Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3663/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin 02 may 2024-cü il tarixli 3-22-1-2/3-1-285/2024 saylı əmrinin ləğv edilməsini, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1999-cu il tarixdən Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində sürücü işləmiş, işlədiyi müddətdə üzərinə qoyulan vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə həyata keçirmişdir. Rəhbərlərinin öz səlahiyyəti hüdudunda verdikləri göstərişləri yerinə yetirmiş, müəyyən edilmiş qulluq reqlamentinə riayət etmiş, idarə əməkdaşlarının işlərini çətinləşdirən, yaxud idarənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir. Lazım gəldikdə rəhbərinin göstərişi ilə əlavə iş görmüş və etik davranış qaydalarına əməl etmişdir. Lakin 2020-ci ildə Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Naibə Paşayeva onu səbəbsiz işdən azad etmişdir. Bununla bağlı Daşkəsən Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə onu işə bərpa etmişdir. Bundan sonra 2021-ci ildə yeni təyin olunmuş Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Arzu Rüstəmov keçmiş rəis Naibə Paşayeva, Azər Tağıyev və onu anası Kifayət Bağırovarın məsləhətləri ilə onu yenidən səbəbsiz işdən azad etmişdir. O da bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdi və məhkəmə onu işə bərpa etmişdir. Lakin idarədən narazı olduqlarına görə Nərimanov Rayon Məhkəməsinin çıxardığı qətramədən apellyasiya şikayəti verdilər. Lakin Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxladı. Bundan sonra ona Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən zəng edərək xx.xx.2022-ci tarixdən Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində işinə davam etməyi bildirdilər. İddiaçı işinə qayıdaraq eyni qaydada işinə davam etməyə başlamışdır. Lakin idarənin rəisi Arzu Rüstəmov ona münasibətdə əsəbi, qərəzli, kobud və qərəzli davrandı, hətta onun ünvanına nəlayiq ifadələr belə işlətdi. **-AA-*** dövlət qeydiyyat nişanlı UAZ markalı va **- JO-*** dövlət qeydiyyat nişanlı Qazel markalı avtomobillər onun üzərindədir. Lakin, həmin avtomobilləri o, istifadə etmir, Azər Tağıyev adlı işçi idarə edir, yanacaq kartını isə hansı şəxsin istifadə etməsi məlum deyildir. Bu hərəkətlər az imiş kimi xx.xx.2024-cü il tarixdən işçilərin davamiyyət jurnalına imza etməyinə rəis Arzu Rüstəmov qadağa qoydu. Bu məsələ ilə bağlı iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin "1652" qısa nömrəsinə zəng edərək məlumat verdi. İddiaçı 1999-cu il tarixdə Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə müdür sürücüsü olaraq işə düzələndə həmin zaman rəis Eyvaz Əliyev onun müqaviləsini müddətsiz qeyd edərək bağlamışdır. Lakin, hazırki rəis Arzu Rüstəmov idarəyə işə gələndən sonra onu aldadaraq guya avtomobillərin təmiri üçün bir neçə sənədə imza atmağını xahiş etdi, iddiaçı da rəisin sözlərinə inanaraq həmin sənədlərə imza atdı. Sonradan ona məlum oldu ki, onun imza atdığı sənədlər müqavilə imiş. Həmçinin iddiaçı Gəncə İnzibati Məhkəməsinə işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə müraciət etdi və məhkəmə iddianı mümkün saymamış Daşkəsən Rayon Məhkəməsinə müraciət etməyini bildirilmişdir. İddiaçı idarədə işləyən zaman yeyintilərə yol vermədiyi üçün rəis Arzu Rüstəmov onunla qərəzli davrandı və onu işdən azad etməyinə nail oldu. Onun düzgün olmağı idarəyə lazım deyilmiş. İddiaçı bu məsələ ilə bağlı məhkəməyə qədər Mediasiya Şurasının Bakı 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, Mediasiya sessiyası xx.xx.2024-cü il tarixlərə təyin oldu, Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzini etibarnamə üzrə təmsil edən şəxslərlə razılığa gələ bilmədilər. xx.xx.2024-cü il tarixli 3-22-1-2/2-1-1-10/2024 saylı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzindən onun ünvanına məktub göndərilmişdir. Məktubda ona məxsus əmək kitabçasını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Aparatının Kadr və karguzarlığın təşkili şöbəsindən götürməyi xahiş olunmuşdur. 2024-cü il oktyabr ayının 30-da o, həmin şöbəyə əmək kitabçasını götürmək üçün gəldi, lakin, ona məxsus əmək kitabçasının verməkdən imtina etdilər. İddiaçının ailəsi böyükdür, 7 nəfərdən ibarətdir. Ailəsinin maddi vəziyyəti aşağı səviyyədədir və çətinliklə dolanırlar. Onun gəlir yeri yoxdur. İşsiz qalmağı ailəsinin maddi vəziyyətini daha da ağırlaşdırır. Bundan əlavə iddiaçının öhdəlikləri vardır, kommunaltəsərrüfat xərclərini belə ödəyə bilmir. Qanunverciliyinə əsasən işəgötürən tərəfindən əmək kitabçasını dəfələrlə tələb etsə də, ona əmək kitabçasını vermirlər. Əmək Məcəllənin 294-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddiaçı həmin əmrlərin ləğv edilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Lakin, mediasiyada qarşı tərəf iştirak etmədiyindən məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Yuxarıda göstərilənlərə əsasən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixti 3-22-1-2/3-1-285/2024 saylı əmiri ləğv eilməli, işə bərpa və məcburi işəburaxma müddəti üçün əmək haqqı hesablanaraq ona ödənilməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının ərizəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi cavabdeh qismində işə baxılmasına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək, xx.xx.2024-cü ildən əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş, xx.xx.2024-cü ildə həmin əmr poçt vasitəsilə iddiaçının ünvanına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya mediasiya arayışı təqdim edilmişdir. Həmçinin iddiaçıya əmək kitabçasının götürülməsi barədə xx.xx.2024-cü il tarixdə də təkrar məktub göndərilsə də, iddiaçı əmək kitabçasını götürməyə gəlməmişdir. Məhkəmədən iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-22-1-2/3-1-285/2024 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin Maliyyə və Təsərrüfat şöbəsinin sürücüsü İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilərək 2024-cü il 02 may tarixindən onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2034/2022 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli 16 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Daşkəsən rayon Baytarlıq İdarəsi sürücü vəzifəsinə bərpa olunması, xx.xx.2021-ci il tarixli 16 nömrəli əmr verildiyi tarixdən İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqısının ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 5954/2022 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2034/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Daşkəsən rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icra edən, İ dərəcəli ədliyyə qulluqçusu İlkin Bayramovun xx.xx.2023-cü il tarixli 305986/2022 nömrəli məktubuna verdiyi cavab məktubundan görünür ki, mərkəzin xx.xx.2022-ci il tarixli MİHQ/1.2.2.2-31-2022.1047 nömrəli əmri ilə İddiaçı Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Maliyyə və təsərrüfat şöbəsinə sürücü vəzifəsinə bərpa olunmuş və 2022-ci il üçün işburaxma müddətinə əmək haqqı ödənilmişdir. İş materiallarında olan Daşkəsən rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2034/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Arzu Rüstəmov, Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin özəl baytarlarla iş şöbəsinin aparıcı baytar həkimi Tarverdiyev Şirvan, Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin özəl baytarlarla iş şöbəsinin aparıcı mütəxəssisi Nəzakət Həmidzadə, İdarənin komputer operatoru Məhbubə Həsənova, İdarənin ştatdan kənar işçisi Zahid Bəxtiyarov tərəfindən imzalanaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə müxtəlif bəhanələr gətirərək gah maşının nasaz olmasını, gah da açarların evdə qalmasını bəhanə gətirərək avtomobili idarə etməkdən imtina etmiş. Ona yazılı şəkildə izahat yazması tapşırılsa da, bundan imtina etmişdir. Daha sonra idarə əməkdaşlarının iştirakı ilə ona bir daha tapşırıq verilmiş, lakin o, bir daha maşının nasaz olduğunu bəhanə gətirmişdir. İdarə rəisi ona maşını usta yanına aparmasını bildirmiş, lakin İddiaçı idarənin mexanikinin olmasını, bu işin onun vəzifəsi olmadığını, onun vəzifəsinin maşını saz halda idarə etmək olduğunu, maşının yerində düzəldilməli olduğunu, maşının istismar müddətini başa vurduğunu bildirmişdir. İdarə rəisi İddiaçı avtomobilin istismara yararlı olduğunu, avtomobili bir yerdə texniki baxışdan keçirdiklərini bildirmişdir. İddiaçı bununla razı olmadığını bildirmiş və yüksək səslə danışaraq idarə rəisini çəkməyə başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli 3-22-1-2/2-İ-1-10/2024 saylı bildirişdən görünür ki, İddiaçı onunla bağlanılmış əmək müqaviləsinin qüvvədə olma müddətinin bitməsi səbəbi ilə xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam veriləcəyi, ona məxsus əmək kitabçasını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Aparatının Kadr və kargüzarlıq təşkili şöbəsindən götürməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli 3-22-1-2/3-140/2024 saylı bildirişdən görünür ki, İddiaçı əmək müqaviləsinin qüvvədə olma müddətinin bitməsi səbəbi ilə 02 may 2024-cü il trixində bağlanılmış əmək müqaviləsinə xitam verildiyi, tərəfindən əmək kitabçasının götürülməsi xahiş edilmişdir. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)- 3626/2025 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan 2024-cü ilin may ayı üzrə əməkhaqqının hesablanmasına dair cədvəldən görünür ki, İddiaçı yekun alacağı məbləğ 751,34 manatdır. İş materiallarında olan İddiaçı kart məlumatlarından görünür ki, İddiaçı kart hesabına xx.xx.2024-cü il tarixində 352,62 manat, xx.xx.2024-cü il tarixində 751,34 manat mədaxil edilmişdir. İş materiallarında Bakı 1 saylı mediasiya təkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/1/2024-00453 saylı Mediasiya Arayışının surətindən görünür ki, İddiaçı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin nümayəndələri X3 və X4 ilkin mediasiya sessiyasında iştirak etmiş lakin cavabdehin nümayəndələri X3 və X4 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdirlər. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 1 aylıq iddia müddəti ötürüldüyündən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin iddia müddətini ötürməsi ilə bağlı ərizəsini əsaslı hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki iş üzrə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Məzahir İmamaverdiyev cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsində sürücü vəzifəsində 1999-2024-cü illər ərzində işləmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş, iddiaçının bank kartı hesabına son haqq-hesab köçürülmüşdür. İddiaçı mübahisənin həlli ilə bağlı Mediasiya təşkilatına müraciət etmiş, tərəflər arasında razılıq əldə edilmədiyi üçün xx.xx.2024-cü il tarixdə prosesin davam etdirilə bilməməsi barədə iddiaçıya mediasiya arayışı təqdim edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin: 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 7-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd edilməlidir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddiaçının hazırkı tələblə (işə bərpa) məhkəməyə müraciət etmək üçün 1 ay vaxtı olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdən artıq işdən azad edilmiş və bu barədə o, məlumatlı olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdən o, müvafiq son haqq-hesabını da almışdır. Həmçinin iddiaçı xx.xx.2024-cü ildə mübahisənin mediasiya vasitəsilə həll edilməməsinə dair arayış da əldə etmişdir. İddiaçı hazırkı tələblə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Həmçinin 2025-ci ilin fevralında Bakı İnzibati Məhkəməsinə müraciət edilən zaman da artıq iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iddiaçı hüququnun pozulduğu günü yəni xx.xx.2024-cü il tarixdən artıq mediasiyaya müraciət etməli, həmin proses çərçivəsində iddia müddətinin axımı dayandığı üçün, proses bitdikdən sonra (xx.xx.2024-cü il) 1 aylıq müddəti ötürmədən məhkəməyə müraciət etməli olduğu halda, bunu etməmiş, nəticədə iddiaçı 8 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edərək, iddia müddətini ötürmüşdür. İddiaçının əmək kitabçasının ona təqdim edilməməsi barədə dəlilinə qiymət verərək, məhkəmə qeyd edir ki, əmək kitabçasının iddiaçıya təqdim edilməməsi onun hüququnun pozulduğunu bilməməsi anlamına gəlmir. Bununla yanaşı qeyd edilməlidir ki, əmək kitabçasının iddiaçı tərəfindən götürülməməsi yaxud ona təqdim edilməməsi işin müəyyən edilməyən halıdır. Belə ki, əmək kitabçasının götürülməsi barədə cavabdeh tərəfindən iki dəfə iddiaçıya bildiriş göndərilmişdir. Həmçinin iddiaçının əmək kitabçasını götürməyə təşəbbüs göstərməsi, lakin ona təqdim edilməsindən imtina edilməsi də sübuta yetməmişdir. Odur ki, məhkəmə yuxarıda göstərilən mövqeyini bir daha təsdiqləyərək, bildirir ki, əmək kitabçasının iddiaçıya təqdim edilməməsi onun hüququnun pozulduğunu bilməməsi anlamına gəlmədiyi üçün, iddiaçı əmək kitabçasının əldə edilməməsinə görə iddia müddətinin ötürülməməsinə əsaslanması haqlı olmamışdır. Digər tərəfdən hazırkı araşdırma zamanı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində qeyd edilən üzrlü səbəblərdən iddia müddətinin ötürülməsi halı da müəyyən edilməmişdir. Belə ki, iddiaçı məhkəməyə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə əsaslandırılmış ərizə ilə də müraciət etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3663/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3663/2025
21.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver