Məhkəmə qərarları › İş №2(005)-3781/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3781/2023

06.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3781/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komisiyyasının nümayəndəsi X7, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X3, Maraqlı şəxs3 nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Maraqlı şəxs3 maraqlı şəxslər qismində cəlb edilməklə “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Fatimə adlı qızın doğum faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin verdiyi məlumata əsasən. xx.xx.2022-cı il tarixdə Uşaq X1 Rayon Polis İdarəsinin 17-cı PB-nın əməkdaşları tərəfindən təxminən 2 yaşlı qız uşağı (adı şərti olaraq Fatimədir) yerləşdirilmişdir. Azyaşlının yerləşdirmə səbəbi kimsəsiz və baxımsız olduğu, eləcə də, 17.08 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan vətəndaş X5 ərizə ilə Nərimanov RPİ-nin 17-ci PB-nə müraciət edərək bildirmişdir ki. onun yaşadığı mənzilə əvvəllər tanımadığı özünü İlhamə kimi təqdim edən şəxsin 07.08 2022-cı ıl tarixdən təxminən 2 yaşlı qız uşağının baxımsız vəziyyətdə ünvana qoyaraq çıxıb getməsi, uşağın qayğıya ehtiyacını və eləcədə onun baxımsız olduğu bildirilmişdir. 6 aydan çoxdur ki, Fatimə sığınacaqdadır, reabilitasiyası başa çatmış və onun dövlət müəssisəsinə yerləşməsinə zərurət yaranmışdır. XXX Fatimə XXX Nərimanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının himayəsindədır. Lakin Fatimənin müvafiq qaydada dövlət uşaq müəssisəsinə yerləşdirilməsi doğum haqqında şəhadətnamənin mövcud olmadığına görə mümkün olmamışdır. Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 29 03.2023-cü il tarixli, 528 qeydiyyat nömrəli məktubunda Fatimə barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxıl edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış doğum haqqında akt qeydi aşkar edilmədiyi qeyd olunmuşdur. Məhkəmə iclasında ərizəçi Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komisiyyasının nümayəndəsi X10 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs3 nümayəndəsi Nümayəndə uşağın doğum haqqında şəhadətnaməsinin olmadığına görə Agentlik tərəfindən götürülməsi və övladlığa götürmək istəyən şəxslər olduqda onların himayəsinə verilməsinin mümkün olmadığını bildirdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X8 uşağın yaşını müəyyən etmək üçün doğum tarixi qeyd olunmuş doğum haqqında şəhadətnamənin əldə edilməsinin uşağın mənafeləri ilə bağlı bir sıra hərəkətlərin edilməsi üçün zəruri olduğunu bildirərək müvafiq akt qeydinin aparılması üçün məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin və maraqlı şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi tərəfindən “Azərbaycan Uşaqları” İctimai Birliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, xx.xx.2022ci il tarixdə Nərimanov rayonu Ə. Əliyev küçəsi ev 7 mən. 31-də qeydiyyatda olan və yaşayan vətəndaş X6 ərizə ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, onun yaşadığı mənzilə əvvəllər tanımadığı özünü İlhamə kimi təqdim edən şəxsin 10 gün əvvəl azyaşlı təxminən 2 yaşlı qız uşağının baxımsız vəziyyətdə ünvana qoyaraq çıxıb getməsi və hal hazırda uşağın qayğıya ehtiyacı və eləcədə onun baxımsız olmasını əsas götürərək sığınacağa yerləşdirilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri əsas götürərək az yaşlı uşağın birliyə qəbul edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. - “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubda xx.xx.2022-ci il tarixdə Nərimanov rayon 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən təxminən 2 yaşlı qız uşağının kimsəsiz və baxımsız qaldığı üçün Azərbaycan Uşaqları İctimai X11-Reinteqrasiya Mərkəzinə yerləşdirildiyi və uşağın valideynlərinin axtarılması ilə bağlı köməklik göstərilməsinin xahiş olunduğu qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli müəssisəyə olan valideyn himayəsindən məhrum olmuş uşağın digər müəssisəyə yerləşdirilməsinə dair qərardan görünür ki, valideyn himayəsindən məhrum olmuş təqribi 3-4 yaşı olan Fatimə adlı uşağın “Azərbaycan Uşaqları” İctimai X11-Reinteqrasıya Mərkəzini tərk edərək Bakı şəhəri Xətai rayonu Lütfi Zadə 38 ünvanında yerləşən 3 saylı Uşaq Evinə yerləşdirilməsinin təmin edilməsi; Qərarın bir nüsxəsinin icra olunması üçün Azərbaycan Respublikasının Bakı Şəhəri icra Hakimiyyətinə və “Azərbaycan Uşaqları” İctimai X11- Reinteqrasiya Mərkəzinə göndərilməsi; Qərarın icrasına nəzarətin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdirinə (Cavid Şahmalıyevə) tapşırılması qərara alınmışdır. - Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komisiyyasına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, xx.xx.2020-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü Fatimənin doğumu barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxıl edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının : 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. 4.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsinə görə, övladlığa götürməyə yalnız uşağın doğumu vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alındıqdan sonra və yalnız məhkəmənin Azərbaycan Respublikası MPM-nin 345-351-ci maddələrində nəzərdə tutulan müddəalara əsasən xüsusi icraat qaydasında uşağın övladlığa götürülməsinə dair işə baxaraq qətnamə çıxarılmasından sonra yol verilir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.19-1-ci bəndinə əsasən tibb müəssisəsindən kənar uşağı tapan şəxsin məlumatı əsasında ərazi polis orqanı dərhal uşağın tapılması vaxtını, yerini və şəraitini əks etdirən sənəd (akt, protokol) tərtib edərək uşağı ərazi üzrə müvafiq tibb müəssisəsinə yerləşdirməli, eyni zamanda uşağın tapılması haqqında sənədi təqdim etməklə, 2 iş günü müddətində Komissiyaya məlumat verməlidir. Müvafiq məlumat daxil olduqdan sonra Komissiya doğumun dövlət qeydiyyatına alınması üçün 5 iş günü müddətində uşağın tapılması haqqında sənədi, yaşı və cinsi barədə tibbi arayışı, habelə ona veriləcək ad, ata adı və soyad barədə qəyyumluq orqanının razılığını və ya göstərişini qeydiyyat şöbəsinə təqdim etməlidir. Bu halda doğum haqqında akt qeydinin valideynlər haqqında məlumatlar hissəsi bu Qaydanın 2.19-cu bəndinin ikinci abzasında nəzərdə tutulmuş qaydada yazılır. 2-19-cu bəndinə əsasən ...Bu halda doğum haqqında akt qeydinin valideynlər haqqında məlumatları əks etdirən 11-19-cu qrafaları doldurulmur, uşağın atılması və valideynlərinin məlum olmaması göstərilir. Doğum haqqında akt qeydində Komissiyanın müraciəti (nömrə, tarix, məzmun) barədə qeydlər aparılır. 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Mülki iş materiallarından müəyyən olunur ki, Fatimə adlı uşağı tapan polis orqanı müəyyən edilmiş qaydada uşağı “Azərbaycan Uşaqları” İctimai Birliyinə təqdim etmiş, bundan sonra uşaq İctimai X11-Reinteqrasiya Mərkəzinə göndərilmiş və İctimai Birliyin xx.xx.2023-cü il tarixli qərarı ilə uşağın 3 saylı Uşaq Evinə yerləşdirilməsi qərara alınmışdır. Lakin doğum haqqında şəhadətnamənin və doğum akt qeydinin olmaması səbəbindən uşağın mənafeyinə xidmət edən bir sıra hərəkətlərin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə gələcəkdə uşağın övladlığa götürülməsinin onun doğumu vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alındıqdan sonra mümkün olacağı və qeydiyyat orqanının müvafiq qeyd barədə məlumatları bazada aşkar etməməsini nəzərə alaraq ərizənin təmin edilməsini və uşağın doğumunun qeyd edilmə faktının müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Fatimə adlı qadın cinsli uşağın xx.xx.2020-ci il tarixində doğulması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XXX Fatimə XXX adlı qadın cinsli uşağın xx.xx.2020-ci il tarixində doğulması faktı müəyyən edilsin. Bu barədə doğum haqqında şəhadətnamənin verilməsi Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar