Məhkəmə qərarları › İş №2(005)-3560/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3560/2023

19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3560/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər qismində Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi və Maraqlı şəxs2 göstərilməklə “nikahın qeyd alınma faktının tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər qismində Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi və Maraqlı şəxs2 göstərilməklə “nikahın qeyd alınma faktının tanınması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni Ərizəçi ilə Maraqlı şəxs2 arasında xx.xx.1980cı il tarixdə nikahın qeydə alınma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayon qeydiyyat şöbəsində rəsmiləşən nikahla Maraqlı şəxs2 ilə ailə qurmuşdur. Nikaha daxil olduqdan sonra xx.xx.1981-ci il təvəllüdlü X3, xx.xx.1984-cü il təvəllüdlü X4 və xx.xx.1992-ci il təvəllüdlü X2 doğulmuşlar. Uşaqların doğum haqqında şəhadətnamələrində, aralarında bağlanmış nikah haqqında şəhadətnaməyə uyğun olaraq, ataları Ərizəçi, anaları isə Maraqlı şəxs2 göstərilmişdir. Sonradan məlum olmayan şəraitdə Nikahın bağlanması haqqında şəhadətnamə itdiyinə görə nikah haqqında akt qeydinin bərpası üçün Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin nikah haqqında akt qeydinin olduğunu təsdiq edən sənədlərin olmadığını əsas gətirərək, ərizəni təmin etməkdən imtina edilmişdir. Hazırda mülkiyyət hüquqlarının həyata keçirilməsində problemlər yarandığına görə məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 ərizəçi ilə aralarında rəsmi nikah bağlandığını təsdiqləyərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o Ərizəçi orta məktəbdə məktəb yoldaşı olmuş və eyni kənddə yaşamışlar. Ərizəçi Maraqlı şəxs2 ilə xx.xx.1980-cı il tarixdə ailə qurmuş, toyda iştirak etmiş və onlar rəsmi nikaha daxil olmuşlar. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Maraqlı şəxs2 atası onun müəllimi olmuşdur. Ərizəçi onun əmisi ilə eyni kənddə yaşamışlar. Ərizəçi Maraqlı şəxs2 ilə 1980-cı ilin yay aylarında ailə qurmuş və onların rəsmi nikahı bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə doğulmuşdur; AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1961-ci il tarixdə doğulmuşdur; İİİ-СЛ seriyalı, 304893 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1981-ci il tarixdə Ermənistan SSR, Amasya rayonunda doğulmuş. Atası Ərizəçi, anası Maraqlı şəxs2 qeyd edilmişdir; X-ЖГ seriyalı, 257720 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1984-cü il tarixdə Balakən rayonunda doğulmuş. Atası Ərizəçi, anası Maraqlı şəxs2 qeyd edilmişdir; XVİİİ-ЖГ seriyalı, 257709 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş. Atası Ərizəçi, anası Maraqlı şəxs2 qeyd edilmişdir; Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verimiş xx.xx.2023-cü il tarixli, 65 nömrəli məktubdan müəyyən olunur ki, nikah akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət edilməsi edilməsi tövsiyə olunmuşdur; Səkkiz illik təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, 1961-ci il təvəllüdlü X7 1976-cı il tarixdə Amasiya rayon məktəbinin səkkiz sinifin bitirmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs2 nikahları xx.xx.1980-cı il tarixdə Ermənistan SSR, Amasiya rayon qeydiyyat şöbəsində alınmışdır. Tərəflərin birgə nikahından üç uşaq doğulmuşdur. Uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında Ərizəçi, ana qrafasında Maraqlı şəxs2 qeyd olunmuşdur. Həmçinin təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Maraqlı şəxs2 qızlıq soyadı “Həsənova” olmuş, nikah bağlandıqdan sonra isə ona “Hümbətova” soyadı verilmişdir. Hazırda sənədləşmə işləri ilə əlaqədar, müvafiq qeyd aparılması üçün ərazi üzrə qeydiyyat şöbəsinə müraicət etmişdir. Lakin nikah barədə məlumat olmadığından və nikahı rəsmiləşdirən qeydiyyat şöbəsindən müvafiq məlumatları almaq mümkün olmadığından, nikah haqqında akt qeydinin bərpa edilməsi mümkün olmadığından onun müraciəti rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenum Qərarından görünür ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Hümbətov Ərizəçi (Həsənova) Minarə Əziz qızı ilə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından övladları olmuşdur. Birgə təsərrüfat aparmış, birlikdə yaşamışlar. Nikah haqqında şəhadətnamənin naməlum şəraitdə itməsi və zəruri sənədlərin Ermənistan SSR-də qalması səbəbindən nikah akt qeydinin bərpa olunması mümkün olmamışdır. Ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən Ərizəçi ilə Hümbətova (Həsənova) Minarə Əziz qızı arasında bağlanmış xx.xx.1980-cı il tarixli nikahın qeyd edilmə faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Hümbətova (Həsənova) Minarə Əziz qızı arasında xx.xx.1980-cı il tarixdə Ermənistan Respublikasının (Ermənistan SSR) Amasiya rayonu qeydiyyat şöbəsi tərəfindən nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar