Məhkəmə qərarları › İş №2(103)-10558/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10558/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10558/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 nümayəndəsi X9 və LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə (indiki adı "xxxx" MMC) qarşı (X12, X10, Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qiymətləndirmə rəyinin və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(005)- 113/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə (indiki adı "xxxx" MMC) qarşı (X12, X10, Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əvvəlcə iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olmuş “Mercedes Benz” avtobus markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinə dair cavabdeh "xxxx" MMC-nin 26 aprel 2018-ci il tarixli QR 1191 saylı qiymətləndirmə rəyinin və həmin rəylə müəyyən olunmuş qiymət əsasında Cavabdeh1 MMC tərəfindən həyata keçirilmiş 01 iyun 2018-ci il tarixli hərracın bütün nəticələrinin etibarsız hersab edilməsi, həmin avtomobilin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 2(004)-8147/2017 saylı icra vərəqəsinə əsasən ona məxsus “Mercedes Benz” avtobus markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərraca çıxarılması barədə icra qurumu tərəfindən Cavabdeh1 MMC-yə sifariş verilmiş, avtobusun 28000 manata qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən 26 aprel 2018ci il tarixli QR-1191 saylı rəy verilmiş, 01 iyun 2018-ci il tarixində Cavabdeh1 MMC-nin təşkilatçılığı ilə hərrac keçirilmiş və ona məxsus avtobus dəyərindən ucuz qiymətə---28000 manata satılmışdır. Hərrac barədə iddiaçı məlumatlandırılmamış, bu barədə yalnız tələbkar ona məlumat verdikdən sonra xəbərdar olmuşdur. Hərraca çıxarılan avtomobilin real bazar qiyməti təqribən 300000 manat olduğu halda, avtomobil real dəyərindən aşağı qiymətə satılmışdır. Qiymətləndirmə rəyindən məlum olur ki, əmlakın dəyəri müəyyən edilərkən, ancaq təqdim edilən sənədlərdə və fotoşəkillərdə əmlaka dair məlumatlar öyrənilmiş və qiymətləndirmə işi ancaq bu məlumatlar əsasında həyata keçirilmişdir. Başqa sözlə, qiymətləndirici əmlaka baxış keçirməmiş və əmlakın real vəziyyətini özü müayinə etməmişdir. Rəyin 5.3-cü bəndindən aydın olur ki, obyektin qiymətləndirilməsi zamanı 3 əsas yanaşmadan yalnız birindən - müqayisə yanaşmasından istifadə olunmuşdur. Lakin rəydə qiymətin əldə olunmasına gətirib çıxaran müqayisəli cədvəl, əsaslandırılmış təhlil yoxdur. Qiymətin hansı obyektlərlə müqayisə edilərək müəyyən edildiyi məlum deyil. Başqa sözlə, qiymətləndirmə rəyi əsaslandırılmamış, nəticədə əmlakın real bazar dəyəri düzgün müəyyən edilməmişdir. Həmin avtobusun qiymətləndirmə rəyindəki şəkillərdə görünən vəziyyətdə belə real bazar dəyəri 150000 manat az olmamışdır. Hesab edir ki, avtobusun 26 aprel 2018-ci il tarixə olan real bazar dəyəri müvafiq məhkəmə ekspertizası keçirilməklə müəyyən edilməlidir. Qiymətləndirinə fəaliyyəti özü qanuni həyata keçirilməmişdir. Belə ki, “İcra haqqında” Qanunun 51.1-ci maddəsinin 2018-ci ilin aprel ayında qüvvədə olan məzmununa görə borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir, qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinin məzmununa görə isə qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Lakin hazırkı icra işində Yasamal rayon icra şöbəsi ilə cavabdeh "Qiymətləndirmə Xidməti Mərkəzi” MMC arasında əmlakın qiymətləndirilməsi üçün heç bir müqavilə bağlanmamışdır. Beləliklə, "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi üçün hüquqi əsas olmamış, qiymətləndirmə qanunsuz həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 02 oktyabr 2020-ci il tarixli AQC/20-005 saylı məktubundan və məktuba əlavə edilmiş 02 sentyabr 2019-cu il tarixli 0024 saylı şəhadətnamənin surətindən aydın olur ki, 22 fevral 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC hazırkı iş üzrə qiymətləndirmə rəyi verdiyi 26 aprel 2018-ci il tarixdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin həqiqi (sertifikatlı) üzvü olmamışdır. Bu şirkət 02 sentyabr 2019-cu il tarixdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvlüyünə qəbul olunmuşdur. Sözügedən Cəmiyyətin üzvü olmaq isə qiymətləndirmə standartlarında mühüm şərtdir. İddiaçı öz tələbini Mülki Məcəllənin 415 və 416-cı maddələri ilə əsaslandırmışdır. Cavabdeh1 MMC (indiki adı "xxxx" MMC) iddia ərizəsinə yazılı etiraz verərək etirazını belə əsaslandırmışdır ki, hərracın keçirilmə vaxtı və yeri barədə 01 may 2018-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində göstərilən, iddia ərizəsində də iddiaçı tərəfindən qeyd olunan ünvana göndərilmişdir. Bundan başqa, hərrac barədə “Kaspi” qəzetində elan yerləşdirilmişdir. İddiaçı göndərilmiş bildirişin poçt qəbzinin və hərrac barədə məlumat yerləşdirilmiş “Kaspi” qəzetinin müvafiq səhifəsinin kserosurəti yazılı etiraza əlavə olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(005)- 113/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Cavabdeh2 ASC-nin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC, habelə üçüncü şəxslər X10 və Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.12.2017-ci il tarixli 2(004)-8147/2017 saylı icra vərəqəsinə əsasən cavabdehlər İddiaçı və X5 05 fevral 2017-ci il tarixə banka olan 139761,92 manat əsas borc, 80611,40 manat faiz borcu, 2795,24 manat məbləğində 1% komissiya xərci, 2000 manat cərimə olmaqla cəmi 225168,56 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat pul tutulmalı, tutma İddiaçı məxsus “Mercedes Benz avtobus” markalı, Az ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobilin açıq hərracdan satılması hesabına borc ödənilməli, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bu icra vərəqəsi üzrə Yasamal rayon İcra və probasiya şöbəsində 13 mart 2018-ci il tarixli qərarla icra üzrə icraata başlanmışdır. İcra məmurunun 18 aprel 2018-ci il tarixli qərarı və həmin tarixli müraciəti əsasında cavabdeh "xxxx" MMCnin 26 aprel 2018-ci il tarixli QR 1191 saylı qiymətləndirmə rəyi ilə avtobusun həmin tarixə bazar dəyəri 28000 manat müəyyən edilmişdir. İcra məmurunun 26 aprel 2018-ci il tarixli 2375-18 saylı hərracın keçirilməsi haqqında sifariş məktubu əsasında avtobusun həmin qiymətlə hərracının keçirilməsi Cavabdeh1 MMC-yə tapşırılmışdır. Cavabdeh1 MMC-nin 01 iyun 2018-ci il tarixə təyin etdiyi və keçirdiyi hərracda avtobus 28000 manata X1. X10 isə 11 gün sonra, 12 iyun 2018-ci il tarixdə 28000 manata aldığı avtobusu 9000 manata X2. İddiaçı hərracda iştirakının təmin olunmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 01 may 2018-ci il tarixdə keçirilən hərrac barədə İddiaçı ünvanına sifarişli poçt vasitəsilə bildiriş göndərilmiş, poçt qəbzinin kötüyündə “bu ünvanda yaşamır” qeydi yazılaraq geri qaytarılmışdır. (1-ci cild i.v.42) Bundan əlavə, hərrac barədə “Kaspi” qəzeyinin 1 may 2018-ci il tarixli 077 sayında elan yerləşdirilmişdir. (1-ci cild i.v.43-44) “Üzərinə həbs qoyulmuş əmlakın saxlanca verilməsi barədə” icra məmurunun tərtib etdiyi 18 aprel 2018-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli 2(004)-8147/2017 saylı icra sənədinin icrası ilə əlaqədar “Mercedes Benz avtobus” markalı, Az ** UB *** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayonu Saray qəsəbəsində mühərriksiz və nasaz vəziyyətdə saxlanc üçün İddiaçı təhvil verilmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, İddiaçı mülkiyyətində olan avtobusun açıq hərraca çıxarılmasından həmin dövrdə məlumatlı olmuşdur. Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.” Açıq hərraca çıxarılmış avtomobilin real dəyərindən aşağı qiymətə hərraca çıxarılması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, İddiaçı həmin avtobusun real bazar dəyərinin 300000 manat olması, avtobusun fotoşəkillərinə əsasən ona azı 150000 manat qiymət qoyula biləcəyini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, hərrac keçirilərkən avtomobilə 28000 manat qiymət qoyulmuş, avtomobil həmin qiymətlə hərraca çıxarılmışdır. "xxxx" MMC-nin 26 aprel 2018ci il tarixli rəyindən görünür ki, avtobusa baxış keçirilərkən avtobusun motorunun, sürətlər qutusunun və sərnişin oturacaqlarının sökülməklə yerində olmaması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı nə iddiaçı, nə də cavabdehlər tərəfindən hərraca çıxarılmış avtomobilin real bazar qiyməti barədə əlavə sübut təqdim olunmamışdır. Məhkəmə baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər, yəni iş üzrə tərəf olmayan şəxslər tərəfindən hərraca çıxarılmış avtomobilin qiyməti barədə bir-birindən kəskin fərqlənən qiymətləndirmə rəyləri təqdim olunmuşdur. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin təşəbbüsü ilə 19 oktyabr 2020-ci il tarixli qərardadla əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə həvalə edilmişdir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 21 aprel 2021-ci il tarixli məktubuna əsasən, nə iddiaçı, nə də cavabdeh tərəf qiymətləndirilməli olan avtomobilə baxış keçirilməsi üçün şərait yaratmadıqlarından, qiymətləndirmə işini həyata keçirmək mümkün olmamışdır. Beləliklə, İddiaçı hərraca çıxarılmış avtomobilin real bazar dəyərindən aşağı qiymətə satılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşin faktiki hallarından görünür ki, 26 aprel 2018-ci il tarixdə avtobusun qiymətləndirilməsi üçün qiymətləndirmə şirkəti tərəfindən avtobusa baxış keçirilərkən həmin avtobus İddiaçı məsul saxlancında olmuşdur. İddiaçı həm əmlakın qiymətləndirilməsindən, həm də hərraca çıxarılmasından ən azı 2018-ci ildən məlumatlı olduğu halda, hazırkı iddianı ehtimal olunan hüquqlarının pozulduğu gündən, əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 ildən çox müddət keçdikdən sonra 22 yanvar 2020-ci il tarixdə qaldırmaqla, əqdin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürmüşdür. Kollegiya hesab edir ki, əmlakın qiymətləndirilməsi üçün icra qurumu ilə qiymətləndirmə şirkəti arasında müqavilə bağlanmaması, qiymətləndirmə şirkətinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü olmaması barədə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini iddiaçının bank qarşısında öhdəliklərinin yerinə yetirilməsindən yayınmaq üçün istinad edilən formal dəlillər kimi qiymətləndirməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, nə qiymətləndirmə rəyinin, nə də hərracın nəticələrinin etibarsız hesab edilməsinə əsaslar olmadığından, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv olunmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(005)- 113/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar