Məhkəmə qərarları › İş №2(005)-3972/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3972/2024

20.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3972/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə qoşma “mənzilin alqı-satqı müqavilələrində” və “maliyyə arayışlarında” müəyyən edilmiş 4 ədəd mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlak reyestrində qeydiyyata alınması üçün cavabdehin üzərinə ümumi yığıncağın qərarı və mənzillərin yerləşdiyi yaşayış binasının istismara qəbul aktını vermək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı, habelə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli mənzilin alqı-satqı müqavilələrinin 7.1-7.2-ci bəndinə əsasən, tərəflər müqavilədən irəli gələn mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqdır. Tərəflər bu müqavilədən irəli gələn mübahisəni danışıqlar yolu ilə həll edə bilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilərlər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi hazırki tələb tərəflər arasında bağlanmış müqavilələrə əsasən müəyyən edilmiş mənzillərə dair ümumi yığıncağın qərarı və mənzillərin yerləşdiyi yaşayış binasının istismara qəbul aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir, iddiaçı hazırki tələbi üzrə cavabdehə müraciəti ilə bağlı sənədi (sənədlərin verilməsini digər tərəfə təklif etməsi, bu barədə müraciət – məktub ünvanlaması, təklifindən digər tərəfin imtinasını alması və ya müəyyən edilmiş müddətdə təklifə cavab almamasına dair) iş materiallarına əlavə etməmiş, habelə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatı iddia ərizəsində göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4, 150.0.7-ci maddələrinin tələbinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən məlumat iddia ərizəsində göstərilməli və bu barədə sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən, onun icraata qəbul olunaraq baxılması da mümkün deyildir və buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə GPP ********** №-li qəbz üzrə 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona tam geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.4, 152.1.1, 152.2, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə ********** №-li qəbz üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar