Məhkəmə qərarları › İş №2(005)-375/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-375/2021

03.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-375/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçılar İddiaçı1 nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilin cavabdeh tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onlar əvvəllər rəsmi nikaha daxil olaraq ər-arvad olmuş, daha sonra Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(005)-158/2017 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nərimanov rayonu, A.Neymətulla küçəsi 54 saylı evin 2 saylı mənzilinin bağışlanmasına dair İddiaçı2 ilə Cavabdeh arasında 9 saylı notariat kontorunda xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 4Ə-632 reyestr nömrəli «Daşınmaz əmlakın bağışlanması» müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küçəsi 47 saylı evin 6 saylı mənzilinin 2/3 hissəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər İddiaçı2 və Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(103)-5100/2018 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin bağışlanmasına dair İddiaçı2 ilə Cavabdeh arasında 9 saylı notariat kontorunda 20 avqust 2015-ci il tarixdə bağlanmış 40-632 reyestr nömrəli «Daşınmaz əmlakın bağışlanması» müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nərimanov rayonu A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küçəsi 47 saylı evin 6 saylı mənzilinin 1/2 hissəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı şəhəri 9 saylı notariat ofisinin xx xxxxxxx 2019-cu il tarixli «Elektron notariat» X1 çıxarışa əsasən, İddiaçı2 ilə Cavabdeh arasında həmin notariat ofisində xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 4Ə-632 reyestr nömrəli «Daşınmaz əmlakın bağışlanması» müqaviləsi etibarsız hesab edilərək elektron notariat sistemində onun hüquqi qüvvəsinə xx xxx 2017-ci il tarixdə xitam verilmişdir. Daha sonra, həmin mənzil, yəni Bakı şəhəri Nərimanov rayonu A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzili iddiaçıların adına qeydiyyata alınmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li xx xxxxxx 2019-cu il tarixli və RX seriyalı, ******* №-li xx xxxx 2019-cu il tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ların surətlərindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 mülkiyyətindədir. Göründüyü kimi Bakı şəhəri Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzili iddiaçıların birgə mülkiyyətindədir. Lakin cavabdehin təqsiri ucbatından iddiaçılar öz mülkiyyətlərində olan mənzilə sahiblik etmək, ondan istifadə etmək imkanlarından məhrumdurlar. Belə ki, yuxarıda qeyd olunan məhkəmə qətnamələrinə əsasən, mübahisəli mənzilin cavabdehin mülkiyyətinə keçməsinə dair bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə baxmayaraq, Cavabdeh hələ də öz qanunsuz hərəkətlərini davam etdirərək mənzili iddiaçıların istifadəsinə qaytarmaqdan imtina edir. Hazırda mənzil onun sahibliyində və istifadəsindədir, mənzilin açarı da ondadır. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən İddiaçı2 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, yazılı ərizə təqdim edərək, mübahisəli mənzil obyekt kimi işlənilir və həmin mənzil RX seriyalı, ******* saylı qüvvədə olan çıxarışa əsasən, onun mülkiyətindədir. Bundan başqa həmin mənzildən onun mülkiyyətində, MA seriyalı ******* saylı qüvvədə olan çıxarışa əsasən 43.7 kv/m olan zirzəmiyə yol acılmışdır və mənzilin ayrılmaz hissəsi olmuşdur. RX seriyalı, ******* saylı çıxarışı qüvvədədir. Bu çıxarış qüvvədə olduğu üçün mübahisəli mənzildən çıxarıla bilməz. Belə ki, zirzəmiyə açılmış yol həmin mənzildəndir. Həmin mənzilin sahəsi 30 kv/m artırılmışdır və o da mülkiyətindədir. Bunları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1971-ci il tarixdə Azərbaycan Respublikası, Yevlax şəhərində anadan olmuş İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadır; xx.xx.2012-ci il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1974-cü il tarixdə Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuş İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-158/2017 saylı qətnaməsinin surətinə əsasən İddiaçı1 cavabdehlər İddiaçı2 və 9 saylı notariat kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsinə dair mülki iş qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 34 saylı evin, 2 saylı mənzilin bağışlanmasına dair İddiaçı2 ilə Cavabdeh arasında 9 saylı notariat kontorunda xx.xx.2015-ci il tarixdə bağlanmış 4Ə-632 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 34 saylı evin, 2 saylı mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 47 saylı evin, 6 saylı mənzilinin 2/3 (üçdə iki) hissəsinə İddiaçı1 mülkiyyət hüququ tanınmış, “Toyota Hilux” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən satılmasından əldə edilmiş 25.000 (iyirmi beş min) manat və "Dodge Durango" markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2015ci il tarixli müqaviləyə əsasən satılmasından əldə edilmiş 30.000 (otuz min) manat, cəmi 55.000 (əlli beş min) manat məbləğində pulun (üçdə iki) 2/3 hissəsi, yəni 36.666 (otuz altı min altı yüz altmış altı) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı2 tutularaq İddiaçı1 verilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-5100/2018 saylı qətnaməsinin surətinə əsasən İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş şikayət qismən edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin bağışlanmasına dair İddiaçı2 ilə Cavabdeh arasında 9 saylı notariat kontorunda xx.xx.2015-ci il tarixdə bağlanmış 4Ə- 632 reyestr nömrəli "Daşınmaz əmlakın bağışlanması" müqaviləsi etibarsız, hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, A Nemətulla küçəsi 34 saylı evin 2 saylı və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 47 saylı evin 6 saylı mənzillərinin hissəsinə İddiaçı1 mülkiyyət hüququ tanınmış, “Toyota Hilux" markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2015ci il tarixli müqaviləyə əsasən satılmasından əldə edilmiş 25 000 (iyirmi beş min) manat və "Dodge Durango" markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən satılmasından əldə edilmiş 30.000 (otuz manat, cəmi 55.000 (əlli beş min) manat pul məbləğində pulun 1/2 hissəsi, yəni 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı2 tutularaq İddiaçı1 verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-6565/2018 saylı Qərarı ilə İddiaçı1, həmçinin İddiaçı2 və Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-5100/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 34, 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 2373 nömrəli reyestr kitabının 220965 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır, İddiaçı2 ½ hissə, İddiaçı1 ½ hissə payı ayrılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 34, 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 2373 nömrəli reyestr kitabının 220965 nömrəli vərəqində xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır, İddiaçı2 ½ hissə, İddiaçı1 ½ hissə payı ayrılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 34 nömrəli qeyri-yaşayış sahəsi (zirzəmi) xüsusi mülkiyyət hüququ kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 6986 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə tam mülkiyyət hüququ kimi Cavabdeh adına qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 34, 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2373 nömrəli reyestr kitabının 220965 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə tam mülkiyyət hüququ kimi Cavabdeh adına qeydiyyata alınmışdır; “Elektron notariat” X1 çıxarışdan görünür ki, notariat hərəkətinin məzmunu “ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 41.4 kv/m, yaşayış sahəsi 32 kv/m plan 2 otaqlı mənzilin tam mülkiyyət on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) ”Hədiyyə alanın” mülkiyyətinə verir(lər), Hədiyyə verən İddiaçı2 (tam hissə, 41,4 kv/m, 2 otaq) Hədiyyə alan Cavabdehdur, müqavilənin məbləği: tərəflər bağışlanan daşınmaz əmlakı 55000 manat 00 qəpik (əlli beş min manat, sıfır qəpik) məbləğində qiymətləndirilmiş, yüklülük barədə məlumat: Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx/xx/2015-ci il tarixli, qeydiyyat nömrəsi 11/1625 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır” məzmunu olan ərizə Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən xx.xx.2017-ci il tarixdə xitam verilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 34, 2 nömrəli mənzili hazırda İddiaçı2 ½ hissə, İddiaçı1 ½ hissə payı olmaqla iddiaçıların mükiyyətindədir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-5100/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə, Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 34 saylı evin 2 saylı mənzilinin bağışlanmasına dair İddiaçı2 ilə Cavabdeh arasında "Daşınmaz əmlakın bağışlanması" müqaviləsi etibarsız hesab edilərək Bakı şəhəri, Nərimanov rayonu, A Nemətulla küçəsi 34 saylı evin 2 saylı və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 47 saylı evin 6 saylı mənzillərin ½ hissəsinə İddiaçı1 mülkiyyət hüququ tanınmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-6565/2018 saylı Qəqaqı ilə dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə tərəflər arasında məhkəmə mübahisələri olmuş, yuxarıda qeyd olunmuş qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Digər tərəfdən, tərəflərin izahatları, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 47 saylı evin 6 saylı mənzil hazırda cavabdehin istifadəsindədir. Göründüyü kimi, mübahisəli yaşayış sahəsi iddiaçların paylı mülkiyyətində olmasına baxmayaraq, cavabdeh qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçılar mənzilin boşaldaraq onlara təhvil verməsi və həmin mənzildən çıxarılmalarını tələb etsə də, cavabdeh əmlakı boşaltmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı hər hansı hüquqi əsas olmadan cavabdehin mənzildən istifadə etməsi iddiaçıların öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılara aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar