Məhkəmə qərarları › İş №2(005)-3892/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3892/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3892/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kirayə haqqı və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kirayə haqqı və pul tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında 12 iyun 2018-ci il tarixdə bağlanılmış 210 saylı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə iddiaçıya dəymiş ziyan kimi 2019-cu ilin mart ayından 2021-ci ilin iyun ayının 1-ə kimi hər ayı 400 manat olmaqla 25 aya görə cəmi 10.400 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 12 iyun 2018-ci ildə 210 saylı müqavilə bağlamışlar. Müqavilənin şərtinə görə “sifarişçi” İddiaçı Bakı şəhəri Nərimanov rayonu M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4, 10-cu mərtəbəsi ümumi sahəsi 118,5 kv.m olan izolə olunmuş iki otaqdan ibarət 182 saylı mənzilin tikintisini “podratçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə etməyi, eyni zamanda sifariş verdiyi mənzilin hər kv.m-i üçün 1150 manat olmaqla cəmi 136.275 AZN cavabdehin hesabına ödəməyi, eyni zamanda həmin məbləğin bir hissəsi olan 119000 manat pulu müqavilə bağlanması ilə bir vaxta ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC-nə olan borcunu tam ödəyib qurtarsa da, 2019-cu ilin mart ayından 14 ay keçməsinə baxmayaraq mənzil iddiaçıya təhvil verilməmişdir. Nəticədə iddiaçı 2019-cu ilin mart ayından hal-hazıra kimi hər ya 400 manat olmaqla kirayə tutub yaşamaq məcburiyyətindədir. Belə olan halda cavabdeh tərəfin müqavilə öhdəliyinin yerinə yetirməməsi nəticəsində iddiaçıya dəyən maddi ziyan kimi hər ayı 400 manat olmaqla 2019-cu ilin mart ayından 2021-ci ilin iyun ayının 1-ə kimi olan müddət ərzində cəmi 10.400 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış 12 iyun 2018-ci ildə 210 saylı müqavilədən müəyyən olunur ki, sifarişçi” İddiaçı Bakı şəhəri Nərimanov rayonu M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4, 10-cu mərtəbəsi ümumi sahəsi 118,5 kv.m olan izolə olunmuş iki otaqdan ibarət 182 saylı mənzilin tikintisini “podratçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə etməyi, eyni zamanda sifariş verdiyi mənzilin hər kv.m-i üçün 1150 manat olmaqla cəmi 136.275 AZN cavabdehin hesabına ödəməyi, eyni zamanda həmin məbləğin bir hissəsi olan 119000 manat pulu müqavilə bağlanması ilə bir vaxta ödəməyi, qalan 17275 manat məbləği 30.12.2018-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4, 10-cu mərtəbəsi ümumi sahəsi 118,5 kv.m olan izolə olunmuş iki otaqdan ibarət 182 saylı mənzilin tam dəyəri İddiaçı tərəfindən ödənilmişdir və onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu yoxdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kirayə haqqı və pul tələbinə dair iddiasının təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, idiaçı tərəf iddia tələbini əsaslandırdıqları halları sübutlar vasitəsi ilə təsdiq edə bilmədi. Belə ki, iş materiallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə görə “sifarişçi” İddiaçı Bakı şəhəri Nərimanov rayonu M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4, 10-cu mərtəbəsi ümumi sahəsi 118,5 kv.m olan izolə olunmuş iki otaqdan ibarət 182 saylı mənzilin tikintisini “podratçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə etməyi, eyni zamanda cəmi 136.275 AZN cavabdehin hesabına ödəməyi, cavabdeh “podratçı “ isə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə iddia tələbinin öhdəliyin icra edilməməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, “öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Mülki Məcəllənin 385.1-ci maddəsindən göründüyü kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən irəli gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və sair öhdəliklərə ayrılırlar. Məhkəmə hesab edir ki, cavabdehin öz öhdəliklərini icra edilməsi müddəti müqavilədə göstərilmədiyindən, onun hərəkətləri öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin hərəkətlər nəticəsində iddiaçıya hər hansı maddi ziyanın vurulmasından da söhbət gedə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kirayə haqqı və pul tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kirayə haqqı və pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar