Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3949/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı Cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qurbanov X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının və oğlu 2019-cu il təvəllüdlü X7 ünvan 1 evin 12 saylı ünvanına dair istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28 iyun 2005-ci il tarixdə Bakı şəhəri, N.Nərimanov küçəsi ev 11 mənzil 12 saylı mənzilini keçmiş mülkiyyətçisindən alqı-satqı yolu ilə almışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi 25 iyun 2005-ci il tarixdə Bakı şəhəri 44 saylı Notariat X1 ilə aparılmış, 4Ə-234 nömrə ilə Reyestrdə qeyd edilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən 05.08.2005-cı il tarixdə Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ÖM 243129 nömrəli çıxarış almışdır. İddiaçının oğlu X4 15 avqust 2018-ci il tarixdə evləndirmiş, böyük toy edərək X8 evinə gəlin gətirmişdir. 2 ay yaşadıqdan sonra oğlu və cavabdeh başqa evə köçmüş və orada yaşamışlar. Birgə nikahdan 19 noyabr 2019-cu il təvəllüdlü X15 dünyaya gəlmişdir. Ondan sonra iddiaçı cavabdehi öz mülkiyyətində olan mənzilə qeydiyyata salmışdır. Cavabdehin və nəvəsi X7 iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata düşmələrinə baxmayaraq , həmin mənzildə yaşamamışlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-961/2021 nömrəli 29.06.2021ci il tarixli qətnaməsi ilə oğlu və cavabdeh arasında olan birgə nikah pozulmuşdur. Nikahın iyun ayında pozulmasına baxmayaraq artıq bir ildən çoxdur ki, cavabdeh öz valideynləri ilə birlikdə yaşayır. İddiaçının və onun ailəsinin cavabdehlə heç bir əlaqəsi yoxdur. Mənzil iddiaçının mülkiyyətində 2005-ci ildən olmasına baxmayaraq, bu günə qədər cavabdeh onun mənzilindən qeydiyyatdan çıxmamışdır. Onların harada yaşaması barədə məlumatı yoxdur. Cavabdehin pasport qeydiyyatından çıxmadan getməsi mənzilin mülkiyyətçisi kimi mənzil üzərində iddiaçının sərəncam vermək hüququnu məhdudlaşdırır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının nümayəndəsi və vəkili Vəkil idia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının və oğlu 2019-cu il təvəllüdlü X7 ünvan 1 evin 12 saylı ünvanına dair istifadə hüquqları mövcuddur. Həmin hüquqlara kompensasiya verilməklə xitam verilə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 08.07.2021-ci il tarixli arayışına əsasən Cavabdeh, X16, X6, X5 və X9 ünvan 2 ünvanda pasport qeydiyyatındadır; Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 243129 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən 3 otaqlı 47,0 kv.m olan 11 saylı evin, 12 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 122 saylı reyestr kitabında 18732 nömrəli vərəqində 30/15119 saylı reyestr nömrəsi ilə 05.08.2005-ci il tarixdə qeydiyyat aparılmışdır; Bakı şəhəri 44 saylı dövlət notariat kontorunun dövlət notariusu H.B.Süleymanlı tərəfindən təsdiq edilmiş 28.06.2005-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı X14 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən 11 nömrəli evin 12 saylı mənzilini 288.000 manata alıcı İddiaçı satmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-926/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş və X9 ilə Xanmədova (Qurbanova) Nərmin Rüfət qızı arasında 06 iyul 2020-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 1645 nömrəli akt qeyd ilə bağlanmış nikah pozulması, 19.11.2019-cu il təvəllüdlü X16 iddiaçı Xanmədova (Qurbanova) Nərmin Rüfət qızının yanında saxlanılması, 19.11.2019-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı cavabdeh X2 hər ay 170 (bir yüz yetmiş) manat sabit məbləğdə aliment tutulub iddiaçı X11 verilməsi qət edilmişdir; 12.07.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Həmin tarixli qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 iddiaçının mülkiyyətindədir. Cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızı iddiaçının oğlu, yəni X9 ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızı həmin mənzilə pasport qeydiyyatına alınmışdır və hazırda pasport qeydiyyatındadır. İddiaçının oğlu ilə cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızı arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh nikaha daxil olduqdan sonra iddiaçının mülkiyyətində olan mənzildə yaşamış və iddiaçının oğlu ilə aralarında bağlanmış nikah pozulduqdan sonra mübahisəli mənzildə yaşamamışdır. İddiaçı hazırda onun mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququna xitam verilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəmiş, lakin bu məbləği cavabdehdən tələb etmir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü” prizmasından yanaşılır. Eyni yanaşma qismən Mülki Məcəllənin 228.1-ci maddəsində də müşahidə olunur. Belə ki, bu maddədə "ailə üzvləri" məfhumu ilə yanaşı "digər şəxslər" məfhumu da təsbit edilmişdir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Bununla belə, cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızı İddiaçı münasibətdə “ailə üzvü” deyil, “digər ailə üzvü” statusuna malik olan şəxsdir. Bu baxımdan da cavabdeh Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinə uyğun olaraq “digər ailə üzvü” kateqoriyasına aid edilməli və bu səbəbdən onun həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə bir müddət yaşaması və pasport qeydiyyatına alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması faktına cavabdehlə mülkiyyətçi arasında Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində müəyyən edilmiş yazılı razılaşmanın bağlanması kimi hüquqi qiymət verilməsi qanuna ziddir. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüquqa xitam verilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınmasını nəzərə alıb, həmçinin hesab edir ki, cavabdehin həmin mənzildə pasport qeydiyyatında qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən cavabdehin mübahisəli mənzildə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onun həmin mənzildən istifadə hüququnun olmaması pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 11, 12 nömrəli mənzilindən istifadə hüquqlarının olmaması əsası ilə rədd edilməli, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Qurbanova (Xanmədova) Nərmin Rüfət qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Qurbanova (Xanmədova) Nərmin Rüfət qızının və X10 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) Ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3949/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3949/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver