Məhkəmə qərarları › İş №2(005)-3680/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3680/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3680/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "mənzilə görə əksik verilən sahənin kompensasiya edilərək ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "mənzilə görə əksik verilən sahənin kompensasiya edilərək ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və cavabdeh "xxxx" ASC arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn tələblərə uyğun olaraq mənzil təhvil verilmədiyindən, əksik verilən 13 kv.m. sahə kompensasiya edilərək 10400 manat məbləğində vəsaitin, həmçinin İddiaçı tərəfindən ödənilmiş 121.20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdeh "X6 İnvestisiya Korporasiyası MMC "X1 Müəssisəsi arasında bağlanmış alqısatqı müqaviləsi əsasında cavabdeh Abşeron rayonu ərazisində Xırdaları qəsəbəsi, Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 19-cu blok, 8 saylı 3 otaqdan ibarət ümumi sahəsi 83.4 kv.m. olan mənzili İddiaçı satmağı, İddiaçı isə mənzilin dəyərinin ödənilməsi öhdəliyi ilə bağlı qarşılıqlı razılıq əldə edilmişdir. İddiaçı tərəfindən müqavilə şərtləri tam icra edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun mənzil İddiaçı təhvil verilməmişdir. Belə ki, 2021-ci ilin iyun ayının 06-da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilə dair mülkiyyət çıxarışı verilən zaman İddiaçı məlum olmuşdur ki, cavabdeh tərəfindən təhvil verilən mənzilin sahəsi 70 kv.m.-dir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh İddiaçı 70 kv.m. deyil, 83 kv.m. sahəsi olan mənzil təhvil verməli idi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi onun nümayəndəsi X5 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirdi ki, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" ASC-dən (bundan sonra cavabdeh) xx.xx.2011 -ci il tarixli, 13986 saylı alqı-satqı müqaviləsi əsasında mənzil (Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayit şossesi, 7 km-də inşa edilmiş 1 saylı bina, blok 19. 8 saylı mənzil) almışdır. xx.xx.2011 -ci il tarixli, 13986 saylı alqı-satqı müqavilələsinin 2.1 -ci bəndinə əsasən tərəflərin razılığı ilə mənzilin qiyməti 49952.99 manat müəyyən edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsinə mənzillərin divarlarının, arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələrdə daxildir. Qeyd olunan bina layihə əsasında inşa edilmiş, Abşeron Rayon Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən 2013-ci ildə təsdiq olıunmuşdur. Mənzilin sahəsi mövcud ölçmə qaydaları əsasında hesablanaraq 83,4 kv.m. müəyyən edilmişdir. Bina layihəyə uyğun tikilmiş, müvafiq dövlət qrumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Cavabdeh mənzilləri satarkən mənzillərin sahəsini alqı-satqı müqavilələrində layihədə qeyd olunan sahələrə uyğun göstərir. Cavabdeh mənzilləri kvadrat metrlə deyil, vahid qiymənlə satır. Mənzilin sahəsi inşa edilərkən həmin dövrdəki qaydalarla ölçülərək müəyyən edilmiş və sahəsi 83,4 kv. m. olmaqla müvafiq dövlət qurumları tərəfindən işçi layihəsi təsdiq edilməklə inşa edilmişdir. Mənzil vahid qiymətlə satıldığı üçün bu günki qaydalarla hesablanaraq sahəsi daha az müəyyən edilsəydi də mənzilin qiyməti dəyişməyəcəkdi. İddiaçı alqı-satqı müqavilələrini bağlayarkən bilirdi ki, mənzillərin qiyməti vahid qiymətlə müəyyən edilib. Cavabdeh tərəfindən mənzillər iddiaçıya təhvil verilərkən İddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzilləri təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzillərin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Hazırda qeyd olunan binadakı mənzillərə reyestrdən çıxarışlar verilir və Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti mənzillərin sahəsini ölçərkən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edir. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri -0,3; şüşəbənd və lociyalar- 0,5; eyvanlar(verandalar)-1.0 azaltma əmsallarına vurulmaqla hesablanır. İddiaçı iddia tələbində aldığı mənzillərin sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə uyğun olmadığını əsas gətirir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012- ci il tarixli 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Mənzilin sahəsinin ölçülməsi müxtəlif dövrlərdə fərqli olduğuna və qanunvericiliyin dəyişməsi ilə ölçmə qaydaları dəyişdiyinə görə alqı-satqı müqavilərində mənzillərin göstərilən ölçüləri hazırda verilən dövlət reyestrindən çıxarışlarda qeyd olunan mənzillərin sahələrinin ölçüləri ilə uyğun gəlmir. Eyni zamanda yazılı ərizə təqdim edərək, mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddadan imtina edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdehin vəsatətlərinə etirazla məhkəməyə müraciət edərək bildirdi ki, cavabdeh tərəfindən İddiaçı 83.4 kv.m. sahəsi olan mənzilin təhvil verilməməsi onun mülkiyyət hüququnun pozuntusuna səbəb olmuşdur. Belə ki, onun 83.4 kv.m. sahəsi olan mənzilə qanuni gözləntisi mövcud olmuşdur. “Saqxinadze (Saghinadze) və başqaları Gürcüstana qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...Əgər “gözlənti” hüquqi normaya və yaxud sözügedən əmlakla bağlı hüquqi akta əsaslanarsa, “qanuni” hesab olunur.” Tərəflər arasında bağlanmış müqavilə işin mübahisəsiz hissəsidir və həmin müqavilə hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblər müəyyən edilmişdir ki, həmin maddənin 4-cü bəndində onlardan birinə “mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə” aid edilmişdir. Odur ki, hazırkı tələbi mülkiyyətçi olaraq pozulmuş hüququmun bərpası ilə bağlı olduğundan, 2(005)-3680/2022 mülki iş üzrə iddia müddəti şamil edilməməlidir. Bununla yanaşı, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, “Cavabdeh mənzilləri kvadrat metrlə deyil, vahid qiymətlə satır. Mənzilin sahəsi inşa edilərkən həmin dövrdəki qaydalarla ölçülərək müəyyən edilmiş və sahəsi 83.4 kv.m. olmaqla müvafiq dövlət qurumları tərəfindən işçi lahiyəsi təsdiq edilməklə inşa edilmişdir. Mənzil vahid qiymətlə satıldığı üçün bu günki qaydalarla hesablanaraq sahəsi daha az müəyyən edilsəydi də, mənzilin qiyməti dəyişməyəcəkdir.” Cavabdehin bu mövqeyinə münasibətdə iddiaçı bildirir ki, tərəfindən mənzilin qiyməti mübahisələndirilmir. Cavabdeh ona 83.4 kv.m. sahəsi olan mənzili təhvil verməyi öhdəliyinə götürmüşdür. Öhdəliyini tam icra etməməsi iddiaçının mülkiyyət hüququnun pozuntusuna səbəb olmuşdur. Əlavə olaraq, hazırda məlum olduğu kimi, mənzillərin dəyəri artmaqdadır və əgər vaxtında cavabdeh tələblərə uyğun mənzil mənə versə idi, iddiaçı mənzilini daha baha qiymətə sata bilərdi. Bununla da cavabdeh tərəfindən ona ziyan (əldən çıxmış fayda) vurulmuşdur. Bununla yanaşı, cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 2012-ci ildən qəbul edildiyindən, hazırkı mülki iş üzrə həmin Məcəllənin müddəaları tətbiq edilməməlidir. Qeyd edilməlidir ki, sözügedən Məcəllənin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli Qanununun 5-ci hissəsinə əsasən “Şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır”. Əlavə olaraq, istinad olunan Qanunla ləğv edilmiş "Şəhərsalmanın əsasları haqqında" Qanununu ilə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları müəyyən edilməmişdir. Odur ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87-ci maddəsi rəhbər tutaraq, hesab edir ki, hazırkı mülki iş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi tədbiq edilməlidir. Belə ki, həmin maddənin 87.2-ci maddəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.” Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi mülkiyyətçilərin hüquqlarının müdafiəsinə yönəlmiş bir maddədir və həmin maddə şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, iddia müddətinin tədbiqinə dair ərizəni hazırki mülki iş üzrə tətbiq edilməməsini, cavabdehin iddia ərizəsinə etirazda qeyd etdiyi halların əsassız olduğundan nəzərə alınmamasını və iddia tələbimin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 18 may 2011-ci il tarixli, №13986 saylı “Alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı "xxxx" MMC X1” müəssisəsi Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şosesi 7km inşa etdirdiyi 1 saylı binanın, 19 blok, 8 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 83,4 kv.m. olan mənzili “alıcı” İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şətrlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. Bu mqavilənin 1.1-ci maddəsində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. Bu müqavilənin 1.1-ci nəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 49952,99 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qırx doqquz min doqquz yüz əlli iki manat 99 qəpik 120 (yüz iyirmi) ay müddətində ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” 01/46476 saylı arayışdangörünür ki,Abşron rayonu, Xırdalan şəhəri, Bakı-Sumayıt şosesi, 7-ci km “Abşeron Gənclər Şəhərciyi” bina 9, mənzil 9-un ümumi sahəsi 70,0 kv.m., yaşayış sahəsi 43,8 kv.m., köməkçi sahəsi 26,2 kv.m, 3 otaq; obyektin xx.xx.2021-ci il tarixə orta bazar qiyməti 56.000 manat təşkil edir. Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, “ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 70,0 kv m. ümumi sahəsi olan mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir; İddiaçı "xxxx"na ünvanlandığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı cavabdehə ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstərildiyi kimi 83,4 kv.m deyil, 70 kv.m olduğunu mənzilə dair çıxarış alan zaman məlumatlandırılmışdır. Buna görə də, 10 təqvim günü müddətində 13 kv.m. əksik sahəni kompensasiya edərək cavabdehdən ona 10400 manat məbləğində vəsaitin ödənilməsini xahiş edərək, əks təqdirdə müvafiq məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayon, Xırdalan şəhəri, Bakı-sumqayıt şosesi, 7-ci km, “Abşeron Gənclər Şəhərciyi” bina 9, 9 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli texniki pasportdan görünür ki, mənzil 3 otaqlıdır, mənzilin ümumi sahəsi 70,0 kv.m, yaşayış sahəsi 43,8 kv.m., köməkçi sahəsi 26,2 kv.m.dir. Balkon sahəsi 0,3 əmsalla ümumi sahəyə daxil edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş Texniki Pasport sənədində mənzilin sahəsinin “Şəhərsalma və Tikinti” Məcəlləsinə uyğun olaraq hesablandığı müəyyən olunur. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Abşeron rayon, Xırdalan şəhəri, Bakı-sumqayıt şosesi, 7-ci km, “Abşeron Gənclər Şəhərciyi” bina 9, 9 saylı mənzilə mənzilə görə 10400 manat artıq ödənilmiş pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 441.1- 441.4-cü maddələrinə əsasən: Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; - Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; - Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 759.1-ci maddəsinə görə, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 762.1-ci maddəsinə görə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə görə, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə görə, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4-cü maddəsinə görə, əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 763.1-ci maddəsinə görə, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2-ci maddəsinə görə, əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3-cü maddəsinə görə, əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 770-ci maddəsinə görə, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 772.1-ci maddəsinə görə, görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. 773-cü maddəsinə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 774-cü maddəsinə görə, əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. 775-ci maddəsinə görə, əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. 776.1-ci maddəsinə görə, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2-ci maddəsinə görə, əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2 və 12.5-ci maddələrinin tələblərinə əsasən: «Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür». «Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir». Mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 377-ci maddəsinə görə: İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Məcəllənin 382-ci maddəsinə görə: İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Hazırki münasibətlərdə məhkəmə müddətin axımının dayanması, kəsilməsi və müddətin üzrlü hesab edilərək bərpası üçün əsaslar müəyyən etmir. Belə ki, qeyd edilən bu son altı aya təsadüf etməsi səbəbi müəyyən (sübutlar və dəlillər birinci instansiya məhkəməsinə təqdim) edilmədiyindən müddətin dayandırılmasına və ya bərpasına qiymət verilməsi də mümkün deyildir, iddiaçı müddətin ötürülməsi səbəblərinin (iddia müddətinin son altı ayında) üzrlü sayıla bilən halları müzakirəyə təqdim etməmişdir. Mənzilin sahəsinin podrat müqaviləsində göstərilən sahədən az olması mənzilin (əşyanın) qüsuru sayılır. Çünki “qüsurlu əşya vermə” deyildikdə müqavilənin predmetinin müqaviləyə uyğun gəlməməsi başa düşülülür. Müqaviləyə uygunsuzluq əşyanın həm keyfiyyət, həm də kəmiyyət göstəricilərində ifadə oluna bilər. Hazırkı mübahisədə uyğunsuzluq kəmiyyət göstəricilərində ifadə olunub. Cavabdeh mənzili iddiaçıya 2011-ci il tarixdə təhvil verdiyini bildirmiş, iddiaçı da öz izahatında buna etiraz etməmişdir. Sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olmalı idi və icranın qüsuru (olduğu təqdirdə) barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürməmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməsi sübuta yetirilməmişdir. Mülki Məcəllənin 421.1-ci və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Göründüyü kimi, qanunverici, müqavilənin dəyişdirilməsini tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarında mümkün saymışdır. Bundan əlavə, müqavilə öhdəliyinin hər cürə pozuntusu, yaxud müqavilə bağlanarkən əsas götürülən şəraitin dəyişməsi deyil, pozuntunun və şərait dəyişikliyinin yalnız əhəmiyyətli olduğu hallarda müqavilə dəyişdirilə bilər. Öhdəliyin pozulması və şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, müqavilə tərəfı təmin etmək istədiyi mənafedən (ümid etməyə haqqı çatandan) xeyli dərəcədə məhrum olur, yaxud dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, onun müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayacağı və ya ümumiyyətlə bağlamayacağı aşkar olur. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən əldə edəcəkləri mənfəəti, yaxud mövcud şəraitinin dəyişəcəyini görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman müqavilənin dəyişdirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi və onun necə hesablanması tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, müqavilədən görünür ki, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 83,4 kv.m.-dir (1.1-ci bənd). Bu sahəyə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahələrin də daxil olduğu xüsusi şəkildə razılaşdırılmışdır (1.2-ci bənd). Məhkəmə iddiaçının qeyd olunan sahələrin (yəni müqavilənin 1.2-ci bəndi) nəzərə alınmadan cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, alıcıya şərtləşdirilmiş qaydada deyil, daha az (70,kv.m.) sahəli başqa mənzil satması, bunun da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olması barədə mövqeyinin tərəflərin razılaşmasına açıq-aşkar zidd olduğu qənaətindədir. Belə ki, həmin bəndlə tərəflər konkret olaraq ümumi sahəsi 83,4 kv.m mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahələrin də daxil olduğu sahəni xüsusi şəkildə razılaşdırmışlar. Müəyyən edilən qaydalar və əmsallar üzrə, habelə tikilialtı sahələr nəzərə alınmadan ölçülərin aparılması mövcud faktiki sahənin fərqli olmasını müəyyən etmir və buna dair digər mötəbər sübutlar təqdim edilməmişdir. Əmlakın müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyyarlardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir. Qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi ona göstəriləndən az sahənin verilməsi və bununla öhdəliyinin lazımınca yerinə yetirilməməsi üzrə pulun tələb edilməsi ilə nəzərə alınanda, təqdim edilmiş sənədlərdə ümumiyyətlə alınan zaman mənzilin hansı meyyarlarla qiymətləndirilməsi müəyyən edilməmişdir. Müqavilədə mənzilin razılaşdırlmış ümumi qiyməti olan 49952,99 manatın məhz mənzilin kvadrat metrinə (yaxud 1 kv.m.-nə) görə hesablanması hissəsində də iddiaçının tələbləri əsassızdır. Çünki, müqavilədə həmin qiymətin mənzilin bir kvadrat metrinə görə müəyyənləşdirilməsi barədə şərt yoxdur. Müqavilədən ümumi sahəsi (divarlar, arakəsmələr, dəhliz və eyvanlar, habelə yardımçı sahələr də daxil olmaqla) 83.4 kv.m. olan 3 otaqlı mənzilə görə ödəniləcək məbləğin 49952,99 manat razılaşdırıldığı açıqca görünür. Başqa sözlə, tərəflər mənzilin dəyərini 1 kv.m. sahəyə görə hesablamamış, onun ümumi qiymətini şərtləşdirmişlər. Bu hallar ona dəlalət edir ki, iddiaçıya mənzili aldığı zaman onun sahəsi, bu sahənin hesablanma şərtləri və qiyməti məlum idi. Məhkəmə qeyd edir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatmm inkişafma şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanm 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fıziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfın həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasının da nəzərdə tutur. Qeyd edilənlərdən əlavə, iddiaçı müqavilə öhdəlikləri üzrə tələbinin əsası kimi istinad etdiyi halları və hüquqi əsasları dəqiq müəyyən etməmiş, pul tələbinin müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi, ondan irəli gələn zərər və ya əsassız varlanma kimi qiymətləndirməyə dair mötəbər və təkzibedilməz sübutlar müzakirəyə təqdim etməsə də, məhkəmə sadalanan və ya digər xüsusatlar üzrə mülki hüquq pozuntuları müəyyən etməmiş, iddia edilən əsaslarla iddia müddətini isə iddiaçı ötürmüşdür. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh “AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası" X2rşı “mənzilə görə əksik verilən sahənin kompensasiya edilərək ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu iddia təmin olunmadığına görə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qızının cavabdeh “AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənzilə görə əksik verilən sahənin kompensasiya edilərək ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar