Məhkəmə qərarları › İş №2(005)-3569/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3569/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3569/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçıiştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıCavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli fərdi yaşayış evindən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli ev xx xxxx 2013-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən bacısı X3 tərəfindən ona bağışlanmışdır. xx xxxx 2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Cavabdeh xx xxxx 2013-cü il tarixdə onun oğlu X2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Bir müddət onun xüsusi mülkiyyətində olan mənzildə yaşasa da, 2016-cı ildən oğlu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yaşamışlar. Cavabdeh Bakı şəhərində qeydiyyata düşməyə ünvanı olmadığından, xx xxxxxx 2013-cü il tarixdə cavabdeh şəxsin ona məxsus evə qeydiyyata salınmasına razılıq vermişdir. Hal-hazırda cavavdeh Cavabdeh ona məxsus evdən qeydiyyatdan çıxmaqdan müxtəlif səbəblərdən imtina edir. Cavabdeh onun ailə üzvü deyildir. Cavabdeh ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Beləliklə, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli evdən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli fərdi yaşayış evinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və bu qətnamənin cavabdeh şəxsin qeyd olunan mənzildən qeydiyyatdan çıxması üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmuş, lakin məhkəməyə gəlməmiş və gəlməmənin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: X3 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli bağışlama müqaviləsinin surətindən və məzmunundan görünür ki, X3 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 27/1386 ünvanda yerləşən ümumi sahəsi 97,9 kv.metr, yaşayış sahəsi 85,3 kv.metr olan altı otaqlı fərdi yaşayış evini oğlu-İddiaçı bağışlamışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli evi xx xxxx 2013-cü il tarixdən İddiaçı mülkiyyətindədir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx xxxxxx 2013-cü il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli evdə qeydiyyatdadır; Nərimanov RPİ tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1963-cü il tarixdə Ermənistanın Quqark rayonunda anadan olmuş İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli evdə qeydiyyatdadır; xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli ev X3 tərəfindən oğlu İddiaçı 09 iyul 203-cü il tarixli bağışlama müqaviləsi əsasında bağışlanmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli ev xx xxxx 2013-cü il tarixdən İddiaçı mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh iddiaçı şəxsin gəlinidir. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli evdə xx xxxxxx 2013-cü il tarixdən qeydiyyatdadır. Cavabdeh İddiaçı məxsus olan fərdi yaşayış evində qeydiyyatda olmasına baxmayaraq, o bu ünvanda hazırda yaşamadığı iş üzrə təqdim edilmiş sübutlar ilə müəyyən edilmişdir. Cavabdeh hər hansı hüquqi əsas olmadan mülkiyyətçi İddiaçı məxsus fədi yaşayış evində qeydiyyatda qalması mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir in-san tək-ba-şı-na və ya baş-qa-la-rı ilə bir-lik-də əm-la-ka sa-hib ol-maq hü-qu-qu-na malik-dir. Heç kim öz əm-la-kın-dan öz-ba-şı-na-lıq-la məh-rum edil-mə-mə-li-dir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. X4 Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. AzərbaycanRespublikasıMülkiMəcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər Cavabdeh qeyd olunan fərdi yaşayış evində qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçı şəxsin məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdeh qeyd edilən fərdi yaşayış evində qeydiyyatda qalması İddiaçı müvafiq fərdi yaşayış evindən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçı şəxsin məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli evə istifadə hüququnun olmaması müəyyən edilməli, bu qətnamə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli evdən qeydiyyatdan çıxması üçün əsas olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli fərdi yaşayış evinə istifadə hüququnun olmaması müəyyən edilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 138 nömrəli evdən qeydiyyatdan çıxması üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar