Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3750/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi , Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi , İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdeh X5 qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilin, eləcə də “OPEL ASTRA” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mərhum X3 ½ payına münasibətdə İddiaçı1 çatası 1/6 payın, İddiaçı2 çatası 1/6 payın (miras əmlakın) müəyyən olunması, həmin əmlaklara dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, anaları X14 05 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. X3 mülkiyyətində ataları Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanındakı 42 saylı mənzil, eləcə də “OPEL ASTRA” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi, eləcə də ünvan 2 ünvanındakı 4 saylı mənzil olmuşdur. İddiaçılar tərəfindən müvafiq ərizələrlə Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusuna müraciət edilərək, mərhum anaları X8 miras qalmış əmlaklara dair vərəsəlik hüquqlarını təsdiq edən şəhadətnamələrin verilməsinin təmin edilməsi xahiş edilmişdir. 06 iyul 2021-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən anaları mərhum X10 mülkiyyətində olan ünvan 2 ünvanındakı 4 saylı mənzilə dair idiaçıların hər birinə 1/6 hissədə pay almalı olmaqlarına dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələri verilmişdir. İddiaçı hesab edirlər ki, ünvan 1 ünvanındakı 42 saylı mənzilin, eləcə də “OPEL ASTRA” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh mülkiyyətində olmasına baxmayaraq, sözügedən əmlaklar birgə nikah dövründə əldə edildiyindən, həmin əmlakların analarına məxsus ½ hissəsi miras kütlə payına aiddir. Buna görə də, adıçəkilən daşınar və daşınmaz əmlakın ½ payına münasibətdə İddiaçı1 çatası 1/6 payın, İddiaçı2 çatası 1/6 payın (miras əmlakın) müəyyən olunması, həmin əmlaklara dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiaya qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisə predmetini təşkil edən mənzil mərhum arvadı X14 ilə birgə nikah dövründə əldə edilməsinə baxmayaraq birgə vəsait hesabına əldə edilməmiş, lakin avtomobilin bölünməsinə etiraz etməmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin mərhum həyat yoldaşı ilə nikahları 12.11.1988-ci ildə rəsmiləşdirilmişdir. Lakin iddia ərizəsində qeyd edilən ünvan 4 ünvanındakı 42 saylı mənzil birgə təsərrüfat və qazancla əldə edilməmişdir. Belə ki, 1983-cü ildə Sabunçu rayonu, Sabunçu qəsəbəsində cavabdehə məxsus torpaq sahəsi olmuşdur və o, 1984-cü ildə həmin torpaq sahəsində 4 otaqlı ev tikmişdir. Cavabdeh həmin evdə, yəni, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsində, döngə 5, 20 saylı evdə 22.05.1984-cü ildən qeydiyyatda olmuşdur. Həyat yoldaşı, mərhum X14 isə 1988-ci ildə, yəni cavabdehlə nikahdan sonra həmin ünvana qeydiyyata düşmüşdür. Həmin dövrdə ünvan 5rədə müvafiq qeydiyyat aparılmışdır. Adıçəkilən ev 1995-ci ildə cavabdehin adına özəlləşdirilmişdir. 23.12.1995-ci il tarixi 1 MA 17 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə 29000000 manat məbləğinə satılmış, həmin tarixdə, yəni 23.12.1995-ci il tarixdə Bakı şəhəri 3 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 23.12.1995-ci il tarixli 3M-a-85 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə hazırki mübahisə predmeti olan mənzil 17000000 manat məbləğinə alınmışdır. Bununla da, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 1 ünvanında yerləşən 42 saylı mənzil birgə qazanc hesabına əldə edilməmişdir, ona görə də birgə mülkiyyət hesab oluna bilməz. Eyni zamanda mülkiyyətində olan “OPEL ASTRA” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə iddia ilə razılaşaraq bildirir ki, adıçəkilən daşınar əmlak həqiqətən birgə nikah dövründə, birgə qazanc hesabına əldə edilmişdir. Həmin hissədə iddiaya etirazı yoxdur. Göstərilənləri nəzərə alaraq, cavabdeh iddianın ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilə aid hissədə rədd edilməsi, “OPEL ASTRA” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X6 ifadəsində bildirdi ki, Cavabdeh qardaşıdır. Həqiqətən də, 1980-ci illərdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində özünə məxsus torpaq sahəsinin bir hissəsini qardaşı almışdır, o da həmin torpaq sahəsində 1984-cü ildə ev tikdirmiş və qardaşı Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsində, döngə 5, 20 saylı evdə qeydiyyatda olmuşdur. 1988-ci ildə mərhum X14 ilə nikaha daxil olmuşlar, həmin vaxt cavabdehin həyat yoldaşı həmin evə köçmüşdür. 1995-ci ildə adıçəkilən ev satılaraq, mübahisə predmeti olan mənzil əldə edilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X15 ifadəsində bildirdi ki, cavabdehlə əvvəllər Sabunçu rayonunda qonşu olmuşdur. Belə ki, o, 1978-ci ildən Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşamışdır. Cavabdeh bu tarixdən də əvvəl onun evi ilə qonşuluqda torpaq sahəsi olmuşdur. 1984-cü ildə isə cavabdeh həmin torpaq sahəsində özünə ev tikdirmişdir. Tikinti prosesində də, daha sonra 1988-ci ildə cavabdehlə mərhum X14 ilə toyunda da iştirak etmişdir. Cavabdehin sonralar həmin evi satıb, mübahisə predmeti olan mənzili əldə etdiyini eşitmişdir. Lakin bu hadisənin hansı tarixdə baş verdiyini dəqiq bilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Qax rayon qeydiyyat şöbəsinin 27 may 2021-ci il tarixli, AZ-İİ № 175296 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 05.12.2020-ci il tarixdə vəfat etmişdir; “Elektron Notariat” X2 vasitəsilə “X9” AQİS-dən çıxarışdan görünür ki, X14 ilə Cavabdeh arasında 12.11.1988-ci il tarixdə, Qax rayon qeydiyyat şöbəsi tərədindən İV-JQ seriyalı 487066№-li nikah şəhadətnaməsi verilmiş, bu barədə 196 №-li akt qeydi aparılmışdır; Bakı şəhəri Lenin rayon qeydiyyat şöbəsi tərəfindən verilən 15 may 1990-cı il tarixli, XV-ЖГ seriyalı №293655 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx xxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum aktları kitabında 15 may 1990-cı il tarixdə 611№ ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X12r; Bakı şəhəri Lenin rayon qeydiyyat şöbəsi tərəfindən verilən 31 iyul 1991-ci il tarixli, XV-ЖГ seriyalı №486954 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum aktları kitabında 31 iyul 1991-ci il tarixdə 1109 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X12r; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 iyun 2021-ci il tarixli, **********85 №-li məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzil Cavabdeh mülkiyyətindədir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin 28 may 2021-ci il tarixli, ***-*******21 №li məktubundan görünür ki, “OPEL ASTRA” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil 04.03.2019-cu il tarixdən Cavabdeh adında qeydiyyatdadır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən 06 iyul 2021-ci il tarixdə verilən 06 iyul 2021-ci il tarixli, 2V-510 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən 05.12.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi – qızı İddiaçı1dır və o miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 6 ünvanında yerləşən 4 saylı mənzildən ibarətdir; 06 iyul 2021-ci il tarixli, 2V-509 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən 05.12.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi – qızı İddiaçı2dır və o miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 6 ünvanında yerləşən 4 saylı mənzildən ibarətdir; Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyət Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 avqust 2021-ci il tarixli, 1/235 №-li məktubundan görünür ki, nümayəndəlikdə mövcud ev kitablarına əsasən, Cavabdeh 22.05.1984-cü il tarixdən 25.01.1996-cı il tarixədək ünvan 8 ünvanda qeydiyyatda olmuşdur. X14 isə 27.12.1988-ci il tarixdən 25.01.1996-cı il tarixədək həmin ünvanda qeydiyyatda olmuşdur; Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 66851№-li Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 5, 20 saylı yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında 29 səhifədə 4336 qeydəalma 30/4336 № ilə 24.06.1995ci il tarixdə qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 16 avqust 2021-ci il tarixli 05/01-İ-51113 saylı məktubu ilə təqdim edilmiş 23 dekabr 1995-ci il tarixli İ-M-A-17 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, döngə 5 ünvanında yerləşən 20 saylı yaşayış evini 29000000 manat müqabilində X1; 23 dekabr 1995-ci il tarixl 3M-A85 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin surətindən görünür ki, Cavabdeh ünvan 10 ünvanında yerləşən 42 saylı mənzili 17000000 manat ödəyərək X4 əldə etmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən seriya MA, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil №42 Cavabdeh xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1146 nömrəli reyestr kitabının 103951 nömrəli vərəqində qeydiyyata alınmışdır; Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə X14 12.11.1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan onların iki övladları; X11 xx xxxxx 1990-cı il tarixdə və İddiaçı1 xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuşlar. Həmçinin müəyyən edildi ki, Cavabdeh ilə X14 birgə nikah dövrlərində ünvan 1 ünvanında yerləşən 42 saylı mənzili, eləcə də “OPEL ASTRA” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. X14 05.12.2020ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra birinci dərəcəli dərəsələri iki övladı və həyat yoldaşı qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1159.1.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1322-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 aprel 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Vərəsəlik hüququ daha çox ailə münasibətləri ilə əlaqəlidir. Konstitusiyanın 34-cü maddəsində nikah hüququ, o cümlədən ər ilə arvadın hüquqlarının bərabərliyi təsbit olunmuşdur. Ailə Məcəlləsinin 29.1-ci maddəsində isə ər və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olmaları müəyyən edilmişdir. Bununla yanaşı, Ailə Məcəlləsinin 32-ci maddəsində nikah dövründə əldə edilən daşınmaz və daşınar əmlakın kim tərəfindən əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Öz növbəsində, Mülki Məcəllənin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, ailə və mülki qanunvericiliyi ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakı onların ümumi mülkiyyəti hesab edir. Beləliklə müəyyən olundu ki, mübahisəli əmlaklar Cavabdeh ilə mərhum X10 birgə nikahda olduqları müddətdə əldə edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən əmlak onların birgə nikahları müddətində əldə edildiyindən onların birgə ümumi mülkiyyətidir. Beləliklə, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzil və “OPEL ASTRA” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi 05 dekabr 2020-ci il tarixdə vəfat edən X8 miras qalmış əmlaka daxil edilməlidir. Nəticədə mübahisə predmeti olan əmlakın 1/6 hissəsinə İddiaçı1, 1/6 hissəsinə İddiaçı2 miras payı müəyyən edilməli, onlara həmin paya müvafiq olaraq yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilin və “OPEL ASTRA” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə münasibətdə İddiaçı1 1/6 hissədə və İddiaçı2 1/6 hissədə payı (miras əmlak) müəyyən olunsun. Həmin paylara müvafiq olaraq qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3750/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3750/2021
15.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver