsinin müraciətinə cavab olaraq 01 sentyabr 2020-ci il tarixli 37№ li məktubunda Poleks MTK-nın sədri X3 imzası və möhür ilə təsdiq edilmiş məktubda şirkət üzr istəmiş və gecikmə ilə əlaqədar 63.45kv. m deyil, kompensasiya qismində 70 kv.m qeyri yaşayış sahə veriləcəyini bildirmişdir. Lakin o yenə də öz verdiyi öhdəliyinə əməl etməmişdir. Bundan başqa, cavabdeh pilot layihə üzrə qeyri-yaşayış sahəsini sökərkən digər sakinlərdə olduğu kimi bizim qeyri yaşayış sahəsini sökdüyü ücün də aylıq 500 manat məbləğində kirayə pulu verməli idi. Lakin 24 ay ərzində ona kirayə pulu vermədiyi üçün əlavə 12.000 manat məbləğində maddi ziyana düşmüşdür. Bundan başqa, cavabdeh qeyri-yaşayış sahəsini mənə ən geci 24 noyabr 2019-cu il tarixində təhvil verməli idi. Cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməyərək, 30 aydır ki, qeyri-yaşayış sahəsini ona təhvil vermir. Buna səbəb isə ona veriləcək sahənin də daxil olduğu qeyri-yaşayış sahəsini “Araz” supermarketinə icarəyə verməsi olmuşdur. Cavabdehin qeyri-qanuni hərəkətlər olmasaydı, qeyri-yaşayış sahəsini 30 ay əvvəldən təhvil alıb, aylıq 1500-2000 manata icarəyə verəcəkdi. Cavabdeh öhdəliklərini icra etmədiyinə görə bu günədək 30 ay ərzində ən azı 45.500 manat məbləğində pulu qazanmaqdan məhrum olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsinin dəlilləri üzrə izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkilinin izahatlarını, çıxışlarını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı №0137173 saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 49.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 4865 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 24 noyabr 2017-ci il tarixli 164 saylı müqavilədən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 49.5 kv.m qeyri-yaşayış sahəsini sökülmək üçün CavabdehMMC-yə təhvil verməyi, Cavabdeh MMC isə ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi yaşayış kompleksinin Tələt Şıxəliyev küçəsindəki binasında 3 otaqlı 64.35 kv.m qeyriyaşayış sahəsini İddiaçı mülkiyyətinə verməyi öz öhdəsinə götürür. İş materiallarında olan CavabdehMTK-nın İddiaçı göndərmiş olduğu 01 sentyabr 2020ci il tarixdə ünvanlanmış məktubunda qeyd olunur: “164 saylı 27.11.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK şirkəti öhdəlik üzrə İddiaçı 3 otaqlı 64.35 m2 qeyri yaşayış sahəsini verməyi üzərinə öhdəlik götürmüşdür. Lakin köçürmə ilə əlaqədar baş verən gecikmə səbəbi ilə üzərimizə götürdüyümüz öhdəliyi vaxtında yerinə yetirə bilməmişik. Baş vermiş gecikmə ilə əlaqədar sizdən üzr istəyir və kompensasiya olaraq sizə 64.35 deyil, 70 m2 qeyri yaşayış sahəsi veriləcəkdir.” Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən bildirir ki, Cavabdeh MMC mülkiyyətçiyə söküntüsü nəzərdə tutulmuş iddiaçının mülkiyyətində olan 49.5 24 kv.metr ölçüdə qeyri yaşayış sahəsinin sökülüb əvəzində 64.3 kv.m qeyri-yaşayış sahəsini verməyi, yeni binanın tikintisi başa çatanadək aylıq 500 manat məbləğində kirayə pulunun verilmədiyi üçün əlavə 12.000 manat məbləğində maddi ziyana düşmüşdür. Qeyd edilənlərə əsasən, ünvan 1 ünvanında tikilmiş çoxmənzilli hündürmərtəbəli binanın Tələt Şıxəliyev küçəsi tərəfindən 64.35 kv.m olan bu yerin texniki pasportunda göstərildiyi kimi , ən azı küçəyə 9 metr vitrin olmaqla 3 otaqlı qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə, kirayə pulu əvəzi 12.000 manat kompensasiyanı və əldən çıxmış fayda olaraq 45.000 manat məbləğində pulun tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında 164 nömrəli, 24 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC iddiaçıya yeni tikilmiş sahəni təhvil verməyi, iddiaçı isə mülkiyyətində olan sahəni söküntü üçün cavabdehə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş sahəni qəbul etmək öhdəliyini götürmüşdür. Ancaq müqavilə üzrə tikinti şirkəti Cavabdeh MMC müqavilə öhdəliklərini tərəflərin razılaşdıqları müddət bitənədək yerinə yetirməyərək (müqavilənin 2.2.3-cü bəndi) müqavilənin yuxarıda sadalanan bəndlərini pozaraq, iddiaçıya söküntüsü aparılmış qeyriyaşayış sahəsinin əvəzinə yeni tikilmiş sahənin verilməsinə dair öhdəliklərini yerinə yetriməkdən yayınmışdır. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilərək, mübahisəli sahə söküntü üçün cavabdeh cəmiyyətə verilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 164 nömrəli, 24 noyabr 2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini tam icra edərək, mübahisəli sahəni söküntü üçün cavabdeh cəmiyyətə təhvil verdiyindən, cavabdeh MMC həmçinin müqavilə üzrə öhədliklərini icra etməli və söküntüsü aparılmış 49.5 kv.m obyekt əvəzinə 64.35 kv.m ölçüdə sahəni (obyekti) iddiaçıya təhvil verməlidir. Bununla yanaşı məhkəmə iddiaçının “kirayə haqqı əvəzinə kompensasiya və əldən çıxmış fayda” tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 164 nömrəli, 24 noyabr 2017-ci il tarixli müqavilədə iddiaçının yeni binanın tikintisi başa çatanadək iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi hər ay 500 AZN kirayə haqqı almaq hüququ təsbit edilməmişdir. Bundan başqa iddiaçı əldən çıxmış fayda tələb edərkən məhkəmə hesab edir ki, hazırki mübahisədə əldən çıxmış faydanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh MMC-nin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni 45000 manat məbləğində əldən çıxmış faydanı tələb etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh MMC ilə İddiaçı arasında 164 nömrəli, 24 noyabr 2017-ci il tarixli müqavilənin 1.1.2-ci, 2.2.3-cü bəndlərinin tələbləri müqavilə üzrə tərəf olan Cavabdeh MMC tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin yerinə yetirilməsi yəni 64.35 kv.m olan qeyri yaşayış sahəsinin təvhil verilməsinə dair tələb irəli sürməkdə haqlı olmuşdur, bu səbəbdən də iddia həmin hissədə təmin edilməli, kirayə pulu əvəzi 12.000 manat kompensasiyanı və əldən çıxmış fayda olaraq 45.000 manat məbləğində pul tələbi hissəsində isə sübut təqdim edilə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin üzərinə İddiaçı 164 nömrəli, 24 noyabr 2017-ci il tarixli müqavilə üzrə Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 6 ünvanında tikilmiş Tələt Şıxəliyev küçəsindəki çoxmənzilli hündürmərtəbəli binada 3 otaqlı 64.35 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyi həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3550/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3550/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver