Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3665/2025 03.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Famil qızının, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Cavabdeh2nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-2- 29F/2025 saylı əmrinin ona aid hissədə ləğv edilməsi, həmin əmrin əsasında verilmiş Bakı şəhəri, Nərimanov rayonu, 178 saylı tam orta məktəbin xx.xx.2025-ci il tarixli, OU **********/e saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Ağdam rayonunda doğulmuşdur. xx.xx.1994-cü il tarixdən əmək fəaliyyətinə Nərimanov rayon 34 saylı məktəbdə ingilis dili müəllimi kimi başlamış, xx.xx.1996-cı ildə 34 saylı məktəbdən Bakı şəhəri 178 saylı orta məktəbə köçürülərək ingilis dili müəllimi kimi fəaliyyətini həmin məktəbdə davam etdirmişdir. Müəllimə olaraq 30 ildən artıq davam edən əmək fəaliyyətində qüsursuz işləyərək yüzlərlə şagirdin elm vərdişlərinin mənimsənilməsinə töhfə vermişdir. Lakin cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, 178 saylı tam orta məktəbin xx.xx.2025-ci il tarixli OU **********/e saylı əsassız və qanunsuz əmri ilə o, doğma olan işindən və məktəbindən ayrılmalı olmuşdur. Həmin əmrin verilməsinə səbəb olaraq Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanması məqsədilə xx.xx.2025-ci il tarixində keçirilmiş təkrar sertifikasiyadan keçmədiyi göstərilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "c" bəndinə əsasən xx.xx.2025-ci ildən xitam verilmişdir. Cavabdeh qeyd olunan əmrin verilməsinin əsası olaraq xx.xx.2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və cavabdeh Agentliyin xx.xx.2025-ci il tarixli 3-29-69/3-2- 29F/2025 saylı əmrini göstərmişdir. Cavabdehlərin adı çəkilən əmrləri qanunsuzdur və əsassız olaraq işdən azad edilməyinə səbəb olmaqla əmək hüquqlarını pozmuşdur. Belə ki, Bakı Baş Səhiyyə Mərkəzi 4 nömrəli şəhər Polikilinikasının xx.xx.2024-cü il tarixli əmək qabiliyyətinin olmamasına dair xəstəlik sənədindən də görünür ki, o, xx.xx.2024xx.xx.2024-cü il tarixlərində xəstəlik səbəbi ilə işdən azad edilmişdir. Bununla da 2024-cü ildə keçirilmiş sertifikasiya imtananından öz iradəsindən asılı olmayan səbəbdən iştirak edə bilməmişdir. xx.xx.1965-ci il təvəllüdlü olmaqla xx.xx.2025-ci ildə 60 yaşı tamam olmuşdur. xx.xx.2025-ci il tarixdə sertifikatlaşdırma imtahanı keçirilən zaman artıq yaşı 60 yaş 5 ay 5 gün idi. xx.xx.2025-ci il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanında onun iştirakı əslində Azərbaycan Respublikası Əmək Məcəlləsinin, "Ümumi təhsil haqqında" Qanunun tələblərinin açıqdan-açığa pozulması deməkdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi etiraz ərizəsi ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2n sabiq müəllimi İddiaçı 2024-cü il tarixində keçirilmiş sertifikatlaşdırma və xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanlarından keçməmişdir. Onunla bağlanmış əmək müqaviləsi Agentliyin 3-29-69/3-2- 29F/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrinə əsaslanmaqla həmin məktəbin direktorunun xx.xx.2025-ci il tarixli, OU **********/e saylı əmri ilə ləğv edilmişdir. İddiaçı ərizəsində keçirilmiş sertifikatlaşdırma imtahanında xəstəlik səbəbindən iştirak etmədiyini qeyd etmişdir. İddiaçının imtahan zamanı səhhətində yaranmış problemlər faktı nəzərə alınmaqla, o, imtahanda faktiki iştirak etmiş sayılır və bu iştirak əsasında imtahan nəticəsi qeydə alınmışdır. İddiaçı 2024-cü ildə müəllimlərin sertifikatlaşdırma imtahanında iştirak etməmişdir. Bundan sonra iddiaçıya 1 il vaxt verilmiş və o, işinə davam etmişdir. 20 iyun 2025-ci il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmiş, lakin iddiaçı həmin imtahanda keçid balını yığa bilməmişdir. Ona görə də iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilmişdir. İddiaçı xx.xx.2025-ci ildə 60 yaşı tamam olduğundan təkrar sertifikatlaşdırma imtahanında iştirakının könüllü olmasını qeyd etsə də, nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1965–cü il təvəllüdlü olmaqla, 2024-cü ildə keçirilmiş imtahan zamanı 59 yaşı olmuşdur. Bundan sonra ona ikinci şans verilsə, də nəticə etibarı ilə keçid balını toplaya bilməmiş və sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir. İddiaçı ilk sertifikatlaşdırmada iştirak etmiş və müvafiq keçid balını toplaya bilməmişdir. İddiaçı ilk sertifikatlaşdırmada iştirak etməklə artıq sertifaktlaşdırmaya cəlb olunmuşdur. Belə olan halda iddiaçı təkrar sertifikatlaşdırmada da 60 yaşı tamam olmasına baxmayaraq iştirak etməli idi. Sertifikatlaşdırma ilə bağlı qaydalardan da göründüyü kimi sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Göründüyü kimi, qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. Qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, ilk dəfə xəstə olduğundan imtahanda iştirak edə bilməmişdir. 2-ci dəfə artıq 61 yaşı olmuşdur. İmtahanda iştirak edilməsi barədə bildiriş onun kabinetinə gəlmişdir. Könüllü olaraq imtahanda iştirak etmişdir. Suallar 1-ci dəfəyə nisbətdə çox çətin olmuşdur. Əvvəlki sualların hamısını işləmişdir, lakin imtahandan keçmək üçün 3 balı çatmamışdır. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı 59 yaşı olan zaman sertifikasiya imtahanında iştirak etməli olsa da, səhhəti ilə əlaqədar iştirak edə bilməmişdir. Növbəti il sertifikasiya imtahanında iştirak edib, lakin müəyyən səbəblərdən imtahandan keçə bilməmişdir. İddiaçı 1 il əvvəl xəstə olduğu üçün sertifikasiya imtahanına getməmişdir. Buna görə də imtahan 1 il sonraya təxirə salınmışdır. İddiaçı növbəti imtahana könüllü surətdə getmişdir. Artıq növbəti imtahanda iştirak edən zaman iddiaçının 60 yaşı tamam olmuşdur, o, həmin imtahana getməyə də bilərdi. Həmçinin təqdim edilən qərardan da görünür ki, Ali Məhkəmənin mövqeyi şəxsin işə bərpasından ibarətir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 bildirmişdir ki, ümumiyyətlə 3 dəfə sertifikasiya imtahanından keçmək lazımdır. İddiaçı 1-ci dəfə bülletendə olub, 2-ci dəfə isə iştirak etsə də sertifikasiyadan keçə bilməmişdir. 30 aprel 2020-ci il tarixli Dövlət Ümumitəhsil orqanlarında çalışan təhsilverənlərin sertifikatlaşdırma qaydalarında isə qeyd edilir ki, sertifikasiyada iştirak etməyən və ya keçə bilməyən şəxsə 1 il hüquq verilir ki, yenidən iştirak edə bilsin. İddiaçı 2-ci dəfə könüllü olaraq sertifikasiyada iştirak edib və keçid üçün məqbul sayılan 30 baldan 27 bal toplamışdır. Sertifikasiyadan keçmədiyi üçün iddiaçı ilə bağlanmış əmək müqavilsinə xitam verilmiş və işdən azad edilmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlər barədə xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə xx.xx.2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələrinin 2025-ci ilin 30 iyun tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi əmr edilmişdir; - Bakı şəhəri Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli, OU **********/e nömrəli əmrindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025- ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəri Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta ümumtəhsil məktəbinin İngilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən xx.xx.2025-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir; - İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, 1994-cü ildən pedoqoji fəaliyyətlə məşğuldur. Əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəsmi internet saytından çıxarışdan görünür ki, İddiaçı təkrar sertifikatlaşmadan keçə bilməmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Cavabdeh2 mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 1994-cü il tarixdən pedoqoji fəaliyyətlə məşğul olmuşdur. xx.xx.1996-cı il tarixindən 178 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi çalışmışdır. İddiaçı 59 yaşında təhsilverənlərin sertifikalaşdırma imtahanında əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən iştirak etməmişdir. Bu səbəbdən imtahan 1 il təxirə salınmış və növbəti imtahanda iştirak etmək üçün şərait yaradılmışdır. Lakin həmin imtahandan müvəffəqiyyətlə keçmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Sertifikalaşdırma imtahanından keçərkən iddiaçının artıq 60 yaşı tamam olmuşdur. Hazırda iddiaçı təkrar sertifikatlaşdırma keçirilən zaman 60 yaşı olduğunu, sertifikatlaşdırmanın könüllü olduğunu əsas gətirərək əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilmə əsaslarından biri də peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir (ƏM-in 70-ci maddəsinin “c” bəndi). Əmək Məcəlləsinin 67-2.4-cü maddəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi əmək müqaviləsinin ləğv edilmə əsaslarından biri də peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir. Hazırki işdə iddiaçı sertifikatlaşdırma imtahahından keçmədiyindən işəgötürən tərəfindən Agentliyin müvafiq əmri əsas gətirilməklə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı sertifikatlaşdırma imtahanı verən zaman 60 yaşı tamam olduğundan imtahanda iştirak etmənin könüllü olduğunu, imtahanda iştirak etmək könüllü olduğu halda isə onun nəticələrinə əsaslanaraq əmək müqaviləsinin ləğv edilməsinin qanunsuz olduğuna istinad edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 67-2.3-1-ci maddəsinə görə, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 23.3.2-ci maddəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmadan keçmək, ümumi təhsil sahəsində təhsilverənlərin vəzifəsidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının 1.5-ci bəndinə görə, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Həmin Qaydaların 5.2-5.4-cü bəndlərinə görə, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Məhkəmə qeyd edir ki, iddiaçı ilk sertifikatlaşdırma zamanı – yəni sertifikatlaşdırmanın başlanıldığı zaman 59 yaşında olmuş və bu yaş dövründə sertifikatlaşdırmadan keçmək onun üçün qanunla nəzərdə tutulmuş vəzifə olmuşdur. Təkrar sertifikatlaşdırma isə iddiaçı, birinci imtahanda üzrlü səbəbdən iştirak etmədiyindən və bu, ona verilmiş əlavə hüquq olduğundan, könüllülük prinsipi həmin hallara şamil edilmir. Hər bir halda iddiaçı təkrar keçirilən imtahanda iştirak etmiş, lakin lazımi balı toplaya bilmədiyindən imtahandan uğurla keçməmiş hesab edilmiş və qanunvericiliyin tələblərinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı təkrar keçirilən imtahanda könüllü surətdə iştirak etdiyini bildirsə də, məhkəmə iclasında onun şəxsi kabinetinə, təkrar sertifikatlaşdırma imtahanında iştirak etməsi barədə bildirişin göndərildiyini təsdiq etmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydaların 1.5-ci maddəsində könüllülüyün yalnız sertifikatlaşdırmaya ilk dəfə cəlb edilən 60 yaşdan yuxarı təhsilverənlərə aid edilməsi barədə norma nəzərdə tutulmuşdur. Lakin yaşla bağlı könüllülük qaydası hazırki hala tətbiq olunsaydı, bu, sertifikatlaşdırma prosesindən yayınma və sui-istifadə halları ilə nəticələnə bilərdi. Belə ki, təhsilverənlər imtahandan yayınmaq üçün ilk sertifikatlaşdırmada iştirak etməməklə və ya prosesi süni şəkildə uzatmaqla 60 yaşdan sonra imtahana girməməyi əsas gətirə bilərdilər. Bu isə qanunvericiliyin məqsədinin pozulması ilə yanaşı, həm də sertifikatlaşdırmanın effektivliyinin azalmasına səbəb olardı. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi prosesində işəgötürən tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi iş materialları ilə təsdiq edilmir. İşəgötürən Agentliyin əmrini əsas tutmaqla, sertifikatlaşdırma imtahanından uğurla keçməmiş işçinin əmək müqaviləsini qanunvericiliyin tələblərinə riayət etməklə ləğv etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilmədiyindən və iddiaçının irəli sürdüyü hallar sübuta yetirilmədiyindən iddianın təmin edilməsi mümkün deyildir. Həmçinin məhkəmənin qənaətinə görə, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilmə ilə bağlı iddia tələbləri əsassız sayıldığı üçün məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələbi də əlavə hüquqi qiymət verilmədən təmin edilməməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Cavabdeh2nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3665/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3665/2025
03.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver