Məhkəmə qərarları › İş №2(005)-364/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-364/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-364/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Bakı şəhəri Cavabdeh3, “xxxx” ASC-yə qarşı, üçüncü şəxslər X5 və X10 cəlb edilməklə qiymətləndirmə rəyinin, hərracın nəticələri barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Bakı şəhəri Cavabdeh3, “xxxx” ASC-yə qarşı, üçüncü şəxslər X5 və X10 cəlb edilməklə qiymətləndirmə rəyinin, hərracın nəticələri barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2011-ci ildə qohumu X6 ona müraciət edərək bildirmişdir ki, Bankdan kreditə avtomobil götürmək istəyir, lakin Bakı qeydiyyatında olmadığından kredit götürə bilmir. Bu səbəbdən Bakı qeydiyyatında olduğuna görə ona müraciət etmiş, xahiş etmişdir ki, krediti və avtomobili onun adına rəsmilləşdirsin, krediti ödəyə bilməsə, avtomobili satıb krediti bağlayacaq və heç bir problem yaranmayacaq. İddiaçı qohumluq münasibətlərini nəzərə alaraq razılaşmışıdır və xx.xx.2011-ci il tarixdə “xxxx" ASC ilə kredit və ipoteka müqaviləsini bağlamışdır. Kredit müqaviləsinə əsasən ona Mercedes Benz 320 minik markalı, gümüşü metalik rəngli avtomobilin alınması üçün 14.500 (on dörd min beş yüz) ABŞ dolları məbləğində pul kreditə verilmişdir. Lakin o, yalnız müqavilələrə qol çəkmiş, nə pulu, nə də avtomobili görməmiş, həmçinin pulun bankdan götürülməsinə dair məxaric qəbzinə də qol çəkməmişdir. Bir neçə müddətdən sonra ona Bankdan zəng vurub bildirilmişdir ki, heç bir ödəniş olunmur, belə olan halda avtomobili Banka təhvil verməlidir. O, da bildirmişdir ki, avtomobil onda deyil, lakin axtarılmasında köməklik edəcək. Beləliklə xx.xx.2011-ci ildə o, onun atası, “xxxx" ASCnin nümayəndələri avtomobilin yerini müəyyən etmiş və götürmüşlər. Bankın nümayəndələrindən soruşmuşdur ki, kreditin bağlanması üçün o, nə etməlidir, ona bildirilmişdir ki, avtomobili onlara təhvil verib baş etibarnamə versə, avtomobil satılacaq və kredit bağlanacaq. O, da buna razılıq vermiş və “xxxx” ASC-nin əməkdaşı olan X2 xx.xx.2011-ci il tarixdə Bakı şəhəri 6 saylı notariusda avtomobilə dair baş etibarnamə vermişdir. Qeyd etmək lazımdır ki, onun tərəfindən H.H.Bəndiyeva baş etibarnamənin verilməsi üçün “xxxx” ASC ipoteka saxlayan olduğuna görə razılıq məktubunu da notaruisa təqdim etmişdir. Uzun illərdir düşünmüşdür ki, kredit bağlanıb və digər məsələlər həll olunub, lakin 2019-cu ildə ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İcra və Probasiya Şöbəsindən zənq olunduqda məlum olmuşdur ki, ona qarşı saxtakarlıq və dələduzluq olunub: avtomobil satılıb, lakin əldə olunan məbləğ banka olan borcuna yönəldilməyib və məlum olmuşdur ki, 2015-ci ildə “xxxx” ASC ona qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət emiş, lakin onun bundan xəbəri olmamışdır. Maraqlısı odur ki, “xxxx” ASC iddia ərizəsində kreditin təminatı olan ipoteka müqaviləsinə əsasən “xxxx” ASC-yə girov qoyulmuş ** FE *** nömrə nişanlı Mercedes Benz 320 minik markalı avtomobil barəsində ümumiyyətlə iddia ərizəsində qeyd etmədən yalnız pul tələbini qoyur. Yəni kreditin təminatı ola-ola “xxxx" ASC verilən krediti təminatsız məbləğ kimi qeyd edir. Bu isə onu sübuta yetirir ki, “xxxx" ASC-nin əməkdaşları ondan avtomobili təhvil aldıqdan sonra, avtomobili satmışlar, satışdan sonra əldə olunan məbləği "xxxx” ASC-yə təhvil vermədən mənimsəmişlər. Avtomobili yenidən axtarmağa başlayanda, məlum olmuşdur ki, mülkiyyətində olan ** FE *** nömrə nişanlı Mercedes Benz 320 minik markalı avtomobil onun xəbəri olmadan Cavabdeh3 icra məmuru Azər Heydərovun sifarişi və Cavabdeh2 MMC-nin rəyi əsasında hərrac şirkəti Cavabdeh1 MMC vasitəsilə xx.xx.2018-ci il tarixdə 2.200 (iki min iki yüz) manat məbləğində X1. Rəsmi qaydada hərracın yekun protokolunu iddiaçı xx.xx.2020-ci il tarixdə almışdır. Qeyd olunan Cavabdeh1 MMC-nin hərracın nəticələri haqqında 39 saylı xx.xx.2018-ci il tarixli yekun protokolu, hərracın yekunları üzrə əmlakın alğı-satqı barədə müqaviləsi qeyri-qanuni olduğuna görə ləğv olunmalıdır. Belə ki, keçirilmiş hərrac formal xarakter daşıyıb. Hərracın keçirilməsi barədə bildiriş ona göndərilməmişdir. Nəinki hərracın bildirişləri, ümumiyyətlə xx.xx.2015-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsini, icraata başlamaq haqqında Cavabdeh3 qərarını, tələbin könüllü icrası haqqında bildirişləri almamış, bütün bunlardan xəbəri olmamışdır. Cavabdeh2 MMC-nin rəyinə əsasən 2011-ci ildə 18.720 ABŞ dolları məbləğində qiymətləndirilmiş Mercedes Benz 320 minik markalı avtomobil, 2018-ci ildə yarı qiymətə da yox, dəyərinin 10 faizi yəni 2.200 manat məbləğində qiymətləndirilmişdir. Sonradan isə qeyri-qanuni əməl nəticəsində xəbəri olmadan satılmışdır. Həmçinin aydın olur ki, tələbkar “xxxx” ASC-nin da keçirilmiş hərracdan xəbəri olmayıb. Qanunvericiliyə əsasən kreditin təminatı olan və üzərinə həbs qoyulmuş avtomobil tələbkar “xxxx” ASC-yə təhvil götürülməsi üçün təklif olunmalı idi. Lakin ciddi qanun pozuntusu ilə satılan əmlak tələbkara təhvil götürülməsi üçün təklif olunmamışdır. Nəticədə mülkiyyətində olan, “xxxx” ASC-də isə ipotekada olan avtomobil hər ikisinin xəbəri olmadan uşaq oyuncaq avtomobilin qiymətinə satılmışdır. Qeyd edilənləri nəzərə alaraq, QR 807 saylı Qiymətləndrimə rəyinin, Hərracın nəticələri haqqında 39 saylı yekun Protokolun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə və sonrakı alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi və əmlakın İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edərək təmin ediləsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq cavabdehlər və üçüncü şəxs heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Cavabdeh1 MMC xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbində hərracın əsassız hesab edilməsi üçün heç bir qanuni əsas yoxdur. Qeyd edir ki, Cavabdeh3 xx/xx-6268 saylı xx.xx.2018-ci il tarixli sifarişinə əsasən İddiaçı məxsus “Mersedcs 320 minik m arkalı” **- FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılmasına dair Nəsimi rayon Məhkəməsinin 2(006)-6614/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi "Cavabdeh1" MMC-yə göndərilmiş və əmlakın ilkin satış qiyməti 2200 (iki min iki yüz) manat məbləğində müəyyən edilmişdir. İddiaçı məxsus “Merscdes 320 minik markalı” 90- FE-035 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə keçirilmiş ilkin hərracda ilkin satış qiyməti 2200 manata hərraca çıxarılmışdır. Cavabdeh1 MMC-nin hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli, 39 nömrəli protokola əsasən əmlak fiziki şəxs - X3 2222 manata satılmışdır. Hərracın keçirilmə vaxtı və yeri barədə xx xxxxxx 2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair 03/04 nömrəli bildirişlə İddiaçı ünvanına (ünvan 1 iddia ilə bağlı məhkəməyə verdiyi ünvan ilə, Nəsimi rayon Məhkəməsinin müvafiq icra vərəqəsində və Nəsimi rayon İcra Şöbəsinin sifariş məktubunda qeyd edilmiş ünvanlar eynidir. Həmçinin, 20-xx xxxxxx 2018-ci il tarixli “Kaspi” qəzetində keçirilən hərracla bağlı müvafiq elanlar yerləşdirilmişdir. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Qeyd olunan halların nəzərə alaraq, məhkəmədən iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, izahatı iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-6614/2015 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 2357 saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı 13770 (on üç min yeddi yüz yetmiş) ABŞ dolları əsas borc, 1108 (bir min yüz səkkiz) ABŞ dolları faiz borcu, cəmi 14878 (on dörd min səkkiz yüz yetmiş səkkiz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu məbləğində pul alınaraq «xxxx» Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan hərracın yekunları barədə protokoldan görünür ki, ** FE *** nömrə nişanlı Mercedes Benz 320 minik avtomobili satış qiyməti 2200 manat Cavabdeh1 MMC tərəfindən xx xxxxxx 2018-ci il tarxidə açıq hərraca çıxarılmışdır. İş materiallarında olan Cavabdeh2 MMC-nin QR 807 №-li rəyindən görünür ki ** FE *** nömrə nişanlı Mercedes Benz 320 minik markalı avtomobilin bazar dəyəri 2200 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə xx.xx.2018-ci il tarixli, 03/04 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş “X9 Xidməti” MMC-nin xx.xx.2021-ci il tarixli YD 004 №-li arayışından görünür ki, ** FE *** nömrə nişanlı Mercedes Benz S320 minik markalı avtomobilin bazar qiyməti 2300 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Kaspi” qəzetinin 20-xx xxxxxx 2018-ci il tarixli buraxılışında ** FE *** nömrə nişanlı Mercedes Benz 320 minik avtomobilinin Cavabdeh1 MMC tərəfindən hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. Görünüyü kimi iddiaçı ** FE *** nömrə nişanlı Mercedes Benz 320 minik markalı avtomobilin Cavabdeh1 MMC tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə razı olmadığını bildirmişdir. Qiymətləndirici tərəfindən avtomobilin olduğundan yüksək məbləğə dəyərləndirildiyini iddia edir. Bu səbəbdən qiymətləndirmə hesabatının ləğv edilməsi və avtomobilin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli avtomobilin hərracda satılması zamanı hərracın təşkilini və aparılmasını tənzimləyən qanunların tələblərinin pozulması məhkəmə tərəfindən müəyyən edilmədi. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçıya hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi ilə bağlı bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar verilmişdir. Bundan əlavə, müstəqil qiymətləndirici tərəfindən təqdim edilmiş mübahisəli avtomobilin bazar qiyməti barədə arayışdan da görünür ki, ** FE *** nömrə nişanlı Mercedes Benz S320 minik markalı avtomobilin bazar qiyməti 2300 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, QR 807 saylı Qiymətləndrimə rəyinin, Hərracın nəticələri haqqında 39 saylı yekun Protokolun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə və sonrakı alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə istintaqı zamanı müəyyən edilmədiyindən, iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Bakı şəhəri Cavabdeh3, “xxxx” ASC-yə qarşı, üçüncü şəxslər X5 və X10 cəlb edilməklə qiymətləndirmə rəyinin, hərracın nəticələri barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar