Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3644/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ezamiyyə xərclərinə görə 4082 manat pul vəsaitinin, mediasiya prosesi üçün ödənilmiş 50 manat pul vəsaitinin, dövlət rüsumu üçün ödənilmiş 10 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də işə başlamışdır. Vəzifəsi iş icraçısı olmuşdur. Əmək haqqı müqavilə üzrə 2841,14 manat təşkil etmişdir. İşlədiyi müddət ərzində nöqsanı olmamış və barəsində əmək intizamının pozulması ilə bağlı intizam tənbehinə məruz qalmamışdır. İşə başladığı gündən ünvan 1 ünvanında tikiləcək çoxmənzilli yaşayış kompleksinin 1, 2, 3 nömrəli, 7 mərtəbəli yaşayış binalarının layihəsinin tikintisi üzrə işə cəlb edilmişdir. Ona Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında qərarına uyğun olaraq hər gün üçün 65 manat ezamiyyə xərci üçün vəsait ödəniləcəyi bildirilmişdir. 75 gün Yevlax şəhərində qalmış, bütün xərclərini özü qarşılamışdır. xx.xx.2024-cü il tarixdə qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfindən son haqq-hesab aparılarkən ona yalnız aylıq əmək haqqı və əlavə yemək xərci olaraq 793 manat ödənilmişdir. 75 gün üçün ezamiyyə xərci 4875 manat təşkil edir. 793 manat vəsaitinin ödənildiyini nəzərə alsaq hazırda cavabdeh tərəfindən 4082 manat vəsait ödənilməmiş qalır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı tikiləcək çoxmənzilli yaşayış binalarının layihəsinin tikintisi ilə əlaqədar Yevlax şəhərinə 75 gün müddətinə ezam edilmişdir. Ona tikinti ərazisində yaşayış yeri verilmişdir. Təqdim edilmiş yaşayış yerinin şəraiti pis olmuş, yaşamaq mümkün olmamış və bu səbəbdən iddiaçı şəxsi vəsaiti hesabına tikinti ərazisinə yaxın yerdə kirayə ev tutmuşdur. Kirayə pulu şirkət tərəfindən qarşılanmamış və bu günə kimi ödənilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, işçinin ezam olunması üçün heç bir ezamiyyə vərəqəsinin yazılmadığını, işçinin işə qəbul əmrində qeyd olunduğu kimi Yevlax şəhərində dövlət lahiyəsinin həyata keçirilməsi üçün işə qəbul edildiyini bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını və cavabdehin ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “iş icraçısı” vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 2841,14 manat təşkil etmişdir; İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər mediasiya prosesinin davam etdirməyə razılıq verməmişlər. Mediasiya xərci olan 60 manat İddiaçı tərəfindən ödənilmişdir; Cavabdeh MMC üzrə 12/02/24A nömrəli “İşə qəbul barəsində” əmrdən çıxarışdan görünür ki, ƏX1 şəhəri, Rəşad Budaqov küçəsi 1 ünvanında tikiləcək çoxmənzilli yaşayış kompleksinin 1, 2, 3 nömrəli, 7 mərtəbəli yaşayış binalarının layihəsinin tikintisi üzrə iş icraçısı vəzifəsinə qəbul edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “iş icraçısı” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 75 gün müddətinə işini Yevlax rayonunda icra etmişdir. Hazırda iddiaçı 75 gün Yevlax rayonuna göndərilməsini ezam kimi qiymətləndirərək, ezamiyyə xərclərinin tam şəkildə ödənilmədiyini əsas gətirərək cavabdehdən ezamiyyə xərclərinə görə 4082 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 35.2-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35.4-cü maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 35.6-cı maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Məhkəmə ilk növbədə İddiaçı tikinti layihəsininn həyata keçirilməsi üçün Cavabdeh MMC tərəfindən Yevlaxa ezam olunması məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Cavabdeh MMC üzrə 12/02/24A nömrəli “İşə qəbul barəsində” əmrə əsasən ünvan 2 ünvanında tikiləcək çoxmənzilli yaşayış kompleksinin 1, 2, 3 nömrəli, 7 mərtəbəli yaşayış binalarının layihəsinin tikintisi üzrə iş icraçısı vəzifəsinə qəbul edilmişdir. Yəni işçi burada əsas iş fəaliyyətini həyata keçirir, bütün hüquq və vəzifələrini yerinə yetirir, burada əmək müqaviləsi ilə çalışır və əsas maaşını buradan alır. İşçinin iş saatları, iş yerindəki fəaliyyətlər, əmək haqqı və digər sosial təminatlar bu əsas iş yerinə uyğun müəyyən edilir. “İşçilərin ezamiyyə qaydaları”na əsasən dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Yəni ezamiyyətin mahiyyətində işçinin öz iş yeri üzrə yerinə yetirdiyi vəzifələrin xarakterinə uyğun olaraq, həmin vəzifələrin iş yerindən kənarda (ölkə daxilində və ya xaricində) yerinə yetirilməsi ilə əlaqədar tapşırıq alması dayanır. Hazırki iş üzrə isə iddiaçının ünvan 1 ünvanında tikiləcək çoxmənzilli yaşayış kompleksinin 1, 2, 3 nömrəli, 7 mərtəbəli yaşayış binalarının layihəsinin tikintisi ilə bağlı cəlb edildiyi iş onun əsas iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığın icrası üzrə göndərilməni ehtiva etmir. Tapşırıq Yevlax şəhərində icra olunmuşdur ki, bu da iddiaçının əsas iş yeri olan Yevlax şəhərində əmək funksiyalarının yerinə yetirilməsi deməkdir. “İşçilərin ezamiyyə qaydaları”na əsasən dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin orqanların və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və 1 nömrəli əlavəyə uyğun formada ezamiyyət vəsiqəsi verilməklə bərabər əmrlə rəsmiləşdirilir. Əmrdə qarşı tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülki prosessual məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə iddiaçı X1 şəhəri, R.Budaqov küçəsi 1 ünvanında tikiləcək çoxmənzilli yaşayış kompleksinin 1, 2, 3 nömrəli, 7 mərtəbəli yaşayış binalarının layihəsinin tikintisi üzrə ezam olunduğunu bildirsə də, bu xüsusatda heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Yuxarıda edilmiş əsaslandırmalar nəticəsində İddiaçı Cavabdeh MMC tərəfindən ezamiyyətə göndərilməməsi qənaətinə gəlirik ki, bu da iddiaçının ezamiyyə xərclərinə görə 4082 manat pul vəsaitini tələb etməkdə özünü haqlı bilməsini təkzib edir. Münasibət bildirilməli digər bir məqam iddiaçının yemək və mehmanxana xərclərinin ödənilməsi məsələsi təşkil edir. Cavabdeh MMC tərəfindən əmək müqaviləsi əsasında işçinin əmək şəraitinin təmini öhdəliyi götürülmüşdür. İddia üzrə işçiyə 75 günlük əmək funksiyalarını yerinə yetirdiyi dövr üçün cavabdeh mediasiya prosesi nəticəsində 793 manat pul vəsaiti ödəmişdir. İşlə bağlı mehmanxana xidmətinin göstərilməsi isə iddiaçıya tikinti ərazisində yaşayış yeri verilməsi ilə təmin olunmuşdur. Təqdim edilmiş yaşayış yerinin iddiaçı tərəfindən bəyənilməməsi və şəxsi vəsaiti hesabına tikinti ərazisinə yaxın yerdə kirayə ev tutması, cavabdehin həmin kirayə haqqının əvəzinin ödənilməsi vəzifəsiylə yüklü edilməsinə gətirib çıxarmamalıdır. Şəxsin fərdi standartlarına və istəklərinə uyğun yaşayış yerini seçməsi cavabdehin ümumi yaşam standartlarına uyğun yaşayış yeri verməklə, öhdəliklərini icra etməməsi kimi şərh edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən ixtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına bağlanan hüquqi nəticədən fayda görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarda istisna qayda müəyyən edir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbini təmin etmədiyindən 50 manat mediasiya xərci və mülki iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya xərci və mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3644/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3644/2024
27.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver