Məhkəmə qərarları › İş №2(005)-3833/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3833/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3833/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə xx xxxxxxx 2020-ci il tarixdə daxil olmuş iddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Dağıstan Gömrüyü Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 879.356,65 (səkkiz yüz yetmiş doqquz min üç yüz əlli altı rubl altmış beş qəpik) rubl məbləğində ödənilməmiş gömrük rüsumları və cərimənin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı Dağıstan Gömrüyünün iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı Dağıstan Gömrüyünün iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığına görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 83-cü maddəsinə əsasən: 83.1. işə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə, müvafiq məhkəməyə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır; 83.2. məhkəmə tapşırığı haqqında qərardadda baxılan işin mahiyyəti qısa şərh edilir, aydınlaşdırılmalı hallar, tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutlar göstərilir. 83.3. məhkəmə tapşırığı haqqında qərardad onu icra edən məhkəmə üçün məcburidir və qərardad alındığı gündən sonra 10 gün müddətindən gec olmayaraq yerinə yetirilməlidir. 83.4. Rayon məhkəmələrinin başqa dövlətin məhkəmələrinə göndərdiyi tapşırıqlar “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 91-ci maddəsinə müvafiq olaraq həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən məlum olur ki, hazırkı iddia ərizəsi ilə bağlı iddiaçı Dağıstan Gömrüyü ilk növbədə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməli idi və yalnız bundan sonra işə baxan məhkəmə sübutlar toplamaq lazım gəldiyi təqdirdə, müvafiq məhkəməyə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsilə müəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır. Lakin iddiaçı Dağıstan Gömrüyü müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmədən birbaşa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia tələbi ilə bağlı müraciət edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 456.1. Azərbaycan Respublikasının məhkəmələri Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrilə müəyyən edilmiş qaydada xarici məhkəmələrin ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqlarını icra edirlər (bildirişlərin və başqa sənədlərin verilməsi, tərəflərdən izahatlar, şahidlərdən ifadələr, ekspertlərdən rəy alınması, yerində müayinə aparılması və s.); 456.6. Azərbaycan Respublikası məhkəmələri ilə xarici məhkəmələr arasındakı münasibətlər Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə müəyyən edilir. Beləliklə, iddiaçı Dağıstan Gömrüyü tərəfindən yuxarıda göstərilənlər tələblər nəzərə alınmadıgından məhkəmə hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməli və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsilə iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsilə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar