Məhkəmə qərarları › İş №2(005)-3824/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3824/2023

14.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3824/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “əmək haqqına əlavənin və yol xərcinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “əmək haqqına əlavənin və yol xərcinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə 15 sentyabr 2018-ci ildən 21 oktyabr 2019-cu ilə qədər (13 ay) iddiaçıya H2 üzrə ödənilməli olan, lakin ödənilməmiş 1300 manat (13 ay x 100 manat) əmək haqqına əlavənin, 390 manat (13 ay x 30 manat) yol xərcinin və işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan 50 manat ilkin mediasiya sessiyası xərcinin, cəmi 1740 (min yeddi yüz qırx doxsan) manat vəsaitin ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edib, Kürdəmir rayonu Cəlal Cavadov adına Ərşəli kənd orta məktəbinə müddətsiz müqavilə əsasında işə qəbul olunmuşdur. 15 sentyabr 2018-ci ildən 21 oktyabr 2019-cu ilə qədər həmin məktəbdə biologiya müəllimi işləmişdir. 21 oktyabr 2019 tarixində başqa işə keçməyi ilə əlaqədar, iki rəsmi işdə işləyə bilməyəcəyi üçün iddiaçı məcbur olub məktəbdən öz ərizəsi ilə ayrılmalı olmuşdur. Ərşəli kənd orta məktəbində işlədiyi müddətdə ona H1 üzrə həvəsləndirmə tədbiri tətbiq edilib (H1-rayon mərkəzindən 3 km-dən 20 km-ə, H2 isə 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub). Belə ki, cavabdeh AR Elm və Təhsil Nazirliyi (bundan sonra cavabdeh) tərəfindən iddiaçıya rayon mərkəzindən Ərşəli kəndinə qədər məsafənin 20 km olduğu bildirilib. Buna əsasən 120 manat olan əmək haqqına 60 manat əlavə edilib və iddiaçıya hər ay cəmi 180 manat əmək haqqı ödənilib. Sonradan iddiaçı araşdırma aparmış (Bakı-Ələt-Qazax-Gürcüstan avtomagistralı üzərindəki kilometri göstərən yol nişanları və "Google maps" platforması vasitəsilə) və Kürdəmir rayonundan Ərşəli kəndinə qədər məsafənin 20 km-dən artıq olduğunu müəyyən etmişdir. Araşdırmalarına əsasən cavabdehə müraciət edərək ona H2 üzrə həvəsləndirmə tədbirinin tətbiq edilməsini istəmişdir. Cavabdeh Y-l 1078/09-24 saylı, 27 avqust 2019 tarixli imtina məktubunda bildirib ki, “Ərşəli kəndi rayonun mərkəzindən 20 km məsafədə yerləşir, ona görə də həmin məktəbə təyin edilmiş gənc müəllimlərə birinci istiqamət üzrə həvəsləndirmə tədbirləri tətbiq edilməlidir.” (cavab məktubunun surəti 4 əlavə edilir). Bundan sonra məsafənin rəsmi müəyyən edilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etmişdir. Sorğuya cavab olaraq verilən Y-3/02-6587 saylı, 04 sentyabr 2019 tarixli cavab məktubunda yolun 21 km olduğu təsdiqini tapıb. Belə ki, cavab məktubunda qeyd edilib ki, “M-2 Bakt-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan istifadə etməklə Kürdəmir rayon mərkəzindən Ərşəli kəndinə gediş məsafəsi 21 km, Ərşəli kəndindən geriyə Kürdəmir rayon mərkəzinə qayıtmaq üçün məsafə yolda ayırıcı zolaq olduğundan geriyə dönmə yerindən istifadə etməklə əlavə 5 km məsafə nəzərə alınmaqla 26 km təşkil edir” (cavab məktubunun surəti əlavə edilir). Cavab məktubu ilə birgə cavabdehə yenidən müraciət etmişdir. Cavabdeh qurumdan iddiaçıya şifahi olaraq bildirilib ki, AAYDA-ya sorğu ünvanlanıb, ölkə üzrə bütün məktəblər üçün məsafələr üzrə yenidən siyahı tərtib olunacaq və həvəsləndirici məbləğ yenidən hesablanaraq veriləcək. Lakin sonradan ona məlum olub ki, yuxarıda adı çəkilən məktəbdə gənc müəllimlərə həvəsləndirici tədbir əvvəlki qaydada verilir, heç bir dəyişiklik baş verməyib. İddiaçı 15 sentyabr 2018-ci ildən 21 oktyabr 2019-cu ilə qədər Kürdəmir rayonu Cəlal Cavadov adına Ərşəli kənd orta məktəbində bilogiya müəllimi kimi çalışarkən yarım stavka (6 saat) dərs yükü üçün aylıq əmək haqqısı 120 manat, 111 üzrə kompensasiya və əmək haqqına əlavə (stimullaşdırıcı tədbirlər) ilə əmək haqqısı 180 manat olub. Halbuki, Kürdəmir rayonunun mərkəzindən Ərşəli kənd orta məktəbinə qədər məsafə 20 km-dən artıq olduğu üçün iddiaçıya H2 üzrə həvəsləndirmə tədbiri (əmək haqqına əlavə və yol xərci) tətbiq edilməli idi. Odur ki, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. İddiaçı 15 sentyabr 2018-ci ildən 21 oktyabr 2019-cu ilə qədər Ərşəİi kənd orta məktəbində bilogiya müəllimi kimi çalışarkən yarım stavka (6 saat) dərs yükü üçün aylıq 120 manat əmək haqqı almışdır. H1 üzrə kompensasiya ilə əmək haqqı vergilər çıxılandan sonra 180 manat olub. İddiaçı bildirir ki, hər gün Kürdəmir rayon mərkəzindən ictimai nəqliyyatla (kənddən keçən mikroavtobuslarla) Ərşəli kəndinə gedib-gəlmiş, gündəlik 2 manat olmaqla, ayda 25-30 manat yol xərci çıxıb. İddiaçıya yol xərci ödənilməyib, yol xərcini əmək haqqından ödəmişdir. İddiaçı 13 ay həmin məktəbdə çalışmışdır. Aldığı cüzi əmək haqqının çoxu yol və kommunal xərclərə gedib, gündəlik xərclər üçün çox az məbləğ qalıb, digər ehtiyaclarını isə ümumiyyətlə ödəyə bilməmişdir. AAYDA-nın rəsmi cavab məktubuna baxmayaraq, cavabdeh qanunvericiliklə haqqı olan pulu iddiaçıya verməmək üçün rayon mərkəzindən kənd məktəbinə qədər olan məsafəni 21 km olmasını qəbul etmək istəmir. Halbuki, AAYDA-nın cavab məktubu ilə təsdiq olunur ki, Kürdəmir rayon mərkəzindən Ərşəli kəndinə gediş məsafəsi 21 km, Ərşəli kəndindən geriyə Kürdəmir rayon mərkəzinə qayıtmaq üçün məsafə yolda ayırıcı zolaq olduğundan geriyə dönmə yerindən istifadə etməklə əlavə 5 km məsafə nəzərə alınmaqla 26 km təşkil edir. Lakin cavabdeh yenə də bu faktı görməzdən gələrək iddiaçının hüquqlarını pozub. Cavabdehin qanunsuz olaraq iddiaçıya əmək haqqına əlavə və yol xərcini ödəməməsi nəticəsində mübahisənin həlli üçün iddiaçı mediasiya təşkilatına müraciət etməli olmuş, ilkin mediasiya sessiyası üçün 50 manat ödəməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq iş üzrə İddiaçı Cavabdehnə qarşı “əmək haqqına əlavənin ödənilməsi” tələbinə dair iddiasının müddət tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı Cavabdehnə qarşı “əmək haqqına əlavənin ödənilməsi” ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi o, Kürdəmir rayonu, Ərşəli kənd tam orta məktəbinə müddətsiz müqavilə əsasında işə qəbul olunmuşdur. 15 sentyabr 2018-ci ildən 21 oktyabr 2019-cu ilə qədər həmin məktəbdə biologiya müəllimi işləmişdir, işlədiyi müddətdə ona H1 (rayon mərkəzindən 3 km-dən 20 km-ə) üzrə həvəsləndirmə tədbiri tətbiq edilib. Lakin iddiaçının mövqeyinə görə, işlədiyi kənd tam orta məktəbi rayon mərkəzindən 21 km məsafədə yerləşir. Ona görə də, onun işlədiyi müddətdə H2 həvəsləndirmə tətbiq olunmalı idi. Qeyd edilən əsasla həmin dövr üçün ümumilikdə Elm və Təhsil Nazirliyindən onun xeyrinə 1740 manat tutulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2018 - xx.xx.2019-cu illərdə işlədiyi müddətin əmək haqqına əlavənin verilməsini tələb edir. Lakin, o, 2022-cü ilin mart ayında mediasiya təşkilatına, 2023-cü ildə isə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının 2019-cu ildə dövlət orqanlarına müraciətinin cavablarından görünür ki, ona 2019-cu ildə əmək hüquqlarının pozulduğu məlum olmuşdur. Lakin, həmin dövrdə pozulmuş hüquqlarının bərpasını mübahisələndirməmiş və nəticədə iddiaçı müddət buraxmaqla məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf hesab edir ki, iddiaçının tələbi Azərbaycan Respublikası qanunvericiliyinin normalarına əsasən təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğunu bildirib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X2 izahatında iddiaçının işlədiyi kənd tam orta məktəbinin rayon mərkəzindən 24 km məsafədə yerləşdiyini qeyd edərək mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 16 mart 2022-ci il tarixli X3 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 (əlli) manat ödəniş etmişdir. İş materiallarında olan AR Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2019-cu il tarixli, Y-11078/09-24 nömrəli məktubdan məlum olur ki, Ərşəli kəndi Kürdəmir rayonunun mərkəzindən 20 km məsafədə yerləşir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2019-cu il tarixli, Y-3/02-6587 nömrəli məktubdan məlum olur ki, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan istifadə etməklə Kürdəmir rayon mərkəzindən Ərşəli kəndinə gediş məsafəsi 21 (iyirmi bir) km, Ərşəli kəndindən geriyə Kürdəmir rayon mərkəzinə qayıtmaq üçün məsafə yolda ayırıcı zolaq olduğundan geriyə dönmə yerindən istifadə etməklə əlavə 5 (beş) km məsafə nəzərə alınmaqla 26 (iyirmi altı) km təşkil edir. İş materiallarında olan "xxxx" ASC "xxxx" MMC tərəfindən Kürdəmir rayon Təhsil şöbəsinə ünvanlanan 07 mart 2017-ci il tarixli, 37 №-li məktubdan müəyyən olunur ki, Kürdəmir rayon mərkəzindən Ərşəli kəndinə qədər məsafə gediş üçün 22 km, geri qayıtmaq məsafəsi avtomobil yolunda arakəsmələrin qoyulması ilə əlaqədar Sığırlı kəndindən dönüb qayıtmaqla 26 km təşkil edir. Məhkəmədə müəyyən edilir ki, iddiaçı Kürdəmir rayonu Cəlal Cavadov adına Ərşəli kənd orta məktəbinə müddətsiz müqavilə əsasında işə qəbul olunmuşdur. Ərşəli kənd orta məktəbində işlədiyi müddətdə ona H1 üzrə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məktubundan müəyyən etmişdir ki, ona H2 üzrə həvəsləndirmə tədbiri tətbiq edilməlidir. Hazırda iddiaçı məhkəmədə onu mübahisələndirir ki, H2 üzrə həvəsləndirmə tədbirinin tətbiq edilməməsi nəticəsində ona ödənilməmiş 1300 manat əmək haqqına əlavənin, 390 manat yol xərcinin ödənilməsini xahiş edir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 1-ci bəndinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə iddiaçının əmək haqqına ödənilməli olan əlavələrin və yol xərcinin ödənilməməsi ilə əlaqədar cavabdehin hərəkətsizliyinin qanuniliyi yoxlanılmalıdır. Göründüyü kimi, Kürdəmir rayon mərkəzindən Ərşəli kəndinə qədər məsafə gediş üçün 22 km, geri qayıtmaq məsafəsi avtomobil yolunda arakəsmələrin qoyulması ilə əlaqədar Sığırlı kəndindən dönüb qayıtmaqla 26 km təşkil etməsi barədə "xxxx" ASC 21 nömrəli Yol İstismarı MMC tərəfindən Kürdəmir rayon Təhsil şöbəsinə edilmiş sorğu cavablandırılmışdır. Lakin iddiaçıya əmək haqqına əlavələr və yol xərci hesablanarkən, “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarında qeyd olunmuş qaydada müvafiq ödəmələr cavabdeh tərəfindən həyata keçirilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.1-ci, 296.2-ci, 296.4-cü maddələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 27 avqust 2019-cu il tarixindən cavabdehin gənc müəllimlərə birinci istiqamət üzrə həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi barədə cavab məktubundan məlumatlı olsa da, məhkəməyə əmək haqqına ödənilməli olan əlavənin, yol xərcinin ödənilməsi tələbi ilə yalnız xx.xx.2023-cü il tarixdə, qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddətini buraxmaqla müraciət etmişdir. Bununla bağlı olaraq məhkəmə iş üzrə ən mühüm hal kimi qeyd edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı əmək haqqına əlavənin və yol xərcinin ödənilməsinə dair iddia verməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxması onun tələbinin rədd edilməsi qənaətinə gəlinməsi üçün əsas kimi qəbul edilir. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək haqqına əlavə və yol xərcinin ödənilməsini tələb etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia tələbi ilə bağlı iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “əmək haqqına əlavənin və yol xərcinin ödənilməsi” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar