Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3963/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 10, mənzil 1A ünvanda yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə 2016-cı ildə evlənib ailə qurmuş və birgə nikahdan xx.xx.2017-ci il tarixdə X7 və xx.xx.2020-ci il tarixdə X4 anadan olmuşdur. Həmin vaxt bir ailə üzvü kimi cavabdehlər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 10, mənzil 1A ünvanına köçürülmüş, şəxsi əşya və əmlakları da həmin mənzilə yerləşdirilmişdir. Həmin vaxtdan cavabdehlərlə birlikdə yaşamaqla təsərrüfat aparmışdır. xx.xx.2017-ci il tarixdə həmin ünvana pasport qeydiyyatı alınmışdır. X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra cavabdehlərin ona münasibəti dəyişmiş və cavabdehlər onu uşaqlarla birlikdə evdən çıxarmış, bir daha ora buraxmamışlar. Dəfələrlə evə köçüb yaşamaq istəsə də, cavabdehlər evə buraxmamışlar . Cavabdehlər tərəfindən mənzilə daimi yaşamaq üçün köçürülmüş və mənzil onun daimi yaşayış yeri olmuşdur. Digər yerdə mənzili, yaşayış yeri yoxdur və azyaşlı uşaqlarla birlikdə yaşayış yerindən məhrum edilmişdir. Cavabdehlər tərəfindən qeyri-qanuni olaraq azyaşlı uşaqları ilə birlikdə yaşayış yerindən məhrum edilmiş və hüquqları kobud şəkildə pozmuşdur. Cavabdehlərlə birlikdə mənzildə yaşamaq hüququna malikdir və bu səbəbdən evə köçürülməli, pozulmuş hüquqları bərpa edilməlidir. Həmçinin azyaşlı uşaqların da hüquqları kobud şəkildə pozulur, onların normal şəraitdə yaşamaq, valideyninə məxsus yaşayış sahəsindən istifadə etmək hüquqları vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiklərini qeyd edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı mənzilə gəlin köçmüşdür və mənzil əvvəllər onların paylı mülkiyyətində olmuş, lakin 2022-ci il tarixdə payçılar ayrılaraq yeni çıxarışlar almış və iddiaçının gəlin köçdüyü mənzilin ünvanı əvvəl ünvan 1ırda həmin ünvan dəyişdirilərək 1 c olmuşdur. Həmin mənzil 1 otaqdan ibarətdir və iddiaçı ilə münasibətləri pozulduğundan bir mənzildə yaşamaları mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 170613 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 6007 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir; Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 10, mənzil 1A ünvanında qeydiyyatdadır; 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 458863 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 2921 nömrə ilə qeyd edilmişdir. X2, anası İddiaçıdır; 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 035186 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 5930 nömrə ilə qeyd edilmişdir. X2, anası İddiaçıdır; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür; Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 10, mənzil 1A ünvanında yerləşən əmlak Cavabdeh1, X3 və X1 paylı mülkiyyətində olmuşdur; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 10, mənzil 1C ünvanında yerləşən əmlak xx.xx.2022-ci il tarixdən Cavabdeh1 adına qeydiyyata alınmışdır; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdilər; İşin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh1 ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. İddiaçı cavabdehlərin oğlu X5 ilə 2016-cı il tarixində ailə qurmuş, cavabdehlərin razılığı ilə mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 10, mənzil 1A ünvanında yerləşən mənzilə gəlin köçərək yaşamağa başlamışdır. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdehlərin oğlu X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı köçmək istədiyi evi təxminən 6 aya yaxın müddətdir ki ailə münaqişəsi zəminində uşaqları ilə birlikdə tərk edərək yaşadığı atası evinə qayıtmışdır. Məhkəmə ilk olaraq iddia tələbində iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 10, mənzil 1A ünvanında yerləşən mənzilə köçürülməsini xahiş etməsini, lakin Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 10, mənzil 1C ünvanında yerləşən məznilin mülkiyyətçisi olması halına münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 10, mənzil 1A ünvanına gəlin köçən zaman mənzil paylı mülkiyyətdə olmuşdur. Lakin sonradan mənzilin payçıları yeni çıxarış almışlar və payçı Cavabdeh1 mənzilə dair yeni çıxarış verilən zaman “mənzil 1A”nın ünvanı dəyişdirilərək yeni ünvan “mənzil 1C” ünvanı verilmişdir. Faktiki olaraq iddiaçının gəlin köçdüyü mənzil eyni olaraq qalsa da, mənzilin ünvanında dəyişiklik edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, hazırda iddiaçı və cavabdehlər Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 10, mənzil 1A ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı gəlin olaraq mübahisəli mənzilə 2016-cı il tarixindən köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş üzrə iddiaçı isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində cavabdehin ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Qeyd olunduğu kimi, hazırkı iş üzrə iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, ünvan 5 ünvanında yerləşən mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. İddiaçı ilə cavabdehlərin oğlu X5 arasında olan nikah münasibətlərinə sonuncunun ölməsi səbəbi ilə xitam verilmişdir. Belə olan halda, iddiaçının köçmək istədiyi cavabdeh mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşıldıqda iddiaçının məhz köçmək istədiyi fərdi yaşayış evi ilə bağlı hazırki cavabdehlərə qarşı tələb irəli sürmək üçün subyektiv hüququnun olması da istisna olunur. Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit olunmuşdur. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması müəyyən edilmir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə, uşaqların analarının himayəsində qalmalarını nəzərə alaraq hesab edir ki, mövcud vəziyyətdə iddiaçının uşaqlarının da cavabdehlərə məxsus mübahisəli mənzilə köçürülməsi qeyri-mümkündür. Beləliklə, məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddiaçı cavabdehlərin ailə üzvü olmadığından və özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid edilmədiyindən onun mübahisəli evə köçürülməsi üçün qanuni əsaslar mövcud deyildir. Bu səbəbdən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı uşaqları ilə birlikdə mənzilə köçürülməsinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı uşaqları ilə birlikdə mənzilə köçürülməsinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3963/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3963/2022
22.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver