Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3604/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən çıxarılması barədə cavabdeh tərəfindən verilmiş əmr əsassız olduğu üçün ləğv edilməsi, məcburi işburaxmaya görə məhkəmənin qətnaməsi qanuni qüvvəsini alana qədər xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay üçün 1.000 manat məbləğində aylıq əmək haqqının hesablanmaqla maddi təzminat olaraq ödənilməsi, pozulmuş hüquqları ilə bağlı şikayət etməsi üçün Bak şəhəri gediş-dönüş üçün İstanbul- Bakı-İstanbul avia reysinə təyyarə bileti üçün ödənilmiş 650 manat məbləğində maddi zərərin ödənilməsi və iddiaçının hüquqlarının bərpası üçün ödənilmiş 1.000 manat məbləğində vəkil xərcinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada əmək müqaviləsi bağlamaqla əmək fəaliyyətinə başlamışdır. Müqavilə üzrə iddiaçının rəsmi vəzifəsi müxbir vəzifəsi olmuşdur və iddiaçı əsasən halhazırda yaşadığı Türkiyə Respublikasından reportajlar hazırlamalı idi. Əmək müqaviləsinin bağlanmasından öncə cavabdehlə əmək haqqını aylıq 1.000 manat olmaqla razılaşmışdırlar. Lakin ilk ayın əmək haqqısını aldığı zaman məlum oldu ki, iddiaçının əmək haqqı kartına 500 manat köçürülmüşdür. Bu barədə səlahiyyətli şəxslə əlaqəyə keçmişdir. Ondan niyə iddiaçının əmək haqqı kartına 500 manat köçürülməsini dəqiqləşdirdikdə, iddiaçıya bildirildi ki, 500 manat da iddiaçıya “başqa yolla” debet kartına “card to card” əməliyyatı şəklində atılacaqdır. İddiaçı doğrusu buna ilk başdan etiraz etsə də, lakin sonda yekun məbləğin tam əlinə çatmasından məmnun oldu. 2024-cü ilin dekabr ayı, 2025-ci ilin yanvar və fevral aylarının əmək haqlarını qeyd edildiyi şəkildə almışdır. İddiaçının xəbəri olmadan xx.xx.2025-ci il tarixdə bağlanmış əmək müqaviləsinə ƏMAS üzərindən xitam verilmişdir. İddiaçı xitamın səbəbini soruşduqda doğru-dürüst məlumat verilmədi, əksinə bildirildi ki, xitam tam qanuni və əsaslıdır. Lakin iddiaçı bildirmişdir ki, sistem üzərindən verilmiş bildirişdə iddiaçıyla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçı belə bir ərizə yazmamış və bu sadəcə olaraq cavabdehin özbaşınalığıdır. Bununla bağlı iddiaçı yaşadığı Türkiyə Respublikasından təyyarəyə bilet almaqla Bakı şəhərinə gəlmişdir. Məsələni aydınlaşdırıb və bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Bakı şəhər İdarəsinə şikayət ərizəsini təqdim etmişdir. Şikayəti üzrə X4 tərəfindən cavabdehin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5, 192.4 və 192.6-cı maddələrinə əsasən şərti cərimə tətbiq edilmişdir və dolayısı ilə pozuntu tanınmışdır. Lakin DƏM Bakı şəhər İdarəsi tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yerində araşdırılmanın aparılması mümkünsüz olmuşdur. İddianın faktiki əsasları kifayət qədər aydındır və hesab edilir ki, məhkəmə tərəfindən baxıldıqda daha da aydın mənzərə ortaya çıxmış olacaqdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin əsassız olduğunu bildirərək, iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməklə, iddia ərizəsinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı və Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır və işçiyə har ay 500 manat məbləğdə əmək haqqı ödənilir. İş materiallarında olan Bakı şəhər 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/6-01101 saylı X1 (İms) X3 Arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir. X1 iştirak edilməsi üçün ərizənin verilmə tarixi xx.xx.2025-ci ildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixində, 3-17-5/2-C-46723/2025 nömrəli məktubdan görünür ki, "GÜNDƏLİK TELEQRAF MMC tərəfindən müvafiq sənədlər (son haqq-hesabın hesablanması və ödənilməsi ilə bağlı) təqdim edilmədiyindən son haqq-hesabının qanunvericiliyin tələblərinə uyğun hesablanıb-ödənilməsini aydınlaşdırmaq mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh MMC-nin 03 nömrəli xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək funksiyasını yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanmışdır. Tərəflərin arasında bağlanmış əmək müqaviləsi müddətsizdir. İddiaçı ilə xx.xx.2025-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İddiaçı mediasiya sessiyasında hazırkı mübahisənin həll edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Cavabdeh iddiaçının mövcud tələblə məhkəməyə müraciət etmək üçün iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək, iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməsi üçün iddia müddətini ötürdüyünü bildirmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi Nərimanov rayon məhkəməsinin hakimi Solmaz Ədilovanın icraatına qəbul edilmişdir. İddiaçı cavabdehlə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" MMC-də “müxbir” vəzifəsi üzrə əmək fəaliyyətinə başladığını, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. İddiaçı onunla olan əmək müqaviləsinə əsassız olaraq xitam verildiyini hesab edərək təxminən 4 ay sonra X1 iştirak etmək üçün ərizə ilə, 5 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi iş buraxmaya görə məbləğin ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, iddiaçı sözügedən fərdi əmək mübahisəsi üzrə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, Əmək Məcəlləsinin 287-ci maddəsinə görə, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin məcəllənin 294.1-ci maddəsinə görə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin məcəllənin 296.2-ci maddəsinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd edilənləri, Əmək Məcəlləsinin və Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa tələbinə dair” iddiası üzrə məhkəməyə müraciət etmək üçün müddəti ötürdüyü üçün iddianın təmin edilməməsini xahiş edirlər. Məhkəmə, cavabdehin iddiaçının iddia müddətinin ötürülməsi ilə bağlı ərizəsini əsaslı hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Hazırki iş üzrə işçinin əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə xx.xx.2025-ci il tarixindən xitam verilmiş, iddiaçı mediasiyanın tətbiqi barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, X1 X3 arayışı xx.xx.2025-ci ildə almış, məhkəməyə isə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. İddiaçı iddia ərizəsini əsaslandığı hallarda cəmi iki ay maaş aldığını və daha sonra ƏMAS üzərindən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Yəni iddiaçı əmək müqaviləsinə xitam verilməsini 2025-ci ilin fevral ayından bilmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə olunmuş DƏMX-nin Bakı şəhər İdarəsinin məktubundan da görünür ki, iddiaçı xx.xx.2025ci il tarixdə əmək hüquqlarının pozulması ilə bağlı Xidmətin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Odur ki, məhkəmə qeyd edilənlərə və ƏM-nin 296.2-ci maddəsinin tələblərinə əsasən iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Qeyd edilməlidir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbi, eləcə də həmin tələbdən asılı olan digər tələblər təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3604/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3604/2025
19.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver