Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3955/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək və hərbi xidmətdən sonra xx.xx.1978-ci il tarixdən xx.xx.1989cu il tarixinədək Ermənistan Amasiya rayonu, südçülük-heyvandarlıq sovxozunda fəhlə işləməsini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan, Amasiya rayonunda anadan olmuşdur. Ermənistan, Amasiya rayonu, Güllücə kəndində yaşamışdır. 1989-cu ilin may ayında Ermənistandan qaçqın düşərək Bakı şəhərinə pənah gətirmişdir. Lakin 1989-cu il tarixinədək Ermənistan Amasiya rayonu, südçülükheyvandarlıq sovxozunda işləmişdir. Belə ki, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək və hərbi xidmətdən sonra xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək həmin sovxozda fəhlə işləmişdir. Ona xx.xx.2023-cü il tarixdə avtomatlaşdırılmış qaydada pensiya təyin edilmişdir. Lakin onun Ermənistanda işlədiyini nəzərə almamışlar. Bununla bağlı Sosial ödənişlərin Təyinatı üzrə sektoruna müraciət etmişdir. Lakin müraciətindən imtina edilərək zəruri sənədləri təqdim etdikdən sonra əmək pensiyasının yenidən hesablanmasına baxıla biləcəyini qeyd etmişdir. Ermənistandan qovulan zamanı əmək kitabçası orada qalmışdır. Həmin vaxtı əmək kitabçasını götürə bilməmişdir. Ona görə də hazırda təqdim edə bilmirlər. Müraciətinin məqsədi Ermənistanda işlədiyi əmək stajına görə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçündür. Həyat yoldaşı orada işləyərkən orada onunla bir çox insanlar işləmişdir. Ona görə onunla işləyənlər onun xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək və hərbi xidmətdən sonra xx.xx.1978ci il tarixdən xx.xx.1989-cu il tarixinədək həmin sovxozda fəhlə işləməsini şahid qismində də təsdiq edə bilərlər. Hüquqi faktın müəyyən edilməsi ona Ermənistanda olan əmək stajını tam nəzərə almaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün lazımdır. Lakin Ermənistanda işlədiyi yuxarıda göstərdiyi əmək stajı daxil edilmədiyindən ona az əmək pensiyası hesablandığından məhkəməyə müraciət etməyə məcburdur. Onun Ermənistanda işlədiyi illərə dair sənədləri əldə etməsi mümkünsüzdür. Çünki Ermənistandan qovulduqdan sonra düşmən tərəfindən məhv edilmişdir. Artıq həmin sənədləri başqa cür əldə edə bilmir. Göründüyü kimi, onun hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini xahiş etdiyi həyat yoldaşının Cəbrayıl rayonunda işlədiyini təsdiq edən sənədləri başqa qaydada ala bilməsi qeyri-mümkündür, çünki həmin sənədlərin Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində işğal olunan zaman işğal zonasında qalması arxiv arayışı ilə təsdiq edilir. Həmin faktın ona nəyə görə lazım olmasını da ərizəsində qeyd etmişdir. Məktubda da qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəməyə etiraz ərizəsi təqdim edərək, Ərizəçi 2(005)-3955/2024 saylı iş üzrə ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir İdarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, əgər məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizəçi işləmə faktının təsdiqlənməsi onunla ilə eyni illərdə, eyni idarədə işləmiş və əmək kitabçası olan ən azı iki şahidin iştirakı ilə mümkündür. İddia ərizəsinə əsasən iddiaçı Ərizəçi xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Ermənistan Amasya rayonu südçülük-heyvandarlıq sovxozunda işlədiyi dövrün hüquqi əhəmiyyətli fakt qismində təsdiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş şahid X11, ona məxsus əmək kitabçasına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Ermənistan Amasya rayonu südçülükheyvandarlıq sovxozunda işləmişdir. Qeyd edilən dövrlər iddia ərizəsində göstərilən dövrlərlə üst-üstə düşmür. İş materiallarına əlavə edilmiş X4, onaməxsus əmək kitabçasına əsasən xx.xx.1970-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Ermənistan Amasya rayonu südçülük-heyvandarlıq sovxozunda işləmişdir. Qeyd edilən dövrlər iddia ərizəsində göstərilən dövrlərlə üst-üstə düşmür. İş materiallarına əlavə edilmiş X7, ona məxsus əmək kitabçasına əsasən, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Ermənistan Amasya rayonu südçülük-heyvandarlıq sovxozunda işləmişdir. Qeyd edilən dövrlər iddia ərizəsində göstərilən dövrlərlə tam üstüstə düşmür. Yuxarıda qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi, Ərizəçi iş stajının hüquqi əhəmiyyətli fakt qismində təsdiq edilməsi üçün eyni müəssisədə birgə işlədiyi və əmək kitabçası olan 2 şahid olmalıdır. Lakin ərizəçi tərəfindən iş stajının tam şəkildə üst-üstə düşdüyü 2 şahidin əmək kitabçası məhkəməyə təqdim edilməmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış məktubda Ərizəçi ərizədə qeyd etdiyi dövrlər üzrə (xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Ermənistan Amasya rayonu südçülük-heyvandarlıq sovxozunda) sığorta stajını təsdiq edən sənədləri təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra onun əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacağı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsiyə müvafiq izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X8 bildirmişdir ki, qarşı tərəfin şahidlərinin təqdim etdikləri sənədlərlə, ərizəçinin işlədiyi dövrlər üst-üstə düşmür. Ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatların dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22—1.1-ci maddəsinə əsasən Ərizəçi xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2009-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək Ərizəçi fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 33029,31 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 390,17 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alman pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2024-cü il tarixindən 433,87 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək) hesablanmış fərq məbləği pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Qeyd olunan yarımbəndin tələblərinə uyğun olaraq bildiririk ki, Ərizəçi ümumi iş stajını təsdiq edən zəruri sənədləri (əmək kitabçası, hərbi bilet, təhsil haqqında diplom) və ya notariat qaydada təsdiq olunmuş surətlərini DOST Mərkəzlərinə təqdim etməklə əmək pensiyasının yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır; -ПТ-İ seriyalı, ******* saylı X9 məxsus əmək kitabçasının notarial təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Ermənistan Amasya rayonu Güllücə südçülük-heyvandarlıq sovxozunda işləmişdir; - X1 məxsus əmək kitabçasının notarial təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Ermənistan Amasya rayonu Güllücə sovxozunda işləmişdir; - ПТ-İ seriyalı, ******* saylı X5 məxsus əmək kitabçasının notarial təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Ermənistan Amasya rayonu Güllücə süd-heyvandarlıq sovxozunda işləmişdir; - Ərizəçi məxsus hərbi biletin surətindən görünür ki, 0, 12 noyar 1976-cı il tarixdən 6 noyabr 1978-ci il tarixədək Ermənistan SSR, Amasiya rayonunda hərbi xidmətdə olmuşdur; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində bildirmişdir ki, ərizəçi ilə bir yerdə böyümüşdür. Amasiya rayonunun Güllücə kəndində bir yerdə işləmişlər. O, 1975-ci ildən işə başlamışdır və bu barədə əmək kitabçasında da var. O, məktəbdə bufetdə işləmişdir. 1976-cı ildə sovxozda işləmişdir. Sonra universitetdə oxuyub. Bitirdikdən sonra müəllim kimi işləməyə başlayıb. O, 1988-ci ildə rayondan çıxmışdır. Lakin çox adamın sənədləri orada qalmışdır. Ənvər də məktəbi bitirən kimi işləməyə başlamışdı. Fəhlə kimi işləyirdi. Sonra əsgərliyə gedib. 1982-1983-cü illər arası ailə qurdu, 1 uşağı var idi. Ənvərlə iki il birlikdə işləmişdir. O vaxtlar müəyyən yaşa çatan kimi hər kəsi fəhlə kimi işə düzəldirdilər. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, ərizəçi ilə bir yerdə böyümüşdür. O, 1970-ci ildən fəhlə işləmişdir, iş yeri Sovxoz idi. 1973cü ilə qədər fəhlə işləmişdir. 1975-ci ildə əsgərlikdən qayıtdıqdan sonra klub müdiri işləmişdir. 1970-1973-cü illər arasında Sovxozda işləmişdir. Ənvər də Sovxozda fəhlə işləyirdi. Rəhbərlik hansı işi tapşırırdısa, o işi edirdi. Klub və Sovxoz bir yerdə idi. 1989-cu ildə Amasiyadan çıxmışdır. O çıxanda Ənvər kənddə qalmış və ali təhsili olmadığı üçün fəhlə işləyirdi. Kənddən çıxdıqdan sonra Ənvərdən xəbəri olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində bildirmişdir ki, 1989cu ilə kimi Amasiyada yaşamışdır, Ənvər ilə qonşu olmuşdur. Eyni məktəbdə oxuyublar və eyni kənddə işləyiblər. 1982-ci ildə əsgərlikdən gələndən sonra 1989-cu ilə kimi Ənvərlə işləmişdir. Lakin məlum hadisələrdən sonra oranı tərk etməli olmuşdur. O, sovxozda kadr işlərinə baxırdı. O, özü Ənvərin əmək kitabçasını yazmışdır. Ənvər məlum hadisələrə görə geri qayıdıb, əmək kitabçasını götürə bilməyib. Həmin vaxt kənddə iki xəstə var idi. Məlum hadisələrə görə xəstəxana da işləmirdi və Ənvər xəstələrdən birini Gəncəyə aparmışdı. Artıq Ənvər geri qayıdanda kənd işğal olunmuşdur. Sovxozda bütün sənədlər də onlardan alınmışdı. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək və hərbi xidmətdən sonra xx.xx.1978ci il tarixdən xx.xx.1989-cu il tarixinədək həmin sovxozda fəhlə işləmişdir. Ona xx.xx.2023cü il tarixdə avtomatlaşdırılmış qaydada pensiya təyin edilmişdir. Hazırda o, pensiya təyin edilən zaman onun Ermənistan Respublikasında işlədiyi dövrün nəzərə alınmamasına istinad edərək, həmin hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.3-cü, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.4-cü bəndinə əsasən də yalnız əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o, cümlədən qaçqın və məcburi köçkünlərin) sosial stajı məhkəmə qaydasında müəyyən olunur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməsində prosessual məqsəd aydındır. Hazırki iş üzrə hüquqi faktın müəyyən edilməsində məqsəd pensiyanın yenidən hesablanması üçün iş stajının müəyyən edilməsidir. Ərizəçinin işləmə faktının müəyyən edilməsinə dair sənədi başqa qaydada almasının mümkün olmadığına görə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyən edici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71ci maddəsinin 6-cı və 7-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 127-ci maddəsinin 4-cü bəndində göstərildiyi kimi ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət soial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının" 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mükün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda,pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Hazırki mülki iş üzrə şahid qismində dindirilmiş X11, X10 və X6 öz izahatlarında ərizəçi ilə həmkəndli olduqlarını, eyni dövlərdə iş yoldaşı olduqlarını bildirmişdirlər. X3 ərizəçinin əmək kitabçasını özünün yazdığını da əlavə etmişdir. Məcburi köçkün olmaları ilə əlaqədar olaraq heç bir sənədi onlar özləri ilə götürə bilməmişdirlər. Beləliklə də, Ərizəçi xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək və hərbi xidmətdən sonra xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək Ermənistan Amasiya rayonu, südçülük-heyvandarlıq sovxozunda fəhlə işləməsi faktı məhkəmə araşdırması zamanı ərizəçinin və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən Ərizəçi xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək və hərbi xidmətdən sonra xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək olan müddət ərzində Ermənistan Amasiya rayonu, südçülük-heyvandarlıq sovxozunda işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu hüquqi əhəmiyyətli olduğundan, məhkəmə hesab edir ki, onun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Cavabdehin etirazı ilə əlaqədar məhkəmə qeyd edir ki, hər bir şahidə ayrı-ayrılıqda məxsus əmək kitabçalarında əks olunan illərlə iddiaçının işlədiyi dövrün tam üst-üstə düşməsi mütləq deyildir. Ümumilikdə hər üç şahidin işlədiyi dövrlər iddiaçının istinad etdiyi illəri əhatə edir və onlar eyni müəssisədə çalışmışlar. Bu isə ərizəçinin haqlı olduğu qənaətinə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək və hərbi xidmətdən sonra xx.xx.1978ci il tarixdən xx.xx.1989-cu il tarixinədək Ermənistan Amasiya rayonunda südçülükheyvandarlıq sovxozunda fəhlə işləməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək və hərbi xidmətdən sonra xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək Ermənistan SSR, Amasiya rayonunda südçülük-heyvandarlıq sovxozunda fəhlə işləməsi faktı müəyyən olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3955/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3955/2024
27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver