Məhkəmə qərarları › İş №2(005)-3880/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3880/2020

04.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3880/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İsfəndiyar oğlunun Cavabdeh MMC-yə və “AK X3” MMC-ə qarşı “əmək mübahisələrinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı İsfəndiyar oğlu Cavabdeh MMC-ə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin verdiyi xx xxx 2020-ci il tarixli 025/20 nömrəli əmrin ləğvi, işə bərpa, mənimsənilmiş əmək haqqının verilməsi, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi və onun öz əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə İddia tələbinin dəqiqləşdirilməsi haqqında Ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində “AK X3” MMC-i də tanımaqla cavabdeh “AK X3” MMC-dən ona veriləsi 4 aylıq əmək haqqının (2019-cu ilin oktyabr, noyabr, dekabr ayları və 2020-ci ilin yanvar ayı) hesablanaraq 2 800 manat məbləğində pulun və Cavabdeh MMC-dən 3 aylıq əmək haqqının (2020-ci ilin mart, aprel və may ayları) hesablanaraq 2 100 manat məbləğində pulun alınaraq ona verilməsi və son haqq-hesabın hesablanaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC-də təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsinə təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, həmin gündən Cavabdeh MMC-nin mühafizə rəisi vəzifəsinə qəbul edilmişdir. Fəaliyyəti dövründə bir çox rəhbər şəxslərin qanuni tapşırıq və göstərişlərini icra etmiş və tutduğu vəzifə ilə fəxr etmişdir. İşlədiyi müddətdə heç vaxt bir dəfə də olsun qanun pozuntularına yol verməmişdir. İşindən azad olunanadək Cavabdeh MMC-də çalışan bütün rəhbər şəxslərdə işi ilə və etik davranışı ilə hörmət qazanmışdır. İşdən azad edilənədək işlədiyi müddətin oktyabr-yanvar aylarının və mart-may ayları üçün əmək haqqısını almamışdır. Bundan başqa işdən çıxma müavinəti (son haqq-hesab) təşkilatın rəhbərliyi tərəfindən ödənilməmişdir. Həmçinin, işlədiyi müddət ərzində məzuniyyətə çıxarılmamış, məzuniyyət haqqları ödənilməmiş və ya həmin məzuniyyətləri hər hansı formada təmin edilməmişdir. Qeyd edilən tələbləri bu günədək ödənilməmişdir. İşdən azad olunması barədə əmrin surəti və əmək kitabçası verilməmişdir. Bundan başqa əmək kitabçasında qeyd edilmişdir ki, guya əmək müqaviləsi bitdiyi üçün işdən azad edilmişdir. Əslində onun əmək müqaviləsinin bitmə vaxtına hələ vardır, bu da onun işdən qanunsuz çıxarılmasınına bir sübutdur. Ailədə 6 nəfərdirlər. Evə yeganə gəlir gətirən də odur. Həmçinin, “AK X3” MMC onun 4 aylıq əmək haqqını (2019-cu ilin oktyabr, noyabr, dekabr ayları və 2020-ci ilin yanvar ayı) ödəməmişdir. Bundan başqa Cavabdeh MMC-dən 3 aylıq əmək haqqını (2020-ci ilin mart, aprel və may ayları) və son haqq-hesabını ödəməmişdir. Əmək haqqı 700 manat təşkil etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və etməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iddiaçının iştirakı olmadan mülki işə baxılmasının davam etdirilməsi barədə xahişini və ərizəsini də nəzərə alaraq məhkəmə işə iddiaçının iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2020-ci ilin mart, aprel və may aylarının əmək haqqısı tam olaraq iddiaçıya ödənilmişdir. Digər cavabdeh “AK X3” MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cəmiyyət məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh “AK X3” MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdim edilən sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Ağstafa RİHB-nin Dağ Kəsəmən kən İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş Arayışdan görünür ki, Sərkərnamazov X4 Kəsəmən kəndində yaşayır. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, “xxxx” MMC İddiaçı ilə xx xxxxxx 2020-ci il tarixdə onun mühafizə rəhbəri vəzifəsinə qəbul edilməsi ilə bağlı müddətli əmək müqaviləsi bağlamış və müddətli əmək müqaviləsinin vaxtı xx xxxxx 2020-ci il tarixdə başa çatmışdır. İşçinin aylıq əmək haqqının məbləği 250 manat təşkil etmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 025/20 nömrəli xx xxx 2020-ci il tarixli əmrlə xitam verilmişdir. İş materiallarında olan İddiaçı Əmək Kitabçasının surətindən görünür ki, o, xx xxxxxxxx 2019cu il tarixdə “AK X3” MMC-də daxili təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən həmin vəzifədən azad edilmişdir. Bundan başqa həmin Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-də mühafizə rəisi vəzifəsinə işə qəbul edilmiş,xx xxx 2020-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68.2.b bəndinə əsasən həmin vəzifədən azad edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 104 nömrəli Arayışdan görünür ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə mühafizə rəisi vəzifəsinə təyin edilmişdir. Onun əmək haqqı aylar üzrə bu qaydada olmuşdur – yanvar 2020 – 83 manat, fevral 2020 – 237,75 manat, mart 2020 - 237,75 manat, aprel 2020-ci il - 237,75 manat, may 2020-ci il 152,77 manat. Ona son haqq hesab olaraq 344,8 manat əlavə əmək haqqı hesablanmış və ümumi hesablanmış 1 293,82 manat vəsait onun hesabına tam ödənilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Qazax şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Bank hesabından çıxarışdan görünür ki, İddiaçı hesabına xx xxxx 2020 -.xx xxxx 2020-ci il tarixlərində ümumilikdə 1 659 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-cı bəndinə əsasən fərdi əmək mübahisəsi — əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən bu maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. (2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.) Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “a”, “b” və “c” bəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək və əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC-də təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsinə təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, həmin gündən Cavabdeh MMC-nin mühafizə rəisi vəzifəsinə qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən iddia tələbini ”Cavabdeh MMC-dən 3 aylıq əmək haqqının (2020-ci ilin mart, aprel və may ayları) hesablanaraq 2 100 manat məbləğində pulun alınaraq ona verilməsi və son haqq-hesabın hesablanaraq ona verilməsi” hissəsində araşdıraraq belə qənaətə gəlir ki, Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişi və digər sənədlər sübut edilir ki, İddiaçı Cavabdeh MMC ilə xx xxxxxx 2020-ci il tarixdə aylıq əmək haqqı 250 manat müəyyən edilməklə əmək müqaviləsi bağlamış və ona işlədiyi müddət ərzində əmək haqqı və işdən çıxarkən son haqq hesab verilmişdir.Son haqq hesabın verilməsi iş materiallarında olan bank tərəfindən verilmiş iddiaçının hesab üzrə çıxarışlarda da öpz təsdiqini tapır. Məhkəmə iddia tələbini “cavabdeh “AK X3” MMC-dən ona veriləsi 4 aylıq əmək haqqının (2019-cu ilin oktyabr, noyabr, dekabr ayları və 2020-ci ilin yanvar ayı) hesablanaraq 2 800 manat məbləğində pulun tutulması” hissəsində araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı tərəfdən bu iddia tələbi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddiaçı İsfəndiyar oğlunun Cavabdeh MMC-ə və “AK X3” MMC-ə qarşı “əmək mübahisələrinə dair” iddia ərizəsi rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar