Məhkəmə qərarları › İş №2(005)-3693/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3693/2024

28.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3693/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsi barədə Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11 saylı əmrin etibarsız hesab edilməsi, işəgötürən tərəfindən işə buraxılmadığı günlər hesablanmaqla əmək haqqının Cavabdehndən tutulması və işə bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il tarixdən Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsində təşkil olunmuş 42 nömrəli Laçın natamam orta məktəbin Uşaq Təşkilatçılığının rəhbəri vəzifəsinə təyin olunmuşdur. xx.xx.1993-cü il tarixdən Uşaq təşkilatının rəhbəri-məktəbdə aşağı siniflərdə dərs aparmasına icazə verilmiş və buna dair əmr imzalanmışdır. xx.xx.2012-ci il tarixdən etibarən müvəqqəti olaraq Laçın Rayon Təhsil Şöbəsinin tapşırığı əsasında əmək müqaviləsi ilə işə çıxması dayandırılmış və xx.xx.2012ci il tarixindən etibarən əmək haqqının (işləmədiyi müddət) ərzində tam 100 % ödənilmək şərtilə işə qaytarılması, əvvəl tədris etdiyi dərsləri özünə qaytarılmaq şərti ilə ixtisas üzrə işlə təmin edilməsi (əsas: Binəqədi rayon Məhkəməsinin çıxardığı Qətnamə) 124 № əmrlə təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdə Bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 28 iyun 2024-cü il tarixdə xitam verilməsinə dair) 11№ ilə qeyd edilmiş əmr verilmişdir. Belə ki, səhhətiylə bağlı işəgötürənə işdən azad olunmasına dair yazılı müraciət etmişdi. Lakin sonradan düşündüyü xəstəlik, onda aşkar olunmadığına görə yenidən işinə bərpa olunmaq istəyib. Lakin qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmədən yenidən öz işinə qayıtmaq arzusunda olaraq ərizə ilə müraciətini bildirsə də, onu öz işinə bərpa olunmasına icazə vermədilər və 1 gün ərzində əmrlə onu işdən azad etdilər. Halbuki məktəb yaranandan o, uşaqlara təlim tərbiyə verərək onların maariflənməsi istiqamətində uzun illərdir ki, əziyyət çəkərək uşaqları öz balaları kimi sevərək, canla başla onların hər bir əziyyətlərinə qatlanmışdır. Buna dair ona dəfələrlə təşəkkürnamələr verilərək fəxri fərmanla təltiflər edilmişdir. Bütün kollektivin də rəğbətini qazanmışdır. Hazırda da təlimtədris etdiyi uşaqlar onun məktəbdən çıxmasına dair yazdığı ərizəni geri götürməsini xahiş edərək yenidən dərs deməyini arzulayırlar. Onunla əmək müqaviləsinə xitam verilərkən yuxarıda qeyd edilən hallar araşdırılmalıdır və 1 ay müddətində öz işinə qayıtmaq arzusunu bildirməsinə baxmayaraq qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, peşəkarlıq səviyyəsi yüksək olanı işdə saxlanılmalı idi. Bu səbəbdən cavabdehin əmri qanunsuz və əsassızdır. Bu baxımdan cavabdehin onu kobud qanun pozuntuları ilə işdən çıxararaq verdiyi əmr qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, sertifikasiya imtahanından uğursuz nəticə əldə etmişdir. Öz ərizəsi əsasında işdən çıxmışdır. Ailədə tək işləyən odur. Evə başqa gəlir gətirən yoxdur. Ərizəsində tarix yazmışdı. Ona ərizənin nümunəsini göndərdilər ki, o formada yaz. O da ona uyğun ərizə yazıb, tarix də göstərib. Özünün işdən çıxmaq niyyəti olmamışdır. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 bildirmişdir ki, iddiaçı sertifikasiya imtahanında uğursuz nəticə əldə etmişdir. Bundan sonra ərizə yazaraq öz xahişi ilə işdən çıxmışdır. Ərizəsində də konkret tarix göstərmişdir. Buna görə də həmin gün əmək müqaviləsinə xitam vermişlər. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Şərqi Zəngəzur Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Laçın rayonu 42 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimliyinə işə qəbul edilmişdir; - İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, 1993-cü ildən pedoqoji fəaliyyətlə məşğuldur. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir; xx.xx.2024-cü il tarixində keçirilən təkrar sertifikatlaşmadan keşməyən təhsilverənlərin siyahısından görünür ki, İddiaçı sertifikatlaşmadan keçə bilməmişdir; - İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2024-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir; - İşdən azad edilmə barədə xx.xx.2024-cü il tarixli, 11 nömrəli əmrin surətindən görünür ki, Laçın rayonu 42 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xx.xx.2024-cü il tarixində xitam verilmişdir; - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam bildirişi Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi əsasında xx.xx.2024-cü il tarixində imzalanmışdır; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh Şərqi Zəngəzur Təhsil İdarəsi mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 1993-cü il tarixdən pedoqoji fəaliyyətlə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixindən Laçın rayonu 42 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi kimi çalışmışdır. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, öz ərizəsi əsasında xitam verilmişdir. Hazırda iddiaçı 1 ay xəbərdarlıq müddəti gözləmədən əmək müqaviləsinə xitam verildiyini əsas gətirərək, işə bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Qanunvericiliklə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsi). Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydaları nəzərdə tutulmuşdur. Həmin maddənin 1-5-ci hissələrinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işəgötürən tərəfindən, əmək müqaviləsinə xəbərdarlıq müddəti gözləmədən xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Belə ki, qeyd edilən əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizəsində göstərmişdirsə, həmin gün də əmək müqaviləsinə xitam verilir. Hazırki iş üzrə iddiaçının işdən çıxma barədə ərizəsindən görünür ki, o, məhz işdən çıxmaq istədiyi tarixi, yəni xx.xx.2024-cü il tarixi qeyd etmiş və həmin tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Belə olan təqdirdə həmin hal işçinin işdən çıxmaq təşəbbüsü üzrə subyektiv hüququnun reallaşdırılması olaraq qiymətləndirilməlidir. Belə ki, iddiaçı bir ay ərzində işə geri qayıtma tələbini cavabdeh qarşısında irəli sürdüyünü bildirsə də, o, ərizəsində əmək münasibətlərinə xitam verilməsini istədiyi tarixi qeyd etdiyindən, işəgötürən də məhz həmin tarixdən əmək müqaviləsinə xitam verilməsini rəsmiləşdirmişdir. Bununla da iddiaçı, 1 ay müddətində xəbərdarlıq müddəti gözlənilməklə əmək müqaviləsinə xitam verilməsini tələb etmək hüququnu itirmişdir. Həmçinin iş materiallarından, eləcə də tərəflərin izahatlarından görünür ki, iddiaçı attestasiyadan müvəffəqiyyətlə keçə bilməmişdir. Bu isə öz növbəsində işdən çıxma barədə ərizənin iddiaçı tərəfindən verilmə motivasiyasının nədən ibarət olmasını göstərir. İddiaçı cavabdeh təşkilat tərəfindən işdən çıxma barədə ərizəni yazmağa məcbur edildiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə vurğulayır ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi prosesində işəgötürən tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi iş materialları ilə təsdiq edilmir. İşəgötürən iddiaçının ərizəsində qeyd etdiyi tələbi sadəcə olaraq rəsmiləşdirmişdir. Nəzərə alınmalıdır ki, əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur (Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndi). Beləliklə, məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilmədiyindən və iddiaçının irəli sürdüyü hallar sübuta yetirilmədiyindən iddianın təmin edilməsi mümkün deyildir. Həmçinin məhkəmənin qənaətinə görə, iddiaçının işə bərpa edilmə ilə bağlı iddia tələbi əsassız sayıldığı üçün məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələbi də əlavə hüquqi qiymət verilmədən təmin edilməməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar