Məhkəmə qərarları › İş №2(005)-3550/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3550/2025

28.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3550/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X3, Cavabdeh “Azərbaycan X2 İncəsənət Kolleci” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X2 İncəsənət Kolleci publik hüquqi şəxsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi cəlb edilməklə) “işçiyə töhmət verilməsi haqqında əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X2 İncəsənət Kolleci publik hüquqi şəxsinə qarşı “töhmətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli İncəsənət Kollecinin rəhbərliyinin onunla xx.xx.2018-ci il tarixində bağladığı əmək müqaviləsinin 5 il 1 gün olduğu faktına istinadən müddətsiz hesab edilməsini, xx.xx.2025-ci il tarixli 36 K saylı ona verilən töhmət əmrinin 1 aydan çox müddət keçməsinə görə və bununla qanun pozuntusuna yol verdiyinə əsaslanaraq, AR Əmək Məcəlləsinin 187-ci maddənin 2-ci bəndi ilə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan X2 İncəsənət Kollecində müəllim vəzifəsində çalışır. Azərbaycan Respublikası Əmək Məcəlləsini rəhbər tutaraq, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək onunla 5 il 1 gün müddətinə kollecin rəhbərliyi tərəfindən əmək müqaviləsi tərtib olunaraq bağlanıb. İncəsənət Kollecində çalışdığı 7 il ərzində nizam-intizam qaydalarını bir dəfə də olsun pozmamışdır. Onunla 5 il 1 gün müddətinə bağlanılan əmək müqaviləsi qanunlara istinadən əslində xx.xx.2023-cü il tarixinədək bağlanmalı idi. Lakin heç bir hüquqi əsası olmayan, düzgün hesablama aparmadan, yanlış (xx.xx.2023-cü il) tarixə aid rəqəmlərin düzümü anlayışı ilə İncəsənət Kollecinin rəhbərliyi tərəfindən QR kodla müqaviləni təsdiqləyib. Burada AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi ilə “5 ildən çox müddətə bağlanan əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilməlidir” baxımından qanuni, hüquqi yerini almalıdır. Çünki düzgün təyin olunmamış tarix öz əhəmiyyətini itirir, bir gün artıq olması ilə müddətsiz əmək müqaviləsinə şamil edilir. Səlahiyyət sahibi olan Kollecin rəhbərliyi xx.xx.2025-ci il tarixində müəllim rəfiqəsi X12 ilə Kollecin dəhlizində 2-3 dəqiqə görüşüb hal-əhval davranışı ilə bir-birimizlə görüşdüyümüz zaman, kollecin divarında asılan müşahidə kamerası vasitəsilə onları izləyən direktor belə nəticəyə gəlib ki, guya o, “xx.xx.2025-ci il tarixində müəllim X7 müəssisədaxili nizam-intizam qaydalarını pozmasına təşviq etdiyinə görə, bundan başqa dərs zamanı kitabxanada uzun müddət (42 dəqiqə) vaxt keçirməsi “faktına əsasən”, habelə xx.xx.2025-ci il tarixində hələ dərs aparmadığına baxmayaraq xx.xx.2025-ci il tarixinədək tələbələrin dərsdə iştirak etməsi barədə qeydiyyat aparmışdır” bu kimi halları bəhanə edərək xx.xx.2025-ci il tarixində 36 K saylı əmri ilə ona töhmət verilmişdir. Həmin əmri kargüzarlıq və arxiv işini kobud pozan Kollecin Kadrlar şöbəsinin rəhbəri, heç bir imza və möhürlə təsdiqlənməyən xx.xx.2025-ci il tarixli 36 K əmrinin kserosurətini ona təqdim etmişdir. Bunları əsas hallar olaraq gündəmə qoyan kollecin rəhbərliyi AR Əmək Məcəlləsinin (1999-cu il tarlixli 618-İQ nömrəli) 187-ci maddəsinin 2-ci bəndini pozub. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunu aşkar etdiyi gündən 1 ay keçənədək verilə bilər. Burada isə hər 3 "fakt" hadisələrindən 1 aydan çox müddət keçməsi göz qabağındadır. 1.Ona töhmət verilməsini ləğv etməyi yazılı surətdə kollecin direktorundan xahiş etmiş, kollecin direktorunun yazılı surətdə ona ünvanladığı cavabda özünün haqlı olduğunu bildirmişdir. Lakin heç bir cavab almamışdır. 2. O, Azərbaycan Rəssamlar Akademiyasının Həmkarlar İttifaqının sədrinə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət etmişdir ki, məsələni araşdırsın və ona cavab versin. Lakin heç bir cavab almamışdır. 3. Kollecin direktoruna xx.xx.2025-ci il tarixində AR Konstitusiyasının maddəsinə istinadən kollecin dərs cədvəlini imza və möhürlə təsdiq edilmiş qaydada ünvanlamasını xahiş etmiş, lakin cavab gəlməmişdir. 4. O, İncəsənət Kollecinin Kadrlar şöbəsinin rəhbərinə xx.xx.2025-ci il tarixli müraciət ünvanlamışdır ki, kollecin rəhbərinin imzası və möhürü ilə təsdiqlənən 36 K saylı əmrini ona ünvanlasın. Lakin cavab verilməmişdir. 5. O, təkrar xx.xx.2025-ci il tarixində ikinci müraciəti Kollecin direktoruna ünvanlamışdır ki, dərs cədvəlinin imza və möhür ilə təsdiqlənmiş surətinin ona təqdim etsin. Cavabdeh Azərbaycan X2 İncəsənət Kolleci publik hüquqi şəxsinin direktoru Elşad Əhmədov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, belə ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, "Onunla (beş) il 1 (bir) gün müddətinə bağlanılan əmək müqaviləsi qanunlara istinadən əslində xx.xx.2023-cü il tarixədək bağlanmalı idi". Bildirmək istəyirlər ki, İddiaçı 17 sentyabr 2018ci il tarixli, 81 nömrəli əmrlə 17 sentyabr 2018-ci il tarixindən 17 sentyabr 2019-cu il tarixinə kimi müddətli əmək müqaviləsi ilə "T.D.S" ixtisasında Rəsm, Rəngkarlıq fənni üzrə 11-ci dərəcə 500 saat dərs yükü olmaqla müəllim təyin edilmişdir. Daha sonra 17 sentyabr 2019-cu il tarixli, 122 nömrəli əmrlə 17 sentyabr 2019-cu il tarixindən 17 sentyabr 2020-ci il tarixinə kimi əmək müqaviləsinin müddəti 1 (bir) il, 17 sentyabr 2020-ci il tarixli, 59/K nömrəli əmrlə 17 sentyabr 2020-ci il tarixindən 17 sentyabr 2021-ci il tarixinə kimi əmək müqaviləsinin müddəti 1 (bir) il, 16 sentyabr 2021-ci il tarixli 74/K nömrəli əmrlə 17 sentyabr 2021-ci il tarixindən 17 sentyabr 2022-ci il tarixinə kimi daha 1 (bir) il, 15 sentyabr 2022-ci il tarixli 84/K nömrəli əmrlə 17 sentyabr 2022-ci müqaviləsinin il tarixindən 17 sentyabr 2023-cü il tarixədək tərəflərin qarşılıqlı razılığına əsasən əmək müddəti uzadılmışdır. Nəzərə çatdırır ki, 2022-ci ilin may ayında "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) istifadəyə verilmişdir. "Əmək və məşğulluq" altsistemi (ƏMAS) vasitəsilə işçilərlə işəgötürənlər arasında əmək müqavilələri elektron qaydada bağlanır. Sistemin özəlliyi ondan ibarətdir ki, xx.xx.2018-ci il tarixindən bağlanmış və hər il bir il müddətinə uzadılmış əmək müqaviləsi ƏMAS sitemində xx.xx.2023-cü il tarixinədək qeyd olunduğu təqdirdə əmək müqaviləsinin müddəti avtomatik olaraq 5 (beş) il 1 (bir) gün müddətinə hesablanır. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən "Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir". İddiaçı “OVMZ7W4000312" nömrəli, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən etibarən fasiləsiz olaraq Azərbaycan X2 İncəsənət Kollecində müəllim vəzifəsində çalışır. Müqavilənin müddəti 5 ildən artıq olduğuna görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həmin əmək müqaviləsi qanunvericiliyin tələbi ilə artıq müddətsiz hesab olunur. ƏMAS sistemi üzərindən müddətsiz görünməməsinin səbəbi sitemin avtomatik dəyişməməsi olmuşdur. Bundan başqa, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "səlahiyyət sahibi olan kollec rəhbəri 06 mart 2025-ci il tarixində müəllim X12 ilə Kollecin dəhlizində 2-3 dəqiqə görüşüb hal-əhval tutması zamanı kamera vasitəsi ilə izlənərkən belə bir nəticəyə gəlinmişdir ki, o, həmin tarixdə müəllim X7 müəssisədaxili nizam-intizam qaydalarını pozmasına təşviq etmişdir." Bununla bağlı diqqətə çatdırır ki, 06 mart 2025-ci il tarixində kollec müəllimi X1 inzibati binasında səs-küy salması, etik davranış normalarını və daxili nizam-intizam qaydalarını kobud şəkildə pozması faktı ilə bağlı araşdırma aparılarkən, 11 mart 2025-ci il tarixində baş tutan söhbət əsnasında, Azərbaycan Rəssamlıq Akademiyasının hüquqşünası X8, Azərbaycan X6 İncəsənət kollecinin direktoru X16, tədris işləri üzrə direktor müavini X5 iştirakı ilə müəllim X12 tərəfindən 06 mart 2025-ci il tarixində baş vermiş hadisə zamanı nümayiş etdirdiyi davranış və qeyd olunan hərəkətlər onun şəxsi təşəbbüsünün olmaması, həmin addımı atmağa onu həmin kollecin müəllimi İddiaçı onu "öyrətməsi", təşviq etməsi və müəyyən formada yönləndirməsi ilə bağlı açıqlama vermişdir. Bu barədə 11 mart 2025-ci il tarixində Akt tərtib olunmuşdur. İddiaçı bu barədə 14 mart 2025-ci il tarixli izahatı mövcuddur. Bundan əlavə, İddiaçı iddia ərizəsində göstərmişdir ki, "dərs zamanı kitabxanada uzun müddət (42 dəqiqə) vaxt keçirtməyi faktına əsasən..." Qeyd olunan halla bağlı nəzərinizə çatdırırıq ki, kollec kitabxanasına quraşdırılmış müşahidə kameralarına baxış zamanı müəyyən olunmuşdur ki, müəllim İddiaçı 17 fevral 2025-ci il tarixində ümumi 26 (iyirmi altı) dəqiqə, 18 fevral 2025-ci il tarixində ümumi 64 (altmış dörd) dəqiqə, 25 fevral 2025-ci il tarixində ümumi 93 (doxsan üç) dəqiqə, 28 fevral 2025-ci il tarixində ümumi 45 dəqiqə və 04 mart 2025-ci il tarixində ümumi 33 (otuz üç) dəqiqə dərs prosesi zamanı davamlı olaraq kitabxanada kitabxana müdiri X11 ilə birlikdə olub, çay içərək, icazəsiz və məqsəddən kənar şəkildə vaxt keçirmişdir. Bu barədə 19 mart 2025-ci il tarixli Akt tərtib olunmuş, 10 aprel 2025-ci il tarixində isə müəllim İddiaçı izahat alınmışdır. Müəllim izahatında göstərmişdir ki, o mart ayında dərs vaxtı kitabxanada 40 (qırx) dəqiqəyə çay içmişdir. Həmçinin kitabxana müdiri X11 izahatında qeyd etmişdir ki, dərs prosesi zamanı müəllimlərin uzun müddət oturmalarının qadağan edilməsi ilə bağlı onlara xəbərdarlıq edilsə də, müəllimlər deyilənlərə məhəl qoymayaraq kitabxanada uzun müddət vaxt keçirmişlər. Göstərilən halların tədris prosesi zamanı baş verməsi müəllimin əmək və vəzifə öhdəliklərini səmərəli və keyfiyyətli şəkildə yerinə yetirməməsi kimi qiymətləndirilmişdir. Bununla yanaşı İddiaçı iddia ərizəsində bildirmişdir ki, "18 mart 2025-ci il tarixində hələ dərs aparmadığına baxmayaraq 22 aprel 2025-ci il tarixinə kimi tələbələrin dərsdə iştirak etməsi barədə qeydiyyat aparması ilə bağlı halları bəhanə edərək 24 aprel 2025-ci il tarixində 36/K saylı əmr ilə ona töhmət verilmişdir." Bildiririk ki, 01 aprel 2025-ci il tarixində dərs məşğələ jurnallarına baxış zamanı Azərbaycan X2 İncəsənət Kollecinin müəllimi İddiaçı tədris etdiyi İİİ təhsil ili “Teatr dekor sənəti" ixtisasının "Tarixi və müasir geyim 4" fənni üzrə dərs məşğələ jurnalında ciddi qayda pozuntusu aşkar olunmuşdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 18 mart 2025-ci il tarixində "Tarixi və müasir geyim 4" fənnini tədris edən müəllim İddiaçı tərəfindən 01 aprel 2025-ci il tarixindeu 22 aprel 2025-ci il tarixinədək olan müddətdə hələ tədrisi aparılmamış dərslər jurnalının müvafiq sütununda tələbələr "iştirak edir" kimi qeyd olunmuşdur. Dərs məşğələ jurnalında tələbələr X13, X14, X26, X21 davamiyyətin bir ay öncədən qeyd olunması tələbələrin davamiyyətinin saxtalaşdırılması faktı kimi qiymətləndirilmişdir. Bu isə öz növbəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsilverənlərin etik davranış Qaydaları”nın Qərəzsizlik etik prinsipinə ziddir. 2.5. Qərəzsizlik: 2.5.1. təhsilverən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya siyasi mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır; 2.5.2. təhsilverən özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim İddiaçı 01 aprel 2025-ci il tarixindən 22 aprel 2025-ci il tarixinədək hələ keçirilməmiş dərslərə dair tələbələr haqqında dərs məşğələ jurnalında "iştirak edir" qeydi aparmasına görə Akt tərtib olunmuş, 14 aprel 2025ci il tarixində isə müəllim tərəfindən izahat yazılaraq jurnalın doldurulması zamanı səhvə yol verdiyi bildirilmişdir. Bununla bağlı Azərbaycan X6 İncəsənət Kolleci tərəfindən 21 aprel 2025-ci il tarixində İntizam komissiyasının iclası keçirilmiş və 24 aprel 2025- ci il tarixli 36/K nömrəli əmrlə müəllim İddiaçı tədris sənədlərində yol verdiyi nöqsanlara və müəssisədaxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğuna görə töhmət intizam tənbehi verilmişdir. Bildirir ki, 24 aprel 2025-ci il tarixli 36/K nömrəli əmrlə müəllim İddiaçı tədris sənədlərində yol verdiyi nöqsanlara və müəssisədaxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğuna görə "töhmət" intizam tənbehi verilmişdir. Əsas nöqsan ondan ibarət olmuşdur ki, müəllim İddiaçı dərs məşğələ jurnalında hələ keçirilməmiş dərslərə görə tələbələr barəsində "iştirak edir" qeydi aparmışdır. Bu hal 01 aprel 2025-ci il tarixində aşkar olunmuş, məsələ 21 aprel 2025-ci il tarixində İntizam Komissiyasının iclasında müzakirə edilmiş və kollegial rəyə əsasən 24 aprel 2025-ci il tarixli 36/K nömrəli əmrlə müəllimə qarşı "töhmət" intizam tənbehi tətbiq olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Bundan başqa, İddiaçı iddia ərizəsində bildirmişdir ki, "Mənə töhmət verilməsini ləğv etməyi yazılı surətdə kollecin direktorundan xahiş etmişəm. Kollecin direktorunun yazılı surətdə mənə ünvanladığı cavabda özünün haqlı olduğunu bildirdi. Lakin heç bir cavab almamışam." Qeyd olunan məsələ ilə bağlı bildirir ki, 05 may 2025-ci il tarixində müəllim İddiaçı Azərbaycan X2 İncəsənət Kollecinə ərizə ilə müraciət edərək 24 aprel 2025-ci il tarixli 36/K nömrəli əmrin əsassız sənəd kimi təkzib olunmasını xahiş etmişdir. Müəllim İddiaçı müraciətinə 22 may 2025-ci il tarixində cavab məktubu ünvanlanmışdır. Həmin məktubda qeyd olunmuşdur ki, "sözügedən əmrin verilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyi, kollecin daxili nizam-intizam qaydaları və əmək intizamı normalarına uyğun hərəkət edilmişdir. Əmrin əsaslandığı faktlar Kollecin daxili araşdırmaları, habelə aidiyyəti şəxslərin rəy və izahatları əsasında sənədləşdirilmiş və hüquqi cəhətdən qiymətləndirilmişdir. Müraciətinizdə qeyd olunan narazılıqlarla bağlı araşdırma nəticəsində qeyd olunan faktların dəyişdirilməsinə və əmrin ləğv edilməsinə əsas verən hüquqi və faktiki sübutlar aşkar edilməmişdir." Həmçinin İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "kollecin direktoruna 25 iyun 2025-ci il tarixində AR Konstitusiyasının 57-ci maddəsinə istinadən kollecin dərs cədvəlini imza və möhürlə təsdiq edilmiş qaydada ünvanlanmasını xahiş etmiş, lakin cavab gəlməmişdir. O 16 iyul 2025-ci il tarixində ikinci müraciəti Kollecin direktoruna təkrarən ünvanlamışdır." Diqqətinizə çatdırırıq ki, İddiaçı müraciətinə cavab 22 iyul 2025-ci il tarixində göndərilmişdir. Cavabın göstərilən tarixdə təqdim edilməsinə səbəb yaz sessiyası və X20 dövrünə təsadüf etməsi, eləcə də əlavə araşdırmaların aparılması olmuşdur. Bundan başqa qanunvericiliyin tələbinə əsasən, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə ən geci 30 iş günü müddətində baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə müvafiq olaraq Müraciət etmək hüququ İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İİ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı- ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 10.1-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Eyni Qanunun 10.2-ci maddəsinə görə, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyekt müraciətə baxılma müddətini ən çoxu 30 iş günü uzatmaq hüququna malikdir. Bu barəре vətəndaşın özünə və zərurət olduqda müraciəti yönləndirən yuxarı dövlət orqanına məlumat verilməlidir. Əlavə olaraq, İddiaçı iddia ərizəsində göstərmişdir ki, "İncəsənət Kollecinin Kadrlar şöbəsinin rəhbərinə 05 iyul 2025-ci il tarixli müraciət ünvanlamışdır ki, kollecin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmiş surətini ona təqdim etsin." Nəzərinizə çatdırıram ki, 24 aprel 2025-ci il tarixli 36/K nömrəli əmrə dair sənədin surəti kollecin rəhbəri tərəfindən təsdiqlənmiş formada, rəsmi qaydada 22 iyul 2025-ci il tarixində müəllim İddiaçı müşayiətedici məktubla ünvanlanmışdır. Buna dair poçt qəbzinin surəti və poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surəti iddia ərizəsinə etiraza əlavə olunur. Azərbaycan Respublikasının İnzibati icraat haqqında Qanununun 25.1-ci maddəsinə görə, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Yuxarıda yazılan halları nəzərə alaraq, İddiaçı iddia ərizəsində qeyd etdiyi "onun haqqlarının pozulması Kollecin rəhbərliyi tərəfindən yol verilib və kollecin rəhbər işçilərinə ünvanladığı rəsmi müraciətlərin cavabsız qaldığı" iddiası tamamilə əsassız və həqiqətə uyğun deyildir. İddiaçı ünvanlanmış məktubların qəbzlərində əlavə poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamənin surəti etiraz ərizəsinə əlavə olunur. Bundan başqa, 29 may 2025-ci il tarixində Tədris şöbəsi tərəfindən dərs jurnallarına aparılmış baxış zamanı müəyyən edilmişdir ki, İİİ təhsil ili "Teatr dekor sənəti” ixtisasının "Rəsm 4", "Tarixi və müasir geyim 4" və "Rəngkarlıq 4" fənləri üzrə dərs məşğələ jurnallarında, qeyd olunan fənləri tədris edən müəllim İddiaçı tərəfindən bir neçə tələbəyə faktiki bilik səviyyəsinə uyğun olmayan, şişirdilmiş aralıq baxış (kollokvium) qiymətləri yazılmışdır. Aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, müəllim İddiaçı dərs məşğələ jurnallarında Fənn Birləşmə sədrlərindən ibarət komissiyanın qiymətləndirməsini qeyd etməmiş və bəzi hallarda tələbələrin faktiki qiymətlərini dəyişdirərək şişirtmələrə yol vermişdir. "Rəsm 4" fənnindən tələbələr X13 əvəzinə 7, X14 6 əvəzinə 7, X26 7 əvəzinə 8, X21 6 əvəzinə 7 bal, həmçinin "Rəngkarlıq 4" fənnindeu X26 7 əvəzinə 8 bal, bundan başqa "Tarixi və müasir geyim 4" fənnindən X21 8 əvəzinə 9 bal yazılmışdır. Bundan əlavə, müəyyən edilmişdir ki, müəllim İddiaçı "Tarixi və müasir geyim 4" fənnindən dərs məşğələ jurnalında tədris etdiyi mövzunu 2 saat artıq, "Rəngkarlıq 4" fənnindən isə davamiyyət qeydiyyatı aparıldığı halda tədris etdiyi mövzunu 2 saat az qeyd etmişdir. Yuxarıda 6 göstərilən hallarla bağlı 29 may 2025ci il tarixli müvafiq Akt tərtib olunmuşdur. Növbəti gün müəllim İddiaçı həmin akta imza etməkdən imtina etmiş və buna dair əlavə Akt tərtib olunmuşdur. Azərbaycan X2 İncəsənət Kollecinin laborantı X22 tərəfindən müəllim İddiaçı dərs məşğələ jurnallarında yol verilmiş səhvlər barədə məlumat verilmişdir. Lakin müəllim qeyd olunan iradlara etiraz etmiş, emosional formada səs-küy salmış və izahat yazmaqdan imtina etmişdir. Sonrakı mərhələdə müəllim İddiaçı tədris şöbəsinə dəvət olunduqda, yalnız bir jurnalda düzəliş edə biləcəyini bildirmiş, lakin yazılı izahat yazmaqdan imtina etmişdir. O, imtinasını belə əsaslandırmışdır ki, "İzahat yazsam, mənə yenidən töhmət veriləcək, ona görə də düzəliş etməyəcəyəm". Sonuncu dəfə laborant X22 tərəfindən müəllim İddiaçı dərs məşğələ jurnallarında yol verilmiş səhvlərlə bağlı tədris şöbəsinə yaxınlaşması barədə məlumat verilsə də, müəllim İddiaçı "yatdığını" əsas gətirərək yalnız növbəti gün biləcəyini bildirmişdir. Azərbaycan X2 İncəsənət Kollecinin Rəsm və Rəngkarlıq Fənn birləşmə komissiyasının sədri X23 tərəfindən həmin Kollecin Tədris işləri üzrə direktor müavini X9 02 iyun 2025-ci il tarixində Təqdimat ünvanlamışdır. Həmin Təqdimatda müəllim Teymur Tağıyev qeyd etmişdir ki, diqqəti tabeliyində olan müəllim İddiaçı müəyyən qeyri-korrekt davranışlarına yönləndirmək istəyir. Belə ki, 2024-2025-ci tədris ili ərzində müəllim İddiaçı tədris prosessinin gedişində bir sıra ciddi pozuntulara yol vermiş, dərs jurnallarında səhvlər etmiş, dərs zamanı sinifdə olmamış və həmkarları ilə qeyri-dost münasibətlər qurmuşdur. Onun emosional vəziyyətinin təsiri ilə qeyri-korrekt davranışları rəhbərliklə qarşıdurma yaratmış, İntizam Komissiyası iclasında isə mübahisəli çıxışları vəziyyəti daha da gərginləşdirmişdir. Bundan başqa, müəllimin sosial şəbəkələrdə rəhbərlik barədə səsləndirdiyi fikirlər kollecin ümumi imicinə mənfi təsir göstərmişdir. Daha sonra Azərbaycan X2 İncəsənət Kollecində Tədris işləri üzrə direktor müavini X15 tərəfindən həmin Kollecin direktoru X24 Təqdimat ünvanlanmışdır. Qeyd olunanlara baxmayaraq, müəllim İddiaçı barəsində 24 aprel 2025-ci il tarixli, 36/K nömrəli "töhmət" intizam tədbirinin hələ də qüvvədə olmasını, onun emosional vəziyyətini, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq humanistlik göstərilmiş, bu səbəbdən İntizam Komissiyası keçirilməmiş və müəllim barəsində əlavə tədbir görülməmişdir. Əlavə olaraq, İddiaçı 07 iyul 2025-ci il tarixli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanladığı ərizə Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycan Rəssamlıq Akademiyasına daxil olmuş və həmin müraciət aidiyyəti üzrə baxılıb, müvafiq araşdırma aparılması və müraciət müəllifinə məlumat verilməsi üçün Azərbaycan Rəssamlıq Akademiyası tərəfindən 02/335 nömrəli, 15 avqust 2025-ci il tarixli məktubla Azərbaycan X2 İncəsənət Kollecinə göndərilmişdir.Araşdırma zamanı müəyyən olunmuşdur ki, İİİ təhsil ili "Teatr dekor sənəti" ixtisasının "Rəsm 4", "Tarixi və müasir geyim 4" və "Rəngkarlıq 4" fənləri üzrə dərs məşğələ jurnallarında, qeyd olunan fənləri tədris edən müəllim İddiaçı tərəfindən bir sıra tələbəyə həqiqi bilik səviyyəsinə uyğun olmayan aralıq baxış (kollokvium) qiymətləri yazılmışdır. Bu hal Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində qüvvədə olan normativ-hüquqi aktlarının tələblərinə, qiymətləndirmənin obyektivlik prinsipinə, həmçinin təhsilverənlərin etik davranış qaydalarına ziddir. Bununla yanaşı, müəllim İddiaçı "töhmət" intizam tənbehi aldıqdan sonra şəxsi sosial şəbəkə hesabları vasitəsilə Kollecin rəhbərliyini və Fənn Birləşmə sədrlərini hədəf alaraq, onların şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən, təhqir və böhtan xarakterli məlumatları paylaşmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin (Şərəf və ləyaqətin müdafiəsi hüququ) 2-ci hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Həmin məcəllənin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edeu digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Eyni məcəllənin 47.3-cü maddəsinə uyğun olaraq işdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Sadalanan halları nəzərə alaraq bildiririk ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi qanunvericiliyin tələbi ilə əmək müqaviləsi müddətsiz hesab olunsa da, 24 aprel 2025-ci il tarixli, 36/K nömrəli əmr müəllimin dərs məşğələ jurnalında hələ keçirilməmiş dərslərə görə tələbələr barəsində "iştirak edir" qeydi aparması və onun aşkar edilməsi tarixi 01 aprel 2025-ci il olması, 24 aprel 2025-ci il tarixində 36/K nömrəli əmrlə ona töhmət intizam tənbehinin verilməsi nəzərə alınaraq iddianın təmin olunmamasını xahiş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi Tamerlan Zeynalov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələblərinin həcmini xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi ilə bağlı hissədə azaldaraq, qalan hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh onu günahlandırır ki, digər həmkarı Tellər xanımı rəhbərliyə qarşı doldurmuşdur. İddiaçı Tellər xanıma sadəcə demişdir ki, hər bir vətəndaşın öz hüquqlarını qorumaq haqqı var. Kamerada səs olmadığı halda belə nəticəyə gələ bilərlər? İkinci hal isə odur ki, o kitabxanada 42 dəqiqə oturub. Bildirir ki, onun dərsi olmadığı vaxtda istədiyi yerdə otura bilər. İşdə olsa da, xx.xx.2025-ci il tarixdə dərsi olmamışdır. Bununla o, dərsi rejimini, dərs vaxtını pozmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Azərbaycan X2 İncəsənət Kolleci” publik hüquqi şəxsinin Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçıya töhmət verməsinə əsas jurnalda tədris aparmadığı halda xx.xx.2025-ci ildə artıq xx.xx.2025-ci il tarixinədək tələbələrin dərsdə iştirak etməsi barədə qeydiyyat aparması olmuşdur. Əmrdə digər səbəblər də göstərilmişdir. Çünki iddiaçı daima rəhbərliyə qarşı subordinasiya qaydalarını gözləmədən kobud pozuntulara yol verirdi. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İşəgötürən Azərbaycan Dövlət X6 İncəsənət Kolleci ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə əsasən, işçi rəsm müəlliməsi vəzifəsinə işə qəbul edilmişdir. - Azərbaycan X6 İncəsənət Kolleci 36/K saylı xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan X6 İncəsənət kollecinin müəllimi X10 xx.xx.2025-ci il tarixində müəllim X7 müəssisədaxili nizam-intizam qaydalarının pozmasına təşviq etdiyinə görə, bundan başqa dərs zamanı kitabxanada uzun müddət (42 dəqiqə) vaxt keçirməsi faktına əsasən, nabelə xx.xx.2025-ci il tarixində hələ tədris aparmadığına baxmayaraq xx.xx.2025-ci il tarixinədək tələbələrin dərsdə iştirak etməsi barədə qeydiyyat aparmışdır. Azərbaycan Dövlət X6 İncəsənət kollecinin müəllimi İddiaçı tədris sənədlərində yol verdiyi nöqsanlara və müəssisədaxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğuna görə töhmət veriməsi əmr edilmişdir. - Azərbaycan X6 İncəsənət Kollecinin direktoru X40 işləri üzrə direktor müavini Türkanə Abbaszadə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təqdimatın surətindən görünür ki, xx.xx.2025-ci il tarixində dərs məşğələ jurnallarına baxış zamanı İİİ təhsil ili “Teatr dekor sənəti” ixtisasının “Tarixi və müasir geyim 4” fənni üzrə dərs məşğələ jurnalında ciddi qayda pozuntusu aşkar olunmuşdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 18 mart 2025-ci il tarixində "Tarixi və müasir geyim 4" fənnini tədris edən müəllim İddiaçı tərəfindən 01 aprel 2025-ci il tarixindən 22 aprel 2025-ci il tarixinədək olan müddətdə hələ tədrisi aparılmamış dərslər, jurnalın müvafiq sütununda tələbələr "iştirak edir" kimi qeyd olunmuşdur. Dərs məşğələ jurnalında tələbələr X13, X14, X26, X21 davamiyyətin 1 ay öncədən qeyd olunması halı, tələbələrin davamiyyətinin saxtalaşdırılması faktı kimi qiymətləndirilir və tədris intizamının, həmçinin, obyektiv hesabatlılıq prinsiplərinin pozulması, tələbələrin real davamiyyətinin təhrif edilməsi tədris prosesinin keyfiyyətinə və şəffaflığına mənfi təsir göstərir. Müəllim İddiaçı tərəfindən “Tarixi və müasir geyim 4" fənni üzrə dərs məşğələ jurnalında tələbələrin davamiyyətinin saxtalaşdırılmasına görə müəllimin intizam məsuliyyətinə cəlb olunması məqsədəuyğun hesab olunur. Bu səbəbdən məsələ ilə bağlı İntizam komissiyasının iclasının keçirilməsi və müvafiq qərarın qəbul olunmasına münasibət bildirməsi istənilmişdir. - Azərbaycan X6 İncəsənət Kollecinin Tədris işləri üzrə direktor müavini X28 və Rəngkarlıq Fənn birləşmə komissiyasının sədri Teymur Tağıyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təqdimatın surətindən görünür ki, Rəsm və Rəngkarlıq Fənn birləşmə komissiyasının sədri olaraq, diqqətini tabeliyində olan müəllim İddiaçı müəyyən qeyri-korrekt davranışlarına yönəltmək istəyir. 2024-2025-ci tədris ili ərzində İddiaçı tədris prosesinin gedişində bir sıra ciddi pozuntulara yol vermişdir, belə ki dərs jurnallarında prinsipial və yolverilməz səhvlər, dərs zamanı uzun müddət sinifdə olmaması, həmkarları ilə qeyri-dost münasibət və münaqişəli davranışlar. Səhvləri normativ iş rejimində aradan qaldırmaq əvəzinə, müəllim İddiaçı özünü haqlı çıxarmağa və mübahisələrə meyil göstərmiş, nəticədə kollec rəhbərliyi və administrasiyası ilə qarşıdurma yaratmışdır. Bir neçə dəfə o, kollecin direktoru Elşad müəllim və onunla birlikdə müəllimlə aparılan izahat söhbətlərində İddiaçı emosional vəziyyətdə qeyri-korrekt və həddindən artıq familiyar davranışının şahidi olmuşdur. Bu hal işgüzar söhbətin normal gedişinə mane olmuş, sonda isə yersiz mübahisə və qalmaqala səbəb olmuşdur. Həmçinin qeyd etməyə məcburdur ki, İntizam komissiyasının iclasında müəllim İddiaçı sərgilədiyi davranış da son dərəcə qeyri-dostcasına olmuşdur. O, yenə də özünü müdafiə etmə və rəhbərliklə mübahisə yolunu seçmiş, bu isə konfliktli vəziyyəti daha da gərginləşdirmişdir. Nəhayət, müəllim İddiaçı sosial şəbəkələrdə kollecin rəhbərliyi və administrasiyası barədə səsləndirdiyi qeyri-korrekt fikirlərini xüsusilə mənfi faktor hesab edir. Belə çıxışlar ictimaiyyət arasında kollecin ümumi mənfi imicinin formalaşmasına, həmçinin kollecin direktoru, direktor müavini və fənn birləşmə komissiyalarının sədrlərinin reputasiyasına zərər vurur. Bu faktı korporativ etikanın pozulması kimi qiymətləndirir. Bu səbəbdən müəllim İddiaçı barəsində ölçü götürülməsinə və müvafiq qərarın verilməsinə münasibət bildirməsi istənilmişdir. - Azərbaycan X6 İncəsənət Kollecinin direktoru X40 işləri üzrə direktor müavini Türkanə Abbaszadə tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş təqdimatın surətindən görünür ki, tədris şöbəsi tərəfindən dərs məşğələ jurnallarına baxış zamanı müəyyən edilmişdir ki, İİ təhsil ili "Teatr dekor sənəti" ixtisasının "Rəsm 4", "Tarixi və müasir geyim 4" və "Rəngkarlıq 4" fənləri üzrə dərs məşğələ jurnallarında qeyd olunan fənləri tədris edən müəllim İddiaçı Tamerian qızı tərəfindən bir neçə tələbəyə faktiki bilik səviyyəsinə uyğun olmayan, şişirdilmiş aralıq baxış (kollokvium) qiymətləri yazılmışdır. Bu hal Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində qüvvədə olan normativ-hüquqi aktlarının tələblərinə, qiymətləndirmənin obyektivlik prinsipinə, həmçinin təhsilverənlərin etik davranış qaydalarına ziddir. Müəllim İddiaçı dərs məşğələ jurnallarında Fənn Birləşmə sədrlərindən ibarət komissiyanın qiymətləndirməsini qeyd etməmişdir. Aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, o, bir sıra hallarda tələbələrin faktiki qiymətlərini dəyişdirərək şişirtmələrə yol vermişdir. Belə ki, "Rəsm 4" fənnindən tələbələr X13 6 əvəzinə 7, X14 6 əvəzinə 7, X26 7 əvəzinə X21 6 əvəzinə 7 bal yazılmışdır. "Rəngkarlıq 4" fənnindən X26 7 əvəzinə 8 bal yazılmışdır. "Tarixi və müasir geyim 4" fənnindən X21 8 əvəzinə 9 bal yazılmışdır. Bu barədə kollecin laborantı X22 tərəfindən müəllim İddiaçı dərs məşğələ jurnallarında yol verilmiş səhvlər barədə məlumat verilmişdir. Müəllim isə qeyd olunanlara etiraz etmiş və emosional şəkildə səs-küy salmışdır. Sonrakı mərhələdə müəllim İddiaçı tədris şöbəsinə dəvət olunduqda, yalnız bir jurnalda düzəliş edə biləcəyini bildirmiş, lakin yazılı izahat yazmaqdan imtina etmişdir. O, imtinasını belə əsaslandırmışdır ki, "İzahat yazsa, ona yenidən töhmət veriləcək, ona görə də düzəliş etməyəcək". Qeyd edir ki, təhsilverən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllimin bu davranışı isə qeyd olunan prinsiplərə zidd olmaqla yanaşı, təhsil prosesində obyektivliyin pozulmasına səbəb olmuşdur. Bu isə öz növbəsində həm tədris prosesinə, həm də təhsilalanların hüquqlarına mənfi təsir göstərir. Fənn Birləşmə komissiyasının sədri Teymur Tağıyevin təqdimatını, həmçinin barəsində 36/K nömrəli xx.xx.2025-ci il tarixli əmrə əsasən "töhmət" intizam tədbirinin hələ qüvvədə olmasını, bundan başqa müəllim İddiaçı emosional vəziyyətini, himayəsində iki az yaşlı uşağın olmasını nəzərə alaraq bu məsələyə münasibət bildirməsi xahiş edilmişdir. - Azərbaycan X6 İncəsənət Kollecinin direktoru Elşad Əhmədova müəllim İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, o, mart ayında dərs vaxtı kitabxanada 40 dəqiqə çay içmişdir. Çalışacaq bundan sonra mütəmadi olaraq dərs saatında emalatxanada olsun və asudə vaxtlarını isə kitabxanada mütaliə etsin. - Azərbaycan X6 İncəsənət Kollecinin direktoru Elşad Əhmədova müəllim İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, o, Tellər xanıma sadəcə olaraq demişdir ki, öz haqlarını müdafiə etmək hər bir vətəndaşın borcudur. - Azərbaycan X6 İncəsənət Kollecinin direktoru Elşad Əhmədova müəllim İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, o, İİİ kurs TDS ixtisası “Tarixi və müasir geyim” fənninin jurnalını doldurarkən mexaniki səhvə yol verərək, aprel ayının sonuna kimi tələbələrə iştirak etdi yazmışdır. Çalışacaq bir də belə səhvə yol verməsin. - xx.xx.2025-ci il tarixdə tərtib edilmiş Azərbaycan Dövlət X6 İncəsənət kollecinin direktoru Elşad Əhmədov tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, Azərbaycan X6 İncəsənət kollecinin Tədris işləri üzrə direktor müavini X15, tyutor X17, laborant X22, laborant X18 aktı tərtib etmişdir ondan ötrü ki, həqiqətən 18 mart 2025-ci il tarixində müəllimə İddiaçı İİİ təhsil ili Teatr dekor sənəti ixtisasında Tarixi və müasir geyim fənnindən hələ tədris aparmadığına baxmayaraq bir ay öncədən, yani 01 aprel 2025-ei il tarixindən 22 aprel 2025-ci il tarixinədək tələbələrin dərsdə iştirak etdikləri ilə bağlı qeydiyyat aparmışdır. - xx.xx.2025-ci il tarixdə tərtib edilmiş Azərbaycan Dövlət X6 İncəsənət kollecinin direktoru Elşad Əhmədov tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, Azərbaycan Rəssamlıq Akademiyasının hüquqşünası X19, Azərbaycan X2 İncəsənət kollecinin direktoru X29 və tədris işləri üzrə direktor müavini X15 bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2025-ci il tarixində kollec müəllimi X1 inzibati binasında səs-küy salması, etik davranış normalarını və daxili nizam-intizam qaydalarını kobud şəkildə pozması faktı ilə bağlı araşdırma aparılarkən, xx.xx.2025-ci il tarixində baş tutan söhbət əsnasında, Azərbaycan Rəssamlıq Akademiyasının hüquqşünası X8, Azərbaycan X6 İncəsənət kollecinin direktoru X16, tədris işləri üzrə direktor müavini X5 iştirakı ilə müəllim X12 tərəfindən xx.xx.2025-ci il tarixində baş vermiş hadisə zamanı nümayiş etdirdiyi davranış və qeyd olunan hərəkətlər onun şəxsi təşəbbüsünün olmaması, həmin addımı atmağa onu həmin kollecin müəllimi İddiaçı onu “öyrətməsi”, təşviq etməsi və müəyyən formada yönləndirməsi ilə bağlı açıqlama vermişdir. Qaldırılan iddianın ciddiliyi və qarşı tərəfin də fikirlərinin alınması zərurəti nəzərə alınaraq, hadisənin bütün halları və təfərrüatlarının ətraflı araşdırılması, əlavə məlumatların toplanması, eləcə də tərəflərin yazılı izahatlarının alınması məqsədilə bu akt tərtib edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan X2 İncəsənət Kolleci publik hüquqi şəxsinin İddiaçı ünvanlanmış 63 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, pedaqoji heyətin etik davranış qaydalarına riayət etməsi vacib şərtlərdən biridir və təhsil müəssisəsinin daxili mühiti üçün zəruridir. Həmçinin işçi əmək funksiyasını yerinə yetirərkən iş yoldaşlarına və rəhbərliyə qarşı etik davranmalı, kollektiv münasibətlərə ziyan vura biləcək hərəkətlərdən çəkinməlidir. Odur ki, 24 aprel 2025-ci il tarixli 36/K N-li əmr tədris sənədlərində yol verdiyiniz nöqsanlar ilə bağlı araşdırma nəticəsində müəyyən edilmiş faktlar nəzərə alınaraq, peşəkar davranış və müəssisədaxili nizam-intizam qaydalarına riayət olunması təhlil edilərək dəfələrlə kobud şəkildə pozmağınız nəticəsində, sizə intizam tənbehi verilməsi zəruri hesab olunmuşdur. Bu, həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”na da uyğundur. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri göstərilmişdir: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; və. s. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləsinə əsasən İddiaçı Azərbaycan X2 İncəsənət Kolleci publik hüquqi şəxsində rəsm müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Cari ilin aprel ayının 24-də cavabdeh tərəfindən iddiaçıya “töhmət” intizam tənbehi verilmişdir. İddiaçıya töhmət verilməsi barədə əmrdən müəyyən edilir ki, iddiaçıya iki fakta görə töhmət (36/K saylı xx.xx.2025-ci il tarixli əmrlə) verilmişdir: 1. Azərbaycan X6 İncəsənət kollecinin müəllimi İddiaçı xx.xx.2025-ci il tarixində müəllim X7 müəssisədaxili nizamintizam qaydalarının pozmasına təşviq etdiyinə görə, bundan başqa dərs zamanı kitabxanada uzun müddət (42 dəqiqə) vaxt keçirməsi faktına və 2. xx.xx.2025-ci il tarixində hələ tədris aparmadığına baxmayaraq xx.xx.2025-ci il tarixinədək tələbələrin dərsdə iştirak etməsi barədə qeydiyyat aparmışdır. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi etirazın məzmunundan və həmçinin etiraza əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan müəyyən edilir ki, töhmətin birinci hissəsi ilə bağlı qeyd olunan fakt (Azərbaycan X6 İncəsənət kollecinin müəllimi İddiaçı xx.xx.2025-ci il tarixində müəllim X7 müəssisədaxili nizam-intizam qaydalarının pozmasına təşviq etdiyinə görə, bundan başqa dərs zamanı kitabxanada uzun müddət (42 dəqiqə) vaxt keçirməsi faktı) cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə aktlaşdırılmışdır. Lakin həmin faktla bağlı iddiaçıya xx.xx.2025-ci il tarixdə töhmət qismində inzibati tənbeh verərkən cavabdeh Əmək Məcəlləsinin 187-ci maddəsinin intizam tənbehinin verilməsi ilə bağlı nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, həmin maddənin tələbinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Göründüyü kimi, cavabdeh həmin maddənin tələbini pozmuşdur və 1 ay keçdikdən sonra iddiaçıya həmin faktla bağlı töhmət vermişdir. İkinci faktla (iddiaçının xx.xx.2025-ci il tarixində hələ tədris aparmadığına baxmayaraq xx.xx.2025-ci il tarixinədək tələbələrin dərsdə iştirak etməsi barədə qeydiyyat aparması) bağlı isə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, qeyd edilən pozuntuya iddiaçı tərəfindən həqiqətən yol verilmişdir. Bu barədə xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən akt tərtib edilmişdir. Həmçinin iddiaçı özü də həmin faktla bağlı cavabdehə verdiyi izahatında da qeyd edilən pozuntuya yol verdiyini etiraf etmişdir. Odur ki, cavabdeh tərəfindən qeyd edilən faktla bağlı iddiaçıya töhmət verilməsi əsassız olmamış, həmçinin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən cavabdeh tərəfindən ona verilmiş töhmətin birinci hissəsi ilə bağlı inzibati tənbehin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən, həmin hissədə iddia təmin edilməli və töhmət həmin hissədə ləğv edilməli, qalan hissədə isə iddiaçı tərəfindən qeyd edilən töhmətin əsassız olması ilə bağlı hallar öz təsdiqini tapmadığından, bunun əksinə həmin hissədə töhmətin əsaslı olmasına dair cavabdehin dəlilləri öz təsdiqini tapdığından, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan X6 İncəsənət kolleci publik hüquqi şəxsi tərəfindən İddiaçı töhmət verilməsinə dair 36/K saylı xx.xx.2025-ci il tarixli əmri qismən, yəni “Azərbaycan X6 İncəsənət kollecinin müəllimi İddiaçı xx.xx.2025-ci il tarixində müəllim X7 müəssisədaxili nizam-intizam qaydalarının pozmasına təşviq etdiyinə görə, bundan başqa dərs zamanı kitabxanada uzun müddət (42 dəqiqə) vaxt keçirməsi faktı” ilə bağlı hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar