Məhkəmə qərarları › İş №2(103)-959/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-959/2023

25.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-959/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər:kompensasiyanın ödənilməsi, sübutların qiymətləndirilməsi, sahibliyin müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-1VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanına əsasən Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetiriliməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədilə, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı 24 oktyabr 2016-cı il tarixli 350 nömrəli Sərəncam (bundan sonra - Sərəncam) vermişdir. Sərəncama əsasən Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ küçələrinin və Xətai prospektinin kəsişməsində 2.99 ha torpaq sahəsi “Poleks" MMC-nin daimi istifadəsinə verilmişdir. Bu məsələlərlə əlaqədar Nərimanov RİH ilə İddiaçı MMC arasında 30 oktyabr 2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə (bundan sonra – iddiaçı və ya MMC) həvalə edilmişdir. Həmin ünvanda Cavabdeh (bundan sonra - cavabdeh) sahibliyində və mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələri olmuşdur. Cavabdehə məxsus sahələrin ümumi ölçüsü 240 kv.m olmuşdur. İddiaçı hündürmərtəbəli yaşayış evinin inşası ilə bağlı cavabdehə məxsus sahələri də sökmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan Bakı şəhəri Nərimanovrayonu, Xətai prospekti, ev 29, mənzil 3 (sahəsi 19 kv.m); Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 29, mənzil 4 (sahəsi 19 kv.m); Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən (ümumilikdə 38.kv.m) yaşayış sahələri və Bakı şəhəri, Nərimanov rayonu, Xətai prosrekti 29 ünvanında yerləşən 49.4 kv.m birmərtəbəli binanın zirzəmisində olan qeyriyaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməklə həmin sahədən çıxarılaraq sökülməsinə, maneənin aradan qaldırılmasına və şirkətin işgüzar nüfuzuna xələl gətirərək 255.000 (iki yüz əlli beş) manat miqdarında vurulan maddi ziyanın cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə bütün sakinlərə kompensasiyalar ödənilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər, lakin cavabdeh qərəzli şəkildə MMC-nin təkliflərindən imtina etmişdir. İddiaçı cavabdehə bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şərtilə, mülkiyyətində olan sahənin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir. Bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binasında yerləşəcək sahələrin 1kv.m-nin bazar qiymətinin, cavabdehin hal-hazırda mülkiyyətində və ya istifadəsində olan sahənin 1 kv.m-dən baha olacağına, iddiaçı tərəfindən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçülərinə 20% əlavə sahə, yeni yaşayış binası tikilənədək və onlara bu binada yeni yaşayış sahələri təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının təklifləri ilə razılaşmayaraq ondan müqavilə şərtlərinə və mövcud bazar münasibətlərinə uyğun olmayan təklif ilə çıxış edib qərəzli şəkildə MMC ilə müqavilə bağlanmasından imtina etmişdir. Ona edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq qeyri-real kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edir. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmuşdur.

4. Cavabdeh qarşılıqlı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən özünə məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi; qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 manat kompensasiya məbləğinin, 230.400 manat məbləgində 20 faiz əlavənin, cəmi 1.382.400 manat məbləğin iddiaçıdan alınaraq ona verilməsi va ya eyni ərazidə MMC tərəfindən inşa edilən binanın qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m və ona 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin iddiaçıya həvalə edilməsi; qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülməsi nəticəsində 82.080 manat məbləgində əldən çıxmış faydanın, 114.152.4 manat məbləğində faiz borcunun, 100.000 manat mənəvi zərərin əvəzinin, cəmi 296.262.4 vəsaitin iddiaçıdan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, sözügedən ünvanda yerləşən 3 və 4 saylı mənzillər, həmçinin eyni ünvanda həmin binanın zirzəmisində yerləşən ümumi sahəsi sənəd üzrə 49,4 kv.m olan qeyri-yaşayış sahəsi ümumilikdə ayrıca bina şəklində ona məxsus olmuşdur. Müxtəlif dövrlərdə bina daxilində müvafiq rekonstruksiya işləri aparılmış, binanın faktiki sahəsi iç divarlarından 240 kv.m təşkil etmişdir. Bina uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilmiş və icarədə olmuşdur. Söküntü müqabilində ona cuzi məbləğdə kompensasiya təklif etmişlər. Qeyd olunan halla bağlı ona qanunun tələblərinə uyğun olaraq hər hansı məlumat verilməmiş, habelə bildiriş təqdim edilməmişdir. Nərimanov rayon İcra Hakimiyyəti baçısının müavini Şahmar İbadov qeyd olunan ərazidə tikinti işləri aparan MMC şirkətinin işçiləri olan «Şahin» və adlarını xatırlamadığı bir neçə şəxsin də iştirakı ilə aparılan görüşlərin birində ərazidə hündür mərtəbəli binanın inşa ediləcəyini və ona məxsus qeyri-yaşayış sahəsinin əvəzinə tikiləcək binanın birinci mərtəbəsində eyni kv.mlik qeyri-yaşayış sahəsi ilə əvəzləşdiriləcəyi və tikiləcək binanın tam istifadəyə veriləcəyi müddətə kimi icarə müqaviləsi əsasında aldığı 5.000 manatlıq icarə haqqı verilməsi vəd olunmuş, lakin ödəniş edilmədən öncə binanın dərhal boşaldılması xahiş edilmişdir. Tikintini aparan şəxslərin ciddi insanlar olduğunu və həmin layihənin dövlət proqramı tərəfindən dəstəkləndiyini nəzərə alaraq onun tərəfindən bina 2017-ci il avqust ayında qismən boşaldırılmış, obyekti icarəyə götürmüş fərdi sahibkar X3 obyektin təhvil verilməsi xahiş olunmuş, lakin söküntüsünə icazə verilməmişdir. Həmin ərəfədə onun dövlət əhəmiyyətli xidməti səfərə yollanmağından istifadə edən iddiaçı sahəyə ağır texnika yeridərək 27 noyabr 2018-ci il tarixdə ona məxsus həmin binanı qanunsuz şəkildə sökmüş və məhv etmişdir. Səfərdən qayıtdıqdan sonra ona şifahi qaydada razılaşdırılmış kompensasiya ödənişinin verilməsindən imtina edilmişdir. 2 ilə yaxındır ki, mübahisənin barışıq yolu ilə nizama salınması mümkün olmamışdır. MMC-nin qanunsuz hərəkətləri nəticəsində əmlakını itirməklə yanaşı, sahibkarliq fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən də məhrum olmuşdur. Bundan əlavə, yol verdikləri qanunsuz hərəkətlərə aydınlıq gətirmək üçün Nərimanov Rayon İcra Hakimiyyəti icra başçısının birinci müavini Şahmar İbadovla birlikdə həmin şirkətin əməkdaşları ilə görüş zamanı onu təhqir edərək, şərəf və ləyaqətini alçaltmışlar. MMC-nin rəhbərləri ilə görüş zamanı vurduqları ziyanın aradan qaldırılmasını xahiş etsə də, hər dəfə müxtəlif vədlər verərək onu aldatmış və bu vaxta kimi hər hansı bir nəticə əldə olunmamışdır. Hazırda həmin ərazidə qanunsuz tikinti işləri davam etməkdədir. Qeyd edilməsi zəruridir ki, mülkiyyət hüququ ilə ona məxsus olan binaya münasibətdə hər il vergi qanunvericiliyinə müvafiq qaydada əmlak vergisi ödənilmiş, bələdiyyə tərəfindən müvafiq ölçmə işləri aparılarkən binanın daxili sahəsinin 240 kv.m olması müəyyən edilmişdir. Azərbaycan Respublikası “Daşınmaz Əmlakın İnventarlaşdırılması Xidməti” MMC tərəfindən tərtib olunmuş və həm MMC, həm də Nərimanov rayonu Bələdiyyəsinin səlahiyyətli şəxslərinin imzası və dairəvi möhürü ilə təsdiq edilmiş 05 dekabr 2012-ci il tarixli hesabat cədvəlində də, cavabdeh tərəfindən sökülmüş binanın daxili ölçülərinin 240 kv.m olması öz təsdiqini tapmışdır. Bu hal, cavabdeh tərəfindən sökülmüş obyektin, sökülməzdən öncə uzun müddət icarəyə verildiyi fərdi sahibkar X4 (VÖEN **********) tərəfindən də təsdiq edilə bilər. Belə ki, onunla X4 arasında icarə müqaviləsi mövcud olmuş, həmin müqavilə vergi orqanında qeydiyyatdan keçmişdir. Onunla "xxxx" arasında qiymətləndirmə xidmətlərinin göstərilməsi haqqında bağlanmış 11 mart 2019-cu il tarixli müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri və həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m-ə görə icarə haqqının müəyyən edilməsi məqsədi ilə "xxxx" MMCnin qiymətləndirici mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri 4800 manat, 1 kv.m görə icarə haqqı 18 manat təşkil edir. Belə ki, ona məxsus olan və cavabdeh tərəfindən qanunsuz olaraq məhv edilmiş qeyri-yaşayış obyektinin real bazar dəyəri 4800 (1 kv.m üçün satış dəyəri) x 240 kv.m (daxili divarlardan hesablanmaqla sahə) = 1.152.000 AZN (bir milyon yüz əlli iki min) manat təşkil etmişdir. Tikinti aparılan sahədə kompleks binalar inşa edilməkdədir, iddiaçı tərəfindən ətrafda aparılan tikinti işləri ilə əlaqədar 2017-ci ilin iyun-iyul aylarının əvvəllərindən artıq bina qeyri-yaşayış sahəsi kimi istifadəyə yararsız vəziyyətə düşmüş, fərdi sahibkar X4 2017-ci ilin avqust ayından icarə haqqı ödəməyi dayandırmaqla obyekti boşaltmağa başlamışdır. Həmin vaxtdan hal-hazıradək 1 il 7 aydır ki, o, icarədən əldə etdiyi gəlirdən məhrum olmuşdur. Onun məhrum olduğu icarə haqqı 240 kv.m x 18 manat x 19 ay =82,080 manat təşkil etmişdir. Mülkiyyət hüququndan qanunsuz məhrum olması nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Qeyd olunmalıdır ki, MMC onun mülkiyyətində olan qeyriyaşayış sahəsini hər hansı kompensasiya ödəmədən sökməklə ona çatacaq pul məbləğini qanunsuz olaraq öz sərəncamında saxlamış və dövriyyə etdirmişdir. Azərbaycan Respublikası Mərkəzi X6 tərəfindən 2019-ci il fevral ayına uçot dərəcəsi 9,25 faiz müəyyən edildiyindən 114.152.4 manat ((1.152.000 manat (satış qiyməti) + 82,080 manat (icarə haqqı)) x 9.25 = 114.152.4 manat məbləğində faiz məbləği də MMC-dən tutularaq ona ödənilməlidir.

6. Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 3 sentyabr 2019-cu il tarixli, 2(005)-635/2019 saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) ilkin iddia tam, qarşılıqlı iddia isə qismən təmin olunaraq iddiaçı tərəfindən cavabdehə 347.600 manat pulun ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissələrdə təmin olunmamışdır.

7. Məhkəmənin mövqeyinə görə cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrin sökülməsi ilə bağlı həmin sahələrdə olan hər hansı əmlakların dağıdılması və ya məhv edilməsi, bununla bağlı vurulan ziyana dair iddiası olmamış və hazırda da yoxdur. Onun iddia tələbləri qeyd edildiyi kimi sökülən sahələrin bazar qiymətləri və bu tələbdən törəyən digər tələblərdir. Göstərilən sahələrin sökülməsinin dövlət tərəfindən təsdiq olunmuş tədbirlər planı əsasında həyata keçirilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Başqa sözlə, mülkiyyətə müdaxilə qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmışdır.

8. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ona edilən təkliflərin məqbul olmasına və mülkiyyətində olan sahələrin sökülməsi üçün boşalmış vəziyyətə gətirilməsinə baxmayaraq MMC-nin təkliflərindən imtina etməsi ona edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək yalnız öz mənafeyi naminə icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam etməsi kimi hərəkətləri qəsdən süni maneə yaratmaq, bununla da dövlət tərəfindən təsdiq olunmuş tədbirlər planını bilərəkdən gecikdirərək şirkətin müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsinin qarşısını almaq və beləliklə də hüquqdan sui-istifadə hallarına yol verilməsi kimi qiymətləndirilir.

9. Bundan əlavə məhkəmə hesab etmişdir ki, yuxarıda sadalanan rəy və hesabatlar cavabdehin istinad etdiyi "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, LP-035/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən daha mötəbər sübut növləri olduğu üçün hazırkı mübahisənin həllində sözügedən hesabatlarda əksini tapan qiymətlərə istinad edilməlidir. Belə ki, cavabdehin istinad etdiyi rəydə əks edilən qiymətlər real bazar qiymətlərinə uyğun olmayaraq düzgün əsaslandırılmamış şəkildə göstərildiyindən hazırki iş üzrə sübut növü kimi qiymətləndirilə bilməz.

10. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən cavabdehə ödənilməli olan 168,500 manat məbləğinə 20% (33700 manat) əlavə edərək hesab etmişdir ki, MMC tərəfindən cavabdehə 202.200 manat ödənilməlidir. Mənəvi ziyanla bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, MMC-nin qanunsuz hərəkətləri nəticəsində cavabdehin mənəvi sarsıntı və iztirablara məruz qalması, əsəbləri pozulduğundan sosial fəaliyyətlə məşğul olan xanım kimi bir sıra sosial proyektlərin həyata keçirilməsinə diqqətini cəmləmək imkanından məhrum olması, başqa sözlə əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, qarşılıqlı iddia bu hissədə rədd edilməlidir.

11. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, cavabdeh mülkiyyətində və istifadəsində olan sahələri yuxarıda qeyd edildiyi kimi boşaldaraq sökülməyə hazır vəziyyətə gətirdiyindən, beləliklə də təyinatı üzrə fəaliyyət göstərmədiyindən onun həmin sahələrdən gəlir əldə etməsinin MMC tərəfindən məhdudlaşdırması kimi iddia dəlilləri əsassız olmuş, tələbinin faiz borcu və əldən çıxmış faydanın tutulması hissəsi də heç bir sübutlarla təsdiqini tapmamışdır.

12. Məhkəmə gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 29.4, 43.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 21.1, 152.3, 152.6, 180.1, 180.2, 180.4, 449.1, 560.1, 560.2, 1096.2, 1097.1-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, qarşılıqlı iddia ərizəsinin, habelə qarşılıqlı iddia ərizəsinə verilmiş əlavədə göstərilən tələblərin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı hakim iddiaçının mənafeyinə uyğun işə baxaraq, kompensasiyanın verilməsi üçün verilmiş qiymətləndirmə rəylərinə iddiaçı MMC-nin mənafeyinə uyğun şəkildə qiymət verərək, keçirilmiş müstəqil qiymətləndirməni əsaslı sübut kimi qiymətləndirməyərək, ümumiyyətlə digər qiymətləndiricilərin də müəyyən etdiyi normalara tam əməl etməyərək, MMC-nin istəyinə uyğun qiymət müəyyənləşdirmişdir. MMC tərəfindən ona ödənilməsi nəzərdə tutulan 347600 manat ağlabatan qiymət olmamaqla, ona dəymiş ziyana mütənasib deyil. Həmçinin iddianın digər hissələrdə də əsassız yerə təmin edilməməsi qanuni deyil. Məhkəmə kompensasiya təyini zamanı əmlakını bazar qiymətindən də aşağı qiymətləndirərək ödəniş məbləği müəyyən etmişdir. Məhkəmə tərəfindən qiymətləndirmə rəylərinə əsasən əmlaklara mütənasib, isin hallarına uyğun olaraq, əldən çıxmış fayda da nəzərə alınaraq daha yüksək kompensasiya təyin edilməli idi.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 27 fevral 2020-ci il tarixli, 2(103)-683/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv olunmuş, həmin hissədə iddia qismən təmin olunmuş, MMC tərəfindən cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən 240 kv.m qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı MMC-nin hərəkətləri qanunsuz hesab edilməklə MMC-dən 816 500 manat maddi ziyana görə və 10 000 manat mənəvi ziyana görə kompensasiyanın tutulub cavabdehə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır.

16. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli tikili cavabdehin iradəsinin əleyhinə olaraq sökülmüş və bununla bağlı ilkin iddia üzrə iddiaçı tərəfindən edilmiş hərəkətlər onun mübahisəli əmlaka münasibətdə malik olduğu hüquqlarından məhrum etməyə yönəlmişdir. Mülki qanunvericilik və bununla bağlı olan digər normalarda mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər və şəxslər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, belə yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Qarşılıqlı iddianın əldən çıxmış fayda ilə bağlı hissəsində isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 17 noyabr 2020-ci il tarixli, 2(102)-4756/2020 saylı qərarı ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və M.T.Əhmədova) kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Konstitusiya məhkəməsindəki icraat

18. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək, kassasiya instansiyası məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya instansiyası məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(102)-4756/2020 saylı qərarı qüvvədən düşmüş hesab edilmiş, işə qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq yenidən baxılması qərara alınmışdır.

20. Konstitusiya MəhkəməsiPlenumunun qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli tikili üzərində həyata keçirilən sahibliyin qanuni olub-olmamasını, həmin binaya dair hansı əmlak hüquqlarının mövcud olduğunu araşdırmadan və gəldiyi nəticəni əsaslandırmadan Mülki Məcəllənin yuxarıda göstərilən normalarını tətbiq etmişdir.Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təyinatını düzgün qiymətləndirməmiş və həmin Qanunun fərqli hüquq münasibətlərini tənzimlədiyini nəzərə almamışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 sentyabr 2021-ci il tarixli, 13(102)-14(k)/2021 saylı iş üzrə qərarı ilə (məruzəçi hakim A.Ə.Abbasov) kassasiya instansiyası məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

22. Plenum hesab etmişdir ki, ərazidə mövcud olan və sakinlərin istifadə etdiyi tikililərin qanuni və ya özbaşına inşa edilməsi ilə bağlı təftiş aparmaq şirkətlərin deyil, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Lakin bu zaman MMC-nin qanunsuz tikili ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edib-etməməsi, Cavabdeh mübahisəli tikintinin aparılması üçün müvafiq icazə alıb-almaması məhkəmələr tərəfindən araşdırılmamış, tikintinin sifarişçisi Nərimanov Rayon İcra Hakimiyyəti işə üçüncü şəxs qismində cəlb edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Apellyasiya instansiyası məhkəməsinin 10 mart tarixli, 2(103)-997/2022 saylı qətnaməsi ilə (E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(102)-3943/2022 saylı qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və M.T.Əhmədova) kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Cavabdehin (qarşılıqlı iddiaçının) nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

27. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

28. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Nərimanov rayon İcra Hakimiyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

32. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

33. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

34. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia tam, qarşılıqlı iddia isə qismən təmin olunmaqla 347.600 manat pulun “Poleks" MMC-dən tutulub Cavabdeh ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissələrdə təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətin məzmunundan göründüyü kimi o, qətnaməni qarşılıqlı iddianın rədd olunan hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu və eləcə də qarşılıqlı iddianın təmin olunan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxladı. Yəni, hazırkı apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd olunan hissəsi təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə sonuncu qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmə eyni zamanda işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməyərək nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi Plenumun göstərişlərini nəzərə alaraq İcra Hakimiyyətini üçüncü şəxs kimi işə cəlb etsə də, üçüncü şəxsin məsələyə münasibətini öyrənmədən həmin tikililərlə bağlı cavabdehin sahiblik və istifadə hüquqlarının olubolmamasına münasibət bildirməmiş, bu hal müəyyən edilməmiş qalmışdır. İş materiallarına daşınmaz əmlakların bazar qiyməti ilə bağlı bir neçə rəy əlavə edilmiş, yalnız apellyasiya məhkəməsinə təqdim edilmiş rəyi mötəbər sübut kimi qəbul edən apellyasiya instansiyası məhkəməsi bu qənaətini əsaslandırmamış, digər rəyləri nə üçün sübut kimi qəbul etməməsini qətnamədə göstərməmişdir.

42. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

43. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddianın rədd olunan hissəsində ləğv edilməli və həmin hissədə qarşılıqlı iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

44. Kollegiya bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

45. İşdən göründüyü kimi, mübahisə predmeti hər birinin sahəsi 19 kvm olan iki mənzil, ümumi sahəsi 49,4 kvm olmaqla zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi və 152,6 kvm özbaşına tikilidən ibarətdir. Qeyd olunan sahələrin cəmi 240 kvm təşkil edir. Ümumi sahəsi 38 kvm olan iki mənzil və 49,4 kvm qeyri-yaşayış sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sahəsi 152,6 kvm tikili isə özbaşına inşa olmaqla qeydiyyatdan keçməmişdir. Tikililərin ümumi sahəsinin 240 kvm olması İddiaçı MMC tərəfindən mübahisələndirilmir. Göstərilən sahələr cavabdeh tərəfindən ticarət obyekti kimi istifadə olunmuş və İddiaçı MMC tərəfindən sökülmüşdür.

46. Bu söküntünü qanunsuz sayan Cavabdeh iş üzrə qarşılıqlı iddia vermiş və aşağıdakı tələbləri irəli sürmüşdür:

47. qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi;

48. qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 (bir milyon yüz əlli iki min) manat kompensasiya məbləğinin, 230.400 manat məbləgində 20 faiz əlavənin, cəmi 1.382.400 manat məbləğin cavabdehdən alınaraq ona verilməsi va ya eyni ərazidə İddiaçı MMC tərəfindən inşa edilən binasının qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m və ona 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi;

49. qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi nəticəsində 82.080 (səksən iki min səksən) manat məbləgində əldən çıxmış faydanın, 114.152.4 (yüz on dörd min yüz əlli iki manat dörd qəpik) manat məbləgində faiz borcunun, 100.000 (yüz min) manat mənəvi zərərin, məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 296.262.4 (iki yüz doxsan altl min iki yüz altmış iki manat dörd qəpik) vəsaitin cavabdehdən tutularaq ona verilməsi.

50. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia qismən təmin olunmuş və İddiaçı MMC-dən 347 600 manat pulun tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırkı apellyasiya baxışının predmeti qarşılıqlı iddianın 347 600 manat pulun tutulması istisna olmaqla qalan hissəsidir. İddiaçı qarşılıqlı iddianın cavabdehin (qarşılıqlı iddiaçının) xeyrinə tutulan 347 600 manat hissəsini apellyasiya qaydasında mübahisələndirmədiyindən məhkəmə kollegiyası həmin hissənin əsaslılığını yoxlamır.

51. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülkiyyətçinin razılığı olmadan ona məxsus daşınmaz əmlakın (tikililərin) sökülməsi mülkiyyətə qəsddir və delikt sayılır. Törədilmiş delikt nəticəsində cavabdehin ziyana məruz qalması da işin mübahisəsiz halıdır. Hazırda tərəflər arasında həll olunmamış məsələ vurulmuş ziyanın əvəzinin ödənilməsi ilə bağlıdır.

52. İstər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də kassasiya məhkəməsinin qərarında şərh olunan əsas göstərişlərdən biri tikintinin sifarişçisi Nərimanov rayon icra hakimiyyətinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, İddiaçı MMC-nin qanunsuz tikili ilə bağlı Nərimanov rayon icra hakimiyyətinə müraciət edibetməməsinin və eləcə də Cavabdeh mübahisəli tikintinin aparılması üçün müvafiq icazə alıb-almamasının araşdırılıb müəyyən edilməsi barədədir.

53. Həmin göstərişlər nəzərə alınaraq apellyasiya baxışı zamanı Nərimanov rayon icra hakimiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda mübahisəli ünvandakı tikililərlə bağlı İddiaçı MMC tərəfindən və tikinti işlərinin aparılmasına icazə verilməsi barədə Cavabdeh tərəfindən Nərimanov rayon icra hakimiyyətinə müraciət olunubolunmadığını müəyyən etmək məqsədilə həmin orqana sorğu göndərmişdir.

54. Nərimanov rayon icra hakimiyyəti xx.xx.2023-cü il tarixli 5-14/2-236/2023 saylı cavab məktubunda belə müraciətləri əks etdirən sənədlərin Rayon İcra Hakimiyyətinin arxiv sənədləri sırasında mövcud olmadığını bildirmişdir.

55. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, mübahisə predmeti olan özbaşına tikili hesab edilən daşınmaz əmlaklar cavabdehin sahibliyində və istifadəsində olmuşdur. Aidiyyəti dövlət orqanları həmin tikililərin inşasına etiraz etməmiş və özbaşına olması əsası ilə sökülməsi barədə məsələ qaldırmamışdır.

56. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

57. Məhkəmə kollegiyası işə yenidən baxarkən yuxarı instansiya məhkəməsinin qərarında şərh olunan göstərişlərin icrası qaydasında iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin etmiş və ekspertizanın aparılmasını Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Ekspertizanın təyin olunması əvvəlki məhkəmə baxışları zamanı alınmış mütəxəssis rəyləri arasında tikililərin bazar qiymətləri ilə bağlı uyğunsuzluq olması, özbaşına tikili ilə qanuni tikililər arasında fərq qoyulmaması və s. ziddiyyətlərdən irəli gəlmişdr.

58. Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/1411 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən hər birinin sahəsi 19,0 kv.m olan 3 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 36860,0 manat, 4 saylı mənzilin dəyəri 36860 manat və həmin ünvanda yerləşən ümumi sahəsi 49,4 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri təqribən 54834,0 manat müəyyən olunur. Mülkiyyət sənədi olamayan(özbaşına tikinti statusuna malik olan) tikililərin bazar qiymətlərinə uyğun dəyəri və ya satışı barədə internet saytlarında, alqı-satqı birjalarında hər hansı məlumat olmadığından, mənzillərə və zirzəmiyə əlavə inşa edilmiş, özbaşına tikinti statusuna malik olan 152,6 k.m qeyriyaşayış sahəsinin mərtəbəliliyi nəzərə alınmaqla hazırkı dövrə bazar dəyərinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsinin inventar dəyərinin müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir.Buna görə də tədqiq olunan qeyri-yaşayış sahəsinin bazar qiymətlərinə uyğun dəyəri, həmin tikilinin inşa edilməsi üçün çəkilmiş xərclər nəzərə alınmaqla hesablanmışdır. Belə ki, aparılmış araşdırmalara əsasən ayrı-ayrı zonalarda qeyri-yaşayış sahəsinin iş materiallarında olan fotoşəkillərə əsasən inşa olunma konstruksiyasını nəzərə alaraq analoji tikililərin 1 kv.m-nin inşa olunmasına çəkilmiş xərclərin dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 400-500 manat məbləğində müəyyən edilir ki, həmin qiymət yuvarlaqlaşdırılmaqla 450 manat müəyyən edilir. Tədqiq olunan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 152,6 kv.m təşkil etdiyi nəzərə alınmaqla, həmin tkilinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 68670,0 manat müəyyən edilir.

59. Tikililərin aylıq icarə (kirayə) haqqının müəyyən edilməsi ilə bağlı suallara məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1474 saylı rəyi ilə cavab verilmişdir. Həmin rəyə görə ünvan 5 ünvanında yerləşən hər birinin sahəsi 19,0 kv.m olan 3 və 4 saylı mənzillərin və 49,4 kv.m qeyri-yaşayış (zirzəmi) sahəsinin, həmçinin 152,6 k.m qeyri-yaşayış sahəsinin (birinci mərtəbə) 2017-2023-cü ilin yanvar ayına (73 ay) olan aylıq icarə haqqının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 270100,00 (73 ay x 3700 manat) manat müəyyən edilir. O cümlədən, hər birinin sahəsi 19 kvm olan 3 və 4 saylı mənzillər - 400 (2 mənzil x 200 man.) manat, 49,4 kvm qeyriyaşayış (zirzəmi) sahəsi – 300 manat, 152,6 kvm qeyri-yaşayış sahəsi (birinci mərtəbə) – 3000 manat.

60. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. MPM-in 103.1-ci maddəsinin tələbinə görə məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Həmin maddənin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir:

62. Ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi;

63. Qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması;

64. Rəyin tamlığının müəyyən edilməsi;

65. Rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

66. Məhkəmə kollegiyası ilk növbədə hər birinin sahəsi 19 kvm olan iki mənzillə və 152,6 kvm qeyri-yaşayış sahəsi ilə bağlı ekspert rəyində aparılan qiymətləndirməyə öz münasibətini bildirir. Rəydə mənzillərin hər birinin qiyməti 36860 manat müəyyən edilmişdir. Həmin məbləğə 20 % də əlavə olunduqda məbləğ 44232 manat təşkil edir. 152,6 kvm qeyri-yaşayış sahəsinin qiyməti isə ekspert rəyi ilə 68670 manat müəyyən olunmuşdur. Halbuki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə mənzillərin hər birinin qiyməti çoxsaylı mütəxəssis rəylərində («MBA Consultinq Group» MMC-nin xx.xx.2019cu il tarixli, «Lex Fori» Hüquq və Qiymətləndirmə MMC-nin xx.xx.2019-cu il tarixli, «Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti» MMC-nin xx.xx.2019-cu il tarixlirəyləri) göstərilən və bir-birinə yaxın olan qiymətlər əsas götürülməklə 64500 manat, 152,6 kvm qeyri-yaşayış sahəsinin qiyməti isə 145 400 manat müəyyən edilmişdir. Göründüyü kimi, həmin məbləğlər hazırkı ekspert rəyində göstərilən qiymətdən yüksəkdir və iddiaçı qətnamə ilə müəyyən edilən həmin məbləğləri mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bunu, eləcə də qiymətləndirməmin tikililər sökülməmişdən əvvəl deyil, ondan sonra, həm də uzun müddət keçməklə aparıldığını nəzərə alaraq ekspert rəyinin mənzillərin və 152,6 kvm qeyri-yaşayış sahəsinin qiyməti ilə bağlı gəldiyi nəticənin hazırkı vəziyyətdə işə tətbiqini mümkün saymır. Belə ki, ilk növbədə iddiaçı (İddiaçı MMC) bu məbləğləri mübahisələndirməmişdir və cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində işə baxan məhkəmə kollegiyası qətnamənin hazırkı apellyasiya baxışının predmeti olmayan hissəsinə müdaxilə edə və cavabdehin (mülkiyyətçinin) əmlak maraqlarına zidd qərar qəbul edə bilməz.

67. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə 49,4 kvm qeyri-yaşayış sahəsinə görə cavabdehə 39500 manat kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı ekspert rəyi ilə bu məbləğ 54834 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyinin bu hissədə mötəbərliyini qəbul edərək hesab edir ki, 39500 manat kompensasiya məbləğinin ödənilməsi artıq qətnamə ilə tutulduğundan və hazırkı məhkəmə baxışında müzakirə predmeti olmadığından qeyd olunan məbləğlər arasında yaranan fərq, yəni 15334 manat (54834 – 39500) İddiaçı MMC-dən tutulub Cavabdeh ödənilməlidir.

68. Kassasiya məhkəməsinin son qərarında şərh olunan göstərişlərdən biri də apellyasiya instansiyası məhkəməsi tərəfindən tələbin əldən çıxmış fayda hissəsinə qiymət verilərkən cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahələrinin sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edilməsinə və həmin obyektlərin sökülməsi nəticəsində gəlirdən məhrum olmasına qiymət verilməməsi barədədir.

69. Cavabdeh əldən çıxmış faydaya görə 82080 manat pul tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ünvanda olan tikililər fərdi sahibkar Elçin Əliyevin icarəsində olmuş və 2017-ci ilin avqust ayından Elçin Əliyev iddiaçı tərəfindən aparılan inşaat işləri ilə əlaqədar olaraq icarə haqqının ödənilməsini dayandırmışdır. 1 kvm üçün icarə haqqı 18 manat olmaqla 240 kvm sahə üçün icarə haqqı 19 aya görə 82080 manat təşkil edir (240x18x19=82080).

70. Mübahisəli tikililərin Cavabdeh tərəfindən icarəyə verilməsi və bundan gəlir götürülməsi işin müəyyən edilmiş halı olmaqla mübahisəsizdir.

71. Hazırkı apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə müəyyən edildi ki, ümumi sahəsi 240 kvm olan tikililərin 2017-2023-cü ilin yanvar ayına (73 ay) olan aylıq icarə haqqının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 270100,00 (73 ay x 3700 manat) manat müəyyən edilir. O cümlədən, hər birinin sahəsi 19 kvm olan 3 və 4 saylı mənzillər - 400 (2 mənzil x 200 man.) manat, 49,4 kvm qeyri-yaşayış (zirzəmi) sahəsi – 300 manat, 152,6 kvm qeyri-yaşayış sahəsi (birinci mərtəbə) – 3000 manat.

72. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh iddia ərizəsində 73 ay üçün deyil, cəmi 1 il 7 ay, yəni 19 ay üçün icarə haqqının ödənilməsini tələb etmişdir.

73. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

74. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. Bu hüquq iddiaçıya məhkəmə tərəfindən qətnamə çıxarılanadək Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin həcmini artırmaq və ya azaltmaq imkanı verir. Lakin işdən göründüyü kimi iddiaçı bu hissədə iddia tələbinin həcminin artırılması və ya azaldılması, yaxud iddianın dəyişdirilməsi barədə məhkəməyə müraciət etməmişdir.

75. Qanunun tələbinə görə işə baxan məhkəmənin vəzifəsi iddianı əsaslı hesab etdiyi halda onu məhz iddia ərizəsində göstərilən həcmdə, yəni iddia tələbindən kənara çıxmamaqla təmin etməkdən və bu barədə qətnamə çıxarmaqdan ibarətdir.

76. Məhkəmə kollegiyası hesab edir ki, icarə haqqı ilə bağlı əldən çıxmış fayda iddia tələbində göstərilən müddət üçün, yəni 19 aya görə tutulmalıdır. Aylıq icarə haqqı ekspert rəyi ilə 3700 manat müəyyən edildiyindən 19 aya görə icarə haqqı 70300 manat təşkil edir və bu məbləğ Cavabdeh xeyrinə tutulmalıdır (19x3700=70300).

77. Kassasiya məhkəməsinin qərarında olan göstərişlərdən biri də Cavabdeh məruz qaldığı mənəvi zərərin əvəzinin ödənilməsi barədədir.

78. Məhkəmə kollegiyası hesab edir ki, 2017-ci ildən mülkiyyətindən qanunsuz məhrum edilməklə, bununla bağlı kompensasiya ödənilməməklə və gəlirdən məhrum olmaqla, eləcə də uzun müddətdir məhkəmə çəkişmələrinə cəlb edilməklə Cavabdeh mənəvi zərərə məruz qalmışdır və bu zərərin əvəzi İddiaçı MMC-dən tutulub ona ödənilməlidir.

79. «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri müəyyən edən İX bölməsinin qaydalarına əsasən nizamlanır.

80. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

82. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər.

83. Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

84. Yuxarıda qeyd olunduğu kimi, hazırki işdə bu səbəbli əlaqə vardır.

85. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını, apellyasiya şikayətinin dəlillərini və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə qarşılıqlı iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. əhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsində işə baxılarkən apellyasiya baxışının predmeti olan hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır (MPM-in 385.1.1 və 385.1.4-cü mad).

86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

87. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia həmin hissədə qismən təmin olunsun. Qanunsuz söküntü nəticəsində dəymiş ziyanla əlaqədar olaraq 49,4 kvm qeyri-yaşayış sahəsinə görə 15334 (on beş min üç yüz otuz dörd) manat, əldən çıxmış faydaya görə (icarə, kirayə haqqı) 70300 (yetmiş min üç yüz) manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 20 000 (iyirmi min) manat olmaqla, cəmi 85 654 (səksən beş min altı yüz əlli dörd) manat pul vəsaiti İddiaçı MMC-dən tutulub Cavabdeh ödənilsin. Mübahisələndirilən qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar