Məhkəmə qərarları › İş №2(005)-3931/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3931/2020

23.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3931/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məzuniyyət pulundan və əmək haqqından ödənilməyən hissə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məzuniyyət pulundan və əmək haqqından ödənilməyən hissə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixində “BSB" X9 Məktəbi ilə müddətsiz əmək müqaviləsi bağlayaraq işə başlamışdır. Həmçinin xx.xx.2019-cu ildə əmək müqaviləsinə dəyişiklik edilməsi barədə elektron informasiya sisteminə daxil edilmiş bildirişdən də açıqaşkar görünür ki, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Buna baxmayaraq işəgötürənin xx.xx.2020-ci il tarixli, 363 nömrəli əmrində onun əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilmişdir. Beləliklə hesab edir ki, işəgötürənin həmin əmri əsassız olduğundan ləğv edilməlidir. Çünki müddətsiz bağlanan əmək müqaviləsinin xitamı ilə bağlı əsaslar olmadan və göstərilmədən tamamilə əmək məcəlləsinin əlaqəsiz maddəsinə istinad edilmişdir. Həmçinin cavabdeh 2020-ci ilin iyul-avqust ayı ərzində məzuniyyət pulunu tam ödəməmiş (829 manat) və 2020-ci ilin may və iyun ayları üçün əmək haqqımdan da tam ödəmədiyi məbləğlər qalmışdır. Bundan əlavə işəgötürənin qanunsuz əmri nəticəsində boşdayanma nəticəsində 2020-ci ilin avqust-oktyabr ayları ərzində işsiz qalmışdır. Belə ki, Əmək Məcəlləsinin 169-cu maddəsinə görə boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Qeyd edilənləri nəzərə alaraq, işəgötürənin xx.xx.2020-ci il tarixli, 363 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa olunmağı, 2020-ci ilin məzuniyyət pulundan ödənilməyən 829 manat pulun, 2020-ci ilin iyun ayı üzrə əmək haqqımdan ödənilməyən 664 manat pulun və 2020-ci ilin sentyabr ayının 1-dən hesablanmaqla işə bərpa olunacağı günə qədər olan boşdyanmaya görə pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdehndə xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsi üzrə müəllim vəzifəsində işləyir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2018-ci il tarixdə 132 №-li əmrlə Cavabdehnə bədən tərbiyyə müəllimi vəzifəsinə işə qəbul edilmişdir. əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq AR ƏM-nin 68-ci maddəsinin 2-ci maddəsinin “B” bəndinə əsasən xx.xx.2020-ci il tarixdə 363/M №-li əmri ilə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh X7 şəxsində İddiaçı arasında 2 il müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 363/M №-li əmrdən görünür ki, X6 xx.xx.2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə, müddətin bitməsi ilə əlaqədar olaraq, AR ƏM - nin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndinə əsasən xitam verilmişdir və öhdəsində olan ofis avadanlıq və ləvazimatlar təhvil - təslim edilmişdir, onunla son haqq-hesabın çəkilməsi göstəriş verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 132/M №-li əmrdən görünür ki, İddiaçı - xx.xx.2018 il tarixdən onunla bağlanmış müddətli əmək müqaviləsinə əsasən, xx.xx.2020 il tarixədək idman müəllimi vəzifəsinə işə qəbul edilməsi və əmək haqqı ştat cədvəlinə uyğun müəyyən olunması əmr edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdehndə bədən tərbiyəsi müəllimi vəzifəsində işə qəbul edilmiş, bu barədə tərəflər arasında xx.xx.2018-ci il tarixdə 2 il müddətinə əmək müqaviləsi bağlanmışdır. Daha sonra xx.xx.2020-ci il tarixli 363/M №-li əmrlə qeyd edilən əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar olaraq, AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndinə əsasən işəgötürən tərəfindən xitam verilmişdir. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixli, 363 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa olunmağı, 2020-ci ilin məzuniyyət pulundan ödənilməyən 829 manat pulun, 2020-ci ilin iyun ayı üzrə əmək haqqımdan ödənilməyən 664 manat pulun və 2020ci ilin sentyabr ayının 1-dən hesablanmaqla işə bərpa olunacağı günə qədər olan boşdyanmaya görə pulun onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin işə bərpa olunması hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zərurir hesab edir. Məhkəmə ilk öncə iddianın Cavabdeh xx.xx.2020-ci il tarixli 363/M №-li əmrinin ləğv edilməsi tələbinə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən «Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, mülki işin araşdırılmış hallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş və 2 il müddətinə bağlanmışdır. Müqavilənin müddətinin bitməsi ilə əlaqədar olaraq AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndinə əsasən işəgötürən tərəfindən müqaviləyə xitam verilmişdir. Bu səbəbdən məhkəm hesab edir ki, iddia tələbinin işə bərpa hissəsində təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. X10 Məhkəməsi «X4» qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əmrin ləğv edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə həmçinin İddiaçı məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbləri bağlı qeyd edir ki, həmin tələblər yuxarıda məhkəmə tərəfindən hüquqi qiymət verilmiş - xx.xx.2020-ci il tarixli 363/M №-li əmrin ləğv edilməsi tələbindən doğuran tələblər oduğundan təmin edilə bilməz. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh tərəfindən ona ödənilməyən son haqq-hesab hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh tərəfindən ona ödənilməyən son haqq-hesab hesablanaraq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar