Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3576/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "zaminlikdən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlikdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən zaminliyinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-14727/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən İddiaçı və Eyyubova Sevinc Rəsul qızından “Bank of Baku" ASC-nin xeyrinə 1734 ABŞ dollar əsas, 809,61 ABŞ dollar faiz, cəmi 2543,84 ABŞ dollar məbləğində pul vəsaitinin və 20 manat ödənilmiş dövlət rüsumu alınması əmr edilmişdir. Bildirir ki, pulu götürən İddiaçı deyil, digər borclu şəxsdir. İddiaçı orada sadəcə zamin olmuşdur. Qalan pulun da ondan tutulmasını ədalətsizlik hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildir ki, Eyyubova Sevinc Rəsul qızına krediti kredit götürməyə yardım etmək məqsədi ilə zamin durmuşdur. Əsas borclu hazırda ölkə xarixindədir. Axtarış verilərək həmin borclunun tapılması və borcun həmin şəxsin özündən tutulması daha ədalətli olar. Hazırda özünün sağlamlığı ilə bağlı problemləri var. Krediti ödəmək imkanı yoxdur. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia ərizəsini əsassız hesab etdiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2014-cü il tarixli CC/50176//47/15 saylı kredit sazişinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Eyyubova Sevinc Rəsul qızına 24 ay müddətinə illik 28% olmaqla 2050 ABŞ dolları məbləğində kredit vermişdir. 3-cü fəsilə əsasən kredit müqaviləsi üzrə müştərinin öhdəliyi zaminliklə təmin olunmuşdur. 5-ci fəsildə olan məlumatlardan zaminin İddiaçı olduğu müəyyən olunur. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-14727/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən İddiaçı və Eyyubova Sevinc Rəsul qızından “Bank of Baku" ASC-nin xeyrinə 1734 ABŞ dollar əsas, 809,61 ABŞ dollar faiz, cəmi 2543,84 ABŞ dollar məbləğində pul vəsaitinin və 20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh ASC-nin xeyrinə tutulmalıdır. Mülki işin mübahisəsiz hallarından məlum olur ki, Eyyubova Sevinc Rəsul qızı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağlayaraq pul borc götürmüş, İddiaçı kredit müqaviləsi üzrə Eyyubova Sevinc Rəsul qızının öz öhdəliklərini yerinə yetirməsi üçün zamin olmuşdur. Eyyubova Sevinc Rəsul qızı öz öhdəliklərini yerinə yetirmədiyindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmiş və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-14727/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən İddiaçı və Eyyubova Sevinc Rəsul qızından “Bank of Baku" ASC-nin xeyrinə 1734 ABŞ dollar əsas, 809,61 ABŞ dollar faiz, cəmi 2543,84 ABŞ dollar məbləğində pul vəsaitinin və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir və hazırda icra mərhələsindədir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, borcu ödəmək imkanın olmadığını və borcun Eyyubova Sevinc Rəsul qızından tutulmalı olduğunu bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı qanunvericilik aktlarına istinad edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarına əsasən, zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində, həmçinin məhkəmə iclasında verdiyi izahatında Eyyubova Sevinc Rəsul qızının kredit götürə bilməsi üçün onun öhdəliklərinin icrasına görə məsuliyyəti zamin kimi öz üzərinə götürmüşdür. Yəni hal məhkəmədə mübahisələndirilmir. İddiaçı öz iddiasını maddi imkanın olmaması və borcun ondan deyil Eyyubova Sevinc Rəsul qızından tutulmasının daha ədalətli olması ilə əsaslandırır. Məhkəmə belə əsaslandırmanı iddia tələbinin təmini üçün əsas kimi qəbul etmir. Belə ki iddiaçı öz iradəsi əsasında zaminlik müqaviləsi bağlamış, bununla da müqavilədə göstərilən öhdəlikləri öz radəsi ilə üzərinə götürmüşdür. Yuxarıda qeyd edilən qanunvericilik müddəalarından aydın görünür ki, zaminliyə əsasən borclu öz öhdəliklərini icra etmədikdə kreditor öhdəliyin icrasını zamindən tələb edə bilər və bu öhdəlikləri icra etmək zaminin vəzifəsidir. Mülki işin materiallarından da aydın görünür ki, zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişikliyin onun məsuliyyətinin artması və ya əlverişsiz nəticələrə səbəb olması halları mövcud deyildir. Məhkəmə onu da qeyd edir ki, kredit sazişi xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə bağlanılmış, Yasamal rayon məhkəməsi tərəfindən isə məhkəmə əmri xx.xx.2016-cı il tarixdə qəbul olunmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə qeyd olunan zaminliyə xitam verilməsi əsasları olmamış, kreditor Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ərizəsi əsasında həmin ərizədə qeyd edilən pul məbləğinin həm borclu Eyyubova Sevinc Rəsul qızından, həm də İddiaçı tutulması qərara alınmışdır. Bundan sonra İddiaçı məhkəmə əmrinə etiraz etməmiş, əmr qanuni qüvvəsini alaraq icra yönəldilmişdir. Məhkəmə iddia ərizəsində qeyd olunanlarla ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsi əsaslı deyil və bu səbəbdən də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlikdən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3576/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3576/2022
14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver