Məhkəmə qərarları › İş №2(005)-3606/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3606/2020

29.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3606/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə “intizam tənbehinin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin K-889 №li, xx xxxxxx 2020-ci il tarixli əmrlə onun üzərinə qoyulmuş töhmət növündə intizam tənbehinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, "15” sentyabr 2009-cu il tarixdən Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışır. İşlədiyi müddət ərzində uğurlu layihələrdə iştirak etdiyinə görə dəfələrlə Saatlı rayon Təhsil Şöbəsi, Saatlı rayon İcra Hakimiyyəti və müxtəlif qurumlar tərəfindən uğur sertifikatlarına layiq görülərək təltif edilmişdir. Lakin, Azərbaycan Respublikası Təhsil Nazirinin “31” avqust 2020-ci il tarixli, K-889 saylı əmri ilə onun üzərinə töhmət növündə intizam tənbehi qoyulmuşdur. İntizam tənbehinin verilməsinə səbəb iddiaçının Bakı Nəqliyyat Agentliyinə məxsus avtobusda oturub şəkil çəkdirməyi olmuşdur. Belə ki, o məzuniyyət vaxtı azyaşlı uşaqları ilə bərabər marşrut xəttindən kənar avtobusun dayandığını görmüş və sürücüdən şəkil çəkdirməyə icazə verməsini xahiş etmiş, daha sonra həmin şəkili sosial şəbəkə də öz profilinə yerləşdirmişdir. Lakin, iddiaçının xəbəri olmadan bəzi xəbər saytları tərəfindən guya onun məzuniyyət vaxtı avtobus sürücüsü işləməyini qeyd etmiş və bu xəbər sosial şəbəkələrdə müzakirəyə səbəb olmuşdur. Buna görə də ona intizam tənbehi kimi töhmət verilmişdir. Ona qarşı tətbiq olunmuş intizam tənbehi olan töhməti aşağıdaki səbəblərə görə qanunsuz və əsassız hesab etdiyini bildirmişdir. İddiaçıya intizam tənbehi kimi verilmiş töhmətə əsas kimi guya onun “Müəllimlərin etik davranış qaydalarını" pozmağı göstərilmişdir. Lakin, bu qaydaların hansı bəndinin hansı hissəsini pozmağı göstərilməmişdir. Ona töhmət verilən vaxt yəni xx xxxxxx 2020-ci il tarixdə o rəsmən məzuniyyətdə olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Təhsil Nazirliyi Saatlı Rayon Təhsil Şöbəsi üzrə Saatlı rayon Təhsil şöbəsinin çıxarışının surətindən görünür ki, İddiaçı – Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru xx.xx.2020-ci il tarixdən 56 təqvim günü olmaqla 2019/2020-ci ilin növbəti əmək məzuniyyətinə buraxılmış, direktorun işə qayıtması 31 iyul və 01 avqust tarixləri “Qurban bayram”ına təsadüf oldunduğuna görə işə qayıtma tarixi xx xxxxxxxx 2020-ci il tarixdən hesab edilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, K-889 saylı intizam tənbehinin tətbiqi haqqında əmrinin surətinə əsasən Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru İddiaçı təhsil müəssisəsinin rəhbəri olaraq öz davranışı ilə "Müəllimlərin etik davranış Qaydalarına əməl olunmasında nümunə göstərməli olduğu halda sosial şəbəkələrdəki hesabında müəllim adına Nazirliyin işlədiyi təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirən məlumatlar və şəkillər paylaşmış, bu Qaydaların prinsip və tələblərini pozmuşdur. Bu səbəbdən də İddiaçı etik davranış qaydalarını pozduğuna görə Saatlı rayonu, Yeni Novruzlu kənd tam orta məktəbin direktoru AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli, K-1902 saylı məhkəmə qərarının icrası barədə əmrinin surətinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2460/2019 saylı icra vərəqəsinin təmin edilməsi məqsədi ilə Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli, K-345 nömrəli ləğv edilməsi, Rzayev X2 rayonu, Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunmuş, Maliyyə şöbəsi İddiaçı xx.xx.2019-cu il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əməkhaqqının ödənilməsi təmin edilmişdir; DSMF-dən çıxarılmış sosial arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən işə götürülmüş, 5 günlük iş həftəsi olmaqla 666.00 AZN əmək haqqı alır; xx.xx.2016-cı il tarixdə Asan Sabirabad tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1981ci il tarixdə Azərbaycan Respublikası, Saatlı rayonunda, Afan kəndində anadan olmuş Rzayev X2 rayonu, Yeni Novruzlu kəndində ünvanında qeydiyyatdadır; Məhkəmə hesab edir ki, iddiaçıya Azərbaycan Respublikası Təhsil Nazirinin K-889 №li, xx xxxxxx 2020-ci il tarixli əmrlə onun üzərinə qoyulmuş töhmət növündə intizam tənbeh verilərkən əmək qanunvericiliyinin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən biri kimi töhmət verə bilər. Həmin maddənin 187, 1 və 2-ci hissəsinə görə isə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin maddənin 189-cu maddəsinin 1 və 2-ci hissəsinə görə isə, Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə intizam tənbehi tədbiri kimmi verilmiş töhmət işçiyə işdə olduğu iş günü ərzində verilə bilər, məzuniyyətdə olduğu müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən 56 təqvim günü olmaqla xx xxxxxxxx 2020-ci il tarixdək məzuniyyətdə olmuşdur. İşçiyə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir; Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli əmri ilə işçiyə verilmiş töhmət onun məzuniyyətdə olduğu dövrə təsadüf etdiyindən ləğv olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə “intizam tənbehinin götürülməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirinin K-889 №li, xx xxxxxx 2020-ci il tarixli əmrlə İddiaçı üzərinə qoyulmuş töhmət növündə intizam tənbehi ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar