Məhkəmə qərarları › İş №2(005)-3969/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3969/2024

20.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3969/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın əvvəlki vəziyyətinə qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın əvvəlki vəziyyətinə qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanında yerləşən ümumi faydalı sahəsi 20.1 kv.m olan qeyri-yaşayış obyektinin (zirzəminin) əvvəlki vəziyyətinə qaytarılması (zirzəminin içərisinə və giriş qapısının qarşısına tökülmüş kisələrlə dolu yararsız tikinti tullantılarının təmizlənməsi və mişar daşı ilə hörülmüş giriş qapısının açılması), 26600 manat əldən çıxmış faydanın, 1500 manat mənəvi ziyanın və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. İddia ərizəsinə əsasən iki tələb: 1) Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanında yerləşən ümumi faydalı sahəsi 20.1 kv.m olan qeyri-yaşayış obyektinin (zirzəminin) əvvəlki vəziyyətinə qaytarılması (zirzəminin içərisinə və giriş qapısının qarşısına tökülmüş kisələrlə dolu yararsız tikinti tullantılarının təmizlənməsi və mişar daşı ilə hörülmüş giriş qapısının açılması) (qiymətləndirilməyən tələb) və 2) 26600 manat əldən çıxmış fayda və 1500 manat mənəvi ziyanın ödənilməsi (qiymətləndirilən tələb) barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Buna baxmayaraq, İddiaçı tərəfindən məhkəməyə təqdim olunan iddia ərizəsinin verilməsi üçün isə 100 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 173 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cu maddəsinə əsasən iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Lakin iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməməsi səbəbindən ərizənin geri qaytarılması qərarına gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 266- 269-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əmlakın əvvəlki vəziyyətinə qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə onu verən şəxsə geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar