Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3823/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı müəyyən müddətə yaşamaq hüququnun saxlanması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzildən (Yeni qaydalarla: AZ 1008, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, 37, M3, m.1) əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1008, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, 37, M3,m.1) mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının keçmiş gəlinidir və hal-hazırda həmin ünvanda yaşamır. İddiaçı dəfələrlə cavabdehə ona məxsus evin təhvil verilməsi və evin boşaldılması ilə bağlı müraciət etsə də, cavabdeh indiyə qədər evdən çıxmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin mənzili təhvil verməməsi iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Cavabdehin halhazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən hesab edirlər ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlərin həmin mənzilə istifadə hüququ olmadığından, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı mənzili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsində onun azyaşlı övladıyla 10 il müddətinə yaşamaq hüququnun tanınması, həmin ünvanda mənzilə artırılmış 50 kv.m özbaşına tikilmiş sənədsiz otağa onun azyaşlı övladıyla birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 12 iyun 2020-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşlar. Rəsmi nikahdan 23 yanvar 2023-cü il təvəllüdlü X2 adlı oğulları anadan olmuşdur. Ailə quran zaman və bir müddət sonra münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Hazırda aralarında böyük narazılıqlar vardır, cavabdeh nikahın pozulması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. O, nikahın pozulmasının əleyhinədir və istəmir. Həyat yoldaşının anası və bacısı onları yaşamağa imkan vermir və nəyin bahasına olursa-olsun onları ayırmağa çalışırlar. Cavabdeh halhazırda oğluyla birgə yaşadıqları ünvan 3 mənzildən onları çıxarmaq istəyir. Onun yaşamağa yeri yoxdur. Azyaşlı körpə oğluyla harada yaşayacağını bilmir. Yuxarıda göstərilən mənzilin qabaq hissəsində otağın və mətbəxin qabaq hissəsində 50 kv.m-dən çox sənədsiz qaydada tikili aparılmışdır və onun cehiz əşyalarının bir hissəsi həmin sənədsiz evə yığılmışdır. Təbriz küçəsi, ev 56, 6 saylı mənzilə artırılmış 50 kv.m. iki otaq özbaşına inşa olunub, cavabdehin özbaşına tikilmiş sənədsiz otaqlar üzərində mülkiyyət hüququ yoxdur, o isə evi zəbt etməmişdir, həmin evə gəlin köçmüşdür və ev onun da yaşayış yeri olub. Onun hansı müddətdə evdə yaşamasının işin düzgün həlli üçün əhəmiyyəti yoxdur. Əsas odur ki o, həmin evdə yaşamışdır və bu gün də azyaşlı övladıyla, cehiz əşyalarıyla birlikdə yaşayır. Cavabdeh olan qaynanasının həmin ünvanda 2 mənzili var və digər mənzildə yaşayır. Məhkəmə iclasında iştirak edən ikin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzil mülkiyyət hüququ ilə ilkin iddia üzrə iddiaçıya məxsusdur və xx.xx.2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində xüsusi mülkiyyət hüququ ilə ilkin iddia üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının keçmiş gəlinidir və halhazırda həmin ünvanda yaşamır. Cavabdehə ona məxsus evin təhvil verilməsi və evin boşaldılması ilə bağlı müraciət etsə də, cavabdeh indiyə qədər evi boşaltmamışdır. Sözügedən mənzil köhnə 5 mərtəbəli binada yerləşir. Orada artırma vardır. Lakin həmin artırma iddiaçı evi aldıqda var idi. Orada heç bir qanunsuz artırılma aparılmayıb. Hamısı texniki pasportda əks olunub. Birgə nikah zamanı mənzildə heç bir artırma olmayıb. Cavabdeh uzun müddətdir ki, həmin mənzildə yaşamır, amma əşyaları oradadır. Cavabdeh həmin mənzilə dair heç bir hüququ yoxdur. İlkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, əvvəlki iclasda artırmanın nikah dövründə edildiyini düşünsə də, sonradan dəqiqləşdirmiş və məlum olmuşdur ki, cavabdeh gəlin gəldikdən sonra artırma olmamışdır. Lakin cavabdeh həmin artırma olan qeyri-qanuni tikiliyə gəlin köçmüş və əşyalarını ora yerləşdirmişdir. Hazırda cavabdehin başqa yaşayış yeri yoxdur. Cavabdeh ailədə mübahisə yarandıqdan sonra evdən getmişdir. Hazırda atasının evində yaşayır. Lakin evinə qayıtmaq istəyir. Hazırda mübahisələndirilən evə gedib-gəlir. İlkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hər iki tərəfin izahatlarını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, ilkin iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 6 (yeni qaydalarla; AZ1008, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2445/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında 12 iyun 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 49 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2023-cü il təvəllüdlü X1 anası Cavabdeh ilə qalmasının müəyyən edilməsi qət edilmişdir; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir; - İş materiallarına əlavə edilmiş (ilkin iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş) CD diskdən görünür ki, cavabdehə məxsus cehiz əşyaları mənzilin artırılmış hissəsinə yerləşdirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı oğlu ilə, Cavabdeh xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra onlar iddiaçıya, yəni qaynanasına məxsus mübahisələndirilən mənzildə yaşamışlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-2445/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçı cavabdehin mənzildən istifadə hüququnun mövcud olmamasına əsaslanaraq, onun mənzildən çıxarılmasını xahiş edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək, başqa yaşayış yeri və qazancı olmadığına istinad edir və 10 il müddətinə mənzildə yaşamaq hüququnun saxlanmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İllkin iddia üzrə cavabdeh mübahisələndirilən mənzilə 2020-ci ildə köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş üzrə ilkin iddia üzrə cavabdeh isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində ilkin iddia üzrə iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Qeyd olunduğu kimi, hazırkı iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. İş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçının övladı ilə ilkin iddia üzrə cavabdeh xx.xx.2020-ci il tarixdə ailə qurmuşdurlar və iddiaçıya məxsus olan mənzilə köçərək orada yaşamışdırlar. Nikah xx.xx.2024-cü il tarixli qətnamə ilə pozulsa da, cavabdeh mənzildə yaşamağa davam edir. Halbuki ilkin iddia üzrə cavabdehin mübahisələndirilən mənzildən istifadə hüququ mövcud deyildir. Belə ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Hazırki işdə isə belə hallar mövcud deyildir. Qarşılıqlı iddia üzrə iddiaçının mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün mənzildən hər hansı müddətə istifadə hüququnun müəyyən edilməsi üçün zəruri olan şərtlərə formal yanaşılmamalı, mülkiyyət hüququnun toxunulmazlığı və qorunmasının vacibliyi nəzərə alınmaqla işin diqqətə layiq bütün halları ətraflı araşdırılmalıdır. Nəzərə alınmalıdır ki, bu hüququ yalnız mülkiyyətçinin ailə üzvü və ya keçmiş ailə üzvü həyata keçirə bilər. Qarşılıqlı iddia üzrə iddiaçı isə mənzilin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. O, mülkiyyətçinin deyil, onun oğlunun keçmiş ailə üzvü hesab olunur. Bu baxımdan qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətçidən mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanmasını tələb etmək hüququna malik deyildir. Qarşılıqlı iddia üzrə iddiaçının mənzilin özbaşına tikilmiş hissəsinə gəlin gəlməsi, qarşılıqlı iddia üzrə cavabdehin həmin hissəyə hər hansı bir hüququnun olmaması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə CD disk təqdim edərək, cehiz əşyalarının mənzilin sonradan artırılmış balkon (otaq) hissəsinə yerləşdirildiyini, həmin sahənin əvvəlcədən mövcud olduğunu, sənədsiz olduğundan qarşılıqlı iddia üzrə iddiaçının orada yaşamaq hüququnun olduğunu bildirmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh isə həmin sahənin 2016-cı ildə mənzil alınarkən mövcud olduğunu, texniki pasportda öz əksini tapdığını bildirmişdir. Mənzilin sonradan artırılmış hissəsinin nikahdan əvvəl tikildiyi işin mübahisələndirilməyən halı olduğundan və həmin mənzil qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olduğundan, məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının dəlillərini əsassız hesab edir. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması müəyyən edilmir. Qarşılıqlı iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. İlkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan mənzildə yaşaması və iddiaçının tələb etməsinə baxmayaraq, mənzili boşaldaraq ona təhvil verməməsi sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. İddiaçının tələb hüququ, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisəli mənzil ilkin iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, ilkin iddia üzrə cavabdehin isə mövcud vəziyyətdə mənzildən istifadə hüququ olmadığından ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməli, ilkin iddia üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzildən (Yeni qaydalarla: AZ 1008, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, 37, M3, m.1) əşyaları ilə birlikdə çıxarılmalı və mənzil boşaldılaraq ilkin iddia üzrə İddiaçı təhvil verilməlidir. İlkin iddia üzrə ödənilmiş 100 manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzildən (Yeni qaydalarla: AZ 1008, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, 37, M3, m1) əşyaları ilə birlikdə çıxarılsın və mənzil boşaldılaraq ilkin iddia üzrə İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı müəyyən müddətə yaşamaq hüququnun saxlanması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş 100 (yüz) manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3823/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3823/2024
11.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver