Məhkəmə qərarları › İş №2(005)-3796/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3796/2024

04.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3796/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh, X10, X7, X4, X17, X11, ünvan 4 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ünvan 4 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri 1 saylı Ərazi idarəsi tərəfindən ********** nömrəli çıxarış verilmişdir. X6 ilə keçmiş gəlini arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Belə ki, keçmiş gəlini nikah pozulduqdan sonra övladları ilə birlikdə ona məxsus mənzildən qeydiyyatdan çıxacaqlarını bildirsə də, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdırlar. Asan Xidmət tərəfindən verilən ******* №-li arayışa əsasən məlum olmuşdur ki, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X19. xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X24, xx.xx.2016-cı il təvəllüdlü X1 mənzildə pasport qeydiyyatındadırlar. Bu isə mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Sözügedən mənzildə cavabdehə məxsus heç bir əşya qalmayıb, cavabdeh nikah pozulduqdan sonra övladları ilə birlikdə Türkiyə Respublikasına köçərək orada yaşayır, artıq onun ailə üzvü sayılmır. Cavabdeh onun övladları illər əvvəl ona məxsus mənzilə dair istifadə hüquqlarını itirmişlər, bu səbəbdən onların istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, mənzil əvvəlcə onun ərinə məxsus olmuşdur, ərinin vəfatından sonra onun mülkiyyətinə keçmişdir. Oğlu ailə qurduqdan sonra onun mənzilinə köçərək orada yaşamış və gəlini uşaqları ilə birlikdə qeydiyyata düşmüşlər. Onların 5 uşağı vardır. 2018-ci ildən boşanmışlar və həmin vaxtdan da gəlini onların evindən köçüb Türkiyə Respublikasına getmiş, orada da yenidən ailə qurmuşdur. Yeni nikahdan 2 uşağı da olmuşdur. Əvvəl nəvələrinin istifadə hüquqlarına xitam verilməsini istəsə də, sonradan fikrindən daşınmış, yalnız gəlninin istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3050/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsindən görünür ki, X18 ilə X5 arasında xx.xx.2007-ci il tarixdə Zərdab rayonu VVADQ şöbəsində 187 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X23, xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X24 və xx.xx.2016-cı il təvəllüdlü X15 iddiaçı X2 yanında saxlanılması qət edilmişdir; - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X2 nikahları Nərimanov Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2018-ci il tarixdə pozulmuşdur; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 (Yeni qaydalarla: AZ 1008, ünvan 1ddiaçı adına 4/5 hissədə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır; - Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli, 001098 saylı arayışından görünür ki, Qarabağ küçəsi, 22 saylı evin, 9-cu mərtəbəsindəki, 61.9 kv.m sahəsi olan, 4 otaqlı, 32 saylı mənzildə Cavabdeh daimi qeydiyyatdadır; - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Zərdab şəhəri, R.Kərimov küçəsi, dalan 6, ev 1 -də, xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadır; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, iddiaçı onun qonşusudur. Özü 2000-ci ildən eyni ünvanda yaşayır. Onların gəlini olan Pərvanəni tanıyırdı. İddiaçının oğlu Pərvanə ilə evlənəndən sonra ora köçüblər, lakin 7-8 ildir ki, onu görmür. Evdə iddiaçı yaşayır; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, iddiaçı onun bacısıdır. Özü Bakıda yaşayır. Pərvanə iddiaçının gəlini olub, lakin 7-8 ildir ki onu görmür. Evdə bacısı oğlu ilə yaşayır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının gəlini olmuşdur və 2007-ci ildə iddiaçının oğlu ilə ailə qurduqdan sonra əvvəlcə iddiaçının ərinin mülkiyyətində olan, onun vəfatından sonra isə iddiaçının mülkiyyətinə keçmiş ünvan 4 ünvanında yerləşən mənzildə yaşamağa başlamış və həmin mənzilə qeydiyyata düşmüşlər. 2018-ci ildə nikahları pozulmuş və cavabdeh həmin mənzildən köçmüşdür. Hazırda iddiaçı cavabdehin onun mənzilində qeydiyyatda qalmasının onun mülkiyyət hüquqlarını məhdudlaşdırmasına əsaslanaraq, cavabdehin istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia - neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Hazırki iş üzrə tərəflər arasında münasibətlər 2007-ci ildən sonra yarandığından mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edilərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən olunmuşdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrinin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu N.S.Cəbrayılovanın şikayəti üzrə 2 dekabr 2010-cu il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Qeyd olunan maddələrin məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən görünür ki, mənzil və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Hazırki iş üzrə cavabdeh mübahisəli mənzildə yaşadığı dövrdə mənzilin mülkiyyətçisi tərəfindən notarial qaydada təsdiq olunmuş razılıq verilməmiş, beləliklə, onun mübahisəli mənzildən istifadə hüququ yaranmamaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin iddiaçının izahatına və şahid ifadələrinə, eləcə də elektron məhkəmə informasiya sistemində əks olunmuş sərhədkeçmə və ailə tərkibi məlumatlarına əsasən, cavabdeh nikah pozulduqdan sonra mübahisələndirilən mənzili tərk etmiş, Türkiyə Respublikasına köçmüş və yenidən ailə qurmuşdur. Bu hallar isə cavabdehin mübahisələndirilən mənzillə hər hansı bir bağlılığının qalmamasını təsdiq edir. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Şəxsin yaşayış sahəsində yaşamadan, həmin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan cavabdehin uzun müddətdir ki mülkiyyətçi ilə birgə mübahisələndirilən mənzildə yaşamaması təsdiq olunduğundan, həmçinin onun Mülki Məcəllənin 228-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada istifadə hüququ mövcud olmadığından mübahisəli yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. O da qeyd edilməlidir ki, iddiaçı cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etsə də, hazırki halda tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə istifadə hüququna xitam deyil, istifadə hüququnun itirilməsi kontekstində araşdırılmalıdır. Belə ki, cavabdehin mənzildən istifadə hüququnun mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Cavabdeh ünvan 4 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Qətnamə Cavabdeh ünvan 4 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 4 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə Cavabdeh ünvan 4 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar