Məhkəmə qərarları › İş №2(005)-3666/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3666/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3666/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktların ləğv edilməsi və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» X3 RQİİ-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15.05.2020-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və 216 manat debitor borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Azəriqaz» X3 RQİİ qazdan istifadə qaydalarının pozulması haqqında 15.05.2020-ci il tarixli ******* nömrəli akt tərtib edərək iddiaçıya məxsus Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 27-ci bina, 94 nömrəli mənzildə iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsinin müəyyən edilmiş olduğu və bu səbəbdən 216 manat cərimə yazıldığını bildirmişlər. İddiaçı qaz sayğacına müdaxilə etmədiyini qeyd edərək bildirir ki, 2013-cü ildə quraşdırılan sayğacda 2019-cu ildə nasazlıq yaranmışdır. İddiaçı qeyd edir ki, 104 nömrəli qaynar xəttlə əlaqə yaratdıqdan sonra Səbail RQİİ-nin əməkdaşları sayğacı yenisi ilə əvəz etmişlər. İddiaçıya 15.05.2020-ci il tarixli ******* nömrəli akt barədə heç bir məlumat verilməmiş, sonradan məlumat verərək borcun ödənilməsinin gecikdirilməsinə görə borca hesablanmış faizlərin də ödənilməsini tələb etmişlər. İddiaçı qaz sayğacının blokda yerləşdiyini qeyd edərək, ona həmin şəraitdə müdaxilə edildiyinin irəli sürülməsinin əsassız və ağlasığmaz olduğunu bildirir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 04 avqust 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, əvəz edilmiş qaz sayğacı laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində sayğaca müdaxilənin olduğu və qaz itkisinə yol verildiyi müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Eyni zamanda həmin qaz sayğacının dəyişdirilmə tarixinə, yəni 12 dekabr 2019-cu il tarixə qədər ümumi göstəricilərindən mübahisəsiz qaydada görünür ki, son aylar ərzində ümumi göstəricidə ya çox cuzi şəkildə artım qeyd edilmiş, bır neçə ay ərzində qazdan istifadə edildiyi halda isə, ümumiyyətlə göstəricidə heç bir dəyişiklik olmamaqla əvvəlki göstərici olduğu kimi qalmışdır. Beləliklə, iddiaçının mənzilində dəyişdirilmiş qaz sayğacına müdaxilə nəticəsində istehlak edildiyindən daha az miqdarda təbii qazın qeydə alındığı müəyyən edilmişdir. Bundan sonra qeyd olunan nəticələr 15.05.2020-ci il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda aktın məzmunundan görünür ki, həmin akt iddiaçının iştirakı ilə qeyd olunan ünvanda tərtib edilmiş, lakin iddiaçı aktı imzalamaqdan imtina etmiş və aktın surəti iddiaçıya verilmişdir. Qaz sayğacının mənzildən kənarda blokda quraşdırıldığından iddiaçıya sayğaca müdaxilə olunduğunun deyilə bilməməsi və qaz sayğacına nəzarət edilməsi vəzifəsi daşımaması barədə iddiaçının dəlillərinə gəldikdə isə “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2.011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Eyni zamanda həmin Qaydaların 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir. Bu halda təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə mənzildən kənarda quraşdırılmış sayğaca edilən müdaxilə nəticəsində yol verilsə də, iddiaçı istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Belə ki, iş materiallarına əlavə edilmiş № ******* saylı aktın surətindən görünür ki, 1202AQ**********6 saylı sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafının zədələndiyi müəyyən edilmişdir və dəymiş ziyanın hesablanması və ödənilməsi qərarı verilmişdir. “İstehlakçınının nümayəndəsi” qrafasında İddiaçı, onun qarşısında olan “imza” qrafasında “imtina” qeyd edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesablanmış qaz sərfi 2160 m3 təşkil edir. Göründüyü kimi, iddiaçının yaşadığı ünvanda qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulan metrologiya plombunun kənar təsir nəticəsində çıxarılması müəyyən edilmişdir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Lakin, yeni qaz sayğacı quraşdırıldıqdan sonra abunəçiyə 2160 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi vəzifəsi iddiaçının üzərinə qoyulmuşdur . Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının zədələnməsi nəticəsində hesablanmış 2160 m3 artıq sərfiyyatın iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia təmin edilərək, 1202AQ**********6 nömrəli abonent koduna qaz sərfiyyatına görə yazılmış 216 manat borc silinməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyi tərəfindən tərtib olunmuş və ******* nömrəli 15 may 2020- ci il tarixli akt ləğv olunaraq itirilmiş qazın bərpası üçün hesablanmış məbləğdə borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar