Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-380/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh1, onun vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabadeh X6 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla mübahisəli ünvan 1 ünvanındakı özbaşına tikiliyə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəlldülü X2 anadan olmuşdur. Əvvəllər münasibətləri yaxsı olsa da, bir müddətdən sonra cavabdeh X7 ilə münasibətlər korlanmış və o, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bunun səbəbi cavabdehlərin ailəyə laqeyd münasibəti teztez münaqişələr yaratması olmuşdur. Əlavə olunmuş Nərimanov Rayon Məhkəməsinin 2(005)-1923/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh2 Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin qətnamə də cavabdehin tərəfindən icra edilməmiş və 1360 manat borcu yaranmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehlər Cavabdeh1 və X1 onu artıq bir neçə aydır ki övladları ilə birlikdə evdən çıxarmış və onu bir daha evə buraxmamışlar. O, da azyaşlı övladları ilə birlikdə ata evinə köçmək məcburiyyətində qalmışdır. Halbuki, onun cehiz əşyaları da həmin evdə olmaqla orada yaşamaq hüququ var. Qeyd edir ki, mübahisəli ünvan 1 ünvanındakı fərdi yaşayış ev özbaşına tikili olmaqla 2014-cü ildə 40 000 manata alınmış həmin pulun 5000 ABŞ dollarını atası vermişdir. Hətta ev alındıqdan sonra atası öz şəxsi vəsaiti ilə təmirə də 2000 manat yaxın pul xərcləmişdir. Hazırda o, və övladlarının hüquqlarının cavabdehlər tərəfindən pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gündəlik istifadə etdiyi əşylarını evdən götürsə də, iri əşyalar - mebellər evdə qalmışdır və onların cavabdehlər tərəfindən hər an məhv edilməsi təhlükəsi var. Həmin əşyalar aşağıdakılardır: Yataq dəsti (şkaf yataq termo) - 1 ədəd; Qonaq otağı dəsti (stol stullar qorka və s) - 1 ədəd. Qeyd edilənləri nəzərə alaraq, onun yetkinlik yaşına çatmayan övladları da birlikdə mübahisəli ünvan 1 ünvanındankı evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, yetkinlik yaşına çatmayan övladları ilə birlikdə mübahisəli ünvan 1 ünvanındankı evə daxil olarkən soldan ikinci otağa köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdi və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 və onun vəkili X9 ayrı-ayrılıqda iddia tələbinin əsassız olduğunu bildirərək iddianı rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında Şahid Sucəddin oğlu şahid qismində ifadə verərək bildirmişdir, iddiaçının atasıdır, qızı 2014-cü il tarixdə ailə qurmuş, cavabdehlərin mübahisəli evi almağa pulu olmadığından o, “Accessbank”dan 5000 manat borc götürmüş və onlara ev almaq üçün vermişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1923/2020-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh2 Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) alimentin tutulması, aliment məbləğinin 20.04. 2020-ci il tarixdən etibarən hesablanılması və qətnamənin dərhal icra edilməsi qərara alınmışdır. İş materiallarında olan 5 saylı “Asan xidmət” mərkəzi şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu tarixli AZ-T 066507 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 Vüsal qızı xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan 1 saylı “Asan xidmət” mərkəzi şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu tarixli AZ-T 080653 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş nikahın bağlanması haqqında arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə 1279 N-li akt qeydi ilə Cavabdeh1 və İddiaçı nikahı qeydə alınmışdır. Nikah bağlandıqdan sonra tərəflərə İskəndərov, İskəndərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanındankı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər nikah münasibətindədir, iddiaçı gəlin köçdüyü və yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə hazırki iş üzrə mübahisənin həll olunması üçün aşağıdakı maddi hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə və evdən istifadə qaydasının müəyyən olunması tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1--ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, tərəflər ailə qurduqdan sonra iddiaçı köçdüyü və yaşadığı ev özbaşına tikili olduğundan, iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə iddiaçının həmin fərdi yaşayış evinə köşürülməsi üçün əsaslar görmür və küçürülməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-380/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-380/2021
02.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver