Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3833/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “mənzil növbəliyinin qanunsuz pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin onun mənzil növbəsinə və ailə tərkibinə uyğun olaraq Bakı şəhəri, Nərimanov rayon ərazisində (F.Yusifov (40) 196) "xxxx" MMC tərəfindən (payçılıq yolu ilə) ona verilən mənzillərdən birində 2 otaqlı mənzillə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyində Hüquqşünas və Az. GƏC-in Məclis Katibi vəzifələrində işləyir. İctimai Birliyin bütün əhəmiyyətli tədbirlərində eləcə də, hüquqi müstəvidə aidiyyəti dövlət qurumlarında təmsilçi qismində çıxış etmiş və sözü gedən qurum tərəfindən gözdən əlili vətəndaşlar üçün bu günə qədər icra olunmuş bütün layihələrdə heç bir təmənna güdmədən iştirak edərək yaxından dəstək verən şəxs olmuşdur. Cavabdeh uzun illərdir maliyyə çətinliyinə görə işçilərinə əmək haqqı ödəmir, lakin iddiaçı yenə də orada işləyir və Cəmiyyətdə gözdən əlil insanlara xidmət göstərir. Bütün ümidi əmək haqqı almadığı nəzərə alınaraq heç olmasa mənzil növbəsinə uyğun mənzillə təmin edilməsi olmuşdur. O, işlədiyi 13 ilə yaxın bir zaman kəsiyində Cavabdehdən yalnız minimum əmək haqqı almış, son 5 il ərzində isə ona əmək haqqı qismində maliyyələşmə dayandığı üçün aylıq olaraq yalnız 100-150 AZN civarında pul ödənilmişdir. Çox böyük çətinliklə 15.07.2011-ci il tarixdə Nərimanov rayon İcra Hakimiyyətinin 320 saylı sərəncamı ilə iş yeri üzrə Azərbaycan Gözdən Əlillər Cəmiyyətində mənzil növbəsinə götürülmüş, mənzil növbəsinə iki nəfər ailə özünü (özü və bacısı) olaraq götürülmüşdür. Bacısı Səlimova (Məmmədova) Səkinə Həsən qızı İİ dərəcəli gözdən əlildir. Mənzil növbəsinə götürüldüyü zaman bacısının övladı yox idi. Hal-hazırda o, tənha anadır və bir övladı (19.07.2013 təvəllüdlü X10) vardır. T. Səlimov anası ilə birlikdə qalır. Halhazırda mənim mənzil növbəsində ailə tərkibi 3(üç) nəfərdən (özü, bacısı və bacısının oğlu) ibarətdir. Cavabdehin sifarişi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Nərimanov rayon ərazisində (F. Yusifov 40 (196) ünvanda) tikilmiş yaşayış binası 2016-cı ildə istismara verilmişdir. Binada mənzillərin paylanması zamanı Azərbaycan Gözdən Əlillər Cəmiyyəti , ƏƏSMN və Bakı şəhəri üzrə bütün rayon İcra Hakimiyyətlərinin nümayəndələri ilə mənzil Komissiyası yaradılmışdır. Mənzil Komissiyasında Cavabdeh tərəfindən iddiaçının mənzil növbəsi nəzərə alınmamış lakin mənzil növbəsi kobud şəkildə pozularaq qeyri-qanuni yolla kənar şəxslərə eləcə də, onun mənzil növbəsindən sonrakı şəxslərə mənzil verilməsi üçün müvafiq siyahı tərtib olunaraq Komissiyaya təqdim olunmuş və bu siyahıya uyğun olaraq da həmin şəxslərə mənzil verilməsi qərara alınmışdır. Bundan başqa onun mənzil növbəsi yuxarıda da göstərildiyi kimi 15.07.2011-ci il tarixdə, məndən sonra dayanan X2 isə mənzil növbəsi 05.07.2017-ci il tarixə təsadüf etdiyi üçün o iş yeri üzrə mənzil növbəsində 77-ci K. Mürsəliyeva isə 78-ci olmuşdur. Lakin K. Mürsəliyeva mənzil növbəsinə uyğun olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təqdimatı ilə Cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən mənzillə təmin olunur. Cavabdeh ilə "xxxx" MMC arasında Cavabdehə məxsus ərazidə mənzil növbəsində dayanan Cəmiyyət işçiləri və gözdən əlil üzvlər üçün yaşayış binalarının tikilməsi barədə 27.01.2015-ci il tarixli müqavilə imzalanır. Müqaviləyə əsasən investor qismində "xxxx" MMC (Az. GƏC-ə yəni) Cavabdehə məxsus ərazidə (Nərimanov rayonu F. Yusifov 196 (40) ünvanında) satış üçün yaşayış binaları tikir və bu yaşayış binalarından 35 bir, 35 iki 5 ədəd bir otaqlı yaşayış mənzillərini Cavabdehin növbədə duran üzvləri və işçilərinə paylanması üçün verir. Bu müqaviləyə uğun olaraq Bakı şəhər İcra Hakimiyyətinin 22.08.2016-cı il tarixli 351 saylı sərəncamı ilə Cavabdehə məxsus torpaq sahəsində (Nərimanov rayonu F. Yusifov 196 (40) ünvanında) mənzil növbəsində olan vətəndaşlar üçün yaşayış binalarının tikilməsinə icazə verilmişdir. Artıq sözügedən müqavilə üzrə bir bina tikilib başa çatdırılmış və buradan bir neçə mənzil Cavabdehin istismarına verilmişdir. Layihə üzrə 5 ədəd yaşayış binasının tikilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda digər binaların tikintisi aparılır. Lakin Cavabdehə hər müraciətimdə binaların 2023-cü ildə başa çatdırılacağı və yalnız o zaman Mənzil Komissiyası yaradılaraq mənzillərin paylanılacağı bildirilir. Halbuki, Cavabdeh (Az. GƏC) "xxxx" MMC və Nərimanov rayon İcra Hakimiyyətində İİ dərəcəli gözdən əlil kimi Mənzil növbəsində olan X11 ilə üçtərəfli şəkildə bağlanmış 08.12.2017-ci il tarixli 6506025-200040 saylı müqaviləyə əsasən Cavabdehin göstərişi ilə Nərimanov rayonu F.Yusifov 40 ünvanda inşa edilmiş 2 saylı binanın 13-cü mərtəbəsində ümumi sahəsi 102.5 m2 61 saylı mənzil X8 verilmişdir. Müqavilədə mənzilin Cavabdehin payı hesabına verilməsi nəzərdə tutulur. Digər tərəfdən “Sevin M" MMC nədənsə mənzil növbəsində olmayan İ dərəcəli gözdən X5 Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi 3166 məhəllədə inşa edilən 5-ci yaşayış binasından 10-cu mərtəbəsindəki ümumi sahəsi 89.63 m2olan 2 otaqlı 62 saylı mənzilin dəyərinin tam ödənilməsi barədə məktub verir. İ dərəcəli gözdən əlil tərəfindən ödənilmiş mənzil üçün pul vəsaiti isə ortada yoxdur və buna müvafiq heç bir qəbz , ödəmə terminalı göstəricisi və ya notariat sənədi mövcud deyil. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış 27.01.2015-ci il tarixli müqaviləyə əsasən (4.1.2-ci bəndində) "xxxx" MMC tərəfindən Bakı şəhərində (başqa ərazisində) tikilən yaşayış binalarından Cavabdehə ayrılmış pay (35 ədəd 2 otaqlı mənzil) digər yaşayış binalardan verilə bilər. Yəni sözü gedən ünvanda Ş.Hacıyevə verilən mənzil məhz bu binalardandır. Bu isə onu göstərir ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbərliyi ona verilən mənzilləri qeyri qanuni yolla mənfəət əldə etməklə istədiyi şəxslərə verir. Lakin onun mənzil növbəsini yenə də nəzərə almır. Bütün bunlar yetməmiş kimi Azərbaycan Gözdən Əlillər Cəmiyyəti növbəti qanunsuzluqla mənzil növbəsində olan işçiləri sözdə mənzil fondunun olmaması səbəbi ilə yaşayış yerinə uyğun müvafiq İcra Hakimiyyətlərinə göndərməyi planlaşdırır. Yəni bununla onun mənzil uçot sənədləri öz iş yeri üzrə mənzil növbəsini itirməklə Binəqədi İcra hakimiyyətində yenidən mənzil növbəsinə götürülməsi üçün göndəriləcək. Bununla da, cavabdeh ona mənzil verilməsi öhdəliyi üzərindən qalxacağını düşünür. Halbuki, cavabdeh onun mənzil növbəsinə görə hələ 2016-cı ildə onu yaşayış sahəsi ilə təmin etməli idi. Bundan başqa Cavabdeh ailə tərkibinin 3 nəfərdən ibarət olma səbəbi və mövcud qanunvericiliyi nəzərə alaraq onu minimum iki otaqlı mənzillə təmin etməlidir. Lakin nə o nə və bacısı bir otağa köçürülmək üçün razılıq verməmişlər. Qeyd olanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X3 iddia ərizəsini qəbul etmədiklərini və rədd olunmasını xahiş etmişdir. 24.08.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh yazılı ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər üçüncü şəxsə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 19.08.2016-cı il tarixli, 275 saylı Sərəncamının surətinə əsasən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin müdiriyyəti 27.05.2011-ci il tarixli 05/106 №-li məktubla Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, Az.GƏCnin hüquqşünası və kadrlar üzrə mütəxəssis vəzifəsində işləyən, Cəmiyyət üzvü, vət. İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, bacısı) iş yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmiş, Vət. İddiaçı 2005-ci ildən Cəmiyyətdə işləyir. 4 nəfərlik ailə tərkibi ilə (özü, atası, anası, bacısı) Biləcəri qəsəbəsindəki A.Zeynallı küçəsi, 48 №-li evin 18-ci mənzilində daimi qeydiyyatda olmaqla yaşayır. Az.GƏC-nin rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 29.04.2011-ci il tarixli, 03 №-li Protokoluna əsasən vət. İddiaçı 2 nəfərlik ailə tərkibi ilə (özü, bacısı) iş yeri üzrə mənzil növbəsinə götürülmüş, AZ.GƏC-nin rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 29.04.2011-ci il tarixli, 03 №-li Protokolu təsdiq edilməsi və Vət. İddiaçı 2 nəfərlik ailə tərkibi ilə (özü, bacısı) iş yeri üzrə mənzil növbəsinə götürülməsi qərara alınmışdır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09.02.2016-cı il tarixli, 11/7-34 saylı əmrin surətinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti başçısının 17 avqust 2011-ci il tarixli 379 nömrəli sərəncamına əsasən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin ünvan 5 ünvanında yerləşən inzibati binası və Cəmiyyətin balansında olan yataqxana sökülərək onların yerində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və Bakı şəhərinin rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası inşa olunmuşdur. Bakı şəhərinin rayon icra hakimiyyətlərində mənzil növbəsinə dayanan, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi hüququnu saxlayan gözdən əlilliyi olan şəxslərdən ilk 95 nəfərinin mənzillə təmin olunması məqsədi ilə Bakı şəhərinin rayon icra hakimiyyətlərində mənzil növbəsinə dayanan, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi hüququnu saxlayan gözdən əlilliyi olan şəxslərdən ilk 95 nəfərinin mənzillə təmin edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü onun mənzil növbəsinə götürülməsi və bu növbənin pozulması ilə bağlı hüququnun pozulması halı sübut edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin iddianı etiraf etməsi və qəbul etməsi, digər şəxslərin (mənzil növbəsində olan) hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının mənzil növbəsinə alınması ilə bağlı hər hansı hüququ cavabdeh tərəfindən pozulmamışdır. Yalnız pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsi mümkün olduğundan və məhkəmə iddiaçının hüququnun pozulmaması qənaətinə gəldiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki mülki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “mənzil növbəliyinin qanunsuz pozulması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “mənzil növbəliyinin qanunsuz pozulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3833/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3833/2021
23.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver