Məhkəmə qərarları › İş №2(005)-3670/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3670/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3670/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18.12.2011-ci ildən başlayaraq qətnamə qəbul edilən tarixə 58514 manat pulun bank uçot dərəcəsini və indeksasiyasının alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2 18.12.2011-ci il tarixdə 9300 ABŞ dolları ödəyərək Cavabdeh1 məxsus “Mercedes Benz-230” **-DU-*** dövlət nömrə nişanlı avtomobili almışdır. Həmin tarixdə iddiaçı öz adına Bakı şəhəri, 6 saylı DNK-da 06.08.2061-ci il tarixinədək etibarnamə aldı. Keçən müddət ərzində avtomobil istifadəsində olub, lakin bir neçə ay əvvəl iddiaçıya məlum olmuşdur ki, Nərimanov rayon məhkəməsinin 8(005)-375/2019 saylı 15 may 2019cu il tarixli qərardadı ilə Nərimanov rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunaraq Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4798/2018 nömrəli 13 iyun 2018-ciil tarixli icra sənədinin icrasının təmini istiqamətində borclu Cavabdeh1 məxsus “Mersedes-Benz 230” minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və icrası Baş Dövlət Yol Polisi idarəsinə həvalə edilmişdir. Avtomobilə görə 9300 ABŞ dolları pul ödəyərək aldığına görə qərardadı əldə edərək apelyasiya şikayəti vermiş, lakin Bakı Apelyasiya məhkəməsi 22.02.2021-ci ildə şikayətə baxaraq təmin etməmişdir. Daha sonra həmin avtomobilə görə 9300 ABŞ dolları pul ödədiyi Cavabdeh2 pulunu geri tələb etməyə başlamışdır. Cavabdeh2 iddiaçıya digər Cavabdeh1 Kapital Bankın 2 saylı Nəsimi rayon filialından arayış təqdim etmişdir ki, mülkiyyət sahibinin banka kredit borcu yoxdur və həmin avtomobilin girovluqdan çıxarılması göstərmişdir. Lakin məhkəmə mübahisəsi Bankla yox, avtomobil sahibi - Cavabdeh1 ilə X1 arasında olub. İddiaçının məhkəmə mübahisəsi barədə məlumatı olmayıb, vicdanlı əldə edəndir. İddiaçı bu müddət ərzində 2.200 manat xərc çəkib avtomobili əsaslı təmir etdirmişdir. Lakin 9300 ABŞ dolları verib aldığı və 2200 manat xərc çəkib əsaslı təmir etdirdiyi avtomobildən istifadə edə bilmir, çünki üzərinə məhkəmə qərardadı ilə həbs qoyulmuşdur. Dəfələrlə cavabdehlərlə aralarındakı məsələni həll edib, avtomobilin adına keçirilməsinə şərait yaratmaları üçün danışsa da, məsələni həll edəcəyinə söz versə də, heç bir addım atılmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan ƏN-İİİ 600121 nömrəli etibarnamənin notariat qaydasında təsdiq edilmiş surətindən müəyyən olunur ki, Cavabdeh1 ona məxsus “Mercedes Benz- 230” **-DU-*** dövlət nömrə nişanlı avtomobili idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın, yerinə yetirilməsi ilə əlaqədar öz adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2 saylı Nizami Rayon Filialı tərəfindən Azərbaycan Respublikası Dövlət Yol Polisinə ünvanlanmış 14 may 2010-cu il tarixli 451 nömrəli məktubdan müəyyən olunur ki, Cavabdeh1 banka olan kredit borcunu tamamilə ödədiyindən “Mercedes Benz-230” **-DU-*** dövlət nömrə nişanlı avtomobilini girovluqdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə iddia tələbinin öhdəliyin icra edilməməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, “öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Mülki Məcəllənin 385.1-ci maddəsindən göründüyü kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən irəli gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və sair öhdəliklərə ayrılırlar. Hazırki mülki işin hallarından göründüyü kimi, iddiaçı onun tərəfindən alınmış avtomobilin istifadə edə bilmədiyini əsas gətirərək, verdiyi pulu geri tələb edir. Məhkəmə bununla bağlı belə qənaətə gəlir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmadığından, öhdəliyin yaranmasına səbəb ola biləcək münasibətlər yaranmamışdır. Odur ki, iddiaçının cavabdehlərə qarşı pul tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar