Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3792/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və kirayə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və kirayə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Koorperativi ilə bağladığı 30 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən onun ödədiyi 44.000 (qırx dörd min) manat məbləğində mənzilin təhvil verilməsi və mənzil vaxtında ona təhvil verilmədiyi üçün 2019-cu ilin sonundan bu günə qədər kirayədə yaşamaq üçün çəkdiyi 10 000 (on min) manat xərc əvəzinin kompensasiya olaraq cavabdeh “ŞANS" Mənzil Tikinti Koorperativindən tutularaq ona ödənilməsi barədə qəlnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı “ŞANS" Mənzil Tikinti Koorperativi ilə 30 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən “ŞANS" MTK-ya məxsus yaşayış binasının mansard mərtəbəsində yerləşən sahəsi 110 km olan sahənin müqabilində o, “ŞANS" MTK –ya 44 000 (qırx dörd min) manat məbləğində pul ödəməli idi. Cavabdeh MTK-nın 30.09.2019-cu il tarixli maliyyə arayışına əsasən həmin məbləği ŞANS" MTKya tam ödəmişdir. Lakin məbləği tam ödəməyinə baxmayaraq hələ də müqavilə üzrə aldığı mənzil ona təhvil verilməmişdir. Halbuki MTK-dan ona bildirmişdilər ki, mənzil 2019-cu ilin sonunda təhvil verilməlidir. İddiaçı onlara müraciət etdikdə isə hər dəfə ona üç ay ərzində mənzilin təhvil veriləcəyi bildirilmişdir. Lakin artıq 2 ilə yaxındır ki, gözləyir. Bu müddət ərzində o, kirayədə yaşayır. 2019-cu ilin sonundan bu günə qədər kirayədə yaşamaq üçün o, 10 000 (on min) manat xərc çəkmişdir. Onun isə bu kirayə haqqını ödəməyə artıq gücü çatmır. İddiaçı hər ay kirayə üçün 500 manat məbləğində kirayə haqqı ödəyir. Cavabdeh “ŞANS" Mənzil Tikinti Koorperativi hələ də mənzili ona təhvil vermir və o, hələ də kirayədə yaşamağa məcburdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış 30.09.2019-cu il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən “ŞANS" MTK-ya məxsus yaşayış binasının mansard mərtəbəsində yerləşən sahəsi 110 km olan sahəni mülkiyyətinə verməyi, payçı isə, həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdəsinə götürür: (1-ci bənd). Göstərilən sahə 1/0 kv.m-dən ibarətdir (2-ci bənd). Sahənin ümumi dəyəri 44000 manatdır (3-cü bənd). Cavabdeh 30.09.2019-cu il tarixli 30/05 №-li maliyyə arayışından görünür ki, İddiaçı Cavabdehnə məxsus N.Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi 36 ünvanda tikilməkdə olan yüksəkmərtəbəli yaşayış binasının, mansard mərtəbəsində mərtəbəsində yerləşən, sahəsi 110 m2 olan sahənin dəyərini qalıq olmadan 100 % ödəmişdir. Cavabdeh üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 30.09.2019-cu il tarixli 30/09 №-li protokoldan görünür ki, İddiaçı “ŞANS" MTK-nın üzvlüyünə qəbul edilmişdir. Vətəndaş İddiaçı razılıq yolu ilə “ŞANS" MTK-ya məxsus ünvan 2 ünvanda inşa edilən yaşayış binasında mansard mərtəbəsində mərtəbəsində yerləşən, sahəsi 110 m2 düşməsi təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı-payçı arasında bağlanmış 30.09.2019-cu il tarixli müqaviləyə əsasən “ŞANS" MTK ünvan 3 ünvanında MTK tərəfindən inşa edilən binanın mansard mərtəbəsində mərtəbəsində yerləşən 110 m2 sahəni payçı İddiaçı, yəni onun mülkiyyətinə verməyi, o, isə qabaqcadan müəyyənləşdirilmiş sahənin haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 3-cü bəndinə əsasən mənzilin ümumi dəyəri 44000 (qırx dörd min manat) AZN müəyyən olunmuşdur. Mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş və onun kooperativə borcu yoxdur. Məhkəmə hesab edir ki, ünvan 4 ünvanda inşa edilən yaşayış binasında mansard mərtəbəsində mərtəbəsində yerləşən, 110 m2 olan sahəyə İddiaçı tərəflər arasında bağlanmış müqavilə əsasında tələb hüquqları yarandığından, həmçinin İddiaçı tərəfindən müqavilə öhdəliyi olan mənzilin dəyərinin tam həcmdə ödənildiyi nəzərə alınaraq onun qeyd edilən mənzilə mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir; 113.1-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. İddiaçı cavabdeh tərəfi müqavilə üzrə dəyərini tam ödədiyi ünvan 1 ünvanında yerləşən “ŞANS" MTK-ya məxsus yaşayış binasının mansard mərtəbəsində yerləşən sahəsi 110 km olan sahənin təhvil verilməməsi və bu səbəbdən kirayə qalıb əlavə xərclər çəkməsində günahlandırır.Cavabdeh tərəf isə qeyd edilənlərə münasibətdə iddiaçının müraciətlərinə heç bir cavab verməmiş, həmçinin məhkəmə çağırışlarına gəlməyərək iddia ərizəsinə heç bir münasibət bildirməmişdir. İşin mübahisəsiz halı odur ki, cavabdeh tərəfindən tərtib edilmiş maliyyə arayışı ilə İddiaçı MTK qarşısında heç bir borc öhdəliyinin olmadığını təsdiqləmişdir. Bununla da tərəflər arasında bağlanmış 30.09.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı icra edilməmiş öhdəliyi qalmadığı müəyyən edilir və bu halda İddiaçı öz öhdəliklərini tam həcmdə icra etdiyindən cavabdehdən müqavilə üzrə öhdəliklərinin icrasını tələb etməkdə haqlıdır. Göründüyü kimi “ŞANS" MTK müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, Cavabdeh MTK ilə bağlanmış 30 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı sahəsi 110 kv.m olan mənzilin (mansard) təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İddiaçını digər tələbi mənzilin vaxtında ona təhvil verilməməsi səbəbindən üçün 2019-cu ilin sonundan bu günə qədər kirayədə yaşamaq üçün çəkdiyi 10000 (on min) manat xərc əvəzinin kompensasiya olunaraq ona ödənilməsidir. Məhkəmə iddia tələbinin bu hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kiaryədə yaşaması barədə məhkəməyə əsaslı sübutlar təqdim edə bilməmiş, iddia tələbini bu hissədə sübuta yetirə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh MTK ilə bağlanmış 30 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı sahəsi 110 kv.m olan mənzil (mansard) təhvil verilməsi Cavabdeh üzərinə qoyulmalı, qalan hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK ilə bağlanmış 30 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı sahəsi 110 kv.m olan mənzilin (mansard) təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3792/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3792/2021
11.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver